Jurnalistikamızın Əli
İldırımoğlu fenomeni
Əsrarəngiz gözəlliyə malik Qarabağın
xoşbəxt çağları idi. Ötən əsrin
yetmişinci illərinin respublikada doğurduğu
işgüzar mühit hər sahəyə yeni nəfəs gətirmişdi.
Bir neçə rayonun birləşdirildikdən
sonra ayrılması yerlərdə yeni düşüncənin,
əməli fəaliyyətin canlanması duyulurdu. Artıq xeyli müddət keçməsinə
baxmayaraq Füzuli rayon qəzeti redaksiyasında da hələ
formalaşmamış, mühüm ideoloji strukturlardan biri kimi
öz ənənələri olan "Araz" qəzetinin
yenidən nəşrinin təşkili sahəsində
yaranmış çətinliklər çox vacib məsələ
kimi qarşıda qoyulmuşdu. Bu sahədə
əsasən təcrübəsiz gənclər, ən
yaxşı halda isə pedoqoji təhsillilər
çalışırdılar. Spesifik xüsusiyyətə
malik iş üsulu tətbiq etmək, zəruri maddi-texniki baza
yaratmaq lazım idi. Məhz bu vacib məsələnin
həlli illər ötsə də rayon qəzeti
redaksiyasında olduqca ləng gedirdi.
Məni təyinatla "Araz" rayon qəzeti
redaksiyasına işləməyə göndərmişdilər. Çalışırdım
ki, "Sosialist Sumqayıtı" Sumqayıt şəhər
qəzeti redaksiyasında və bundan əvvəlki əməkdaşlıq
etdiyim mətbuat orqanlarında topladığım təcrübəni
burada tətbiq edim. Burada əməkdaşların
bəziləri 30-40-cı illərin "Artel"
düşüncəsinin təbirlərincə yazır,
xalqın başa düşdüyü, ədəbi dilin
qanunlarına məhəl qoyan yox idi. Məhz
bu və bir sıra nöqsanlara görə redaksiya dəfələrlə
tənqidə məruz qalmışdı.
Respublikamızın aparıcı qəzeti olan
"Kommunist"in tanınmış jurnalistlərindən
biri, müqtədir qələm sahibi Əli
İldırımoğlu o zamanlar Naxçıvan MR-lə bahəm
Qarabağ üzrə bölgə müxbiri kimi fəaliyyət
göstərirdi. Əli müəllimin rayona hər gəlişi
bizim üçün həmişə maraqlı, məmurlar
üçünsə bir təlatüm, bir təlaş
doğururdu. Bilirdilər ki, Əli
İldırımoğlu rayondakı nöqsanları mütləq
görəcək, onun aradan qaldırılması,
respublikamızın inkişafı naminə, bu kəsir cəhətləri
bağışlamayacaq və təfsilatilə, satirik qələmlə
yazacaq, kəskin tənqid atəşinə tutacaq. Respublika rəhbərliyi "Kommunist" qəzetinin,
Əli İldırımoğlunun
çıxışını tədbir görməmiş
qoymazdı. İti qələm sahibi, ustad
jurnalistin hər çıxışı, xüsusilə biz
gənc jurnalistlərin ürəyindən olardı. Çünki tabeçilikdə
yaşayıb-işləyən gənc yazarların rayon rəhbərliyinin
işlərini tənqid etmək imkanı yox idi və buna
duruş gətirə bilməzdik, bizi hər vaxt təhdid
edirdilər.
Əli
İldırımoğlunun yazıları eyni zamanda əhalidə
böyük rəğbətlə qarşılanır, haqq-ədaləti
özləri bildiyi kimi düşünən, yerlərdə
ağalıq edən "Kiçik padşahlar" kimi
özlərini aparan raykom katibləri Əli müəllim tərəfindən
necə deyərlər, yerlərinə oturdulurdu. Bu, hamımızın ürəyindən tikan
çıxarırdı. Çünki gənc
jurnalistlər haqq sözünü deyəndə incidilir,
haqsız danlaqlara, hədə-qorxulara məruz qalırdı.
Rayon rəhbərləri ilə isti münasibətləri
olan kolxoz, sovxoz, idarə və müəssisə
başçıları adi bir tənqidə görə bizi məşhər
ayağına çəkirdilər.
