Din elmlərinin məzmun və mahiyyətinə
müfəssəl baxış- Xristianlığın yəhudiliyə
baxışı
Xristianlığın yəhudiliyə
baxışı
Katolik kilsəsinin Yəhudiliyə və İslama
baxışı digər dinlərə baxışına nəzərən
fərqlidir. Çünki hər üç dində teoloji
baxımdan ortaqlıq mövcuddur. Bu ortaq
nöqtələr üç din arasında ən son və
mükəmməl tək dinin təsbiti mövzusunda
mübahisələrə səbəb olmuşdur.
Xristianlığın birinci dərəcədə önəm
verdiyi din Yəhudilikdir. Bunun səbəbi isə
İsanın fərisey ənənəsinə görə
yetişmiş bir yəhudi olmasıdır. Ayrıca ilk xristianlar da yəhudi mənşəlidir.
Xristianlıq yəhudi müqəddəs mətnlərini
öz mətnləri hesab edir. Xristianlığın
yəhudiliyə baxışı iki qismdə izah oluna bilər.
İlk dönəmdə yəhudilərin İsaya və
onun təlimlərinə qarşı çıxması, Yəhudiliyə
və yəhudilərə qarşı mənfi bir
davranışın doğmasına səbəb olmuşdur. Bu hal başda
İncillər olmaqla bütün xristian müqəddəs mətnlərində
öz əksini tapmışdır. Ellinistik
anlayışın Xristianlığa hakim olmasından sonra qələmə
alınan və İskəndəriyyə məktəbinin
ellinistik fəlsəfəsini əks etdirən Yuhanna
İncilində bu durum özünü daha bariz şəkildə
göstərir. Sinoptik İncillərdə
"Tövratdan bir nöqtə belə əksik olmayacaq"
deyilərkən Yuhannada yer alan "Sizin
şəriətinizdə yazılıdır" cümləsi
ilə xristianlığın yəhudilikdən ayrı bir
inanc sistemi olduğu ortaya qoyulmuşdur. Bunu
möhkəmləndirmək üçün həvarilərin
ibranicə olan adları yunancaya çevrilmişdir.
Mattada romalı vali Pontus Pilatusun xaça çəkmələri
üçün İsanı romalı əsgərlərə
verdiyi ifadə edilirsə , Yuhannada yəhudilərə
təslim etdiyi bildirilmişdir. Buna görə də
yəhudilər xristian dünyasında bütün nəsillər
boyunca Tanrı qatili kimi qəbul edilmiş və onlara
böyük bir kin bəslənmişdir. Buna
baxmayaraq məbədin 70-ci ildə romalılar tərəfindən
yıxılmasına, hətta Bar Kohba üsyanına qədər
xristianlığın yəhudiliklə əlaqəsi davam
etmişdir. Bu hadisələrdən sonra
xristianlar Yəhudiliyə qarşı ilahi
narazılığın əlamətlərini
görmüş və tədricən Yəhudilikdən
uzaqlaşmağa başlamışdırlar. Yəhudi olmayan xristianların (Goyim) kilsədə
lider mövqeyinə yüksəlməsi yəhudilikdən
qopma prosesini daha da sürətləndirmişdir.
İznik Məclisində (325-ci il) xristian
Paskalya bayramı ilə yəhudi Fısıh bayramı eyni
günə təsadüf etdiyindən Paskalyanın
günü dəyişdirilmişdir. Laodikya Məclisində
(343-348) xristianların Şabatı müqəddəs gün
kimi bayram etmələri yasaqlanmış, yalnız bazar
müqəddəs gün hesab edilmişdir. Zaman keçdikcə xristianlığın
yayılıb güclənməsindən sonra xristianların Yəhudiliyə
və yəhudilərə qarşı tətbiq etməyə
başladıqları təzyiqlər kilsə tərəfindən
bəzi teoloji əsaslara dayandırılmışdır.
Belə ki: a) Təkvin (49/10), İşaya (7/14) və Müqəddəs
kitabın bir çox pasajında (parçasında) xəbər
verilən Məsih nasirəli İsadır; b) Pavlus
İbrahimin həqiqi nəslinin yəhudilər deyil, xristianlar
olduğunu söyləmişdir; c) İsanın xaça
çəkilməsinin cəzası olaraq Qüdsdəki məbəd
yıxılmışdır. Bu, Tanrının
İsrail xalqını rədd etməsinin ifadəsidir;
ç) Pavlusun səlahiyyəti ilə yəhudi şəriəti
ləğv edilmişdir.
Xristianların Yəhudiliyə və yəhudilərə
qarşı sərt tutumu II.Dünya Savaşının sonuna
qədər davam etmiş və kilsə İsrail dövlətinin
qurulmasının aktiv şəkildə
qarşısını almağa
çalışmışdır. Bu səylərə
baxmayaraq İsrail dövlətinin 1948-ci ildə reallaşan təşəkkülü
kilsədə bir çaşqınlıq yaratmışdır.
