Nigar Rəfibəylinin 100 illiyi ilə bağlı növbəti tədbirlər
keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı
ilə Azərbaycan poeziyasının görkəmli
nümayəndəsi, Xalq
şairi Nigar Rəfibəylinin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş dəyirmi masa keçirilib.
Tədbirdə mərkəzin direktoru,
fəlsəfə üzrə
elmlər doktoru,
professor Vilayət İsmayılov
görkəmli poeziya ustası Nigar Rəfibəylinin həyat
və yaradıcılığından
geniş söhbət
açıb: "Vətənə
bağlılıq, insanın
mənəvi ucalığı
və yurdun əsrarəngiz təbiət
gözəlliklərinin tərənnümü
onun yaradıcılığının
ideyasını təşkil
edib".
Tədbirdə "Nigar Rəfibəyli nəsli və Nigar Rəfibəyli",
"Nigar Rəfibəylinin
lirikası" və
digər mövzularda məruzələr dinlənilib.
Məruzələrdə Prezident İlham Əliyevin Xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı müvafiq sərəncamı ədibin
yaradıcılığına verilən ən yüksək qiymət kimi dəyərləndirilib:
"Nigar Rəfibəyli
XX əsr Azərbaycan
ədəbiyyatına istedadlı
şair, ustad sənətkar kimi daxil olub. O, Azərbaycanın istiqlaliyyəti
uğrunda mübarizə
aparan bir nəslin nümayəndəsidir.
Nigar Rəfibəyli olduqca ziddiyyətli bir dövrdə, sovet ideologiyasının təzyiqi
altında yaşamasına
baxmayaraq gənc yaşlarından özünü
şair kimi təsdiq edib, Azərbaycan və dünya ədəbiyyatının
zəngin ənənələrini
mənimsəyərək dəyərli
əsərlər yaradıb.
Nigar Rəfibəyli bənzərsiz
şair olmaqla yanaşı, həm də dünya ədəbiyyatının ən
dəyərli nümunələrini
dilimizə tərcümə
edib. O, Şərq
poeziyasının görkəmli
nümayəndəsi Məhsəti
Gəncəvinin rübailərini
böyük məharətlə
Azərbaycan dilinə
çevirib. Şairin sözlərinə yazılmış həzin
mahnılar isə dillər əzbəridir və müğənnilər
tərəfindən sevilə-sevilə
ifa edilir".
Görkəmli şairin oğlu, Yazıçılar Birliyinin
sədri, Xalq yazıçısı Anar
tədbirin təşkilatçılarına
və iştirakçılarına
minnətdarlığını bildirib.
Ağdaş Rayon Mərkəzi Kitabxanasında
da Xalq şairi
Nigar Rəfibəylinin
anadan olmasının
100 illik yubileyi münasibətilə tədbir
keçirilib. Tədbirdə Nigar Rəfibəylinin
həyat və yaradıcılığından geniş söhbət açılıb. Mərasimdə Nigar Rəfibəyli poeziyasının incəliklərindən
söz açılmış,
məktəblilər şairin
şeirlərindən nümunələr
söyləyiblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 26 dekabr.- S.7.