Mətbuatın nüfuzunu, tənqidi yazıların təsir
qüvvəsini artırmaq üçün biz gənclər bəzən
respublika partiya təşkilatına müraciət edir, bununla
yanaşı məhz "Kommunist"in müxbiri Əli
İldırımoğluna güvənirdik. Respublikamızın digər
jurnalistlərindən fərqli olaraq, Əli
İldırımoğlu rayona ayaq basanda, ilk öncə bizim
"Araz" qəzeti redaksiyasına gəlir, məsləhətlərini
verir, qaldırdığımız problemlər, tənqidi
çıxışlarımız barədə rayon partiya
komitəsinin bürosunda məsələ qoyur, gənc
jurnalistləri ruhlandırırdı.
Redaksiyada çalışan jurnalistlərin mənzilə
böyük ehtiyacları var idi. Yaşayış evi
tikdirmək üçün torpaq sahəsi ayrılması və
ya ictimai binadan mənzil verilməsi barədə
çoxsaylı müraciətlərimizə illərlə
müsbət cavab ala bilmirdik. Azərbaycan
KP MK-ya rəsmi ərizələrlə müraciət etdik və
bundan əfzəl "Kommunist" qəzetinin bölgə
müxbiri Əli İldırımoğluna da məktub
yazdıq. Raykom katibi, ispolkomun sədri: "- Mərkəzi
Komitəyə yazmısınız, heç olmazsa Əli
İldırımoğluna niyə müraciət edirdiniz?"
- deyə, bizi möhkəm danladılar və
heç bir ümid yeri qoymadılar. Ərizələrimiz
cavabsız qalmışdı. Lakin Əli
İldırımoğlu rayona gəldi, bizimlə söhbətlər
apardı, hər kəsin ehtiyacları ilə maraqlandı.
Əsl məsələlər məhz Əli
müəllimin gəlişindən, rayon rəhbərləri
qarşısında redaksiya və mətbəə
işçilərinin ehtiyacları barədə məsələ
qaldırması və bütün bunların müsbət həlli
üçün vaxt verməsi, kasıbyana dolanan mətbuat
işçilərinin ailə qayğılarını həll
etdi. Bir sözlə, onun atalıq
qayğısını hər məqamda hiss edirdik.
Duzlu-məzəli felyetonları, oxunaqlı məqalələri,
hər biri gözəl əsər olan oçerk və
zarisovkaları ilə tanınan Əli
İldırımoğlu biz gənc yazarlara da
tapşırıqlar verir, müxtəlif səpkili yazılar
işləyib mərkəzi qəzetlərdə
çıxış etməyə sövq edirdi. Müqtədir
qələm sahibi, tanınmış jurnalist Əli
İldırımoğlunun tapşırılqarını
yerinə yetirmək hər şeydən əvvəl
böyük cəsarət və məsuliyyət tələb
edirdi. Çünki Əli müəllim nə
qədər səmimi, qayğıkeş olsa da, ciddi tələbkarlıq
göstərir, hər bir janrın qaydalarına və tələblərinə
düzgün əməl etməyi, bədii sözün istifadəsinə
diqqət yetirməyi tapşırırdı. Məqalə, oçerk və zarisovkaların,
xüsusilə felyeton janrının yazılmasında
hansı təsirli sözlərdən, ibrətamiz kəlamlardan,
faktlardan necə dəqiq istifadə etməyin forma və
üslublarını öyrədir, dəyərli məsləhətlərini
verir, hər kəsin yaradıcılıq potensialına
uyğun yazılar çap etdirməyi məsləhət
görürdü.
Ustad jurnalist Əli müəllimin
tapşırığına əsasən bir neçə
mövzu işlədim. Həyəcanla təqdim etdim.
Əli İldırımoğlu yazıları nəzərdən
keçirib, iti baxışlarını mənə yönəldəndə,
məmnun qaldığını anlayırdım və qəlbimdə,
yaradıcılığımın cilalanmasında və
püxtələşməyimdə xüsusilə
böyük zəhməti olan, dəyərli ziyalımız
Əli İldırımoğlunun mənəvi Ata məsləhətləri
şəxsən mənim üçün bir meyar, haqq-ədalət
tərəzisi, mübarizlik simvolu kimi həyat və fəlaiyyətimdə
mühüm yer tutur. Müdriklər deyiblər
ki, Ata əli oğul kürəyində olanda, övlad daha
ürəkli, qorxmaz, cəsarətli, mübariz olur,
arayıb-axtarır, qurub-yaratmaq eşqi daha da alovlanır.
