Ziyalı ömrü
Ömrünün 30 ilindən çoxunu
mətbuata həsr etmiş respublikanın əməkdar jurnalisti,
"Qızıl qələm"
mükafatı laureatı,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü Bəbir Hüseynovun dekabrın 26-da 81 yaşı
tamam olur.
Bəbir
Hüseynov bir müddət müəllimlik
fəaliyyəti ilə
məşğul olub,
sonralar partiya işinə irəli çəkilib, 20 ilə yaxın Ağdamda nəşr olunan "Lenin
yolu" - "Ağdam"
qəzetinə redaktorluq
edib. O, məcburi köçkün kimi Bakıda məskunlaşdıqdan
sonra da bir neçə qəzetin baş redaktorlarının birinci
müavini kimi jurnalistlik fəaliyyətini
davam etdirib. B.Hüseynov həm də bir çox dəyərli kitabların
redaktoru və məsləhətçisidir.
Qocaman jurnalisti
doğum günü münasibətilə təbrik
edir, onun tanıyan qələm dostlarının, ictimaiyyət
nümayəndələrinin yubilyar haqqında fikirlərini oxuculara təqdim edirik.
Sadıq
Murtuzayev, filologiya elmləri üzrə fəlsəfə doktoru:
- Bəbir müəllim müdrikliyi ilə seçilən bir ziyalı kimi dövlətçiliyə sadiq
bir adamdır. Cəmiyyətin böyük təbliğatçısı
olan mətbuat orqanına bacarıqla rəhbərlik edirdi, onun və kollektivin
nüfuzunu qoruyub saxlaya bilirdi. Cox ziddiyyətli məqamlarda
belə, öz təmkini itirməz və bu da
həmin ziddiyyətləri
aradan qaldırmağın
həlledici faktoruna çevrilirdi. Onun bütöv şəxsiyyət
kimi həlledici dəyərləri olan əxlaqi keyfiyyətləri
yüksəkdir ... Mən
qətiyyətlə təsdiq
edə bilərəm ki, Bəbir müəllim ləyaqətli
davranışları, təvazökarlığı,
təmizliyi, mədəniyyəti,
təmkinliyi, heç
bir dedi-qoduya məhəl qoymaması, yeri gələndə prinsipial mövqeyi ilə rayonda heç bir irada tuş qəlməyən çox
nadir adamlardan biri idi.
Cahangir Məmmədli, filologiya elmləri doktoru, professor:
- Öz işində həmişə birinci olan Bəbir müəllimin birinciliyini
tez duyurlar. Onu məktəbdən qoparıb
Ağdam Rayon Partiya Komitəsinə işə
qoydular. Bir az da keçdi və Bəbir müəllimin jurnalist yaradıcılığı
üzə çıxdı.
Onu Ağdamda nəşr olunan "Lenin yolu"
rayon qəzetinə redaktor
təyin etdilər ...
Bəbir müəllimin
redaktor olduğu qəzet mənə də doğma idi və mən
o qəzeti müntəzəm
oxuyurdum. O qəzetin
mövzu dünyası,
janrları çoxşaxəli
olurdu, dili və üslubu Azərbaycan ədəbi dilinin qaydaları əsasında idi. Həmişə hiss olunurdu
ki, bu qəzetə
jurnalistikanı fəhmlə
bilən, Qarabağın,
Ağdamın problemləri
ilə yaşayan vətəndaş, bir insan rəhbərlik edir.
Rəhim
Hüseynzadə, Azərbaycan
Mətbuat Şurasının
icraçı katibi, əməkdar jurnalist:
- Təyinatımı yeni yaradılan Neftçala
rayon qəzetinə vermişdilər....
Günlərin birində
Ağdamdan göndərilmiş
"Lenin yolu" qəzetinin
(indiki "Ağdam"qəzeti)
yeni sayını bizə göstərərək
(redaktor Vaqif Əliyev) həmin nəşrin qovluğunu iş stolunun üzərinə gətirdirdi.