Bu, ya qısa müddətli bir durum kimi qiymətləndirilməli,
ya da katolik teologiyasında köklü bir dəyişikliyin
edilməsini zəruri etməli idi. Katolik kilsəsinin yəhudilərə
qarşı davranışını dəyişdirməsinin
səbəbləri haqqında yəhudi tədqiqatçılar
bunları qeyd etmişdir: Nasist zülmünün kilsə
üzərindəki təsiri, xristianları yəhudilərlə
münasibətlərini yenidən gözdən keçirməyə
yönəltməsi, İsrail dövlətinin xristianlar tərəfindən
Qərb demokratiyasının Yaxın Şərqdəki
qalası kimi görünməsi. II.Dünya
Savaşı sırasındakı hadisələr tənqid
edilərək teoloji antisemitizmin yəhudilərə
qarşı aparılan zülmə qaynaq təşkil etməməsinin
zəruriliyi söylənməyə
başlanmışdır. İlk dəfə
olaraq 1947-ci ildə xristianlar yəhudilərlə bir araya gəlmiş
və kilsənin yəhudilərə qarşı
davranışını dəyişdirməsi on maddəlik
bir bəyannamə ilə qərara alınmış, 1950-ci
ildən etibarən katolik kilsəsi ilə İsrail
arasında bir yaxınlaşma müşahidə olunmuşdur.
Nasirədə Orta Şərqin ən böyük katolik kilsəsini
tikməyi qərarlaşdıran Vatikan
tapşırığı da İsrailin bir tədarükçü
firmasına həvalə etmişdir. Yəhudilərə
qarşı davranışın dəyişdirilməsi hərəkatına
öncüllük etdiyi üçün yəhudilərin
"yaxşı Con" (John the good) adlandırdıqları
Papa XIII İohan 1958-ci ildə bir islahat hərəkatını
başlayaraq katolik, ortodoks, protestant və yəhudilər
arasında birliyin təmin olunması üçün fəaliyyətə
girişmiş və bu məqsədlə 1960-cı ildə
Xristian Birliyini Təmin etmə Katibliyini yaratmışdır.
Xristian Birliyini Təmin etmə Katibliyinin başlıca
üç məqsədi vardır:
xristian birliyini sağlamlaşdırmaq, dini
azadlığı təminat altına almaq və yəhudilərlə
dialoqu gücləndirmək. Katibliyin 1960-cı
ilin sonlarında hazırladığı yəhudi bəyannaməsi
II Vatikan Məclisinin digər dinlərlə bağlı qərarlarının
təməlini təşkil etmişdir. Digər
dinlər və mədəniyyətlər haqqında katolik
kilsəsinin münasibətini bildirmək üçün
hazırlanan Nostra Aetatədə digər dinlərin mənsubları
arasında ən çox yəhudilərə yer verilmiş,
4-cü maddə tamamilə onlara ayrılmışdır.
Sənədin giriş hissəsində kilsənin
yəhudilərlə tarixi rabitəsi üzərində
dayanılmış, ortaq mirasdan bəhs edilmişdir. Yəhudilər İncilləri qəbul etməsələr
də Tanrının sevgili qulları kimi yad edilərək
onlara qarşı diqqətlə davranmağın zəruriliyindən
bəhs edirlər. Yuhanna İncilindəki
yəhudiləri Hz.İsanın qatili olaraq lənətləyən
parçalara yeni bir izah verilərək bu ifadələrlə
sadəcə o zaman bu işi icra edən yəhudilərin nəzərdə
tutulduğu bildirilmişdir. Katolik kilsəsi
II Dünya Savaşındakı səhvini anlayıb
keçmişin unudulması şüarı ilə yəhudilərlə
münasibətdə dialoqu və tolerantlığı
üstün tutmuşdursa da heç zaman missionerliyi əldən
verməmişdir. Mühafizəkar amerikan
yəhudilərinin qabaqcıl teoloqu Yakob Nesner xristian-yəhudi
diloqunu əslində dialoq deyil, bir monoloq kimi qiymətləndirmişdir.
Xristianlığın
İslama baxışı
Yəhudilik hər şeydən əvvəl
xristianlığın təməlini təşkil edir. Əski
Əhd xristianlar üçün də müqəddəsdir.