Bu gün xalqımızın dəyərli ziyalısı kimi
tanınan, yüzlərlə oçerk və felyetonların,
məqalələrin, çoxsaylı hekayələrin, povestlərin
və neçə-neçə romanın müəllifi olan
Əli İldırımoğlunun mənə bir dəfə
"- Qorxma, yaz! " - deməsi,
artıq səkkiz kitabın müəllifi olan bu sətirlərin
müəllifini yeni-yeni əsərlər yaratmağa
ruhlandırdı.
Ulu Öndərimiz Heydər Əliyevin respublika rəhbərliyinə
ilk gəlişindən sonra partiya-təsərrüfat işlərinin
həcmi və miqyası daha da güclənmiş,
quruculuq-abadlıq işləri genişlənmişdi. Respublikanın
salnaməsini yaradan dövrü mətbuatın öncül
sıralarında sözsüz ki, "Kommunist" qəzeti
dururdu. Böyük inkişaf yolu keçən
Odlar Yurdunun coşğun həyatını vəsf edən
sayılıb-seçilən jurnalistlərdən biri məhz
Əli İldırımoğlu idi.
Görkəmli jurnalist Əli müəllim məni yeni
görüşə dəvət etmişdi. Çətin,
lakin vacib partiya mövzusunda işləməyi
tapşırdı. Komsomola partiya rəhbərliyinin
aktual metodlarından irəli gələn təcrübə ətrafında
məqalə hazırlamağı tapşırıdı.
"Kommunist" qəzetində partiya-sovet
mövzusu vaxtaşırı dərc olunsa da, müasir idarəetmə,
gənclərin sovet ideologiyası ruhunda tərbiyəsi məsələlərinin
təşkili diqqət mərkəzində dururdu. Mövzu ilə əlaqədar məsələlərin
diqqətlə öyrənilib, təşviq və təbliği
cəhətlərinə nəzər yetirməyi Əli müəllim
xüsusi tapşırdı. Məqalə
"Kommunist" qəzetində, iri həcmdə dərc
olundu və bundan sonra Əli İldırımoğlunun
xeyir-duası ilə mərkəzi mətbuatda dəfələrlə
müxtəlif mövzularda yazılarım verildi.
Əli İldırımoğlu bir şəxsiyyət
kimi gənc jurnalistlərə və yazıçılara həmişə
nümunə olub. Nədən yazır-yazsın, onun şəxsi
qənaətinə, fikrinə kimlərsə nüfuz edib, onu
öz düşüncəsindən sapındıra bilməzdi.
Haqq-ədaləti həmişə başı üzərində
görən, sadə insanların mənafeini müdafiə edən,
istedadlı yazıçı-jurnalist Əli
İldırımoğlu çağdaş Azərbaycan
jurnalistikasında fenomen bir şəxsiyyət, özünəməxsus
yaradıcılıq üslubu və dəst-xətti olan
söz sərrafı, qüdrətli qələm sahibi kimi mətbuat
tariximizdə bir epoxa, meyar olaraq nəsillərə nümunədir.
Etiraf edim ki, otuz ildən çoxdur Əli müəllimlə
görüşmürük. Ancaq şair demişkən
"könüldən-könülə yollar
görünür". Əsərlərini
maraqla mütaliə edir, qəzet səhifələrində
gedən yazılarını oxuyur, onun həyat və
yaradıcılığından bəhs edən radio və
televiziya verlişlərini böyük maraq və qürur
hissi ilə izləyirəm. İftixarla
deyim ki, son illər Əli İldırımoğlunun bədii
nəsr əsərləri xalqımızın sevilə-sevilə
mütaliə etdiyi kitablardandır. Əli
İldırımoğlunun "Mayaklar", "Yazım,
yazmayım", "Çinarlı", "Həmin
adam", "Telepat", "Dərd", "Silinməz izlər",
"Zorən jurnalist", "Közərən sətirlər",
"Mənim rəncbər atam", "Aqibət",
"Qarlı gecələr", "Daş yağan
gün" kitabları nəşr edilib, seçilmiş əsərləri
10 cildlik külliyyat şəklində çap olunub. Fərəhli
haldır ki, Əli İldırımoğlunun "Zorən
jurnalist", "Aqibət", "Mənim rəncbər
atam" romanları Türkiyədə, "Mənim rəncbər
atam" romanı həm də İranda, "Aqibət"
romanı isə həmçinin Rumıniyada çap olunub. Romanlarının bir çoxu rus və ingilis dillərinə
tərcümə edilib.
