Sivilizasiyaları qovuşduran türk
dünyası
Tarix
boyunca dünya mədəniyyətinin klassik dəyərlərini
yaradan Azərbaycanın bu gün interhumanitariya mərkəzinə
çevrilməsi bir qanunauyğunluqdur.Azərbaycan təkcə
coğrafiyasına görə deyil, həm də mədəniyyət
və düşüncə tipologiyasına görə Şərqlə
Qərbin harmonik vəhdət ərazisi olduğundan,
ümummilli lider Heydər Əliyevin qeyd etdiyi tək, ölkəmizin
Şərqlə Qərbi qovuşdurmaq kimi böyük tarixi,
siyasi-kulturoloji missiyası onun elə müstəqilliyinin
başlanğıcından dərk edilərək, bu yöndə
zəruri fəaliyyət istiqamətlərinə təkan
verdi. Son on ildə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin həm Şərq, həm də Qərb
dövlətləri ilə apardığı uğurlu siyasət
mədəniyyət sahəsində də qlobal əməkdaşlığa
və dinamik inkişafa, tarixi-mədəni əlaqələrin
dərinləşməsinə və daha da məhsuldar,
çoxtərəfli və davamlı olmasına geniş
perspektivləri açdı. Məqsədyönlü
fəaliyyətlərin nəticəsində artıq bu gün
Azərbaycan mədəniyyətlərarası dialoqun
reallaşdığı bir mədəni-intellektual məkan
statusu qazanıb.
Azərbaycan
dövləti bu missiyası ilə təkcə daxil olduğu
regional coğrafiyada deyil, bütün dünyada sülh,
sabitlik və əməkdaşlıq tendensiyasını,
yaradıcı mənəvi mühitdə yaşamaq,
qarşılıqlı fikir mübadiləsində
ortaqlaşmaq,universal mədəniyyət
düşüncəsi ilə zənginləşib-zənginləşdirmək
məramını gücləndirir. Bakı Beynəlxalq
Humanitar Forumları artıq belə bir məramla
sivilizasiyalararası münasibətlərin yeni qlobal
ideologiyasını və humanist platformasını dünyaya
təqdim etməkdədir. Bu mövqeyi
görkəmli dövlət və mədəniyyət xadimləri,
Nobel mükafatçıları səviyyəsində dəstəkləyən
beynəlxalq birliyin konvergent intellektual gücü
formalaşmaqdadır. Deməli, beynəlxalq siyasətdə,
sivilizasiyalararası münasibətlər sistemində Azərbaycanın
özünəməxsus unikal mövqe qazanması
reallığı, təbii olaraq, ölkəmizdə humanitar
elmlərin qarşısına
tamamilə yeni vəzifələr qoyur: Azərbaycan elmi
təkcə dünyada gedən innovativ proseslərlə
ayaqlaşmamalı, həm də bu proseslərin önündə
getməli, yeni ideyalarla çıxış etməli, qlobal
humanitar mədəniyyətin inkişafı məqsədlərini
güdən Azərbaycan Platformasını dərinləşdirməli,
beynəlxalq humanitar siyasətin müasir dövlətlərə
və xalqlara gerçəkdən gərək olan
konsepsiyalarını işləməlidir. Bu istiqamətdə
aparılan araşdırmaların koordinasiyası, ümumi
strategiyası da artıq yaradılmaqdadır: Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev Ulu öndər Heydər Əliyevin dərin
humanizm əsaslı, ümumbəşəri qayəli siyasi-fəlsəfi
irsinə söykənərək, bu tarixi əhəmiyyətli
işin fundamental əsaslarını qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin milli elmimizin, mədəniyyətimizin
inkişafına yaratdığı münbit şərait nəticəsində,
ölkəmizdəki yaradıcı atmosferin gur elmi-intellektual
axtarışları prosesində məhz dünya humanitar mədəniyyətinin
yüksək inkişaf səviyyəsini özündə əks
etdirən tədqiqatlar ərsəyə gəlir.
