Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında  

 

 

Mənim hazırladığım  9 səhifəlik məktubda deyilirdi ki, Qarabağ qədim Azərbaycan torpağıdır və hal-hazırda Azərbaycanın tərkibində olan DQMV-nin siyasi, iqtisadi və mədəni hüquqlarına zəmanət verilib. Biz tələb etdik ki, Sov.İKP MK Aqanbekyanın fitnəkar çıxışına qarşı öz münasibətini bildirsin. Məktubu məndən başqa Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, İsmayıl Şıxlı, Hüseyn Abbaszadə, Elçin imzaladılar.

Bir neçə gündən sonra Azərbaycan KP MK-nın ikinci katibi V.Konovalov mənə zəng vurdu və bildirdi ki, M.Qorbaçov bizim məktubu alıb və Azərbaycan yazıçılarını inandırır ki, heç bir sərhəd dəyişikliyi olmayacaq.

Bununla belə, 20 fevral, 1988-ci ildə Stepanakertdə DQMV xalq deputatları Sovetinin növbədənkənar sessiyası keçirildi. Sessiya aşağıdakı məsələni müzakirəyə çıxartdı: “DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılması və Ermənistan SSR-in tərkibinə daxil edilməsi barədə Azərbaycan SSR Ali Sovetinə və Ermənistan SSR-ə xahiş haqqında”.

24 fevral 1988-ci ildə Bakıya gəlmiş Siyasi Büro üzvlüyünə namizəd, P.N.Demiçevin və Sov.İKP MK katibi Q.P.Razımovskinin iştirakı ilə MK-da keçirilən müşavirədə mən də çıxış etdim.

– Əgər konstitusiyaya uyğun muxtariyyət təsdiq olunubsa və Azərbaycanın tərkibində Qarabağın bütün hüquqları təmin edilibsə, onda biz də tələb edirik ki, Ermənistanda kompakt yaşayan, heç bir inzibati və hüquqi təminatı  olmayan 200 min azərbaycanlıya da muxtariyyət verilsin.

Təəssüf ki, bu məsələdə heç kim məni dəstəkləmədi, əksinə bizim rəhbər funksionerlərimizdən biri məzəmmət etdi: “Biz hələ Qarabağ problemini həll etməliyik, sən isə Zəngəzur məsələsini ortaya atırsan”.

O zaman Zəngəzur-Göyçə muxtariyyəti məsələsini qaldırsaydıq, onda müdafiə yox, hücum mövqeyi tutardıq. Bir qədər sonra ermənilər bütün azərbaycanlıları Ermənistandan qəddarcasına qovdular və bizim heç bir paritet şansımız qalmadı.

İndi o illərin sənədlərini oxuyanda, xüsusən Qorbaçova məxsus bir sıra mətnlərlə tanış olanda mat qalırsan.

18 iyul 1988-ci ildə Kremldə A.A.Qromikonun sədrliyi ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin iclası keçirildi. Çıxış edən –M.Qorbaçov dedi:

– Burda tez-tez hay-küy salırlar ki, əhalinin tərkibi, demoqrafiya niyə dəyişir. Məlumdur ki, Ermənistanda daha çox azərbaycanlı yaşayır, nəinki Qarabağda erməni. Nə etməli, onda orda da muxtar vilayət yaradaq (nə üçün də yox?-A.)

– Deyin görüm, –Qorbaçov S.Ambartsumyana müraciət edir,-əsrin əvvəlində Yerevanda azərbaycanlı əhali nə qədər idi?

S.Ambartsumyan-Deməyə çətinlik çəkirəm.

M.Qorbaçov:  Siz bunu bilməyə borclusunuz. Mən Sizə xatırladıram –əsrin əvvəlində Yerevanın əhalisinin 43 faizi azərbaycanlılar idi. İndi orda azərbaycanlılar neçə faizdir?

S.Ambartsumyan: İndi çox azdı. Yəqin ki, bir faiz.

