"Kimsənin xəbəri olmaz, Səssiz
ölsəm içimdə..."
İnternet imkanları hər gün bizə yeni sürprizlər hazırlayır. Bilgisayarını açıb internet səhifənə göz atanda əvvəllər heç tanımadığın insanların istək və arzuları ilə qarşı-qarşıya gəlirsən. Bu, dənizə tilov atıb bozbulanlıq sulardan ruzi çıxarmağa çalışan balıqçı istəyinə bənzəyir bir baxıma.Nə düşəcək qarmağına, Qızıl balıqmı, kilkəmi? Doğrusunu gəzsəniz, indiyədək kimsəyə dostluq (arkadaşlık) istəyi göndərmədim. Bu, hardasa bir az da öz auramı sınaqdan keçirmək üçündü: Gözəgörünməz insan dənizində səni tanıyan və sevənlər varmı, varsa nə qədərdir? Vətəndə hardasa beş kişidən biri olub qürbətdə milyonlardan birinə çevrilənlər nə demək istədiyimi bilməmiş olmazlar. İnsan münasibətlər qovşağıdır... Sənə dostluq göndərənlərin ad və soyadları sənə bir şey söyləməyəndə, o zaman dostluğu qəbul edib etməməməyin nə qədər ortaq arkadaşınızın olmağına qalır. Bəzən isə kül altda qalan közün əlyandırması da olur. İlk baxışda tanımadığın, tanıya bilmədiyin ad və soyadların altından sənə çox doğma olan bir adam silkinib çıxır. Mənimçün belə ad və soyadlardan biri Aliyə Qabil qızı oldu.
Aliyənin dostluq istəyini qəbul etdikdən az sonra ondan gözləniməz bir məktub aldım: "1992-ci ildə Qubadliya - ucqar bir dağ kəndinə güllə yağışı altında yasayan bir kənd ailəsinə Azərbaycan Televiziyasi sədrindən bir məktub gəldi. Vaxtilə "Gənclik" jurnalında seirlərini çap etdirdiyi, amma üzünü görmədiyi bir qızı - bacım Səadəti televiziyada işə dəvət edirdi (Hətta onun seirlərini aktrisa Məlahət Abbasovanın ifasında televiziyada səsləndirmişdi də). Bax, bu gözəl insan bizim böyük ziyalımız Məmməd İsmayıl idi. Mən də o Səadətin bacısı…" "Məmməd bəy, deyirlər, həyatda təsadüf yoxdur. Hər şey zərurətdən doğur. Mən - Səadət xanımın bacısı 21 ildən sonra sizlə əlaqə saxladım…"
Aliyənin məktubunu oxuduqca gözümdə o qarqaşalı, amma həm də qanadlı illərin xatirələri canlandı. "Gənclik" jurnalına gələn oxucu məktublarını nə qədər çox olsalar da hamısını özüm oxuyurdum, redaksiya əməkdaşları hətta bu vərdişimə bir anlam verə bilmirdilər, -baş redaktor hara, bir-bir məktub oxumaq hara, məgər başqa işi-gücü yoxdur?
Onlara necə deyəydim ki, mən o yazıları hələ iyrimi beş il əvvəl uzaq dağ kəndindən Bakıdakı qəzet və jurnal redaksiyalarına yazılar göndərib bir ümidli cavab sorağına gözləməkdən gözünün kökü saralan Məmməd İsmayılovdan Məmməd İsmayıla- özümün özümə göndərdiyim məktubum kimi oxuyuram…Və hər dəfə olmasa da məktublar dənizinə atdığım "tilova" hərdən "qızıl balıq" da düşür.
Onlardan biri də Səadətdən gələn məktub olacaqdı:
"Əziz "Gənclik"!
