Şeiri çiçək, sözü ləçək
Əbülfət...
Şeirlərinə vurğun kəsiləndən bəri,
haqqında bir neçə dəfə yazmışam. Hər dəfə
də dilimin əzbəri olan misraların ilə poetik
dünyana açar tapmağa çalışmışam.
Onu da deyim ki, indən belə də sənin
poeziyandan yüz dəfə yazsam, yenə heyrətimi gizlətməyəcəm
ki, qardaş, sən bu fikri necə tapmısan?
Bəxtəvər
ipək qurdları-
ölür evinin içində...
Bu dəfə
sənə bir etirazım var. Sinəsi söz ocağı
olan, Əbülfət! Axı, ipək qurdunu
hansı həmcinsi incidib yuvasından perik salır ki?! İnsandı insana zülüm edən. Bizi də məhz insan adlanan erməni vəhşiləri
qoymadılar ki, öz komamızda-bəlkədə daha
dürüstü-sarayımızda, mülkümüzdə
yaşayaq, sonda da doğma torpağımızın qoynunda
haqq dünyasına qovuşaq. Şeirlərinin
dərd yükü cızdağımı necə
cıxardır, bir bilsəydin. Biz bir ruhun
övladlarıyıq. Hərdən bizi
doğmalaşdıran dərdə təşəkkür etmək
istəyirəm. Unudulmaz Bəxtiyar Vahabzadə
haqlı deyirdi ki, əsl şeir dərddən doğulur.
Şeir pıçıltıdır,
çığırtı yox. Gileyini, zəmanədən
şikayətini, səni əzən, rahatlıq verməyən
duyğularını sözə büküb misra-misra
kağıza naxışlayırsan. Sənin
də, mənim də çox sevdiyimiz Məmməd Araz
demişkən, anadan, bacıdan gizlətdiyini kağız-qələmdən
gizlətməmisən. Əslində, sən
çox böyük ustalıqla dərd yuvası olmuş
ürəyinin şəklini çəkmisən. Mənim düşüncəmə görə,
söz insanın içinin ətridir. Məhz səni də sözün
tanıtdı və sevdirdi. Hər gün
"Ədalət" qəzetini ona görə vərəqləyirəm
ki, sənin şeirlərini oxuyum, ovqatından xəbər
tutum. Bu qəzetin bir məziyyətini də deməyi
özümə borc bilirəm: qəlibsizdir. Hər
kəsin fərdi üslubu, yazı tərzi özünəməxsusdur.
Ömrünün 55-ci pilləkanındasan, 100 hələ
qarşıdadı.Yaşın bu vədəsinə hansı ərməğanla
gəlmisən? Gözəl ailə sahibisən, qeyrətli oğulsan,
atasan, babasan,
qardaşsan, dostsan... və nəhayət,
istedadlı qələm sahibisən. Publisistikanla
poeziyan bir harmoniya təşkil etsə də, mən sənin
şeirlərini daha çox sevirəm. Sən
yazmağında, mən də oxumağımda davam edirik.
Özün necə deyirsən - "Qoşulub
axmıram selə, ömrümü vermirəm yelə".
Sən könlünü şeirə
bağlamısan, elə ömrünü də bu sehirli-sirli
"gözəl"in uğrunda əridirsən. Hirsini, hikkəni, nifrətini, sevgini, məhəbbətini,
həsrətini, nisgilini, umacağını,
dolanışığını söz-söz misralardan
çıxarırsan. Çox hallarda da laqeydliyə,
etibarsızlığa min mənalı söz atırsan:
Susub
qurudum yerimdə,
Ağrıdı
canı yerin də!
Qəm
etmə,günün birində-
Deyərlər,
başın sağ olsun...
Sənin
yaradıcılığın sözlərdən süslənmiş
gülüstana bənzəyir. Hər
çiçəyin öz adı, öz ətri var.