M.Qorbaçov: Mən bununla bağlı azərbaycanlıları sıxışdırdıqlarına görə erməniləri günahlandırmaq istəmirəm (?!-A.)

Ermənistan Yazıçılar İttifaqının sədri Vardages Petrosyan Sumqayıt hadisələrini soyqırımı adlandıranda Qorbaçov onun sözünü kəsir.

– Soyqırım –kor təbii hərəkat deyil, təşkil edilmiş, irqçi siyasətdir. Sumqayıtda cəmiyyətin tör-töküntüləri azğınlıq ediblər. Siz nə üçün quldurların  cəhdlərini bütün Azərbaycanın adına yazmaq istəyirsiniz? Hansı soyqırımdan söhbət gedə bilər? Siz ki, sözün çəkisini, sözün nə olduğunu bilirsiniz. Elə böhtanlar atırsınız ki, sonra bütün ömrünüz boyu buna təəssüflənəcəksiniz.

Qarabağ qarşıdurmasının başlanması ilə erməni millətçiləri paytaxt mediasında və Moskva hakimiyyət strukturlarında ideoloji təxribatla yanaşı onlar üçün ənənəvi metoda-terrora da əl atdılar. 16 sentyabr 1988-ci ildə Tbilisidən Bakıya gedən “İkarus” avtobusunda saat mexanizmi ilə işləyən bomba patlatdılar. Beş nəfər – o cümlədən südəmər körpə həlak oldu, aralarında qadınlar və uşaqlar olan 27 nəfər ağır yaralandı.

Bakı metrosunda partlayış törədən terroristləri Zori Balayan şəxsən özü təlimatlandırıb. Metroda həlak olanların arasında məşhur cazmen Rafiq Babayev də var idi. Bu yalnız erməni quldurlarının Azərbaycan ərazisində törətdikləri çoxsaylı aksiyalardan iki nümunədir.

Müəyyən əhəmiyyət kəsb etdiyinə görə Ali Sovetdəki çıxışlarımdan bir neçə parça təqdim edirəm:

“Ermənistan KP MK-nın orqanı “Kommunist” qəzetinin bu il 20 oktyabr tarixli nömrəsindən sitat gətirirəm: “Hər hansı sivilizasiyalı dövlət öz ərazisində yığcam halda yaşayan millətlər və xalqlar üçün əlverişli şərait, o cümlədən onlar üçün muxtariyyatın bu və ya digər formasını vermək yolu ilə şərait yaratmağa çalışmalıdır”.

Gözəl sözlərdir. Azərbaycanda bu düzgün fikir DQMV-nin yaradılması ilə həyata keçirilmişdi, bəs nə üçün arzu etməyək ki, Ermənistan qovduğu azərbaycanlı vətəndaşlarını yenidən öz qoynuna alsın və zivilizasiyalı dövlət kimi onlara milli muxtariyyatın bu və ya digər formasını yaratsın”.

 

18 noyabr 1989-cu il tarixli çıxışdan:

 

“DQMV ilə əlaqədar, qəribə dəlil də gətirirlər: “Nə üçün bir xalq başqa bir xalqın tabeçiliyində yaşamalıdır?” Bəs onda öz yerli respublikalarında sakin olmayan 60 milyon sovet insanı necə olsun? “RSFSR-nin tərkibinə daxil olan Muxtar respublikalar və vilayətlər tabeçilikdəmi yaşayır? Bütün respublikalarda yaşayan ruslar və başqa respublikalarda yaşayan azərbaycanlılar və nəhayət Gürcüstanda kompakt halda, RSFSR-də, Orta Asiya respublikalarında məskunlaşmış ermənilər muxtariyyatsız necə yaşayırlar? Orda ayrılmaq məqsədiylə öz müqəddəratını təyin etmə məsələsi gündəmə gətirilmir, tabeçilikdən və sərhədlərin dəyişdirilməsindən söhbət getmir. Maraqlıdır: muxtariyyatın yoxdursa, bu başqa xalqa tabeçilik sayılmır, ancaq muxtariyyatın varsa, partiya, siyasi-inzibati, ictimai institutların varsa,  öz mətbuatına və öz dilində televiziyaya, Ali Sovetdə deputat kvotasına maliksənsə –bu-tabeçilik hesab olunur. Düşünürəm ki, Azərbaycanın hüdudlarından kənarda kompakt yaşayan, heç yerdə, heç bir milli muxtariyyatı olmayan azərbaycanlılar belə “tabeçilikdən” imtina etməzdilər”.

