Təranə Vahidin
"Cənnətdən yuxarı" kitabının təqdimatı
oldu
Azərbaycan Yazıçılar Birliyində (AYB) Təranə
Vahidin "Cənnətdən
yuxarı..." kitabının
təqdimat mərasimi
keçirildi.
Müəllifin hekayələrindən, esselərindən
və miniatür duyğularından ibarət
kitab AYB və
"525-ci qəzet"in birgə
layihəsi kimi çap olunub. Tədbiri
giriş sözü ilə AYB-nin gənclər üzrə katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid açdı: "Təranə
Vahid gənc olsa da, yazıları
müdrik yazılardır.
Gənclərlə bağlı bizim
son illərdə çoxlu
layihələrimiz olub.
İndi hansısa istedadlı bir gənci mənə təqdim edəndə ehtiyatlanıram.
Qorxuram ki, bir az tərifləyən kimi havalanacaq. Biz artıq
neçə illərdi
belə halların şahidi olmuşuq. Ona görə də bir az qısqanclıqla, bədgümanlıqla yanaşıram.
Təranə təxminən
on beş il qabaq "525-ci qəzet" də işləyib. Sonra "Mədəniyyət" qəzetində də fəaliyyət göstərib.
Bir gün mənim sevdiyim yazıçı,
ədəbi kriteriyalara
çox soyuqqanlılıqla
yanaşan Əli Əmirli Təranənin hekayələrini "525-ci qəzet"ə
göndərmişdi. Düzü, həmin vaxtı Təranənin hekayələrini
oxuya bilməmişdim.
Lakin bu yaxınlarda onun bir neçə
hekayəsini oxudum və bəyəndim.
Təranənin hekayələrinin dilinə, təhkiyəsinə
heyran oldum. Mən çox sevinirəm ki, belə sakit,
təvazökar, yaxşı
əsərlər yazan
gənclərimiz var".
Daha sonra kitabın ön sözünün müəllifi yazıçı-dramaturq
Əli Əmirli Təranə Vahidin hekayələrinin oxucuların
ürəyinə yol tapacağına inandığını
dedi: " Bu kitabın çıxmasında
etdiyi köməkliyə
görə Rəşad
müəllimə təşəkkürümü
bildirirəm. Hesab edirəm
ki, gənc yazarların tanınmasında
Rəşad müəllimin
böyük rolu var. Təranəni öncə
jurnalist kimi tanımışam. Bir dəfə
o, pyesini mənə göndərdi. Ona yazdım
ki, bu əsər
səhnə üçün
yox, televiziya üçün yaxşıdır.
Sonra da məlum oldu
ki, bu pyes
əsasında film çəkilib.
Bundan sonra mənə bir neçə hekayə göndərdi.
Onun
"Qorxu çiçəkləri",
"İntihar"ı mənim
çox xoşuma gəldi. Onun hekayələri gözəl
şeir kimidir, adidir, ancaq adamın
ürəyinə işləyir.
Bu yaxınlarda bir
pyes yazmışdım. Onun əvvəlini
dəyişmək lazım
idi. Təranənin
kitabında oxuduğum
fikirlər mənə
çox kömək etdi: "İnsan intihar etmək istəyəndə özünü
suya atır, balıq isə sahilə". Bu cümlənin
içində böyük
bir romanın materialı var. Mən ona deyirəm ki, artıq sən romana keçməlisən. Hesab edirəm
ki, Təranənin istedadı ona böyük yol açacaq. Deyirlər
ki,
istedadlıya kömək
edin, çünki istedadsızlar özlərinə
yol açacaqlar. Ancaq mən bu fikirlə
razı deyiləm.
Çünki istedadsıza nə qədər yol açsan da o, istedadsızdır, heç
vaxt uğur qazana bilməyəcək.
Əsl istedad isə hansı basqılar altında olur-olsun asfaltı deşən ot
kimi mütləq üzə çıxacaq.
İnanıram ki, bu gözəl hekayələr
oxucuların ürəyinə
yol tapacaq".
Kitabın redaktoru Qulu Ağsəs müəllifin
ən cod ifadələrində
belə qadın zərifliyi olduğunu vurğuladı: " Bəzən kişi müəllifdən qadın,
qadın müəllifdən
də kişi düzəltmək olur. Ancaq Təranədən heç cürə kişi müəllif
düzəltmək olmur.
İçindəki cod ifadələrə
rəğmən, hadisələrin
konfliktə doğru irəliləməsinə rəğmən
yenə də onun içində
lirika, qadın zərifliyi var. Təranənin
hekayələri qısa
olsa da, çox şeydən xəbər verir. Bu hekayələr preslənmiş hekayələrdir.