Barıt qoxulu dağ havasını ( təzada bax!) ciyərlərinə çəkib, bahar günəşindən belə isinməyən üzünü başıbəlalı Ana torpağa söykəyib hönkür-hönkür ağlayan tənha bir ürəyin dərdləri rəngdə qapqara şeirlərimi sizə göndərirəm. Axı ən ağır anlarda insan dərdlərini kiminləsə - ən inandığı, arxalandığı doğması ilə bölüşmək istəyir. Yəqin məktubu oxuyub acizlikdən belə yazdığıma görə məni qınayacaqsınız. Xeyr, mən heç vaxt aciz olmamışam. Dərd odur ki, sənin tüstün təpəndən çıxa, ürəyin yana-yana qala, heç bir iş gəlməyə əlindən, heç nə eləməyə imkan olmaya! Axı Vətənin ən ağır günündə heç nə eləyə bilmiriksə, yüzlərin içində təkləniriksə, bizim axırımız hara gedəcək?! Heç olmasa bu yolla dərdimizi yüngülləşdirmək ümidi ilə "Gəncliy"imizin qapısını döyürük həmişə. "Gəncliy"imiz, bizi bağışla ki, həmişə dərdlərimizi göndəririk sənə, bu qədər ağrını çəkməyə necə tab gətirirsən, bilmirəm. Düzdür, özgəsinin dərdini öz dərdi kimi yaşamaq hər kəsin işi deyil. Bunu bircə "Azərbaycan" deyilən məmləkətin dağ yükünü çiyinlərində daşımağı boynuna çəkmiş oğullar başara bilər. Yazmaqla qurtarmır ki! Bu kiçik məktubu başa çatdırıb sizə "hələlik" deyirəm. Bəlkə mənim ölmüş inamımı siz təzədən qaytardınız elə. Əgər şeirlərimi çap eləməyi gərəkli bilsəniz (zəif deyilsə) qonorarını istədiyiniz fonda göndərə bilərsiniz.
Hörmətlə ,
Səadət QABİL QIZI.
Qubadlı rayonu, Diləli Müskanlı kəndi"
O illərin qəmini, təlaşını içinə sındırmış, səriştəli bir qələmlə yazılmış bu məktubu və arxasınca dərd qatarı kimi cərgələnən şeirləri oxuyub onları "Gəncliy"in əlimizdə hazırlamaqda olan nömrəsində çap etməyi qərarlaşdırdım, o məktub və şeirlərin altına kiçik bir qeyd də yazmağı unutmadım:
"REDAKSİYADAN: Biz Səadət xanımın bircə xahişini yerinə yetirə bilmədik. Qonorarını özünə göndərəcəyik. Əslində bütün fondlar da istedadlı Vətən övladlarına xidmət eləməli deyilmi?!"
Dediyimiz kimi də edəcəkdik. Amma jurnalın o nömrəsi və Səadətin o nömrədə çap olunan şeirlərinə yazılan qonorar ünvanına çatacaqdımı? Cavab vermək çətindi. Çünki artıq nə yazıq ki, satqınlıq və köçhaköç öz işini görməyə başlamışdı..
O silsilədə ki, bir çox qəfil və gözlənilməz deyimlər köhnələn yaddaşımın bir küncündə hələ də öz yeniliklərini qorumaqdadır:
...Bir yazıq əl yiyəsiyəm
Ağlar üzümə qapanıb.
...Azdım səni dərə kimi.
...Öləndən sonra hamımız
Qəbir daşları boydayıq.
Aliyənin yazdığına şübhə etməsəm də, Səadəti Teleşirkətə rəhbərlik edərkən işə dəvət etdiyimi xatırlamıram. Aradan bir müddət keçəcək, zaman körpüsünün altından çox sular axacaq və mən qürbətdə yaşamaq zorunda buraxılacaqdım. Vətəndə seyrək ola bildiyim günlərin birində Səadət adlı bir jurnalist telefon edib qəzetlərin biri üçün məndən müsahibə almaq istədiyini bildirəcəkdi. O zaman bu Səadətin elə həmin o Səadət olduğunu düşünməyəcəkdim...