Erməni təbliğatının yaxşı düşünülmüş yalanları sayəsində, Ali Sovetdə də, SSRİ Xalq Deputatları qurultaylarında da, xüsusilə də kütləvi informasiya vasitələrində də bizim bədxahlarımız, vəziyyəti obyektiv qiymətləndirən insanlardan daha çoxdular. Erməni təbliğatı ilə (və çox vaxt pulla) ələ alınmış qəzet killerləri bütünlükdə bizim xalqa qarşı amansız hücumlar edirdilər.

Publisist Andrey Nuykin hətta Azərbaycan xalqını cəllad, azərbaycanlıları isə Türkiyənin casusları adlandırırdı. Görünür Z.Balayan Moskva həmkarlarının başını da türk xofu ilə yaman dumanlandırıb. Nuykinə “Qoqolun şineli və Suslovun qaloşları” məqaləsi ilə cavab verməli oldum. Məqalədə deyilirdi:

“...Bir sözlə, heç bir türk casusuna məlum olmayan şeylər, təkcə Nuykinə əyandır. O, öz yazısında Türkiyənin ən məxfi planlarını “açır”. Guya Türkiyə ermənilərin Qarabağda sıxışdırılması siyasətinin təşəbbüskarı, ideoloqu və təşkilatçısıdır. Belə çıxır ki, Türkiyə bu məxfi niyyətlərini həyata keçirmək naminə azərbaycanlıları Qarabağdan, hətta Dağlıq Qarabağa daxil olmayan yeddi Azərbaycan rayonundan bütünlüklə, təkrar edirəm BÜTÜNLÜKLƏ ermənilərin əliylə qovdurub. Nuykinin fikrincə, bu hələ xırda şeylərdi, başlıca məsələ ondadır ki, azərbaycanlılar, türklər və eləcə də digər türk xalqları məhz bu yolla Böyük Turan yaratmaq qərarına gəliblər.

Panturkizm vahiməsi  necə də uzunömürlü imiş, hər növ fitnəkarların əlində necə də kəsərli silahmış.

Bununla əlaqədar olaraq nə üçünsə yadıma Dostoyevski düşür, əla anlayıram ki, Dostoyevski ilə Nuykini müqayisə etmək günahdır. Bu məqamda Dostoyevskini yox, onun qəhrəmanlarından birini – yada salmaq olar, məsələ Smerdyakovu.

Dostoyevski Qoqolun şinelindən, “Pravda”nın keçmiş əməkdaşı Nuykin isə Suslovun qaloşundan çıxıb. Çıxıb ki, bu dəfə “demokratik” qaloş geyinsin. Amma görünür,  yoldaş Suslovun “aparatçılarının” düşüncə tərzləri, üslub və leksikaları asanlıqla aşılan hədd deyil. Qoqolun şinelindən çıxmaq mümkündür, Suslovun qaloşundan çıxmaq isə çox çətinmiş. Hər halda, cənab Nuykin orda özünə əsaslı surətdə yer eləyib”.

 

            1 mart, 1995, “Exo”.

