İsmayıllıda Təhsilin
İnkişafı üzrə Dövlət Strategiyası
müzakirə olundu
İsmayıllıda Heydər Əliyev Mərkəzində "Azərbaycan
Respublikasında təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası"
çərçivəsində dəyirmi masa keçirilib. Tədbirdə Təhsil Nazirliyinin
rəsmiləri ilə
yanaşı İsmayıllı,
Qəbələ, Göyçay
və Ağsu rayonunun təhsil işçiləri iştirak
ediblər. İsmayıllı
şəhər 1, 2 və
3 saylı, Lahıc qəsəbə, Cülyan,
İvanovka, Talıstan,
Qurban Əfəndi, Ruşan, Qoşakənd və Təzəkənd kənd tam orta məktəblərinin direktorları
və müəllimləri
çıxış edərək
Dövlət Strategiyasında
qarşıya qoyulan vəzifələrin
yerlərdə daha dolğun izahı baxımından belə tədbirlərin əhəmiyyəti
haqqında fikirlərini
bildiriblər.
Təhsil
Nazirliyinin İnformasiya
şöbəsinin müdir
müavini Cəsarət
Valehov bildirib ki, "Azərbaycan Respublikasında Təhsilin
inkişafı üzrə
Dövlət Strategiyası"
cari ilin 24 oktyabr tarixində Prezident İlham Əliyev tərəfindən
təsdiq olunub. Sektor müdirinin sözlərinə
görə, strategiyanın
müzakirəsi ilə
bağlı regionlarda
müxtəlif tədbirlər,
dəyirmi masalar keçiriləcək və
burada müxtəlif məsələlər müzakirə
olunacaq.
Tədbirdə çıxış edən
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri
Fərzəli Qədirov
bildirib ki, "Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası" çox
əhəmiyyətli sənəddir. O qeyd edib ki, nazirlik
hökumətlə birgə
adı çəkilən
sənədin icrası
ilə bağlı
plan hazırlayır. Dəyirmi masalarda
müzakirə edilən
məsələlər və
irəli sürülən
təkliflər Təhsil
Nazirliyi üçün
mühüm əhəmiyyət
daşıyır və
bu məsələlərin
həlli istiqamətində
lazımi addımlar atılacaq. Qeyd olunan sənəddə
müəllimlərin peşəkar
inkişafı ilə
bağlı çox ciddi məsələlər
nəzərdə tutulub.
Şöbə müdiri müəllimlərin
kadr hazırlığı
və onlara sertifikatların verilməsi
ilə bağlı danışıb. Bildirib ki, müəllim kadr hazırlğı 4 il ola bilər, ancaq onlar 1 il də
internaturadan keçməli
olacaqlar. "Bu məsələlərə
indiyə qədər
sistemli yanaşma olmadığına görə,
bundan sonra bu sahədə operativ iş görmək lazımdır.
Müəllimlərin yerdəyişməsi,
onların menecer kimi fəaliyyətləri
ilə yaxından tanış olmaq, düşünürəm
ki, maraqlı olar. Biz müəllimlərə
müəllimlik keyfiyyətinə
xas olan amillərə yiyələndikdən
sonra sertifikat verəcəyik. Kadr hazırlığını
uzun müddət aparmaq da həmişə
mümkün olmur.
Güman edilir ki, müəllim kadr hazırlğı 4 il olsun,
ancaq 1 il onlar internaturadan da keçməli olacaqlar. Həmçinin, müəllimlərin dərs yükünün
12 saatdan 18 saata qaldırılması da qarşıda duran işlər sırasına
daxildir".
Fərzəli Qədirov jurnalistlərə
açıqlamasında deyib
ki, son illər Azərbaycan kolleclərində
müəllim hazırlığı
məhdudlaşdırılıb. Təhsil
Nazirliyinin bu işlə daha ciddi məşğul olmaq fikrində olduğunu deyən F.Qədirov qeyd edib ki, son illər
nazirlik tərəfindən
müəllimlərin işə
qəbulu həyata keçirilir: "Ötən
il 20 minə yaxın müəllim mərkəzləşmiş müsabiqədə
iştirak edib. Onun xeyli hissəsi kollecləri bitirən məzunlar olub. Ancaq onlardan yalnız barmaqla sayılacaq qədər məzun işə qəbul olunub. Bu bizə
əsas verir deyək ki, kolleclərdə müəllim
hazırlığının keyfiyyəti bizi qane etmir. Beynəlxalq təcrübədə də
kollec səviyyəsində
müəllim hazırlanmır.
Müəllimlər yalnız
ali təhsil,
hətta bəzi ölkələrdə magistratura
səviyyəsində hazırlanır.
Dövlət Strategiyası
çərçivəsində kolleclərdə müəllim
hazırlığının tamamilə məhdudlaşdırılması
və yalnız ali təhsil
səviyyəsində hazırlanmasına
keçilməsi qarşıda
duran əsas vəzifələrdən biridir
".
Onun sözlərinə görə, Azərbaycanda
bakalavr təhsili 4 ildir və şəxs
bu illəri başa vurduqdan sonra müəllim kimi məktəbdə fəaliyyət göstərə
bilər.
