Din elmlərinin məzmun və mahiyyətinə
müfəssəl baxış
İslamın inanc əsasları
İslam dinində
hər şeyin başında gələn tövhid inancı ümumi mənada haqq dinin bariz xarakteristikası olub, bu prinsip ilahi dinin tarix içindəki bütün formalarında israrla vurğulanıb. Dinin mənşəyinə dair bəzi
görüşlərdə ilk tapınma obyektləri olaraq
fetiş, totem, təbiət və ruh kimi varlıqlar üzərində
qurulmuş və başlanğıcda insanlığın
çoxallahlıq inancını qəbul edərkən təkamül
nəticəsində tövhid inancına yetişdiyi qeyd edilsə
də, bu sahədə aparılan son araşdırmalarda təkallahlıq
inancının əvvəldən var olduğu ortaya qoyulub. Yəhudiliyin
önəmlə vurğuladığı başlıca prinsip
Tanrının birliyi məsələsidir. Tövrata görə Adəm, Nuh, İbrahim,
İshaq, Yaqub, Yusif bir olan Allaha dəvət etmişdirlər.
Musaya verilən on əmrdə və
Tövratın digər yerlərində də üzərində
təkidlə durulan mövzu Allahın birliyidir. Hz.Davudun Zəburunda da tək olan Tanrıya dua edilir.
Tanrının oğlu kimi təqdim edilən
Hz.İsa da şəriətdəki birinci əmrin Allahın
birliyi olduğunu vurğulamaqdadır. İslamın
ortaya qoyduğu Tanrı qavramı və iman əsasları
çox aydındır. Yəhudilikdə
ifrat təşbehlər Tanrının antropomorfik (Allahın
insan şəklində təsəvvür edilməsi) təsvirinə,
xristianlıqda ifrat sevgi, insan olan İsanın ilahiləşdirilməsinə,
dolayısı ilə tövhiddən təslisə yol
açmışdır. İslam isə
tövhid anlayışındakı bulanıqlığı
durulaşdırmış, yəhudi və xristianları
tövhiddə birləşməyə
çağırmışdır. Bəzi
fərqlərə baxmayaraq peyğəmbərlərə iman
bütün ilahi dinlərdə mövcuddur. Yəhudilikdə Tanrının peyğəmbər
vasitəsilə danışdığı, Musadan öncə
və sonra peyğəmbərlərin varlığı
xüsusu bir inanc əsasıdır. Xristianlıq
özündən öncəki peyğəmbərləri qəbul
edib sonrakıları rədd edərək peyğəmbər
qavramına müxtəlif mənalar yükləyir. İslam isə bütün peyğəmbərləri
qəbul edir, peyğəmbərlərə imanı müsəlman
olmanın şərti sayır, onlara dair həqiqi olmayan
iddiaları qəbul etmir.
İslam inancına görə peyğəmbərlərin
hər biri Allahın birliyinə, axirət gününə və
peyğəmbərlərin gətirdikləri ilahi mesajlara
inanmağı nəsihət etmişdirlər. Fərqliliklər
yalnız zamanın və toplumun tələblərinə
görə dəyişə bilən detallarla
bağlıdır. Bu da insanın sosial və
psixoloji quruluşuna, həyatın həqiqətlərinə
uyğun bir hadisədir. Hz.İsa Tövratı təsdiq
etməklə yanaşı İsrail oğullarına haram olan
bəzi şeyləri halal etmək, Tövrat və İncildə
müjdələnən Hz.Muhamməd isə digər vəzifələri
ilə yanaşı öncəki millətlərin üzərindəki
məşəqqətli hökmləri qaldırmaq üçün
göndərilmişdir. Bu elçilərdən
hər biri öz dövrlərinin və qövmlərinin
ehtiyaclarını ödəyəcək əsasları
öyrətmək üçün gəlmişdir. Son peyğəmbər Hz.Muhamməd isə aləmlərə
rəhmət olaraq göndərilmişdir; hədəf
kütləsi isə sadəcə bir qövm, yaxud bir bölgə
deyil, bütün zamanlar və bütün insanlıqdır.