 

BMT-nin üzvlüyünə daxil olması, Azərbaycanın müstəqilliyini əbədiləşdirdi. Həbslərə, sürgünlərə, edamlara məruz qalan neçə-neçə  Azərbaycan nəsilləri bu müqəddəs amal naminə hər bir fədakarlığa getdilər və istəklərini gerçəkləşdirdilər. Və dərhal da, dəfələrlə olduğu kimi azadlığın sevinci və ruh yüksəkliyi yeni faciə ilə təlx oldu. 1990-cı ilin məşum Qara Yanvar gecəsindən sonra 26 fevral 1992-ci ildə Azərbaycan xalqı başqa bir dəhşətli faciə yaşadı-Xocalı şəhəri bütünlüklə məhv edildi. “Xocalı haqqında həmişə hadisələri qabaqlayan ilk fitnəkar xəbər Türkiyədə meydana gəldi” söyləyən Zori  Balayan yenə də yalan danışır. İlk dəfə bu faciə barəsində Azərbaycan Yazıçılar İttifaqının müraciəti dərc olundu, özü də Moskvanın “İzvestiya” qəzetində.

 

“İsvestiya”ya bu günlərdə (26 fevralda) Azərbaycan yazıçılarının Dağlıq Qarabağda ermənilər tərəfindən Xocalı şəhərinə edilən silahlı basqınla əlaqədar keçmiş SSRİ-dəki həmkarlarına müraciəti daxil olub.

“...Bütün şəhər, minlərlə sakini ilə birlikdə məhv edilib, –bu sənəddə belə deyilir, –minlərlə insan həlak olub, minlərlə insan yaralanıb və ömürlük şikəst olub, yerlə-yeksan olan evlərindən qovulan minlərlə insan itgin düşüb.... Əgər erməni quldurları tərəfindən yandırılan Azərbaycan kəndlərinə analoq olaraq Liditseni, Xatını, Sonqmini yada salırdıqsa, Xocalı dəhşətini Xirosima faciəsi ilə müqayisə etmək yerinə düşür. Bəli, yeddi milyonluq Azərbaycan üçün onminlik şəhərin məhv edilməsi –elə bir dərin yaradır ki, bunu yalnız çoxmilyonlu Yaponiya üçün ikiyüzminlik Xirosimanın faciəsi ilə müqayisə etmək olar”.

 

“İzvestiya” 4 mart 1992

 

Mənim essem “Zori Balayanın növbəti sayıqlamaları və bəzi başqa məsələlər haqqında ...” adlanır. İndi mən istəyirəm ki, “bəzi başqa məsələlər” mövzusuna aydınlıq gətirəm. Çünki Zori Balayan Azərbaycana nifrətpərəstlik meydançasında tək deyil. Azərbaycana düşmənçilikdə Zori Balayana züy tutanlardan biri də Yelena Şuvayeva –Petrosyan adlı birisidir.

2000-ci ildə İsveçrədə “OBSS”-nin təşəbbüsü ilə ingilis, alman və rus dillərində “Gələcək Qafqazın müdafiəsi. Barış axtarışında” kitabı nəşr olunub. İsveçrə, AFR, Avstriya, Norveç, Lixtenşteyn hökumətləri bu kitabın sponsorlarıdır. Təşəbbüskarların təklifi ilə kitabda Qafqazdan olan və ya Qafqaz problemi mövzusu ilə məşğul olan 26 müəllifin bölgənin sabahına aid yazıları toplanıb. Azərbaycan Məmməd İsmayılın “Qafqaz necə olmalıdır” məqaləsi və mənim “Kamançanın saflaşdıran fəryadı” essemlə təmsil olunub. Həmin mətndən bir neçə parçayla  erməni tərəfinin buna qarşı “özünəməxsus” reaksiyası ilə Sizi tanış edirəm.