İş burasındadır ki, Səadətin müsahibə almaq istədiyi qəzet rəhbərliyi ilə mənə məlum olmayan səbəblər üzündən aramız sərin idi... Və o müsahibənin o qəzetdə yalnız Səadətin iradəsinin hesabına dərc olunacağına mən adıma inandığım kimi inanırdım.Yalnız müsahibə dərc olunduqdan sonra Səadətin elə həmin Səadət olduğunu biləcəkdim. Sanki əlinə ilk imkan düşdüyündə ona haçansa etdiyim "yaxşılığın" əvəzini çıxmağa çalışmışdı. Doğrusu bu dağlar qızının fədakarlığı içimi isindirəcəkdi... Niyə də isindirməyəydi? Əlini çörəyə, cibini pula çatdırdığım elə bığıburma, dost dediyim "kişilər" vardı ki, etdiyim yaxşılığın qarşılığını vermək bir yana qalsın (Heç bunu gözləmirdim də!), Allahın salamını verməyə belə qorxacaqlardı. Nə isə...
Sonralar Səadətin imzasını yaxından izləyə bilməyəcəkdim. On yeddi qürbət ili necə olsa öz işini görmüşdü, vətəndə baş verənləri dəqiqliklə izləmək imkanım əlimdən alınmışdı...
Aliyə yazdığı məktubda Səadətin ilk şeirlər kitabının çıxdığının və ikincisini hazırladığının müjdəsini verməyi də unutmamışdı.
İlk şeirlərini sevə-sevə "Gənclik"də yayınladığım Səadətin yaradıcılıq yolunun sonrakı aşamaları ilə maraqlanmaya bilməzdim. Buna görə də onun hazırlanmaqda olan kitabını mənə göndərməsini Aliyədən xahiş etdim. Və...zənnim məni yanıltmamışdı. Yenə həmin sözü əyib bükmək bacarığı, misraların diləyatımlılığı, fikirlərin misra qəlibindən aşıb tökülməyi Səadətin yeni şeirlərində bir az daha güclü axar qazanmışdı. Baltanı kökündən vurmaq üçün kitabın ilk səhifələrində yer alan " Mən də sənin kimi, Xəzər..." şeirini bütünlüklə misal gətirmək istəyirəm:
Mən də sənin kimi, Xəzər,
bu dərin qəm içində,
yarı dəniz, yarı gölmüş
itmiş kölgəm içimdə...
Göydələn qüllələrində
saatları dayanmış,
tənha bir paytaxt ürəyim,
batmış ölkəm içimdə...
Mən də sənin kimi, Xəzər,
bağlı yollara darğın,
kimsənin xəbəri olmaz
səssiz ölsəm içimdə...
Gəraylının bu biçimdə yepyeni forma dəyişimi ilə təqdimi bir yana, şeirin ifadə imkanlarını bənzərsiz bir şəkildə dəyərləndirib, bir şair ürəyi aracılığı ilə qosqocaman bir məmləkətin başına açılan oyunları beləcə poetik bir biçimdə dilə gətirmək bir başqa yetənəyin xəbərçisidir. Bakı Azərbaycanın feodal bədənində kapitalist yarası kimi çıxılmazlıq içində "ucalmaqda": "tənha bir paytaxt ürəyim, batmış ölkəm içimdə... "
Bu şəhər bir başqa şəhərdir həm də:
...Bu şəhər sürgünmü ki,
nə uzaqdan gələni,
nə yola saldığı yox,
könül boş poçt qutusu,
bir məktub aldığı yox.
"Bu şəhər"
... Yaşam od qiymətinə,
çörək baha, su baha,
məmləkətdə nə qaldı
insandan ucuz daha?