Göstərilən
istiqamətin bütün keyfiyyətləri ilə sanballı
nümunələrindən biri də Dr. Ərəstü Həbibbəylinin
"Sivilizasiyaların kəsişməsində türk
dünyası" əsəridir ki, onun əhəmiyyəti nəzərə
alınaraq, daha təkmilləşdirilmiş variant üzrə
türk dilinə "Uygarlıkların Kavşağında
Türk Dünyası" ("Yedirenk" nəşriyyatı,
2013) adı ilə tərcümə edilib. Kitabın
tərcüməçisi Azərbaycan dili və mədəniyyətinə
yaxşı bələd olan Dr. Yusuf Gədiklidir. Gənc alimin türk və bu dil vasitəsilə
ümumtürk auditoriyasına təqdim olunan tədqiqatının
üstün dəyərləri sırasında ən önəmlisi
- bu gün dövlətimiz və onun daxil olduğu türk
dünyası üçün olduqca vacib sayılan yeni
tarixi-kulturoloji metodologiyadan çıxış edilərək,
Azərbaycan, türk və dünya tarixinə gerçək
elmi münasibətin ortaya qoyulmasıdır. Etiraf edək ki, tarixin və onun yetirməsi olan
sivilizasiyaların öyrənilməsində qərbyönlü
tədqiqatçılar xüsusilə türk dünyasına
münasibətdə bir qayda olaraq birtərəflilik
nümayiş etdirmiş, hətta ifrat hallarda bu tədqiqatların
alt layında Qərbin imperialist niyyətləri ilan dili kimi
özünü göstərmişdir. Dr.
Ərəstü Həbibbəyli əsərin əvvəlindən
sonuna kimi bu yanlış, lakin dünyaya həqiqət kimi
sırınmış mövqeləri inandırıcı dəlillərlə
bircə-bircə darmadağın edir. Bu onu bir daha
göstərir ki, sivilizasiyaların "toqquşması",
"kəsişməsi, "interaksiyası",
"passonarlaşması", "dominantlaşması",
"sintezi", "dialoqu",
"qloballaşması"... sadəcə elmi-nəzəri məsələ
deyil, həm də müxtəlif maraq və ideologiyaların
üz-üzə gəldiyi qlobal siyasi məkanda onların
strateji məqsədlərini gizləyən oxların
trayektoriyasıdır. Azərbaycan kimi həssas
geopolitik məkanda yerləşən bir ölkənin dövlətlərarası
münasibətlərdə necə realist və praqmatik
olması zəruridirsə, sivilizasiyalararası münasibətlərdə
də eləcə bəsirətli olması
qaçılmazdır. Bax elə buna görə də gənc
Azərbaycan tədqiqatçısının Türkiyədə
- müasir türk
sivilizasiyasının qaynar mühitində çap
olunmuş əsəri bizə sivilizasiyalararası tarixi
münasibətlərin "romantikasını" deyil, daha
çox ziddiyyət və qarşıdurmalarla müşayiət
olunan gərgin, ağrılı təkamül prosesini təqdim
edir.
Ərəstü
Həbibbəyli türk sivilizasiyasının
seçkinliyi və dünya sivilizasiyaları arasında
özünəməxsus yer tutması ideyasından
çıxış edərək, bu mövqeyi dəstəkləyən
elmi konsepsiyaları daha da dərinləşdirir, sanki "səpələnmiş
ideyaları" cəmləyərək, onların funksional nəzəri
platformasını müəyyən edir. Tədqiqatçı
nəinki türk
sivilizasiyasını müstəqil mədəni tip
olaraq səciyyələndirir, eyni zamanda, bu
sivilizasiyasının mürəkkəb arxitektonikasını
araşdıraraq, onun yaradıcısı türk superetnosunun
tarixi nailiyyətlərinə bir sistem və
bütövlük şəklində baxır.Tədqiqatçı-alim
mövcud sivilizasiya nəzəriyyələrinə istinad etməklə,
araşdırdığı problemə özünün
orijinal yanaşmasını ortaya qoyur. Bu yanaşmaya görə,
"Çöl" - Türk sivilizasiyasının, "Səhra"
- Ərəb sivilizasiyasının, "Meşə" -
Slavyan sivilizasiyanın, "Dəniz" - Qərb
sivilizasiyasının, "Dağ-Çöl" - İran
sivilizasiyasının xarakterini müəyyənləşdirən
amillərdir (s.211). Burada türk sivilizasiyasının
identikliyini şərtləndirən başlıca cəhətlərdən
biri kimi - ona adət-ənənənin dindən daha çox təsir
göstərməsi faktına diqqət çəkilir (s.210).
Əslində, bu keyfiyyət türk sivilizasiyasının yeni
tarixi dövrdə dönmədən modernləşməsinin
və eyni zamanda adət-ənənələrdən gələn
arxetipik "özəyini" itirməməsinin göstəricisidir.
