Əfsanələr Paytaxtı və Muzeylər
Şəhəri - Xaçmaz
Dekabrın 24-də
KİV nümayəndələri
"2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları"
Proqramına uyğun olaraq növbəti dəfə səfərə
yola düşüblər. Bu dəfə infoturun ünvanı Xaçmaz rayonu olub.
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
"2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları"
Proqramına uyğun olaraq Xaçmaz 2013-cü
ildə Azərbaycan Respublikasının "Əfsanələr
Paytaxtı" elan edilib. Bir neçə gün
əvvəl eyni proqrama uyğun olaraq nazirlik nümayəndələri və
media təmsilçiləri "Folklor Paytaxtı" Zaqatalaya, "Sənətkarlıq
Paytaxtı" Göygölə
səfər etmişdilər.
"Yaradıcılıq paytaxtları"nın elan edilməsində məqsəd
ölkəmizin qeyri-maddi
irsinin qorunması və dəstəklənməsidir.
Xaçmaz rayonu ölkədə turizmin ən çox inkişaf etdiyi rayonlardan sayılır. Nabran istirahət zonasının
Xaçmaz ərazisində
yerləşməsi bu
amili daha da gücləndirir. Əsasən yay ayları hesablanmaqla, rayona il ərzində 350 mindən
çox turist gəlib. Yeni il ərəfəsində
turistlərin sayı bir qədər də artır. Daha çox yay turizmi inkişaf etsə də, qış turizminin inkişafı istiqamətində
bir sıra addımlar atılacağı
gözlənilir. Xaçmaz son illər ərzində muzeylərin, parkların salınmasıyla daha da gözəlləşib.
Bir neçə il əvvəl
rayona gələn turistlər birbaşa istirahət mərkəzlərinə
üz tuturdularsa, son illərdə qonaqlar rayonda yerləşən abidələri və muzeyləri gəzmək üçün daha bir gün sərf
edirlər.
Şəhərin girişi sayılan yerdə köhnə qala qapılarını xatırladan yeni tikili buraya ayrı
bir yaraşıq verir. Burada qeydə alınmış 72 tarixi abidə var. Bürünc dövrünə aid yaşayış
yerlərinin qalıqları,
kurqanlar, daş kitabələr, məscidlər,
qədim Xudat qala-şəhərin, Qraqurtlu
kəndində XV-XVI əsrlərə
aid Şah Abbas məscid-mədrəsəsi, Şeyx
Yusif (XV əsr) məscidi tarixi ekskursiyaları sevənlər
üçün yaxşı
nümayiş obyekti ola bilər. Ən qədim arxeoloji abidələr Mollabürhan,
Hülovlu, Qaraçik,
Həsənqala kəndlərinin
yaxınlığındakı tunc dövrünə aid qədim kurqanlar və Canaxır, Bostançı kəndlərinin
yaxınlığında orta
əsrlərə aid insan
məskənləridir. Bunlardan ikisi dünya əhəmiyyətli
abidə -məskən
sayılır: Canaxır
və Sərkərtəpə.
Canaxır abidəsinin
yerləşdiyi kənd
Xaçmaz rayonunun Hülövlü inzibati ərazi vahidində yerləşir. Kəndin əsasını əslən Quba rayonunun Əlik kəndindən olan sakinlər "Canaxır"
adlanan yerdə qoyublar. Kənd əvvəllər Aşağı Əlik də adlanıb.
Mədəniyyət və Turizm Nazirliyinin bu il
"Əfsanələr Paytaxtı"
adını Xaçmaza
verməsi də təsadüfi deyil. Belə ki, rayonun tarixi
mənbədə bir neçə əfsanədə
adı çəkilir.
Layihə çərçivəsində
bu barədə xüsusi kitab işıq üzü görəcək. Xaçmaz tolerantlığı
və çoxmillətliyi
ilə də seçilir. Azərbaycanın digər bölgələrində
olduğu kimi, burda müxtəlif xalqlar və müxtəlif dinlər kəsişir. Onların mədəniyyətinin
tanıdılması, təbliği
və inkişafı üçün İcra Hakimiyyəti bir sıra tədbirlər həyata keçirir ki, bunlardan da
biri axıska türklərindən ibarət
rəqs qruplarının
yaradılması, onların
respublika səviyyəsində
çıxışlarının təmin edilməsidir.
Nazirliyin mətbuat xidmətinin katibi Zöhrə Əliyeva yol boyu "Xalq Yaradıcılığı Paytaxtları"
proqramı haqqında
jurnalistləri məlumatlandırıb. Xaçmazda İcra
Hakimiyyətinin başçısı
Şəmsəddin Xanbabayevlə
görüşdən sonra
qonaqlar "Şəxsiyyətlər
Muzeyi"nə dəvət
olunublar.
Muzeydə Azərbaycanın tanınmış şəxsiyyətlərinin
- aktyor, memar, yazıçı, şairlərinin
büstü qoyulub.
Açıq səma altında
qurulan Muzey Azərbaycanda unikallığına
görə seçilən
sənət abidələrindən
sayılır. Parkda diqqətçəkən
daha bir məqam isə muzeyin hətta hasarlarında belə tar, kamança, sazın şəkillərinin həkk
olunması ilə milli irsimizə bağlılığın qeyd
olunmasıdır.