"Görün, bu sayla digərlərinin nə qədər fərqi var, -dedi - işi, nəhayət iş bilənə tapşırıblar
- Bəbir Hüseynova.
O, mütləq sürətdə
əsl dönüş
yaradacaq. Tərtibatından tutmuş məzmununa,
dilinə, janr rəngarəngliyinə qədər.
Çünki yaxşı bələdəm.
Rəşad Məcid, "525-ci qəzet"in
baş redaktoru, Azərbaycan Yazıçılar
Birliyinin katibi:
- Bəbir müəllim həm partiya işində, həm də qəzet redaktoru kimi çox məsuliyyətli,
sözübütöv, sanballı
bir rəhbər işçi kimi fəaliyyət göstərdi.
Onun rəhbərlik etdiyi dövrdə qəzet rayonun ictimai-siyasi mühitində mühüm
rol oynayırdı və qəzetin yazıları rayon sakinləri
arasında əməlli-başlı
reaksiya doğururdu.
Bəbir müəllim
redaktor kimi üstün keyfiyyətlərə
malik idi, vicdanlı, obyektiv, qərəzsiz, hələ
o illər üçün
bəzən nadir olan keyfiyyətlərə malik
bir insan idi... Mən hər dəfə
görüşəndə Bəbir müəllimin zəngin söhbətlərindən
doymaq bilmirəm.
Çimnaz Əliyeva, Əməkdar
Mədəniyyət işçisi:
- Onu ötən əsrin 70 -ci illərindən tanıyıram. Ağdam Rayon Partiya Komitəsinin
təbliğat və təşviqat şöbəsinin
müdiri vəzifəsində
işləyirdi.... məni
(Rayon Komsomol Komitəsinin
katibi idim) Bəbir müəllimin müdir olduğu şöbəyə
təlimatçı vəzifəsinə
irəli çəkdilər.
Bu dövrdə, mən Bəbir müəllimin bir ideoloji kadr kimi
yüksək keyfiyyətlərini,
tabeliyindəki işçilərə
qarşı qayğıkeşliyini,
biliyini hər kəslə bölüşmək
qabiliyyətini gördüm.
Həyatda qazandığım fəaliyyətimin sonrakı
mərhələlərində karıma gələn bir sıra müsbət
keyfiyyətlərə görə
Bəbir müəllimə
minnətdaram. Prinsipiallığı,
cəsarəti, insanlara
yanaşma tərzi ilə nümunə olacaq bir insandır...
Qısa müddətdə “Ağdam”
rayon qəzeti Bəbir
müəllimin səriştəli
rəhbərliyi ilə
rayonun ictimai həyatının işıqlandırılmasında
əsl mövqe nümayiş etdirməyə
başladı.
Ziyəddin Sultanov, Əməkdar
jurnalist:
- Bəbir Hüseynov ixtisasca jurnalist deyil, ancaq o, 20 ilə qədər bir müddətdə rayonda çıxan
"Lenin yolu" -"Agdam"
qəzetinə böyük
səriştə və
bacarıqla rəhbərlik
etmişdir... Bəbir
Hüseynov ruhən, fitrən jurnalist, yaradıcı, qurucu və təşkilatçıdır...
qəzetin səhifələrinə
aktual və rəngarəng mövzular
gəldi, maraqlı
forma axtarışları aparıldı,
yazıların dili və üslubu canlı, aydın və dinamik oldu ... məhz həmin illər Bəbir müəllim əldə etdiyi ciddi yaradıcılıq uğurlarına görə
Respublikanın Əməkdar
Jurnalisti adına layiq görülmüşdü
... Bəbir müəllim
polad kimi möhkəm, həm də çiçək qədər incə və həssas qəlbə malikdir.