“Artıq hərbi döyüşlərə keçən bu qanlı toqquşmaların konseptual əsası ondadır ki, beynəlxalq kodeksdə iki əsaslı prinsipə –ölkənin ərazi bütövlüyü və onun sərhədlərinin toxunulmazlığına bir tərəfdən baxılır, bu ölkələrdə yaşayan milli azlıqların özünütəyin etməsinə başqa bir tərəfdən. Bu prinsiplərin hər ikisi, münaqişəyə cəlb olunmuş bölgələrin və bütünlükdə sülhün stabilliyi üçün, şübhəsiz  ki, son dərəcə vacibdir. Sərhədlərin, onların hüdudlarının hər hansı bir şəkildə dəyişdirilməsi yalnız həmin ölkə üçün yox, həm də digər dövlətlər üçün presedentin, nümunənin yaradılmasıdır. Zəncirvari reaksiya bütün dünyanı partlada bilər. Digər tərəfdən, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, hər hansı bir millətin, öz adət-ənənələrini, özünəməxsusluğunu və öz mədəniyyətini, dilini, iqtisadi quruluşunu, mentalitetini qorumaq  cəhdlərini də başa düşmək lazımdır.

Milli azlıqların kompakt yaşadığı ölkələrdə ən yüksək statuslu, geniş hüquqlar verən muxtariyyət qanunauyğundur. Azərbaycan Dağlıq Qarabağa məhz belə   bir status təklif edir və hər dəfə də rədd cavabı alır. Baş vermiş fakta və kənar qüvvəyə  arxalanan rədd cavabı. Yeri gəlmişkən, Ermənistan ərazisində kompakt yaşamalarına baxmayaraq ordan qovulan 200 min azərbaycanlı hansısa formada muxtariyyəti heç ağıllarına da gətirə bilməzlər”.

Daha sonra məqalədə C.Məmmədquluzadənin “Kamança” pyesi yada salınır.

“Qarabağ fəlakətinin qanlı səhnələrinin dəhşətli təfərrüatı ilə tanış olarkən, mən həmişə ümid yeri tapmışam ki, (bəlkə də bu son ümiddir), haçansa hamı–ermənilər də, azərbaycanlılar da kamançanın səsini, onun qəmli melodiyasını, onun fəryadını dinləyəcəklər və bir-birinin dərdini anlamağa mane olan nə varsa hamısından təmizlənəcəklər. Və bununla da kamançanın yanıqlı səsi nəhayət ki, topların gurultusunu, tankların nəriltisini batıracaq. Axı, hər xalqın simləri daş ürəkləri titrətməyə qadir belə bir aləti var. Birində o kamança adlana bilər, başqalarında Çexovun Potşild skripkası”.

Demək istədiyim o idi ki, Çexovun məşhur hekayəsində ən qəddar  ürəkdə belə insani duyğular oyadan Potşild skripkası və ya nifrətdən, qısasçılıqdan,zülmdən güclü olan Mirzə Cəlil kamançası barışıq melodiyası səsləndirərək, müasirlərimizin qəlbinə rəhm gətirə bilər. Amma mənim bu ümidlərimə baxmayaraq, nifrətdən o dərəcədə kor olmuş insanlar meydana çıxdı ki, heç bir xoş niyyətlə onlara nə isə anlatmaq mümkün deyil. Yelena Şuvayeva-Petrosyan elektron nəşrdə yer almış “Azərbaycansayağı humanistlik” materialında mənim İsveçrədə üç dildə yayımlanmış essemi “aşağı əyarlı” əsər adlandıraraq yazır: “Bu da təəccüblü deyil, xüsusi istedadlara malik olmayan  bu ölkədə, gah özgə xalqların istedadlarını (Nizamini, Xaqanini, hətta türk dilində iki cüt bir tək mahnısı olan Sayat Novanı)  mənimsəyirlər, ya da özlərinə məxsus zəif yazılarla qürurlanırlar”.