Gəzintidə jurnalistlərlə yanaşı
Xaçmaz rayon icra hakimiyyətinin başçısı
Şəmsəddin Xanbabayev,
Mədəniyyət və
Turizm Nazirliyi Mədəniyyət siyasəti
şöbəsinin müdiri
Fikrət Babayev, icra başçısının
humanitar məsələlər
üzrə müavini
Mehman Yetkin, rayon mədəniyyət və
turizm şöbəsinin
müdiri Nazim Ağayev də iştirak ediblər. Sonra "Şəxsiyyətlər
Muzeyi" ərazisində
yerləşən Tarix
Diyarşünaslıq Muzeyinin
qarşısında qonaqlar
üçün konsert
verilib, "Əfsanələr
paytaxtı"na layihəsinə daxil olan silsilə tədbirlərin bağlanış
mərasimi keçirilib.
Yerli ifaçıların və
rəqqasların təqdimatında
əsl bayram ab-havası yaşanıb.
İştirakçılar Tarix Diyarşünaslıq Muzeyi
ilə də tanış olublar. Muzeydə Xaçmaz rayonunun
təbiətini və
tarixini əks etdirən müxtəlif eksponatlar saxlanır.
İki
filial və yeddi şöbədə fəaliyyət
göstərən muzeyin
1930-cu ildə tikilən
binası artıq istismar müddətini başa vurduğu üçün yeni binanın tikintisinə
2013-cü ilin əvvəlində
başlanılıb. Xüsusi memarlıq
üslubunda tikilən
bina lazımi avadanlıqlarla təchiz edilib. Binanın foyesində Heydər
Əliyevin abidəsi qoyulub. Burada Prezident İlham
Əliyevin müxtəlif
illərdə Xaçmaz
rayonuna səfərlərini
əks etdirən fotoguşə yaradılıb.
Muzeyin birinci mərtəbəsində
İstiqlal bölməsi
yerləşir. Burada dövlətçilik
tariximiz dövrlər
üzrə əks olunub. Bu bölmədə
İstiqlal tariximizlə
bağlı maraqlı
eksponatlar toplanıb.
İkinci Dünya müharibəsinə
aid eksponatlardan da zəngin tarixi məlumatlar əldə etmək mümkündür.
Tədbir mətbuat konfransı ilə davam etdirilib. Jurnalistlərin suallarını cavablandıran
Fikrət Babayev və Nazim Ağayev
nazirliyin bu istiqamətdə həyata
keçirdiyi layihə
barədə danışıblar. Bu layihə çərçivəsində görülən işləri
sadalayan F.Babayev həmçinin Xaçmazda
son bir il
ərzində keçirilən
tədbirlərin, aparılan
yenidənqurma işlərinin
təqdirəlayiq hal olduğunu bildirib.
N.Ağayev jurnalistlərə açıqlamasında
bildirib ki, yaxın günlərdə
rayonda görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin muzeyinin açılışıyla
muzeylərin sayı
10-a çatacaq. İl ərzində Xaçmazda
"Belarus günləri", "Dostluq bayramı" və başqa tədbirlər keçirilib,
Dağıstanın məşhur
"Ləzginka" qrupu
rayonda konsert verib. Gələn il isə
Xaçmazda "Bolluq
festivalı"nın keçirilməsi
nəzərdə tutulub.
Növbəti istiqamət Xalça Muzeyi olub. Xaçmaz Xalça
Muzeyi 2006-cı ildə
yaradılıb. 2011-ci
ildə muzeyin binası sökülərək
müasir üslubda inşa olunub. Muzeyin Fondunda 153 eksponat var. Onlardan 130-u ekspozisiyada nümayiş etdirilir.
Xalça Muzeyində nümayiş
olunan ən qədim eksponat "Zeyvə" xalçasıdır.
Uzunluğu 4 metr olan xalçanın 3 əsr yaşı var. Ondan keçmişdə süfrə
kimi istifadə olunub. Ekspozisiyadakı xalçaların çoxu "Quba- Şirvan" qrupuna aiddir. Burada ən cavan eksponat isə, "Çiçi" xalçasıdır.
O, XIX əsrin sonunda toxunub. Təbrizdə toxunan "Şah
Abbas" xalçası
isə XIX əsrin əvvəlində hazırlanıb.
İncəsənət Mərkəzində ən çox Qubada toxunan xalçalar üstünlük
təşkil edir.
Azərbaycanda cəmi 3 Xalça
Muzeyi fəaliyyət göstərir. Onlarda ikisi
Bakı və Naxçıvan şəhərlərində,
biri isə Xaçmazda yerləşir.
2014-cü
ilin əvvəlində
layihənin sonuncu ili üçün
ölkədə yeni
"Yaradıcılıq Paytaxtları"
elan ediləcək.Yaradıcılıq
paytaxtlarının elan
edilməsində məqsəd
Azərbaycanın qeyri-maddi
mədəni irsinin qorunması, dəstəklənməsidir.
Bundan başqa , milli folklor
ustaları və kollektivlərinin, sənətkarların,
respublikanın şəhər
və rayonlarının
beynəlxalq səviyyədə
tanıdılması, daxili
və xarici turizmin inkişafı da əsas istiqamətlərdəndir.
Pərviz SADIQOV
Bakı-Xaçmaz
525-ci qəzet.- 2013.- 27 dekabr.- S.4.