"Məmləkət"
İnternet ortaya çıxdıqdan sonra ədəbiyyat saytları xüsusiylə qadın şeir həvəskarlarının axınına uğramışdır. Bu qadın və qızların saytlardan əksik olmayan çeşidi pozlarda çəkilmiş süslü-püslü şəkilləri şeir adına yazılan cızmaqaraları pərdələmək üçündür. Və...hələ özlərini sənət dünyasında şair kimi təsdiq etməmiş erkək gənc "şairlər" isə çeşidli məqsədlərlə o cızmaqaraları baş tacına çevirməklə həm şeir yazmaq sevdasına düşmüş süslü-püslü qadınları və həm də ədəbi təcrübəsi olmayan gəncləri yolundan azdırmağa xidmət edirlər. Nə yaxşı ki, internet saytlarının yad xorundan kənarda qadın zərifliyini, həssaslığını ədəbiyyatımıza yansıtan Səadət kimi qız və qadınlarımız da var.Məni sevindirən cəhət Səadətin şeirlərindəki intellekt, mükəmməllik, ələ alınan mövzulara hakim olma bacarığıdır. Onun demək olar ki, aşağı-yuxarı bütün şeirləri yeni deyimlərlə və fikir yüküylə yüklənmişdir:
...Bildin, nəyi xatırladır,
nəyi saralmış fotolar...
ilk
bahardan son bahara
xatirə
qalmış fotolar...
"Fotolar"
...Gecənin
bir aləmi
kimsə
döyər qapını.
Çıxıb
görərsən yiyəsiz
bir
cüt ayaqqabını.
"Həsrət"
...Nə
yaxşı dünya köçməyə
qapıların açıq qoyub.
O
üzündə ağlamağa
qamış bir alaçıq qoyub.
Haçansa
tale yazıldı,
Dünyanın baxtını aldım.
Bilmirəm
ömür yaşadım,
ya elə
vaxtını aldım.
"Açılır
bu uçurumlar"
Səadətin bir şair kimi ən önəmli özəlliyi
fikrimcə hər şeirinə yeni ovqat və ritmin
tapmasındadır. İstər heca, istərsə də sərbəst vəzndə
yazdığı şeirlərdə fərqli bir mükəmməllik
diqqəti çəkir. Bu yönü ilə o demək olar
ki, çox səsli şeirimizdə kimsəyə bənzəmir:
...Ürəyimdən
qırdı məni,
Daşdan-daşa
vurdu məni,
Kölgəmdə
azdırdı məni,
Əl
verib günə çəkdiyim
...Bu gecənin
dizinə
başımı qoyub yatım.
Əcəl
gələr, bilmərəm,
bir azca
ayıq yatım.
Başıbəlalı ölkəmizin
düşdüyü durumun
çıxılmazlığı var bu şeirlərdə. Hardasa bir ümid yeri var!
Amma şairin içindən davamlı bir nida yüksəlir:
Ümid yeri hardasan?
...Bu
axşam
uzaq
üzən
son gəminin
arxasınca
çağırmaq istədim...
Hədər!..
boğuq,
dağınıq səsim,
batdı
dəniz limanında,
üzüb getdi gəmilər...
"Bu
axşam..."
..Elə
yıxıq yorğunam,
can
yarı kimi yorğun...
uzaq
üzən bir qayığın
avarı
kimi yorğun...
...
Yorğunam... yaşıl havalı
bahar
küləkləriylə
taqəti
kəsilən qışın
son
qarı kimi yorğun...
"Yorğun..."
...Bayırda
qar-
Üzülmüş
xatirələrin soyuğunda
üz-gözünə çırpılan
solğun,
çiskin yağmurlar
və təqvimdə
səkkiz
yanvar.
Şairin
hardasa bəxtiyarlığı zamanında öz üslubunu
tapması, onu oxucularına sübut etməsi və ən
önəmlisi öz iç dünyası ilə
barışıq içində olmasıdır. Səadətin bir
şair kimi
ayrıcalığı acılı-ağrılı
köç həyatının ruhi hallarını,
başımızın üstünü zamansız alan, qəfil
yaxalandığımız savaş səhnələrini
tükürpərdici bir biçimdə şeirlərinə
yansıtmasıdır:
...Dava nəymiş
- kimsəsiz
yurdda
qalan kor bilər.