Kitabda
mövzu və problematikanın
araşdırılmasının kifayət qədər mükəmməl
sistemi vardır: burada əvvəlcə sivilizasiya
anlayışına, onun dəyərlər kompleksinə,
sivilizasiya və mədəniyyət,
sivilizasiya və geopolitika, sivilizasiya və imperiya,
sivilizasiya və din münasibətlərinin xarakterinə,
sivilizasiyanın tarixi inkişafını şərtləndirən
amillərə,sivilizasiyalararası əlaqələrin
interaktivliyinə və nəhayət, türk
sivilizasiyasının spesifikasına müxtəlif elmi-nəzəri
yanaşmaların panoramı cızılır. Daha
sonra ayrı-ayrı fəsillər üzrə türk
sivilizasiyasının Pravoslav - Slavyan, Qərb (əsasən,
Avropa), Çin, İslam, Ərəb və İran
sivilizasiyaları ilə tarixi münasibətləri
başlıca komponentləri ilə müfəssəl şəkildə
öyrənilir.
Müəllif göstərir ki, türk
sivilizasiyasının Pravoslav - Slavyan sivilizasiyası ilə
münasibətləri Avrasiyanın tarixi taleyində həlledici
rol oynayıb.
Onların mədəni və geopolitik münasibətlərində
həm rəqabət, həm qarşılıqlı təsir,
həm də harmoniya məqamları hər birinin seçkinləşməsinin
təməlində dayanıb. Rusiya
imperiyasının hegemonluq ideologiyası
avrasiyaçılığı törədibsə, ona
qarşı müqavimət ruhunda formalaşan
türkçülük Avrasiyada hərbi-ideoloji balansın
pozulmasına imkan verməyib. Türk və
Pravoslav-Slavyan sivilizasiyaları arasındakı münasibətlərin
çox maraqlı və indiyədək yetərincə fikir
verilməyən proseslərini diqqətlə izləyən
müəllif bu interaksiyada tarix və müasirlik
üçün gərəkli olan simvol-məqamlara belə həssaslıq
göstərir: "Hazırda Ukraynanın qərbində Lvov
vilayətində elə pravoslav kilsələrinə rast gəlinir
ki, kilsənin qübbəsində həm xaç, həm də
aypara vardır. Dünyada bəlkə də bənzəri
olmayan həmin nümunə əslində bu iki
sivilizasiyanın harmoniyasının göstəricisidir"
(s.81).
Kitabda
türk sivilizasiyasının Qərb sivilizasiyası ilə əlaqələri
bütövlükdə Şərq - Qərb münasibətləri
kontekstində öyrənilir:xristianlığın
(mahiyyətcə Şərq hadisəsinin!) Qərb
sivilizasiyasının formalaşmasında rolu, Qərb
sivilizasiyasının kosmopolit siyasəti qarşısında
türk sivilizasiyasının dirənişi və bu dirənişin
ümumən Şərq xalqlarının Qərb imperializminə
qarşı müqavimət hərəkatını
stimullaşdırması, Ellin mədəniyyətinin Avrasiyada
sivilizasiya proseslərinə təsiri çox maraqlı tarixi
faktların araşdırılması ilə dəyərləndirilir.
Müəllif göstərir ki, tarixin ən qədim
çağlarından türklərin çinlilərlə
münasibətləri "hərb və sülhün"
bütün mərhələlərindən keçib. Türk və Çin
sivilizasiyalarının interaksiyası nəinki onların
bir-birini həzm etməsinə imkan verməyib, eyni zamanda, həmin
interaksiyanın "Çin səddi" ilə simvollaşan
prosesləri onları daim gərginlikdə, deməli, öz
sivilizasiyalarının müqavimət gücünü itirməmək
ruhunda saxlayıb.
Tədqiqat
əsərində türk sivilizasiyasının islama qədərki,
dominant islam epoxasındakı və
müasir dövrdəki inkişafının davamlı prosesi,
onun islam xilafəti, mədəniyyəti, ideologiyası ilə
münasibətlərinin dərin mahiyyəti və çoxtərəfli
aspektləri öyrənilir: islamı qəbul edən
xalqlardan yalnız türklər bu sivilizasiyanın ən
üstün hərbi, siyasi və ideoloji qüvvəsinə -
fatehinə çevrilərək, islam Şərqinin nəhəng
imperiyalarını yaradırlar. İslam-türk
sivilizasiyasının sintezi Orta Çağ Şərqinin
indi müasir dünya üçün də çox gərəkli
olan çoxmədəniyyətlilik xarakterini cizgiləndirir.
İslam formasını qəbul etsə də,
türk məzmununu saxlayan türk sivilizasiyası öz mədəni
arxetipləri üzərində yaradıcı ruhunu vüsətləndirərək,
dünyanın böyük potensiyaya malik sivilizasiyalarından
olduğunu təsdiq edir.