Azərbaycan çağdaş jurnalistikasının
fenomeni kimi şöhrət tapmış
yazıçı-publisist Əli İldırımoğlunun
yaradıcılığı nəsillər üçün
geniş tədqiqat mənbəyidir. Tanınmış ədəbiyyatşünas-tənqidçilər
Qurban Bayramovun, Bəsti Əlibəylinin Əli
İldırımoğlunun yaradıcılığına,
milli-mənəvi dəyərlərin bədii salnaməsi olan
əsərlərinə həsr edilmiş monoqrafiyaları ədibin
böyük istedadının və gərgin zəhmətinin
bəhrəsi kimi, bəşəri məhəbbət və
duyğularının töhfəsi olan əsərlərinə həsr
olunub.
Xalqımızın
işıqlı, dəyərli ziyalılarından olan
"Şöhrət" ordenli, "Əməkdar
jurnalist", Azərbaycan Yazıçılar və Jurnalistlər
Birliklərinin üzvü Əli İldırımoğlu
çoxsaylı mükafatlara layiq görülüb. O,
"Qızıl qələm", "Araz",
"Ustad Jurnalist", Əbdürrəhim bəy Haqverdiyev
adına mükafatlar laureatıdır, Türk Dünyası
Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən
türk ədəbiyyatının inkişafında göstərdiyi
xidmətlərə görə "Türk Ədəbiyyatında
Xidmət" beynəlxalq mükafatıyla təltif edilib.
Ömrünün səksən altıncı baharını başı uca, məğrur xislətli, xalqına, ədəbiyyatımıza həmişə sədaqətlə xidmət edən, ünlü yazıçı-publisist, hamımızın ustadı, müəllimi, mənəvi Atası olan Əli müəllimin əsərlərini oxuduqca kitabı yerə qoymaq istəmirsən. Dahilər demişkən, sənətkarlar təbiətin övladıdır və onlar öz nümunələrini təbiətdən götürməlidirlər. Çünki təbiət "müəllimlərin müəllimidir". Alman sənətşünası Düpepin təbirincə desək "Sənət təbiətin özündədir, sənətkar o adamdır ki, sənəti təbiətdən "qopara bilir"." Əli İldırımoğlunun keçdiyi çətin həyat yoluna az-çox bələd olan qələm əhli kimi deyərdim ki, onun əsl müəllimi məhz təbiət və cəmiyyət olub. Ona görə də əsərləri oxucularla təbiətin, doğma xalqının dilində danışır. O, sanki rəssam kimi tablo yaradır, həm insanların mürəkkəb düşüncələrini, həyat aləmini, həm də zamanın, dünyanın axar-baxarını nəzmə çəkir, özünün söz dəyirmanında üyüdür, ələk-xəlbirdən keçirir, haqq-ədaləti, insana, insanlığa xas olan nəcib keyfiyyətləri əsərlərindəki obrazlara gətirərək, bu günkü və gələcək nəsilləri belə bir ruhda tərbiyə etməyə çalışır.
Şah Palıd möhtəşəmli, Xan Çinar əzəmətli, müdrik, ədəbiyyatımızda öz yolu, öz dəsti-xətti olan dəyərli Əli müəllim! Ömrünüz uzun olsun ki, yaşayıb-yaşadasız! Biz qələm adamlarının sizin kimi korifeylərə, çağdaş Azərbaycan jurnalistikasının fenomeni olan Əli İldırımoğlunun xalq dili ilə cilalanan dəyərli əsərlərinə, sizdən öyrənməyə çox ehtiyacımız var...
Oqtay
ƏLİYEV
Yazıçı-publisist
525-ci qəzet.-
2013.- 24 dekabr.- S.7.