Quranda bildirildiyinə görə bəzi
peyğəmbərlərə səhifələr, bəzilərinə
kitab verilmişdir. Belə olan halda hər
bir din mütləq müəyyən bir müqəddəs
kitaba söykənir. Bu mətnlərin
göndərildiyi cəmiyyətlər fərqli olsa da, xitab
olunan insandır. Hz.Adəmə verilən
səhifələrlə Tövrat, İncil və Quran mahiyyət
etibarilə fərqli deyildir. Allah, içində hidayət
və nur olan Tövratı endirmiş, Məryəm oğlu
İsa Tövratı təsdiq edərək gəlmiş,
ayrıca bir nur, yol göstərən və müttəqilərə
öyüd olsun deyə İncili gətirmişdir. Hz.Muhamməd isə özündən əvvəlkiləri
təsdiq edən Quranı təbliğ etmişdir.
Allah dininin son halqası olan İslam öncəki
peyğəmbərləri və onların gətirdiyi ilahi
mesajları qəbul edir, peyğəmbərlər arasında
fərq qoymamağı dinin təməl şərti sayır. Rəsuli-Əkrəm
öncədən var olan ümumbəşəri əxlaqi
prinsipləri davam etdirmişdir. Şənbə
yasaqları istisna olmaqla, bu günkü Tövratda yer alan və Hz.Musaya bildirilən on əmr fərqli
formalarda olsa da, Quranda mühafizə edilmişdir. Hz.İsa da Tövratdakı əmrləri yasaqlamaq
üçün deyil, təkmilləşdirmək üçün
gəldiyini vurğulayaraq Tövratı təsdiq edir. Digər
tərəfdən İncillərdə yer alan
əxlaq prinsipləri Quranda da qorunmuşdur. Axirət
inancı hər üç dində olmaqla yanaşı yəhudilər
və xristianlar əbədi qurtuluşu yalnız özlərinə
həsr etmiş, bunu özlərinə məxsus bilmişdirlər.
Halbuki İslam həm bu dünyada, həm də
axirətdə xoşbəxtlik və qurtuluş
üçün müəyyən bir irqə mənsub
olmanı deyil, Allaha qulluğu və ilahi əmrlərə
uymağı şərt qoymuşdur. Hz.Muhamməddən
öncəki peyğəmbərlərin təbliğləri də
ilahi qaynaqdan gəldiyi halda sonrakı mənsubları
onların dinlərinə müxtəlif adlar vermişdirlər.
Nə Hz.Musa gətirdiyi dinə yəhudilik, nə
də Hz.İsa təbliğ etdiyi əsaslara xristianlıq
adını vermişdir. Hz.Musanın gətirdiyi
din özündən xeyli sonra Babil əsarətinin ardından
yəhudilik adlandırılmış və yalnız bir
qövmə aid edilmişdir. Hz.İsanın
təbliğ etdiyi din isə özündən sonra
xristianlıq adını almış və dinin mərkəzində
Hz.İsa yerləşdirilmişdir. Halbuki
İsa öz qövmünü Allaha qulluğa dəvət
etmiş, özünün də Allahın qulu olduğunu
israrla bildirmişdir.
Quran həm yəhudiləri, həm də xristianları
unutduqları, yaxud müxtəlif cür yanaşdıqları
Allahın dininə təkrar dəvət etməkdə və
tək Allah inancında birləşməyə
çağırmaqdadır. Mahiyyətcə eyni
olan din zaman keçdikcə müqəddəs dini mətnlərin
yanlış yorumlanması, din alimlərinin görüşlərinin
müqəddəs mətn yerinə keçməsi və dinin
anlaşılmasında bunların yeganə keçərli
qaynaq kimi görülməsi nəticəsində orijinal şəklidən
uzaqlaşmışdır. Yəhudilərin
peyğəmbər belə saymadıqları, hətta nəsəbi
mövzusunda müxtəlif iddialarda olduqları Hz.İsa
xristianlar tərəfindən, əksinə, ilahiləşdirilmişdir.