Müəllifin türk və ərəb, türk və
İran sivilizasiyaları arasındakı münasibətlər
üzərindəki araşdırmaları da çox
maraqlı faktların incələnməsi və
tarixi-interaktiv proseslərə türk sivilizasiyasının
yönvericilik xüsusiyyətinin üzə
çıxarılması ilə aparılır.Ərəb
passionarlığı dövründə türk və ərəb
sivilizasiya daşıyıcıları arasında, türk
passionarlığı dövründə yenə həmin
sivilizasiya daşıyıcıları arasındamünasibətlərin
səciyyəvi cəhətlərinə nəzər
salınır.
"İslamın qalxanı və
qılıncı" olmaq missiyasını hünərlə
daşıyan türklərin təkcə hərbi fatehliyi
deyil, həm də ulu sivilizasiya yaratma qüdrətinə dəyər
verilir.
Beləliklə,
bu tədqiqat əsəri bizə mərkəzində türk
sivilizasiyası dayanan Avrasiyanın tarixi həyatının
real panoramını canlandırır: ətrafındakı
bütün sivilizasiyalarla münasibətlərini yalnız
öz yaradıcı potensialını qorumaq və
artırmaq, ən qüdrətli sivilizasiyalarla "dil
tapmaq", ortaqlaşmaq, mübadilə qurmaq, onlara yenilməmək
üçün mübarizə aparmaq, üstünlük
keyfiyyətlərini hər zaman təsdiq etmək, sivilizasiya əxlaqının
yüksək mərtəbəsində dayanmaq əzmini
nümayiş etdirən türk sivilizasiyası gerçəkdən
seçkinlik örnəyidir.
Qeyd etdiyimiz kimi, türk sivilizasiyasını -
"çöl (bozkır) sivilizasiyası" kimi xarakterizə
edən araşdırıcı "sivilizasiyaların etno-mədəni
landşaft bağlılığı nəzəriyyəsinə"
istinad edərək özünün bu əsas
paradiqmasını kitabın bütün bölümləri
üzrə əsaslandırmağa çalışır. Bunun
üçün kifayət qədər elmi dəlillər
vardır. Belə ki,məsələn,
görkəmli fransız alimi Rene Qrusse də "Çöl
imperiyaları: Mərkəzi Asiyanın tarixi" (R.Grousset The
Empire of the Steppes. A History of Central Asia, Rutgers
University Press, 2010) kimi fundamental tədqiqatında Mərkəzi
Asiyanın sivilizasiya və dövlətçilik tarixinə
yön verən türk superetnosunun maddi və mənəvi həyatında
bu amillin həlledici əhəmiyyət
daşıdığına önəm verir.
Dr. Ərəstü Həbibbəylinin qardaş Türkiyədə çap olunmuş bu əsəri həm də belə bir cəhətinə görə əhəmiyyətlidir ki, türk dünyasının başlıca olaraq sivilizasiya tarixi istiqamətində tədqiqi üçün əsas istinad nöqtəsi - Azərbaycandır, onun milli mədəniyyət sərvətləridir. Çünki hansı yöndən baxırsan-bax, türk dünyasının sivilizasiya bütövlüyü Azərbaycan coğrafiyasından daha əzəmətli, daha aydın görünür. Gənc tədqiqatçı Azərbaycan mədəniyyətinin böyük potensialını, tarixin hər zamanındakı yaradıcı enerjisini, unikallığını və mədəniyyətlərarası münasibətlərin ilgək mahiyyətini təməl götürərək, türk sivilizasiyasının geniş məkanına çıxır, onun tarixi inkişafının daim qarşılıqlı şəkildə zənginləşməyə imkan verən xüsusiyyətlərini araşdırıb dəyərləndirə bilir. Türk dilində yetərincə dolğun məzmun kəsb edən bu kitab bütün semantikası ilə məhz Azərbaycan mədəniyyət düşüncəsinin əsəridir. Onu oxuyub başa çatdıranda, tədqiqatın bu perspektivi də göz önünə gəlir: deməli, növbəti addımlar türk sivilizasiyasının müasir dövrümüzdəki inkişafının fundamental tədqiqi istiqamətində atılacaqdır. Türk dünyası daha sıx birləşməyə doğru gedir. Bu Birliyin nüvəsində isə onun bütün tarixi və mənəviyyatı ilə yaratdığı sivilizasiya dəyərləri dayanır.
Rahid ULUSEL,
fəlsəfə üzrə elmlər doktoru, professor,
Fəlsəfə
Cəmiyyətlərinin Beynəlxalq
Federasiyasının
üzvü
525-ci qəzet.-
2013.- 27 dekabr.- S.4.