Din elmlərinin məzmun və mahiyyətinə
müfəssəl baxış
Xristian təriqətləri
haqqında qısa
məlumat
Xristian təriqətləri mənsub olduqları məzhəblərin
bütün ehkamlarını qəbul etməklə
yanaşı müəyyən fərqliliklər də kəsb
edirlər. Bu təriqətlərin ortodoks olanları Orta əsr
Avropasında təşəkkül edən təriqətlərdən
fərqli olaraq daha çox monastr təşkilatlanması
şəklində mövcud olmuşdur. Həqiqi
mənada təriqətlər XIII əsrdən sonra
Avropanın böhranlı dövrlərində mərkəzi
hakimiyyətə qarşı çıxma nəticəsində
meydana gələn heterodoks (başqa cür düşünən)
təşkilatlanmalar şəklində ortaya
çıxmışdır. Kilsə tərəfindən
heretik elan edilən hərəkatların səbəb
olduğu qarışıqlığın
qarşısını almaq üçün XIII əsrdən
etibarən katolik təlimi ətrafında formalaşan müxtəlif
təriqətlərin ortaya çıxdığı
aydın olur. Bunlardan biri kastilyalı
piskopos Dominikin 1216-cı ildə qurduğu Dominikan təriqətidir.
Avqustinçi görüşləri qəbul edən
bu təriqət monastr həyatını təklif edən bir
təşkilatlanma tərzinə sahib idi. Missionerlikdə
bir sıra uğurlar qazanan Dominikan təriqəti indi də
varlığını sürdürür. Katolik Fransisken təriqəti 1209-cu ildə Assisili
Fransis tərəfindən quruldu. Yoxsulluğu
və inziva həyatını qəbul edən, monastrlar ətrafında
təşkilatlanan Fransisken təriqəti də
günümüzdə yaşamaqdadır. Hər
iki təriqət Reformasiyaya qarşı katolik ənənəsini
mühafizə etmək üçün İqnatyus Loyola tərəfindən
qurulan Cizvit təriqətinə də zəmin
hazırlamışdır. Bu təriqət
1534-cü ildə Parisdə Loyolalı İqnas (İgnace de
Loyola) tərəfindən qurulmuş, Roma katolikliyinə
bağlı və “İsanın dostları” adı ilə
tanınan bir xristian təriqətidir. 1540-cı
ildə Papa II Paul tərəfindən təriqətin
quruluşu təsdiq edilmişdir. Bu təriqət
üzvləri sərtliyi, əsgəri xarakteri və intellektual
səviyyələri ilə digərlərindən fərqlənir.
Loyolalı İqnasın təsbit etdiyi qaydalar
günümüzdə də davam etməkdədir. Hər bir cizvit iffətli olmalı, kasıb
yaşamalı və istənilən yerə missioner kimi getməyə
and içməlidir. Cizvitlərin sayı
30-40 min civarındadır. Eyni məqsədlə
qurulan digər bir təriqət isə kökü XII əsrə
gedib çıxan, fəqət 1539-cu ildən sonra islah edilən
Karmeli təriqətidir. Bunlardan başqa
1533-cü ildə Kremonalı doktor Antonio Maria Zaccaria və
dostları tərəfindən Milanda missionerlik məqsədi
ilə qurulan və bu gün də varlığını
sürdürən Barnabi təriqəti, Covanni Boskonun 1841-ci
ildə Turində qurduğu və hazırda mövcudluğunu
davam etdirən Salesialılar katolik təriqətləri
arasında ən böyüklərindəndir. XIX və XX əsrlərdən etibarən protestant
ölkələrində də bəzi təriqətlərin
qurulmağa başladığı görünür. Riçard Benson tərəfindən 1865-ci ildə
qurulan monastik xarakterli “Müqəddəs Yevangelist Con Cəmiyyəti”
(Society of Saint John the Evangelist) bu tip təriqətlər
arasında ən diqqətəlayiq olanıdır. Təriqət bu gün ABŞ, Kanada və Avstraliya
kimi ölkələrdə fəaliyyətini davam etdirməkdədir.
XRİSTİANLIĞIN
BAŞQA DİNLƏRƏ MÜNASİBƏTİ
Xristianlıq və qurtuluş qavramı. Xristianlığın
təməl təlimində insanlığın xilası
üçün özünü fəda edən İsanın
qurtuluşun mərkəzi hesab edilməsi dayanır. Ənənəvi təlimə görə insanlar
qurtuluşa çatmaq üçün ona inanmalı və bu
gün onun bədənini təmsil edən kilsəyə daxil
olmalıdır. Kilsə ataları bunu
“Kilsənin xaricində qurtuluş yoxdur” (Extra ecclesiam nulla
salus) ifadəsi ilə xülasə edib bir ehkam halına gətirmişdirlər.