Elə müəllif var ki, həcmi nə qədər qısa olsa da oxuyursan və
hələ də oxumağa davam edirsən. Məncə, yaxşı müəllif
mətn qurtaranda sonra oxucunun düşünməsi üçün
də yer saxlamalıdır. Təranənin yazılarının vaxta nə qədər dəxli varsa, bir o qədər də dəxli yoxdur. Yəni onun sosial mövzuda
yazdığı yazıları
sabah da
oxuna bilər. Mən ondan Qarabağla bağlı daha çox hekayələr gözləyirəm. Mən istəməzdim
ki, o, roman yazsın.
Təranədə hekayələr yaxşı
alınırsa, mən
onu davam etdirməyini xahiş edirəm. Bəzən
bir adam
yaxşı roman yazır,
deyirlər ki, bir dənə də pyes yaz.
İnsanın əzələsi haradadırsa, həmin əzələ də nümayiş olunmalıdır.
Təranənin gücü də,
zərifliyi də məhz bu kiçik
hekayələrdədir".
Rejissor,
Xalq artisti Ramiz Həsənoğlu müəlifin hekayələrinin
ekran əsərinə
uyğun olduğunu qeyd etdi: "
Altı ay əvvəl
oxuduğum "İntihar"
hekayəsini film kimi görürdüm. Təranənin kitabını oxuyanda sevindim və təəccübləndim. Onun hekayələrində
material, hadisə, şəxsiyyət
var. Mənə elə
gəlir ki, Təranənin bundan sonrakı uğurları təkcə ədəbiyyatla
yox, həm də ekran ilə
bağlı olacaq".
Dilimizi korlayanların sayının
artdığı bir dövrdə Təranə
Vahid kimi səlis bir dilə malik yazıçının olmasını
deyən Mustafa Çəmənli
müəllifin yaradıcılığında
dil məsələsini
qabartdı: " Kim bu kitabı oxusa, kitab haqqında
yaxşı fikirləri
olacaq. Mən də Təranəni
əvvəlcə jurnalist
kimi tanımışam.
Onun yazıları dil baxımından çox gözəldir. Onu oxuyanda
elə bil, ana laylasına qulaq asırsan. Yazısında artıq söz
yoxdur. Təranənin yazıları o qədər
hissiyyatla yazılıb
ki, oxuyanda böyük zövq alırsan".
"Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli
müəllifin yazılarında
daha çox ironik qatı görmək istədiyini bildirdi: " Bəlkə də, yazıçı eqom imkan verməmişdi
ki, Təranə xanımın bizdə çıxan yazılarını
oxuyum. Nəhayət ki, bu kitabdakı hekayələrin
əksəriyyətini oxudum.
İstənilən nəsr əsəri
birinci cümləsindən
başlayır. İlk cümləni
oxuyub görəndə
ki, cümlə əsl Azərbaycan cümləsidir onu sevə-sevə oxuyursan.
Janr məsələsi isə sonrakı işdir. Təranənin uğuru budur
ki, rəvan dillə yazır, gözəl təhkiyəsi,
hekayəyə xas dinamikası var. Torpaq itkisi onun yazılarına
pessimizm qatıb.
Ancaq bəzi yazılarında ironiya qatı var ki, mən
istərdim bu onun bütün yazılarında olsun".
Sözlərin də özünəməxsus
ətri olduğunu deyən "Azərbaycan"
jurnalının baş
redaktoru İntiqam Qasımzadə Təranə
Vahidin yazılarında
Kis dağının ətrini duyduğunu vurğuladı.
Publisist Tahir Abbasovun çıxışı elə
müəllifin hekayələri
kimi qısa oldu. O, müəllifin ən
böyük istedadını
yığcamlıqda gördüyünü
dedi.
Şair
Əkbər Qoşalı
Təranə Vahidin şəxsiyyəti ilə
yazılarının üst-stə
düşdüyünü vurğuladı: "Onun yazılarını oxuyanda
görürsən ki,
nə qədər təranəli, nə qədər poetik yazıb. Məncə, bu hal ədəbiyyat üçün
tez-tez rast gəlinən hal deyil. Biz onun
həm şəxsiyyətinə,
həm də yaradıcılığına eyni
yanaşmalıyıq. Və düşünürəm ki,
Təranə xanımın
cənnətdən yuxarısı
da, aşağısı
da onun Laçında
keçirəcəyi günlər
olacaq".
Bundan başqa tədbirdə Sevinc Nuruqızı, Narıngül, Südabə Ağabalayeva və digər ədəbiyyat adamları, müəllifin qohumları, dostları çıxış etdilər, ona gələcək yaradıcılıq həyatında uğurlar arzuladılar. Sonda Təranə Vahid tədbir iştirakçılarına təşəkkürünü bildirdi.
Ramil
525-ci qəzet.- 2013.- 24 dekabr.- S.7.