Dimdiyində
çöp gəzən,
yuvasız quşlar bilər.
"Dava"
Hardasa iki daşın arasında
yazdığım bu yazıda örnək olaraq Səadətin
bütöv şeirini sevgili oxucularımın diqqətinə
çatdırmışdım, elə son örnək də bütöv bir şeir olsun, istədim.
Həm də bu şeir ona görə
bütöv verilməlidir ki, uşaqlıq vətəni
düşmən tapdağı altında qalan Səadət
üçün azadlıq ayrı bir anlam daşıyır.
Çünki dünyanın ən böyük
neməti bəlkəsiz azadlıqdır. Qönçələr
özgürcə çiçəyini
açdığı, bulaqlar əngəlsiz azadca torpaqdan
çıxıb qaynadığı dünyada insan nədən
azad olmamalıdır, bax, bu, cavabı müşkül
sualdır. Amma azadlığın
mayası qandır, mənə görə. Bəs Səadətə görə nədir? Gəlin
bu sualın cavabını sizinlə birlikdə oxuyaq:
AZADLIQ
Bu yolun
axırında –susuz,
yuxusuz
bir çöl,
nə
cadar-cadar olmuş
səhranın yovşan qoxusu,
nə
qaratikanları
keşik
çəkən çölün
şanapipik nəğməsi.
Yarpaqlarını
tökmüş
dar
ağacları ulayar,
ulayar
qana
susamış yalquzaq kimi.
Düşəcəyin
mənzil -
dəmir
barmaqlıqlar arasında
paslanmış quş nəfəsi,
isinəcəyi
bir
qanı qaçmış məhbusun
güclə gedib-gələn
yazıq
nəfəsi.
Bilirsənmi
-
orada
qapı arasında
sındırılan barmaqların,
burada
ayaqların
altda
xırçıldayan
qarın
səsinə bənzər
"Azadlıq" kəlməsi.
İçəridə
- siqaret dumanı,
pəncərəyə bənzər
balaca
çirkli gözlük
tamam
his.
Qapıda
vecsiz,
duyğusuz,
evdən
gələn birgünlük yeyəcəyinə,
çəkdiyin ucuz
siqaretə göz dikən
piylənmiş polis.
İşə
bax - dünyanın belə bir vaxtında
"bu da sənə azadlıq" deyib
bir
kütbeyin zorladığı haram kürsüdən
yazacaq həbs
fərmanını.
Əlində
-
İstəsə
canavar kimi içər
hamımızın qanını.
...Səhərin gəlişini nədən duydun,
Bildim -
qapına dəyən təpikdən.
Haydı, qalx,
gözətçi görməmiş
yığışdır
gecə yandırdığın şamları.
Bir azdan gətirəcəklər
üzünə duracaq
yalançı namərd adamları...
Səadətin bu kitabında misal gətiriləsi istənilən qədər örnək var. Amma mən o şeirləri parça-tikə edib ləzzətlərini, sehirlərini qaçırmaq istəmədim. Özü təvazökarlıqla "kimsənin xəbəri olmaz səssiz ölsəm içimdə..." deyir. Halbuki səsinin aləmə duyulmasına çoxdan haqq qazanan qələm sahiblərimizdəndir Səadət xanım.
Oxuyacağınız bu kitabda hələ sizi qatı açılmamış o qədər gözəlliklər gözləyir ki?! Çox söz nə ehtiyac, bu siz, bu da Səadət xanımın şeirləri!" "Gəncliy"in səhifələrindən böyük ədəbiyyata ucalan yolun ölçüsünü oxuyacağınız bu şeirlərin artıqlamasıyla çatdıracağına şübhəm yoxdur.
İyun, 2013.
Çanaqqala,
Türkiyə
İsmayıl Məmməd
525-ci qəzet.-
2013.- 26 dekabr.- S.2;3.