Həmin 4 ildən 3 ilini
müəllimlərin pedaqoji
sahə üzrə nəzəri biliklər əldə etməsi nəzərdə tutulur.
Son bir ildə
isə bilavasitə məktəblərdə müəllim
kimi fəaliyyət göstərə bilər.
Hətta
fikrimiz var ki, ehtiyac olan
ucqar kənd məktəblərinə də
müəllimlər göndərilsin
və orada işləsinlər. Orada təcrübəli
müəllimlər onlara
rəhbərlik etsinlər,
təcrübə mübadiləsi
sayəsində gənc
müəllimlər peşəkar
təcrübi bacarıqlar
əldə edərək
məktəbə hazırlıqlı
müəllim kimi gəlsinlər".
Nazirlik rəsmisi əlavə edib ki, Azərbaycanda
yaxın zamanlarda müəllim ixtisasına
qəbul zamanı müəyyən dəyişikliklər
həyata keçiriləcək:
"Hazırda bu sahədə qabiliyyət imtahanların keçirilməsi
ilə bağlı müzakirələr aparılır.
Düşünürük ki, gələcəkdə
müəllimlər düşünərək,
dərk edərək bu peşəni seçməlidirlər. Hesab edirik
ki, qısa zamandan sonra müəllimlik ixtisasına
qəbulda müəyyən
dəyişikliklər həyata
keçiriləcək".
Təhsil
Nazirliyinin Məktəbəqədər
və ümumi təhsil şöbəsinin
müdiri Aydın Əhmədov isə qeyd edib ki,
İsmayıllı rayonunda
təhsildə yüksək
nəticələr əldə
olunub, yaxşı məktəblər, müəllimlər
və şagirdlər
var. Şöbə müdiri
əlavə edib ki, İsmayıllı rayonun şagirdlərinin qəbul və buraxılış imtahanlarında
göstərdikləri nəticələr
qənaətbəxşdir.
Qeyd edək ki, tədbirdə Dövlət Strategiyasında nəzərdə tutulan məsələlər, müəllimlərin inkişafı, müəllimlərin məktəblərdən ayrılmadan peşəkarlığının artırılması, müəllimlərin sertifikatlaşdırılması, müəllim fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması, məktəb direktorlarına tələblər, onların rotasiyası və digər məsələlər müzakirə olunub.
12 illik təhsilə keçid məsələsi mütərəqqidir. Bu uşaqların tədris və fənlər üzrə təlim yükünün hansısa mərhələdə yüngülləşməsinə xidmət edir. Bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində təhsil işçiləri üçün keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, məktəb kollektivi və valideynlər dərs yükünün ağır olmasından hər zaman şikayət edir: Əlavə 1 ilin hansı səviyyənin uzadılmasına verilməsi vacibdir və burada müxtəlif fikirlər səslənə bilər. Bu bir ilin ibtidai, yoxsa V-XI siniflər arası orta siniflərə verilməsi dəqiq məlum deyil. Fikrimcə, bu orta hissəyə verilsə, yaxşı olar. Belə ki, icbari təhsil ölkədə 9 illikdir. Əgər bu pillə 1 il artırılsa, uşaqlar icbari təhsil dövründə həmin fənlər üzrə daha yüksək biliyə malik ola bilərlər. Bir ilin təhsil sisteminə gətirilməsi üçün proqramlar dəyişməli, keçid təmin olunmalıdır. Eyni zamanda, mövcud kurikulumlar 12 illik təhsil sisteminə uyğunlaşdırılmalıdır. 12 illik təhsilə keçid asan iş deyil, bu məsələ strategiya sənədində də göstərilib.
Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı konkret və dəqiq addımlar müəyyənləşdirilməlidir.
Heydər Əliyev mərkəzində dəyirmi masa yekunlaşdıqdan sonra Təhsil Nazirliyinin nümayəndələri və media Lahıc kənd orta məktəbində olublar. Məktəb 17 komputer, 4 notbuk, 22 netbuk və 2 rometor lövhələrlə təmin olunub. Bu il Lahıc kənd məktəbində 1 nəfər qızıl medalla təltif olunub. Məktəb 16 layihədə iştirak edib. 1 nəfər isə Türkiyənin Qazi Universtetinə daxil olub. Kitabların az olmasından danışan Lahıc kənd orta məktəbinin müəllimi Rövşən Əliyev iş dəftərlərinin dövlət tərəfindən təmin olunmasından danışıb.
Lahıc qəsəbə tam orta məktəbi 2013-cü ildə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Elektron təhsil" Respublika müsabiqələrinin qalibi seçilib. Məktəbin fizika müəllimi Rövşən Əliyev isə "Azərbaycan Respublikasının əməkdar müəllimi" və 2009-2010-cu tədris ilində keçirilən "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi adına layiq görülüb. VI sinif üzrə Fizika dərsliyinin həmmüəllifi R.Əliyev tədris etdiyi "Açıq dərs"də fəal interaktiv təlim metodlarından səmərəli istifadə etməklə olduqca maraqlı və məzmunlu dərs təşkil etməyə nail olub.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2013.- 26 dekabr.- S.2.