Duyğuların ləçək-ləçək bu zərifliyin
bağrında çırpınar. Bu
döyüntülərin əks-sədaya dönəni də
var, gurultular içində səssizlik tapanı da. Harayın eşidilməz,
amma sükutun qulaq dələr, ürək parçalayar.
Misraların tüstüsü kəsilmiş ocaq kimi qəlbimizi
çırta-çırtla yandırar:
Günüm
söz oyununda,
Gecəm qələmlə keçdi.
Əlim
qaldı qoynumda-
Ömrüm ələmlə keçdi.
Sən dərdə sözdən heykəl ucaltmış
şairsən.
Doğma Xocavənddən ayrı düşəndən
bəri nisgillərin çoxaldı. İşğalda
qaralan yurdlarımızın ağrısı ürəyində lövbər saldı.
Bakıda yaşasan da, işləsən də axşamlar evə
dönən də bir çaşqınlıq yaşadın. Doğmaca ünvana yox, müvəqqəti
məskunlaşdığın evin qapısını
döydün. İllərdi bu dərd səni
için-için göynədir. Günlərin birində xiffətinin
libası biçilmiş bir
şeirin mənim də dərdimi tərpətdi:
Bir ev qoyub gəlmişəm,-
açarları cibimdə.
Açarla
oynayıram-
çadırların
dibində.
Neçə gün özümə gələ bilmədim. Dolmuş
ürəyimi göz yaşlarım da soyutmadı. Bir də gördüm ki, sənə şeir
yazmışam. Bu, mənim
haqsızlığa etirazım, sənə də etirafım
idi.
Nə
olar, Əbülfət,
Sən
şeir yazma!
Yazdıqca
dərdlərim
Üzümə durur.
Gedə
bilmədiyim
O yollar ki
var,
Aşılmaz
dağ kimi
Gözümə durur.
Anam da
qoynunda
açar gətirdi.
Məni dərdlərinə
naçar gətirdi.
Necə də
sevirdi
elin,
obasın.
Əlləri
hər şeydən
üzülü getdi.
Bəlkə
də taledən
küsülü getdi.
Anamdan
nişanə
qalan o
açar
Qəlbimi
talayan
yağıya döndü.
Deyə
bilmədiyim
Sirrim,
sözüm var,
Sinəmə
dərd yığan
ağıya döndü...
Anamla yurdumu qoşa itirdim. Hərdən mənə
elə gəlir ki, Uruduma dönə bilsəm, yenə o bəxtəvər
günlərimə qovuşaram. Gör neçə əzizimin
gözləri yoldadır...
Əslində, Əbülfət Mədətoğlu
şeirlərində Amerika kəşf etməyib. Millətimizin, vətənimizin,
torpağımızın başına gələn müsibətləri,
soydaşlarımızın üzləşdiyi dəhşətləri,
keçirdiyi vahiməni, həyəcanı, pəjmürdəliyi,
pərişanlığı, didərginlik,
qaçqınlıq, köçgünlük sitəmlərini,
ağrı-acımızı
sözün qüdrətinə söykənərək
təsirli ifadə edə bilib, şeirə gətirmək tərzini
tapıb. Onu çoxundan fərqləndirən də
məhz budur. Doğru deyiblər ki,
şair olmurlar, şair doğulurlar.
Əbülfət Mədətoğlu son illərdə
demək olar ki, hər gün oxuduğum qələmdaşımdı.
Çalışdığı "Ədalət" qəzetində
dərc edilən
məqalələri ilə həmahəng şeirləri ürəyimə köz kimi
sıxılır. Maraqlıdır ki, ən dərdli
şerində də bir ümid işığı yanır:
Bəbəklərim
lillənir
Gözlərimin suyundan.
İynə
ucu işıq ver-
Tutub
çıxım quyudan!
Necə
deyiblər, dünya
köhnə dünyadır, sevgiləri təzədir.