Bu ehkama görə katolik kilsəsi istisna
olmaqla, heç bir din, hətta ortodoks və protestant kilsələri
kimi digər xristian kilsələri belə insanı
qurtuluşa çatdıra bilməz. II
Vatikan Məclisinə qədər bu cür yanaşma katolik
kilsəsinin digər din və məzhəblərə
qarşı sərt davranışını ifadə
etmişdir. Sözügedən məclisdən
sonra katolik kilsəsi dialoqdan söhbət açmağa
başlamışdır. Yalnız
Aralıq dənizi hövzəsindəki ölkələrdən
ibarət bir dünyadan xəbərdar olan kilsə bu dünya
insanlarının İncili tanımaması üçün
heç bir səbəbin olmadığına inanmış,
kilsədən kənarda qalanların əbədi cəhənnəm
odunda yanacaqlarını elan etmişdir. XV əsrdən
etibarən reallaşan coğrafi kəşflər nəticəsində
dünyanın daha böyük olduğu məlum olduqda
İncilin müjdəsinin yetişmədiyi
saysız-hesabsız bütpərəst cəmiyyətlərlə
qarşılaşan xristian teoloqların vicdanları
bütün bu insanları cəhənnəmlik elan etməkdən
narahat olmuş, İncillə tanışlığı
olmayan topluluqların vəziyyəti xristian
ilahiyyatçıları arasında ciddi mübahisələrə
səbəb olmuşdur. Ancaq bu mübahisələr
heç də bütün xristianlara təsir etməmiş və
bir gün bütün dünyanın xristianlaşacağı
inancı davam etmişdir. XIX əsrin ikinci
yarısından etibarən xristian dünyasının güclənməsi
və hərbi-siyasi uğurların qazanılması bu
inancın yaxın vaxtlarda gerçəkləşəcəyi
ümidini artırmışdır. Amma
II.Dünya Savaşından sonra vəziyyət dəyişmişdir.
1949-cu ildə Çindəki oyanış və
1947-ci ildə müstəqilliyini qazanan Hindistan bütün
xristian dünyasını mədəni cəhətdən əhəmiyyətli
dərəcədə təsirə məruz qoydu. 1948-ci ildə yəhudilər katoliklərin
inancının tam əksini gerçəkləşdirərək
müqəddəs torpaqlarda müstəqil İsrail dövlətini
qurdular. İslam dünyasında da baş
verən irəliləyişlər Qərbin marağına səbəb
oldu. Nəticə olaraq müstəmləkə
sisteminin çöküşü, plüralist toplumun meydana gəlməsi
kimi irəliləyişər xristianlıqdan başqa dinlərin
də tarixdə yeri olduğunu və xristianları bu dinlər
barəsində düşünməyə sövq etdi.
Xristian
ilahiyyatçılar xristianlıqdan kənar dinlər
mövzusunda üç fərqli yanaşma irəli
sürmüşdürlər: a) kənarlaşdırıcı
yanaşma. Tanrı haqqındakı həqiqi
bilgi və təcrübəni xristianlıqla məhdudlaşdırır.
Digər dinlərlə bağlı dəyərləndirmənin
təməl ölçüsü kilsə hesab olunur. Dinlər haqqındakı bu qatı
anlayışın müasir dövrdə ideya atası
protestant ilahiyyatçı Karl Bartdır. Onun
fikrincə insan Tanrını yalnız Onun vəhyi ilə
bildirməsi nəticəsində tanıya bilər. Vəhy yalnız Yeni Əhddən ibarət olduğu
üçün xristianlıqdan kənar həqiqi Tanrı
bilgisi yoxdur. “Kilsədən kənar qurtuluş yoxdur” ifadəsi
ilə xülasə edilən bu yanaşma 2000 il
boyunca rəsmi inancı təşkil etmişdir. Bu gün ortodoks və protestant kilsələri bu
yanaşmanı davam etdirirlər; b) plüralist yanaşma.
Xristianlığı da Allaha aparan digər dinlərlə
eyni statusda dəyərləndirir. Amma xristianlıq
daha əmin sayılır. Xristian teoloqlar
arasında plüralist yanaşmanın tərəfdarları
azlıq təşkil edirlər; c) əhatəli yanaşma.