Qurani-Kərim yəhudilərə Musaya verilən
Tövratı, xristianlara isə İsaya verilən İncili tətbiq
etmələrini əmr edir, əks təqdirdə heç bir
təmələ dayanmadıqlarını ifadə edir. Hz.İbrahimi özlərindən sayan və həqiqi
dinin öz dinləri olduğunu irəli sürən kitab əhlinə
İbrahimin yəhudi və xristian olmadığını,
onun hənif olduğunu, dolayısı ilə yəhudilik və
xristianlığın zaman keçdikcə mahiyyətdən
uzaqlaşdığını bildirir.
Hz.Adəmlə başlayan vəhy ənənəsinin
son halqasını təşkil edən İslam peyğəmbərlər
tərəfindən təbliğ edilən, ancaq zaman
içində unudulan, yaxud insanlar tərəfindən bəzi
sapmalara uğradılan ilahi mesajın qiyamətə qədər
qalıcı olmaqla təshih edilərək yenidən ifadə
edilməsinin adıdır. "Bu gün sizin
üçün dininizi kamil etdim və sizə olan nemətimi
tamamladım və sizin üçün din olaraq İslamı
bəyənib seçdim" ayəsi də buna işarə
etməklə İslamın insanlıq tarixi boyunca davam edən
ilahi mesajın kamal nöqtəsi, Hz.Muhammədin isə bu rəhmət
iqliminin son peyğəmbəri olduğunu anladır.
Hz.Muhammədin Allah tərəfindən son peyğəmbər
kimi seçilib vəzifə verilməsinin ardından miladi
610-cu ildə Məkkədə onun vasitəsilə
insanlığa gəlməyə başlayan vəhy iyirmi
üç il ərzində davam etmiş, Rəsuli-Əkrəm
vəhy ilə təsis edilən bu dini
açıqlamış, qayda və öhdəliklərin tətbiq
edilməsini göstərmiş, peyğəmbərliyi
müddətində ilahi xitabın anlaşılması və
həyata keçirilməsinin üstün nümunəvi
şəxsiyyəti olaraq ilk İslam toplumunu
yaratmışdır. Buna görə də
İslamın qavranılmasında Quran və Rəsuli-Əkrəm
müəyyənedici rola sahibdir. İslamın əsl
qaynaqlarının Quran və
Sünnə olduğu bütün İslam tarixi boyunca bir
postulat (sübutsuz olaraq əsas götürülən
müddəa, fərziyyə) kimi qəbul edilmiş, əsri-səadətdən
etibarən islam toplumlarının ideoloji və əməli həyatı
bu iki qaynaq ətrafında formalaşmış, Quran və
Sünnə müsəlmanların tarixi təcrübəsində,
konsepsiya və ənənə təşəkkülündə
mehvər, yeni yorumlar üçün bir nəzarət vasitəsi
olma özəlliyini daim qorumuşdur.
İslamın
inanc əsasları
Sözlükdə "əminlik duyğusu içərisində
təsdiq etmək, inanmaq" anlamına gələn
"iman" dini qəbul etmənin və mömin olmanın əsasını
təşkil edir. Qurani-Kərimdə iman qavramı 800-dən artıq
yürdə keçir, inanmış şəxsin səmimiyyət
və daxili hüzurunu ifadə etmək üçün isə
"sidq" və "itminan" qavramları işlədilir.
İnsanın üstün bir varlığa və
Ondan gələn vəhy ətrafında əmələ gələn
dinə inanma təmayülü daşıdığı həm
Quranda, həm də hədislərdə bildirilmişdir.
İmanın əmələ gəlməsi
üçün bu fitri qabiliyyətdən başqa
ağlın hökm verəcəyi qədər bilgiyə sahib
olması da gərəkir. Qurani-Kərim
dünya və axirət səadətinə
qovuşmağın inanc və yaxşı davranışla
mümkünlüyünü irəli sürmüş, bir
çox hədisdə imanla əməlin adı birgə
çəkilmişdir. Hədisləri
mövzularına görə təsnif edən "Kutubu-s-sittə"
müəlliflərinin dördü (Əbu Davud və Nəsai
istisna olmaqla) əsərlərində imana müstəqil bir
bölüm ayırmış və burada iman prinsiplərindən
çox imanın məhsulu olan əməlləri
saymışdırlar. İslam alimləri
ilk dönəmlərdən etibarən iman-əməl
münasibətləri üzərində durmuş, Xaricilər,
Mötəzilə və bəzi şiə qrupları əməlsiz
imanı axirət planında keçərsiz qəbul
etmiş, sünnü əksəriyyət isə son təhlildə
imanı ağlın və qəlbin təsdiqindən ibarət
sayaraq əməllə imanı eyni
düşünmüşdür. Ancaq bu
xüsus heç bir şəkildə dini həyatda əməlin
əhəmiyyətini azaltmaq anlamı daşımamaqdadır.