Kilsənin yəhudiliklə qurduğu bu tarixi
bağ İslama aid deyildir. Digər tərəfdən
kəmiyyət cəhətdən kilsənin
qarşısında duran ən önəmli güc
İslamdır. Xristianlığın
İslama baxışını formalaşdıran təməl
ünsürləri bu iki tarixi səbəblə əlaqələndirmədən
düşünmək mümkün deyildir. 1. II.Vatikan Məclisindən qabaq xristian-müsəlman
münasibətləri. Xristianların
müsəlmanlarla ilk təması Hz.Peyğəmbərin
İslamiyyəti təbliğ etdiyi dövrlərə gedib
çıxır. Ərəbdilli nəcranlı
xristianların Mədinəyə gələrək Rəsuli-Əkrəmlə
mübahisələrini (631) ilk xristian-müsəlman dialoqu
kimi qiymətləndirmək olar. İslamiyyət
yunan dilli xristianların torpaqlarına daxil olduqda ilk ciddi
mübahisələr başlamışdır. Xristian ilahiyyatçılar İslamiyyətlə ilk
dəfə qarşılaşdıqda ona xristianlıq daxilində
separatçı (heretik) bir hərəkat kimi
baxmışdırlar. Amma bu dinlə
yaxından təmas etdikdə fərqli bir inanc sistemi
olduğunu görmüş və xristianlığı ondan
qorumağa çalışmışdırlar. Bu zaman onlar İslama hücum edərək Hz.Muhammədə
qara yaxmağa çalışmış və ona bir sıra
əxlaqi zəifliklər isnad etməkdən belə çəkinməmişdirlər.
Qərb xristianları isə VIII əsrdə
İspaniyanın, IX əsrdə Siciliyanın müsəlmanlar
tərəfindən fəth edilməsi zamanı ilk dəfə
mədəniyyət cəhətdən özlərindən
daha üstün olan və böyük bir hərbi gücə
sahib müsəlmanlarla qarşılaşdılar və bunu
özləri üçün böyük bir təhlükə
hesab etdilər. Digər tərəfdən, xaç
yürüşləri zamanı xristian alimlər
İslamı daha yaxından tanıma imkanına sahib olsalar da,
İslamı Avropaya olduğu kimi tanıtmaqdan çox, dəyişdirilmiş
bir islam və müsəlman imici təqdim
etməyi üstün tutdular. Onların İslamla bağlı
iddia və istinadları üç nöqtədə cəmləşirdi:
1) İslamiyyət saysız-hesabsız əsli olmayan inanclar
ehtiva edir və həqiqətlər bilə-bilə təhrif
olunur; 2) İslam qılınc gücünə qəbul
etdirilmiş bir zor dinidir; 3) Muhamməd şəhvət
düşkünü, saxta bir din qurucusudur, şeytanın təmsilçisi,
yaxud alətidir. Sonrakı dönəmlərdə İslamiyyət,
Hz.Muhamməd və müsəlmanlar haqqında müsbət
yanaşmalar olsa da II.Vatikan məclisinə qədər, Albert
Pigge, Juan de Lugo kimi bir neçə xristian teoloqu istisna olmaqla,
xristianların müsəlmanlar haqqında mənfi
baxışları davam etmişdir.
II Vatikan
Məclisindən sonra İslam və müsəlman
anlayışı
II Kilsə
yığıncağının "Nostra Aetate" və
"Lumen Gentium" adlı sənədlərində ilk dəfə
olaraq müsəlmanlardan, onların inanc və ibadətlərindən
bəhs edilmiş və bu mövzuda müsbət ifadələr
işlədilmişdir. 1964-cü ilin avqustunda papalığa
seçilən VI Paul müsəlmanların dininin təqdirəlayiq
olduğunu, onların Tanrıya ibadətdə doğru yol
tutduqlarını bildirir. Amma burada yeganə
doğru dinin xristianlıq olduğunu da vurğulamaqdan vaz
keçmir. 21 noyabr 1964-cü ildə qəbul
edilən "Lumen Gentium"da müsəlmanlar haqqında bu
fikirlər səsləndirilmişdir: "Qurtuluş planı
yaradıcını qəbul edənləri də əhatə
edir. Bunların başında müsəlmanlar
gəlir. Onlar İbrahimin imanını
paylaşır və bizimlə birlikdə tək və
bağışlayıcı, hökm günündə
insanları mühakimə edəcək Tanrıya ibadət
edirlər". Bu mətn 1965-ci ildə qəbul
edilmiş "Nostra Aetate"də bu şəkildə
genişləndirilmişdir: "Kilsə müsəlmanlara da
sayğı ilə baxır. Onlar tək, hay və qayyum,
mərhəmətli, qadiri-mütləq, göyün və
yerin yaradıcısı, insanlara xitab edən Tanrıya ibadət
edirlər. Müsəlmanlar öz inancları ilə
dərindən bağlı olduqları İbrahimin Tanrıya təslim
olması kimi bütün mənlikləri ilə
Tanrının əmrlərinə boyun əyməyə
çalışırlar. Hər nə qədər
Tanrı kimi qəbul etməsələr də İsaya bir
peyğəmbər kimi sayğı göstərirlər.