Mənə görə isə, həyatda təzə
heç nə yoxdur. Məhəbbət, nifrət, vəfa,
xəyanət, etibar, satqınlıq, mərdlik, yaltaqlıq,
haqq, şər-bir sözlə, qara və ağ
insan var olan gündən mövcuddur. Sadəcə,
nəsillər bir-birini əvəzlədikcə hər şey
təzə görünür. Mənim
şair qardaşımın şeirlərinin əsas
mövzusu da məhz həyatımızın bu təzadlarıdır.
Di gəl, Əbülfət bu
saydığımız sifətləri özünəməxsus
şəkildə, çox sadə, amma elə tərzdə mənalandırır
ki, qalırsan heyrətdə. Evindən, eşiyindən
qovulan, min uçurumdan, qandan, qadadan keçən binəsiblərin
qaçqınlıq ağrılarını, əlacsızlığını
görün necə təsvir edib:
Qaçmırdı
o, qovulurdu evindən,
Qovulurdu
ellik ilə elindən!
Bir
canıydı qopardığı ölümdən-
Bu candan
da bezə-bezə gedirdi!
İsti ocağından, rahatlığından, ailəsindən,
qohum-qardaşından, elindən-obasından, torpağından
zorla ayrılmağın faciəsini ancaq bu dərdlə
baş-başa qalan, ürəyini-qəfil gərdişin
ocağında yandıranlar daha dərindən anlayarlar. Dərd sahibini
tapdığı kimi də yandırar, külünü
göyə sovurar, sonrada öz başına tökər.Yurdsuzluq
dərdindən betər nə ola bilər
ki?! Əbülfət dərdin də dərdinə qalır:
"Bir üzü var, bir sifəti, dərd olduğun
danmır ki, dərd".
Mən Əbülfət Mədətoğlunun şeirlərinin
bədii siqlətindən, sənətkarlıq xüsusiyyətlərindən
danışmadım. Düşünürəm ki, şairin
yaradıcılığını artıq ənənəyə
çevrilmiş üslubda təhlilə çəkmək
sovet ədəbiyyatının başlıca şərti idi.
Köhnəlmiş qəlibdir, artıq
özünü doğrultmur. Çox
hallarda da saxta alimlik adını almaq üçün döyənək
qafiyələri, məramı bəlli, çərçivəli,
pafoslu, ritorika ilə dolu şeirlərin üzərinə
yalançı pərdələr çəkilirdi. Şairin ağlına və qələminə gəlməyənlər
bu cür təhlilin predmetinə çevrilirdi. Nəticədə şair ya uduzurdu, ya da
dövrünün şöhrət pilləsinə ucaldılırdı.
Əsl həqiqəti isə zaman özü
imzalayır. Bir vaxtlar guruldayan şairlər olub ki,
indi zamanın məhkumuna çevriliblər. Nə oxucunun
yadına düşür, nə də tənqidçinin.Gələcəyə
gedən şairlər də var ki, həmişə bizimlədir!
Hər bir şeirin oxucu ürəyində öz yozumu
var. O şeirdə ki, canlılıq yoxdursa, həyatın
özü boylanmırsa... danışmağa dəyməz. Əgər
Əbülfət Mədətoğlunun şeirləri oxucusunu
düşündürürsə, heyrətə, riqqətə
gətirirsə, ürəyindən tikan çıxarırsa,
hətta kövrəldirsə... onun bədii və sənətkarlıq
məziyyətləri məlum deyilmi?! Qəribə,
olduqca sərrast bir misrası var: "Təzad günün
siması...". Həyatın
rənglərini anlayan insan həssas və bir qədər də
yuxa təbiətli olurlar. Mənim şair
qardaşım da belədir. Hər kəslə
dostluq etməz. Dost dediyinin yolunda isə
ölümə də gedər. Haqqı
unudub da haqsızlıq etməz. Xeyirdən-şərdən
qalmaz. Hər gün iş otağımın
qapısını açaraq məni salamlayandan sonra öz
işinin arxasınca gedər. Niyə bunları
xatırladıram? Söylədiklərim
insan mənəviyyatının aynasıdır. Şəxsiyyəti ilə yazdıqları həmahəngdir.