Əli
Mahmud, "Qarabağa doğru
yol" qəzetinin baş redaktoru:
- Bəbir müəllim səmimi insandır. Həyatın gediş-gəlişini düşünən, dediyi
sözün yerini-yurdunu
da biləndir. Bir insan kimi qayğıkeş,
mümkün qədər
hamıya, hər kəsə hörmət etməyə, ehtiram göstərməyə çalışan
adamdır. Uzun illər
Ağdam rayon qəzetinin
redaktoru vəzifəsində
çalışıb. Respublikanın əməkdar jurnalistidir.
Təkcə bu ad yetər ki, Bəbir müəllimin mənəvi mərtəbəsindən,
onun insana və sözə sədaqətindən ən
xoş duyğularla yorulmadan danışasan....
Bəbir
müəllim milli məsələlərdə çox
inadkardır və öz həqiqətlərimizi
heç bir marağa dəyişən
deyil. Bu da təbii ki,
onun yurda, millətə, vətənə
bağlılığının təzahürü idi.
Xanış Məmmədov, yazıçı-publisist:
- Mən Bəbir müəllimlə dost olduğum üçün onun xarakterinə yaxşı bələdəm. O, ağır oturub, batman gələn, gözü tox, əli təmiz , sözü kəsərli, hərənin öz yerini bilən alicənab bir şəxsiyyətdir. O, hamının dərdinə şərik olub mərhəmətini əsirgəməyəndir. Bəbir müəllim redaktor olduqdan sonra qəzetin məzmunu, oxunaqlığı, təsirliyi, həqiqəti doğru-dürüst yazmağı ağdamlıların yaxşı yadındadır... Bəbir müəllim tələbkarlığı və təşkilatçılığı ilə də həmişə fərqlənib... Belə yerdə deyiblər: Adam var ki, onu vəzifə şərəfi tanıdır, adam da var ki, vəzifəyə şərəf gətirir. Bəbir müəllim, həqiqətən, vəzifəyə şərəf gətirənlərdəndir.
Məmməd Məmmədov, həkim:
- Bəbir müəllim orijinal adamdır. Qanı durulmaz, bulanlıq ürək sahiblərindən fərqli olaraq o, bütün gücü, ruhu aləmi, hissləri, arzu və istəkləri ilə doğma xalqına bağlı olduğunu əməlləri ilə sübut edib. Bəbir müəllim bayağı və yarımçıq yaşamağa öyrəşməyən dağ vüqarlı, məğrur bir insandır. O, öz ağıllı, dərin hikmətli, mənalı və məzmunlu məsləhətləri ilə insan şüurunun sağlamlaşdırılmasına xidmət edir.Bəbir müəllim əsl xalq ziyalısıdır.
İbiş Əliyev, Azərbaycan
Respublikası Auditorlar
Palatasının üzvü:
- Bəbir müəllim alicənablığı, təvazökarlığı,
mədəniyyəti, insanpərvərliyi
və sözün əsl mənasında digər özünəməxsus
yüksək keyfiyyətləri
ilə başqalarından
həmişə seçilirdi.
Bax belə keyfiyyətlərinə
görə Bəbir müəllim insanların
ürəyində özünə
əbədi məskən
salaraq, rayon ictimaiəti
arasında dərin hörmət və nüfuza malik olan bir şəxsiyyətdir.
Tahir Aydınoğlu, Əməkdar
jurnalist:
- Bu Bəbir müəllimin sözüdür:
"Söz doğrunu,
həqiqəti ifadə
edəndə Günəş
kimi nurlu olur, yalana, şər
niyyətlərə qul
olanda isə zülmət yaradır. Ağır tarixi sınaqlara məruz qalmış xalqımıza
bu gün Günəş işığı kimi
həyatverici, inama, xeyirxah amallara çıraq olan söz lazımdır. Jurnalistlər cəmiyyətə işıq salmaq, hər şeyi olduğu kimi göstərmək kimi misilsiz vəzifənin şərəfini və məsuliyyətini heç
vaxt unutmamalıdırlar.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2013.- 25 dekabr.- S.8.