Eyni zamanda onun bakirə anasını da uca tutur
və onu səmimiyyətlə anırlar. Tanrıya
dua, oruc və sədəqə yolu ilə ibadət edirlər.
Xristianlarla müsəlmanlar arasında əsrlər
boyu bir çox hadisələr meydana gəlmişdir. Vatikan Məclisi tərəflərə
keçmişi unutmalarını, qarşılıqlı
anlaşma üçün səmimi səy göstərmələrini,
insanlığın mənafeyi naminə sülhü,
azadlığı, sosial ədaləti və əxlaqi dəyərləri
birlikdə qoruyub inkişaf etdirmələrini tövsiyə
edir". Bu qərarların tətbiq
olunması çərçivəsində kilsə, yəhudilərlə
olduğu kimi, müsəlmanlarla da dialoqun sahələrini və
metodlarını bildirmək üçün səylərini
davam etdirmişdir. Bu məqsədlə
1974-cü ildə qurulan Katolik-Yəhudi münasibətləri
Komissiyası ilə yanaşı İslam Komissiyası da təsis
olunmuşdur. Burada da İslama qurtuluş
vasitəsi kimi baxılmır, müsəlmanlar xristianlıq
inancına dəvət edilirlər.
Xristianlığın hinduizm və buddizmə
baxışı. Xristianlığın hinduizm və buddizmə
baxışı Yəhudilik və İslama olan
baxışından tamamilə fərqlənir. Xristianlıqla bu Şərq dinləri arasında hər
hansı rəqabətdən söhbət gedə bilməz.
Amma XX əsrin ikinci yarısından etibarən
sözügedən dinlərin qərb ölkələrinə
girməsi ilə durum dəyişmişdir. Qərbli gənclər öz ölkələrində
itirdikləri dəyərləri Şərqdə axtarmağa
başlamış, bu dinlərin təlimlərinə ciddi
maraq göstərmişdirlər. Bu vəziyyət
kilsəni qane etmirdi. 1600-cü illərdə
Avropa ticarət karvanları Hindistana özləri ilə bərabər
missionerlik fəaliyyətini də gətirmişdirlər.
İstismarçı portuqalların himayəsi
altında katolik fransiskenlər, dominikenlər və cizvitlər
Hindistanın müxtəlif bölgələrində
missionerlik etmişdirlər. Danimarkalı,
alman protestantlar və anqlikanlar da burada missionerlik fəaliyyəti
göstərmişdirlər. Katolik
missionerlər hindular arasında xristianlığı yaymaq
üçün müxtəlif metodlara əl
atmışdırlar. Bunlardan biri də
inkültürasyondur. İnkültürasyon
çalışmaları üçün Hindistan bu gün
pilot bölgə durumundadır. İnkültürasyonun
Hindistanda ilk tətbiqatçısı Roberd de Nobilidir
(ö.1656). Hinduların brahmanlarla ifrat
bağlılığını görən Nobili İncilin
mesajını daha anlaşıqlı etmək
üçün bir brahman kimi
yaşamağa başlamış, beləliklə, latın
xristianlığını hind mədəniyyəti ilə
uzlaşdırmağa çalışaraq bir hindu-xristian həyatı
yaşamışdır. Bəzi xristian
tarixçilər onun yüz minlərlə hindunu xristianlaşdırdığı
bildirilir. Nobili Roma inkvizisiyası tərəfindən
məhkum edilsə də, II.Vatikan Məclisində müəyyənləşdirilən
yeni yanaşmaya görə inkültürasyon Katolik kilsəsinin
rəsmi görüşü olmuşdur. Missionerliyin
məqsədi hinduizmdəki gizli Məsihi ortaya
çıxararaq hinduları onların qurtuluşu
üçün qanını tökən İsanın əhdinə
şərik etməkdir. II.Vatikan Məclisindən sonra hindu mədəniyyəti təriflənməyə,
xristian mədəniyyəti ilə hindu mədəniyyəti
arasında dialoqun təmin edilməsi üçün səylər
göstərilməyə başlanmışdır. Bu arada bəzi
missionerlər hindular kimi geyinməyə, ət yeməməyə,
quru yerlərdə yatmağa, hindu ibadət
paltarları ilə ibadət etməyə üstünlük
vermişdilər. Xristianlıq təliminin təməlini təşkil
edən "Tanrının cismləşmiş kəlamı Məsih"
inancının qarşılığı hinduizmdə də
axtarılmış, Tanrı Vişnunun hülul edib bədənləşmiş
şəkli (avatara) olan Krişna inancının
xristianlıqdakı Məsih inancına təqabül etdiyi nəticəsinə
varılmışdır.
(Ardı var)
İdris ABBASOV
525-ci qəzet.-
2013.- 25 dekabr.- S.6.