“Gözəl Yelena”nın ağız köpüyü kimi fışqıran sözünü bir anlığa saxlayaq və ən azı bu haşiyəyə görə onun yalanını açaq. Nizamini və Xaqanini rahat qoyaq, bizim vicdansız rəqiblərimizdən başqa bütün dünya onları Azərbaycan şairi kimi tanıyır və əlbəttə onlar öz xalqları üçün madam Petrosyanın sübut etmək istədiyi kimi yad deyillər. Yeri gəlmişkən, onu Marietta Şaqinyanın böyük Azərbaycan dahisi Nizami  Gəncəviyə həsr edilmiş əsəri ilə tanış etmək pis olmazdı. O ki, qaldı Sayat Novaya, burda hər şey tam əksinədir. Belə ki, etnik erməni olan bu aşıq erməni dilində yalnız bir neçə mahnı yazıb, onun yaradıcılığının əsasını Azərbaycan dilində, bizim aşıqlarının təsiri ilə yazdığı qoşmalar, gəraylılar və bir qism də gürcü dilində yazdığı şeirlər təşkil edir. Tamamilə rasist (daha doğrusu faşist) mövqeyindən Şuvayeva-Petrosyan Azərbaycanı xüsusi istedadları ilə seçilməyən ölkə adlandırır. Belə olan təqdirdə başa düşmək olmur, bəs nə üçün ermənilər “xüsusi istedadları olmayan” –xalqın musiqisini – Üzeyir Hacıbəyovun məşhur “Arşın mal alan” operettasından tutmuş müasir bəstəkarların əsərlərinə kimi- daima çırpışdırmaqla məşğuldurlar. Mən hələ erməni musiqi bəstələyənlərinin əsərlərində səslənən Azərbaycan xalq musiqisindən, muğamlardan danışmıram.

 

Şuvayeva-Petrosyan daha sonra yazır:

 

“Almanaxın mərkəzi yerini yazıçı Anarın çox müzakirə olunan, (bax budur “Gözəl Yelena” cin atına mindirən, budur mətləb) Azərbaycan xalqının humanistliyini göstərən “Kamançanın saflaşdıran fəryadı” essesi tutur”.

Şuvayeva-Petrosyanın sırf erməni metodu ilə yalan və saxtakarlıqla dolu çuğullamasından iri parçalar gətirməyə məcburam. Beləliklə, E.Şuvayeva-Petrosyan yazır:

“Əsərin əsasında (“Kamança” nəzərdə tutulur) Qarabağda müharibə durur. Dəhşətli döyüş zamanı (?!-A.) Azərbaycan hərbçilərinin dəstəsi erməni “azadmartiklərinin” bir qrupunu əsir alır ki, onların arasında bir kamançaçalan var. (Bu “azatmartiklər” nə olan şeydi, onların qrupu haqqında da, dəhşətli döyüş haqqında da, mətndə yazılmayıb və heç kim də, heç kəsi əsir almayıb-A.)

Müvəqqəti sakitlik zamanı komandir əmr edir ki, bütün əsirləri güllələsinlər (deyilənlər yalandır –A) kamançaçalanı isə çağırır yanına və xahiş edir ölümqabağı çalsın. Alətin son sədaları kəsiləndə, Azərbaycan dəstəsinin komandiri “mənim ürəyimi üzmə” (?-A.) sızlamasıyla erməni kamançaçalanını azad buraxır. Azərbaycan ədəbiyyatının boş çölündə budur Azərbaycan “humanistliyi”! Görünür, beyinləri çatmır dərk etsinlər ki, prinsipcə burda öyünməli bir şey yoxdur”.

