Seyid Əsgər Müzəffəroğlunun
yeni şeirlər kitabı çapdan çıxıb
Tanınmış şair, Azərbaycan
Yazıçılar Birliyinin
üzvü Seyid Əsgər Müzəffəroğlunun
bədii yaradıcılıq
sahəsində böyük uğurları
müstəqillik illərinə
təsadüf edir. Müstəqilliyin doğurduğu ab-hava,
sağlam ədəbi
mühit bir çox yazarlar kimi onun da
qarşısında geniş
imkanlar açıb.
Çağdaş ədəbi
prosesə fəal qoşulan qələm sahibinin ardıcıl olaraq "Vətən, əymə başını"
(1993), "Dağlar dağımdır
mənim" (1998), "Allah, bizə kərəm eylə" (2006), "Söz
sinəmdə qalaq-qalaq"(2008)
şeir kitabları çap olunub.
Bu yaxınlarda məhsuldar yaradıcılıq fəaliyyəti
göstərən müəllifin
"Görən, bu kişilər hara tələsir?" adlı
daha bir şeirlər kitabı işıq üzü görüb.
("Nasir" nəşriyyatı,
Bakı, 2013 -cü il, səh
238)
Ön söz və 6 bölmədən
ibarət adıçəkilən
kitaba şairin son illər qələmə aldığı şeirlərlə
yanaşı, müxtəlif
dövrlərin məhsulu
olan bədii seçmələr də
daxil edilib.
Müəllif yeni kitabına təsadüfi olaraq belə ad seçməyib.Bu
ad, özünün dediyi kimi, çox sevdiyi "Görən, bu kişilər hara tələsir?” şeirindən götürülüb.
Şair bununla atası, xeyirxah insan, nüfuzlu el ağsaqqalı,
Qarabağın məhşur
seyid ocağının
nümayəndəsi Seyid
Müzəffər ağanın
timsalında adları
inam və güvənc yerinə çevrilən müdrik insanların itkisindən dərin kədər və təəssüfünü
ifadə edib. Dünyanın, bəşəriyyətin hazırkı ağır durumunda belə insanların məsləhətlərinə
həmişə ehtiyac
duyulduğu qənaətində
olan şair olduqca aktual bir mövzuya toxunub. Ümumən kitabın ruhu ilə səsləşən həmin
şeirdə oxuyuruq:
Sifətlər bozarır, rənglər
sozalır,
Qəlbini açdığın səndən
söz alır.
Sirdaşlar seyrəlir, dostlar
azalır,
Kişilər azalır, ürəyim
əsir,
Görən, bu kişilər hara tələsir?
Şair
çox haqlı olaraq yaşadığımız
zəmanədə mental dəyərlərdən
uzaqlaşma hallarının,
nəciblik, sədaqət,
etibar, ədalət hisslərindən sapma təzahürlərinin
çoxalmasından narahatlıq
keçirir:
Tüfəng atmayanlar indi ovdadır,
Hamı bir tordadır, bir tilovdadır.
Namərdlər at çapır, qovhaqovdadır,
Kişilər azalır, ürəyim
əsir,
Görən, bu kişilər hara tələsir?
Sözügedən şeir toplusunda
sərgilənən "Sən
gördüyün dünya
deyil bu dünya", "Qalıb",
"Yoxdursa", "Bir
deyil ki, beş deyil ki" və s. kimi bədii nümunələrdə şair,
sanki ,bu fikirlərini davam etdirir, məsələyə daha
geniş şərh verməyə ,aydınlıq
gətirməyə çalışır.
Kitabdakı şeirlərin bir
qismində xalqımıza
xas olan mənəvi keyfiyyətlər,
doğruluq, düzlük,
saflıq, vətənpərvərlik
hörmətlə,məhəbbətlə təqdir və tərənnüm olunur.
Sözügedən dərgidə yer alan digər lirik, ictimai-siyasi mövzulu şeirlər də poetik dəyəri, sanbalı, səmimiliyi etibarı ilə diqqəti çəkir. Həmin bədii nümunələrdə dərdlərimiz, ağrılarımız, Vətən sevgisi, torpaq həsrəti real cizgilərlə, təsirli və kəsərli notlarla əks etdirilir. Şair ictimai problemlərin təsvirində olduğu kimi sevgidə də cəsarətli və səmimidir.
Bu görüş mənimçin əzizdən əziz,
Bu görüş bulaqtək dupturu ,təmiz.
Bu görüş dalğalı, çağlayan dəniz,
Bu görüş nə xoşbəxt görüşdü, Allah!
"Görən" ,"Bəsimdi", "Çıxaq dağlara". "Gətir bizə" və s. kimi şeirlər bu baxımdan səciyyəvidir.
Özünəməxsus üslubu, dəsti-xətti ilə seçilən Seyid Əsgər Müzəffəroğlunun yaradıcılığında xalq ədəbiyyatının, xüsusilə aşıq şeirinin təsiri açıq-aşkar hiss olunur. Bunu müəllifin şeirlərinin ruhunda, dilinin sadəliyində vəzn və janr ölçülərində aydın müşahidə etmək mümkündür. Dağlar qoynunda dünyaya göz açan, uşaqlıq və gənclik çağları elat həyatı ilə bağlı olan, qəlbi aşıq, saz-söz məclislərində köklənən şairin yaradıcılığında bu təsirin geniş əks-səda tapması , əlbəttə,təbiidir.
Bəlkə də, bu səbəbdəndir ki, onun şeirlərinə tez-tez müraciət olunur, oxunur və asanlıqla yaddaşlara həkk olunur.
Xaraktercə ləyaqətli, təmkinli, alicənab, gözəl insan olan Seyid Əsgər gözəl bir ailədə böyüyüb boya-başa çatıb. O, öz övladlarını da bu ruhda tərbiyə edib, bütün ailələri də belə görmək arzusundadır. Təsadüfi deyildir ki, şairin yaradıcılığında ağsaqqala, ata-anaya hörmət, ədəb-ərkan, övlada, ömür-gün yoldaşına məhəbbət bir xətt kimi keçir. Odur ki, oxuculara təqdim olunan "Görən, bu kişilər hara tələsir?" kitabında şairin ata və anasına, doğmalarına həsr etdiyi şeirlər çoxluq təşkil edir.
Ümumilikdə, gənc nəslin milli mənəvi dəyərlər ruhunda tərbiyəsində mühüm rol oynaya biləcək bu kitabı istedadlı qələm sahibi Seyid Əsgər Müzəffəroğlunun yeni yaradıcılıq uğuru hesab etmək olar.
Yəhya
Paşazadə
525-ci qəzet.-
2013.- 25 dekabr.- S.8.