İman əsaslarının təsbiti mövzusunda
önə çıxan prinsip Allahın
hökmranlığına boyun əymək və vəzifə
verdiyi elçiləri təsdiq etməkdir. Qurani-Kərimdə
keçmiş peyğəmbərlərin xitab etdikəri toplumlara
özlərini Allahın inanılmış elçiləri
olaraq tanıtdıqdan sonra Ondan qorxmalarını və
elçilərinə uymalarını istədikləri xəbər
verilmiş, eyni xüsus Hz.Peyğəmbərə də nisbət
edilmişdir. Müxtəlif ayələrdə
iman mövzuları "peyğəmbərlərə endirilən
vəhyin mahiyyəti" şəklində xülasə
olunmuşdur. Son peyğəmbərə
göndərilən vəhy öncəkiləri təsdiq edir
və onlara da iman edilməsinin vacibliyi bildirilir. Bu isə İslam dininin Hz.Muhammədlə tamamlanan
son halqasının öncəki bütün halqaları əhatə
etdiyini göstərir. Quranın
bütün surə və ayələrinin Allah tərəfindən
Hz.Muhammədə endirilmiş vəhylər olduğunu
heç bir tərəddüdə yer verməyəcək
şəkildə qəbul etmək son peyğəmbəri təsdiq
etmənin digər bir ifadəsidir. İslam
alimləri Cibril hədisindən də ilhamlanaraq iman əsaslarını
altı nöqtədə toplamış (üsuli-sittə),
ümumiyyətlə bəzi alimlər bu əsasları
üç ana mövzuda (üsuli-sələsə) birləşdirmişdir.
Bunlar üluhiyyət, nübüvvət və səmiyyət
bölümləridir. Bu alimlər iradə
və qədər məsələsini üluhiyyətin sifətlər
bəhsi, kitablar və mələklər mövzusunu isə
nübüvvət bölümü içərisində
mütaliə etmişdirlər.
VIII əsrdən etibarən formalaşmağa başlayan etiqadı İslam məzhəbləri iman əsaslarının təsbit edilməsi və yorumlanmasında Quranı əsas götürmüşdürlər. Müxtəlif məzhəblərə mənsub kəlam alimlərinin xalq üçün yazdıqları əqidə risalələri bunu əsaslandırır. İslam dünyasında iman əsaslarının toplanıb cəm edilməsi İslamla ilk dəfə tanış olan qrupların bu dini tənqid etdikləri zaman gerçəkləşmişdir. Daha çox Mötəzilə kəlamçılarının cavab verməyə çalışdığı bu tənqidlər əqli xülasəyə dayandığından kəlamçılar da daha çox ağla üstünlük vermişdirlər. Buna qarşılıq dövrün mühafizəkar alimləri Quranda tez-tez vurğulandığı kimi əhli-kitabın fikir ayrılığına düşməsi üzündən dinin təhrifə məruz qalması faktından qaynaqlanaraq İslamı tənqid edənlərdən çox Mötəzilə kəlamçılarına qarşı cəbhə açmışlar. Daha sonra Sələfiyyə adlandırılan bu qrup öz tərzini ortaya qoyarkən Hz.Peyğəmbər və Raşidi xəlifələri dönəmində ixtilaf edilməyən faktiki dəlili irəli sürmüş, sünnəyə uymaq və bidətdən uzaq durmağı təlqin edən bir çox rəvayəti nəql etmişdir.
(Ardı var)
İdris ABBASOV
525-ci qəzet.-
2013.- 27 dekabr.- S.6.