Daha bir
"Mütərcim"
JURNALIN BU
SAYINDA DOSTOYEVSKİNİN "YOXSUL İNSANLAR" ROMANININ
AZƏRBAYCAN DİLİNƏ İLK TƏRCÜMƏSİ
DƏRC EDİLİB
Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti və "Mütərcim"
Tərcümə Mərkəzinin
həmtəsisçiliyi ilə
nəşr olunan
"Mütərcim" ədəbi,
elmi və tərcümə jurnalının
sayca 43-cü və bu təqvim ilində yeganə buraxılışı baş
redaktor Telman Vəlixanlının "Mütərcim"
Tərcümə Mərkəzinin
yaradılmasının 20 illiyinə
həsr edilmiş ön sözlə açılır. Müstəqilliyin ilk illərində təsis olunan bu mərkəzin
fəaliyyətinin ölkəmizdə
tərcümə və
nəşr mədəniyyətinin
formalaşmasında, elm və
təhsilimizin inkişafında
əhəmiyyəti vurğulanır.
Bu sayda görkəmli ədəbiyyatşünas alim və tərcüməçi professor Məmməd Qocayevin tərcüməsində F.M.Dostoyevskinin "Yoxsul insanlar" romanının ilk Azərbaycan tərcüməsinin tam mətninin verilməsi xüsusi əhəmiyyət daşıyır. Məmməd Qocayev tərəfindən tərcüməsi tamamlanmış F.M.Dostoyevskinin "Yazıçının gündəliyi" əsərindən daha bir fəslin təqdim olunması jurnalın bu buraxılışını daha aktual edir. Göstərilən tərcümələri ilə Məmməd Qocayev dahi rus yazıçısı və filosofu Dostoyevskinin bədii və elmi-nəzəri irsini Azərbaycan oxucusuna adekvat təqdimetmə kimi böyük bir missiyanı başa çatdırır. Tərcüməçi Dostoyevskinin əvvəlki akademik nəşrlərinə, eləcə də "Dünya ədəbiyyatı kitabxanası"na daxıl olmayan və ilk dəfə məhz "Mütərcim"in səhifələrində oxuculara təqdim edilən əsərlərinin iki cildliyini çapa hazırlamaqdadır.
Bu sayda professor Şahin Xəlillinin təqdimatı ilə oxucu ixtiyarına verilən xarici ədəbiyyat nümunələrindən M.Şellinin "Fani əbədi" hekayəsi (tərcüməçi Nailə Bəndiyeva), tərcüməçi tələbələrin ədəbi təhsili məqsədilə paralel olaraq Azərbaycan və ingilis dillərində yerləşdirilən H.Mirələmovun "Gəncə qapıları" pyesi (tərcüməçi Kamran Nəzirli) də maraq doğurur.
"Tənqid və ədəbiyyatşünaslıq" rubrikasında T.Vəlixanlının "Kamal Abdullanın "Şah və şair" tamaşası ətrafında düşüncələri", S.Babullaoğlunun "Şeirdən necə gül düzəltməli", N.Nuriyevanın "İngilis realist romanının yaradıcısı Daniel Defo və türk casusu" və s. məqalələri, "Nəsr" və "Yubiley" rubrikalarında maraqlı materiallar təqdim olunur.
"Rəylər" rubrikasında T.Vəlixanlının (Cəfərov) Həştərxan Dövlət Universiteti tərəfindən nəşr olunmuş "Drevnyaya Rus i tyurki v pamyatnikax XII-XVII vekov" monoqrafiyasına Xarkov Universitetinin dosenti Y.Matuşekin resenziyası, F.Nacinin "Həyatın qəfəsi" şeirlər kitabına K.Umudovanın rəyi, eləcə də Moskvada keçirilmiş Beynəlxalq kitab sərgisində "2012-ci ilin elmi kitabı" müsabiqəsinin laureatı olmuş "Noveyşaya zarubejnaya literatura" kollektiv monoqrafiyası barədə məlumat yer alır. BSU-nun professoru T.Vəlixanlının (Cəfərov) həmmüəllifi olduğu sonuncu kitabda ən yeni Azərbaycan ədəbiyyatı haqqında verilmiş oçerk rəyin müəllifi A.Neqina tərəfindən dəyərləndirilir, müasir ədəbiyyatımızda müharibə mövzusu xüsusi vurğulanır.
"Mütərcim" oxucuları, eləcə də tərcüməçi tələbələr jurnalı redaksiyadan ödənişsiz əldə edə bilərlər.
İlahə CARÇIYEVA
525-ci qəzet.- 2013.- 26 dekabr.- S.7.