Üfunət qoxulu yazıdan ona görə belə iri parça təqdim etdim ki, bizim opponentlərin, internet istifadəçilərini və oxucuları aldatmaq üçün necə yalan və saxtakarlıqlara əl atdıqları görünsün. Əlbəttə,  Petrosyandan tələb etmək olmaz ki, C.Məmmədquluzadənin dərin mənalı və  son dərəcə insani pyesi ilə tanış olsun. Savadı olsaydı heç olmasa öz doğma ədəbiyyatını oxuyardı və bilərdi ki, Sayat Nova əsasən hansı dildə yazıb. Bununla yanaşı o, heç olmasa, qara qəlbininin bütün zəqqumunu kağıza tökməmişdən qabaq mənim essemi diqqətlə oxusaydı, çalışardı ki, öz qərəzini bu qədər açıq, yalan formasında ifadə etməsin, axı nə dəhşətli döyüş, nə erməni dəstəsi pyesdə (və təbii ki, mənim yazımda da) yoxdur, heç bir “azatmartik” qrupu da əsir düşmür və Şuvayeva Petrosyanın uydurduğu kimi, heç kim də onları güllələmir. Pyesdə də, mənim ona verdiyim şərhdə də yalnız bu kənddən o birinə gedən tək-tənha qoca kamançaçalan var. Və o da azərbaycanlıların dağlardakı dəstəsinə rast gəlir. Dəstə üzvlərinin, demək olar ki, hamısının ailə üzvləri “gözəl Yelenanın” humanizminə aludə olan “azadmartiklər” tərəfindən amansızcasına məhv ediliblər.

Bütün ailəsi Petrosyanın “azadmatrik”ləri tərəfindən qətlə yetirilmiş dəstə başçısının bir anda ürəyindən keçir ki, intiqamını bu qoca kamançaçalandan alsın. Amma bu qəzəbi birdən-birə onun ifasını dinləmək istəyi əvəz edir. Hər iki xalq üçün eyni dərəcədə yaxın olan musiqinin və Şuvayeva-Petrosyanların daş qəlblərini tərpətməyən nəvaların ifası zamanı dəstədəki döyüşçülərin yaddaşında ötən günlər canlanır və dəstənin dərdlərindən qovrulan başçısı qocaya əmr edir ki, dərhal kamançasını da götürsün və burdan itilsin, yoxsa o, onu da öldürər, özünü də. Bəli, xanım Şuvayeva-Petrosyan, budur azərbaycansayağı humanizm. Özü də dırnaq arasında yox, sözün birbaşa mənasında sizin qəddarlıqdan qaxsımış beyninizə və nifrətdən mərhəmətsizləşmiş ürəyinizə yabançı olan azərbaycansayağı humanizm, hətta sənə sağalmaz yaralar vurmuşları da bağışlamaq bacarığı. Bu o deməkdir ki, insanlar Şuvayeva Petrosyan və Zori Balayan kimi fitnəkarları cəzalandıracaq, nəhayət ki, qonşu xalqlar bütün sədləri aşaraq sülh və razılıq içində yaşamaq imkanı tapacaqlar. İsveçrədə çap olunmuş beynəlxalq kitab da məhz bu ideyalardan qaynaqlanıb. “Gözəl Yelena”nın nəzərinə onu da çatdıraq ki, Azərbaycan ədəbiyyatının həyat verən tarlasına heç vaxt həsədin, yalanın, nifrətin toxumları səpilməyib və səpilməyəcək. Və bizim beynimizdə xroniki olaraq Şuvayeva Petrosyanın və Zori Balayanın hədyanları kimi mələz düşüncələr yaranmayacaq.