Tanrının ümumbəşəri
qurtuluş iradəsi aksiomasını, qurtuluşun İsa Məsih
və onun kilsəsinin vasitəsilə təmin oluna biləcəyi
aksioması ilə uzlaşdırmağa
çalışmaqdadır. “Tamamlayıcı
teologiya” da deyilən bu yanaşmaya görə xristianlıqdan
kənar dinlərdə Tanrıya götürən işarələr
və mənəvi zənginliklər vardır. Amma bunlar insanlığı tam qurtuluşa
çatdırma baxımından naqisdir. İsa
Məsih bunları tamamlayaraq mükəmməl hala gətirir.
Hz.İsanın “Zənn etməyin ki, mən
şəriəti, yaxud peyğəmbərləri
yıxmağa gəldim, yıxmağa yox, tamamlamağa gəldim”
deyiminin mənası yalnız İsrail dini ilə məhdud
deyildir. İsa Tövrat və Əski
Əhd peyğəmbərlərinin sözləri ilə
birlikdə ari irqin (Hind-Avropa dillərində danışan
xalqlara verilən qeyri-elmi şərti ad) kitablarını,
peyğəmbərlərini də tamamlamaq üçün gəlmişdir.
Əhatəli yanaşmanın ən önəmli
nümayəndələrindən biri olan Karl Rahner bu
yanaşmanı daha müxtəlif bir nəzəriyyə ilə
açıqlamışdır. Onun fikrincə,
xristianlıqdan kənar dinlərə mənsub olanların
qurtuluşu İsa Məsihə bağlıdır.
İsa Məsih bu anda gizli olaraq onların arasındadır və
onlar hiss etmədən İsa Məsihin nəzarəti
altında Tanrıya yönəlməkdədirlər. Beləliklə, Rahner bütün insanların həqiqətdə
xristian olduğunu iddia edir.
Xristianlığın
digər dinlərə baxışı mövzusunda fikir
açıqlayan kilsə atası Əziz Justindir
(ö.163-cü il). Justin
İsadan qabaqkı yəhudilərin qurtuluşunun
mümkün olduğunu bildirmiş və bu
görüşünü “hikmət, kəlam, ağıl”
anlamlarında işlətdiyi “loqos” qavramı ilə əsaslandırmışdır.
Kilsə xaricində qalanların xilas olmayacaqlarını bir təlim
halına gətirən kəs Kartaca piskoposu Əziz Kipyanus
(ö.258-ci il) olmuş, “Kilsədən kənar
qurtuluş yoxdur” ehkamını xülasə etmişdir. Azlıq təşkil etdikləri və təzyiq
altında olduqları üçün bu dönəmdəki
kilsə ataları yəhudilərlə bütpərəstlər
haqqında fikir açıqlamaqdan çəkinmişdirlər.
Ancaq IV əsrdə xristianlıq Romanın rəsmi
dini olub güc qazandıqda “Kilsədən kənar qurtuluş
yoxdur” təliminin şamil olduğu sahəyə bütpərəstlər
və yəhudilər də daxil edilmişdir.
Katolik kilsəsində bir dönüş nöqtəsi sayılan II Vatikan Məclisində digər dinlərə daha açıq və müsbət bir yanaşma nümayiş etdirilmişdir. Məclisdə dinlərin “ümumbəşəri qurtuluş planı”na dair bir sıra sənədlər qəbul edilmişdir. “Tanrının qurtuluş planı yaradıcını qəbul edənləri də əhatə edir. Bunların başında müsəlmanlar gəlir. Müsəlmanlar İbrahimin imanını paylaşırlar. Bizimlə birlikdə tək və bağışlayan, qiyamət günündə insanları mühakimə edən Tanrıya ibadət edirlər. Heç bir günahı olmadan İsa Məsihin İncilini, yaxud onun kilsəsini tanımayan, fəqət səmimiyyətlə Tanrını arayan və Onun lütfü ilə içlərindən gəldiyi kimi Onun buyurduqlarını yerinə yetirməyə çalışan kimsələr qurtuluşa çata bilərlər”. Məclisdə dünyanın böyük dinlərindən Hinduizm, Buddizm, İslamiyyət və Yəhudilik adbaad xatırlanaraq onlar haqqında sayğı ilə danışılmış, mənsublarına da sayğı ilə yanaşılması tövsiyə edilmişdir. Xristianlıqdan kənar dinlərdə də mənəvi doğruluğun mövcudluğuna görə bu dinlərlə dialoqa girilməsi qəbul edilir.
