ADU-da Məmməd Arazın 80 illiyi ilə bağlı konfrans
keçirilib
Dünən Azərbaycan Dillər
Universitetində (ADU) Xalq
şairi, Dövlət
mükafatı laureatı
Məmməd Arazın
80 illik yubileyinə həsr olunan " Məmməd Araz novator şair idi " mövzusunda Respublika konfransı keçirilib. Konfransda
ADU-nun rektoru, Milli Məclisin deputatı,
professor Səməd Seyidov,
Milli Məclisin deputatı, şair Aqil Abbas və
Məmməd Arazın
ailə üzvləri,
o cümlədən tanınmış
ictimai-siyasi xadimlər,
ziyalılar, universitetin
professor-müəllim heyəti
və tələbələr
iştirak ediblər.
ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov giriş sözü ilə çıxış edərək qonaqları salamlayıb. Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncam imzaladığını diqqətə çatdıran rektor respublikada silsilə tədbirlərin həyata keçirildiyini qeyd edib. Rektor Səməd Seyidov M. Araz poeziyasının Azərbaycan ədəbiyyatında xüsusi və özünəməxsus yeri olduğunu söyləyib. O, qeyd edib ki, şairin azərbaycançılıq məfkurəsinin formalaşmasında rolu böyükdür. ADU rektoru vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığının Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil etdiyini qeyd edib. Səməd Seyidov bildirib ki, M. Arazın 80 illik yubileyi münasibətilə universitetin dəstəyi ilə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev "Məmməd Araz - 80 biblioqrafik göstərici" adlı kitab yazıb. O, bu kitabın şairin yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirib.
Milli Məclisin deputatı, şair Aqil Abbas isə çıxışında universitetin rəhbərliyinə belə bir tədbirin təşkilinə görə minnətdarlığını bildirib və Məmməd Araz haqqında yazılan biblioqrafiyanın şairin yubileyinə ən böyük hədiyyə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
"Azərbaycan" jurnalının baş redaktor müavini, Əməkdar mədəniyyət işçisi Vaqif Yusifli şairin fəlsəfi düşüncələrindən bəhs edib. O, M. Arazın yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikasından söhbət açıb.
ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Nurlanə Qasımlı "Məmməd Araz novator şair idi" mövzusunda məruzə ilə çıxış edib. N. Qasımlı məruzəsində şairin Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən danışıb və onun yenilikçi bir şair olduğunu vurğulayıb.
Xalq şairinin həyat yoldaşı Gülxanım Fətəliqızı çıxış edərək xatirələrindən danışıb. O, tədbirin təşkilində əməyi keçən şəxslərə təşəkkür edib.
Konfrans ADU tələbələrinin hazırladığı bədii hissə ilə yekunlaşıb. Bədii hissədə şairin həyat və yaradıcılığını özündə əks etdirən videoçarx nümayiş olunub, şeirləri səsləndirilib, əsərlərindən parçalar təqdim olunub.
Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam əsasında Azərbaycan Dillər Universiteti tərəfindən çap olunub. Biblioqrafiyada M. Arazın 1952-ci ildən 2013-cü ilə qədər çapdan çıxmış şeirləri, poemaları, məqalələri, müsahibələri, haqqında yazılmış əsərlər, dünya xalqlarının dillərinə tərcümə olunmuş əsərləri, eləcə də başqa dillərdən tərcümə etdiyi qiymətli poeziya inciləri haqqında məlumatlar öz əksini tapıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi haqqında 27 sentyabr 2013-cü il tarixli Sərəncam imzalanıb.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2013.- 27 dekabr.- S.7.