Mənim balayanlarla və şuvayeva petrosyanlarla polemikam əsla erməni xalqına münasibətimin göstəricisi deyil. Erməni millətçilərinin ünvanına dediyim sərt sözlərdə bütünlükdə erməni xalqına qarşı qərəz kimi qəbul olunmamalıdır. Mənim əks cavablarımın tonu Azərbaycana qarşı hücumların, tonuna, ruhuna, sərtliyinə uyğundur. Mən zəhmətsevər erməni xalqını qiymətləndirirəm, mədəniyyət, elm sahəsində nailiyyətlərini qəbul edirəm. Martiros Saryanın rəssamlıq əsərlərinə, Aram Xaçaturyanın musiqisinə, Sergey Paracanovun filmlərinə, Qrant Matevosyanın nəsrinə və “Sirun, sirun” xalq mahnısına rəğbətimi heç zaman gizlətməmişəm və indi də  gizlətmirəm. Amma bununla belə lap körpəlikdən erməni düşüncəsinə yeridilən azərbaycanlılara və türklərə qarşı nifrətlə, qisasçılıqla, böhtanla heç zaman barışmayacağam. Mən şübhə etmirəm ki, Ermənistanda və dünyanın ermənilər yaşayan müxtəlif ölkələrində, kifayət qədər düşüncəli insanlar var ki, indiki siyasi kursun və balayan ekstremizminin, hər şeydən öncə erməni xalqına qarşı olduğunu və nə üçün hakimiyyətə məhz Qarabağ avantürasının təşkilatçılarının gətirildiyini dərk edirlər. Bu səbəbdən də, öz hakimiyyətlərini saxlamaq üçün onlar heç zaman bu məsələnin ədalətli və faydalı həlli ilə razılaşmayacaqlar.

Amma bununla belə, mən ümid bəsləyirəm ki, tez, ya gec erməni milli şüurunda belə bir fikir baş qaldıracaq ki, qonşularla əbədi münaqişədə yaşamaq olmaz. Ermənilər harada yaşayıblarsa və ya o məkanda sığınacaq tapıblarsa, oranı əzəli erməni torpağı adlandırmağa və o yerlərə ərazi qamarlamaq iştahı ilə göz dikmək də olmaz. Yüz illər öncə qarşılıqlı qəddarlıqlar olan yerdə, həqiqəti uydurmalardan ayıran arxivlərin açılmasından ehtiyatlanmaq, bütün cinayətlərdə daima qonşu xalqı günahlandırmaq,  ərazi iddialarından əl çəkməmək və eyni zamanda, əlaqələrin normallaşmasını təklif etmək məntiqsizdir. Allah erməni xalqını daşnak mərəzindən  xilas etsin.

Z.Balayan daima Türkmənçay müqaviləsinə istinad edir. Həmin sənədə istinad edən ifrat İran şovinistləri də Azərbaycan xanlıqlarını, o cümlədən, İrəvan xanlığını İrana qatmağı tələb edirlər. Görəsən, Zori Balayanın istədiyi nədir – Ermənistan elə indi olduğu kimi Rusiyanın hərbi forpostu kimi qalsın və İranın bir vilayəti olsun?

Rusiyanın köməyi ilə  Türkiyəni parçalamaq və onun ərazisində erməni dövləti yaratmaq ideyasının ideoloqlarından və “Daşnakstyun”un liderlərindən biri olan Ov.Kaçaznuni bihudə eyforiyalardan sonra “Daşnakstyunun artıq bir işi qalmayıb” adlı xarakterik başlığı olan kitabında  yazıb:

“1914-cü ildə könüllü erməni dəstələri yaradıldı və türklərə qarşı hücumlara başladı...-Kaçaznuni belə yazır və əlavə edir-bu məsələyə görə kimin məsuliyyət daşıdığını söyləmək əbəsdir. Əgər könüllü dəstələrin meydana gəlməsi yanlış addım idisə, ən böyük yanlışlıq onun nəticələri və siyasi istiqamətdə təbii davamı oldu ki, bunun da kökünü uzaq keçmişdə axtarmaq lazımdır. Erməni xalqının gücünü, onun siyasi, hərbi əhəmiyyətini və həm də bizə rus köməyini həddindən artıq şişirtdilər. Ümidlərimizi və intizarımızı da təbii olaraq həddindən artıq qabartdılar... Bütün bunlar erməni xalqına ölümcül zərbə vurdu”.

Bu acı və ayıq sözləri balayan –petrosyanların zaman-zaman yenidən oxumaları pis olmazdı.

 

Noyabr, 2013.

525-ci qəzet.- 2013.- 21 dekabr.- S.8-9.