Əhatəli yanaşma çərçivəsində xristianlıqdan kənar dinlərin mənəvi zənginliyini tanıyan və onların da bir funksiyasının olduğunu qəbul edən kilsə bu dinlərin xristian mesajı ilə tamamlanmasının zəruriliyini qeyd etmişdir. Bununla bağlı olaraq kilsənin missionerlik anlayışında mühüm dəyişikliklər baş vermişdir. Yeni missioner metodların başlıcaları bunlardır: a) inancı açıqlama. İnancın açıqlanacaq mövzusu İsanın əsrarəngiz xüsusiyyətləridir. Onun bir xilaskar kimi enkarnasyonu (təcəssüm etmə), xaçda ölümü, dirilməsi və s. kimi xüsusiyyətlər açıqlandıqdan sonra insanlar İsa Məsihə inanmağa dəvət edilirlər; b) dialoq. Papa VI.Paulun 6 avqust 1964-cü ildə məclisin iclaslarında elan etdiyi “Ecclesiam Suam” adlı bəyannaməsində dialoqdan bəhs etdiyinə görə bu qavram məclis sənədlərində öz əksini tapmışdır. Katolik kilsəsi digər dinlərin mənsubları ilə bir-birini tanımaq və inancı paylaşmaq üçün dialoqa girməlidir. Çünki kilsə bütün insanlıq üçündür. Katolik kilsəsi dinlərarası dialoqdan xristianlaşdırma missiyasının bir aləti kimi istifadə etdiyini açıq surətdə bildirməkdən çəkinməmiş, bu davranışı ilə missionerlərdəki əhatəli yanaşma ətrafında yaranan tərəddüdlərə son qoymağa çalışmışdır; c) inkültürasyon. Bu termini katolik kilsəsinin yeni missiya anlayışına ilk dəfə Masson gətirmişdir. Teoloji sözlüklərdə inkültürasyon “İncilin müjdəsini dünyanın müxtəlif bölgələrində yaşayan xalqların sahib olduqları mədəniyyətlərə uyğun hala gətirmə” şəklində tərif edilir. Bu termin “inanc-mədəniyyət dialoqu və uzlaşması” anlamına gəlir. Bu metod sistemli bir şəkildə ilk dəfə II.Vatikan məclisində gündəmə gəlmişdir. “Ad Gentes” adlı sənəddə bu mövzuda qısaca belə deyilir: “Məhəlli kilsələr xalqların sahib olduqları bütün zənginlikləri təsbit etmək və bunlara sahib çıxmaq durumundadır. Çünki bu zənginliklər xristian olmayan xalqlara Tanrı tərəfindən borc verilmişdir”. İstismarçı yanaşmanı əks etdirən digər bir tərif aşağıdakı kimidir: “İnkültürasyon otantik mədəni dəyərlərin xristianlıqla bütünləşməklə əsl bir dəyişməyə uğraması və xristianlığın müxtəlif bəşəri mədəniyyətlərə daxil olmasıdır”. Bəyannamənin sahibi Papa II.Jan Pol missionerlərin sahib olduqları mədəni hüdudları aşaraq özlərini göndərildikləri mühitə yaxşıca alışdırmaları, çalışdıqları bölgənin dilini, yerli mədəniyyətin ən önəmli xüsusiyyətlərini öyrənmələri və həmin bölgənin dəyərlərini kəşf etmələrinin zəruriliyini ifadə etmişdir. Bu metod bu gün Hinditanda və ənənəvi dinlərin geniş yayıldığı Afrika və Okean ölkələrində tətbiq olunur; ç) qurtuluş və müstəqillik hərəkatlarında iştirak etmə. Katoliklər II.Vatikan Məclisindən sonra müəyyən etdikləri missiya strategiyaları çərçivəsində marksist ideologiyaları kilsə təliminə və missionerliyə uyğunlaşdırmağa çalışmışdırlar. Bununla əlaqədar olaraq kilsə xristianlıq təlimini insanlara çatdırmağın yolu kimi qiymətləndirdiyi marksist ideologiya və metodları tətbiq etməkdə bir əngəl görməmişdir.
(Ardı var)
İdris ABBASOV
525-ci qəzet.- 2013.- 24 dekabr.- S.6.