Ömrünün 55-ci qışını
tamamlayan qardaşıma, nəhayət, bir gün deməliydim
ki, mən sənlə qürur duyuram. Ürəyinsiz
kəlmə yazmırsan. Sənin də Azərbaycan
poeziyasında öz yolun, öz xidmətin, öz oxucuların
var.
Mənim düşüncəmə görə, bu selabların-selliyin içindən, yəni şairciklərin at oynatdığı meydandan çox kənarda Əbülfət Mədətoğlu yaradıcılığı bir bulaq kimi qaynayır: təbii, səmimi, təsiredici, düşündürücü. Bir şair ki, kədərin şirəsini ürəyinə çəkərək yaşamağa üstünlük verirsə, gör onun şeirləri hansı mətləbə köklənib. Xəyalları gerçəkləşmir, şahlığı göz qırpımında devrilir. Əslində, heç qəmlənməyə də dəyməz, çünki Əbülfətin şeirləri çiçək, cözü ləçək, qəlbi kövrək olan qələm sahibidir. Onu ondan sonra yaşadacaq söz varidatına malik olmaq hər kəsə qismət deyil. Bax, bu sarıdan Əbülfət Mədətoğlu dünyanın ən varlı insanlarından biridir. Şeirlərinin birində deyir:
Dolaşıq düşən günlərin
Kələfin çözmək çətindi...
Dərdin yumruqları altda-
Dayanıb dözmək çətindi!
Sənin söz qılıncın çox ovxarlıdır, qardaş! Özün deməmisən ki, dərdlərin sərhəddini çoxdan yarmısan! Qoy dərdin özü dərd çəksın ki, bizə sadiqliyi, vəfası ucbatından özü də yaşlaşdı, qocaldı. Məhəbbət ünvanlı şeirlərindən heç danışmadım. Açığı, mən anlamadım ki, sən hansı sevdanın dərdini çəkirsən. Sevdiyin ocağının başında, gözünün önündədi. Bəs bu giley dolu, xiffətli, həsrət yüklü misraların ünvanı niyə naməlum olsun? Yadıma İran müğənnisi, Ququş adı ilə tanınan azərbaycanlı Faiqə Atəşinin oxuduğu məşhur "Ayrılıq" mahnısı düşdü. Əslində, bu bir məhəbbət şərqisi idi. Əvvəllər belə də qəbul etmişdik. Sonra hər şey dəyişdi. Vətən həsrətindən üzülənlərin könül harayına çevrildi. İndi o mahnını eşidən kimi gözlərimizin önündə əlimiz yetməyən, səsimiz çatmayan yurd yerlərimiz canlanır. Düzmü tapdım, qardaş, sən Vətən Məcnunu, Qarabağ sevdalısan! Başqa cür də ola bilməz. Böyük Məmməd Araz demişkən, indi gərək hər anımız Vətən desin, təxminimiz, gümanımız, məhəbbətimiz, həsrətimiz Vətən desin!
Mübarək yaşını doğma yurdunda qeyd edə bilmədin. Bəlkə də heç xatırlamadın ki, ömrünün iki beşi yanaşı dayanıb. Səni sevənlər, dostların bu xiffəti yaşadılar. Günlərin şeirlə açılsın, müjdələrlə qarşılansın. Düşüncələrindən keçənlər, istəklərinə hakim kəsilənlər xəyal yox,gerçək olsun! Bizi Qarabağa - Xocavəndə ad gününə çağırasan. Əvəzində mən də borclu qalmayım, hamınızı ana yurduma - indi erməni əsarətində saralan Uruda dəvət edim. Ürəyim titrədi. Demişdim, ağlamayım, bacarmadım.Yadıma nə vaxtsa yazdığım misralar düşdü:
Daş da bizdən vəfalı,
Quş da bizdən vəfalı,
İldə bir yol Vətəndə
Qış da bizdən vəfalı...
Flora XƏLİLZADƏ
əməkdar jurnalist
525-ci qəzet.- 2013.- 28 dekabr.- S.7.