Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış

(davamı)

 

 

X əsrin əvvəllərindən başlayaraq Mötəzilənin ifratçılığa meyl edən rasionalizmi ilə Sələfiyyənin ehtiyaca cavab verməyən mühafizəkarlığı arasında mötədil bir metod təqdim edən sünnü kəlam məktəbləri İslam dünyasında fəaliyyətə başlamışdır. Əbu-l-Həsən əl-Əşari və Əbu Mənsur əl-Maturidiyə nisbət edilən və sonrakı dövrlərdə müsəlmanların böyük əksəriyyətini özlərinə cəlb edə bilən bu məktəblər təməldə Qurandan çıxış etməklə yanaşı əqli deduksiyaya müraciət etmiş, hədislərdə isə daha çox səmiyyət bəhsləri ilə məzhəblər arası fikri mübahisələrə yer vermişdir. İbn Teymiyyə, İbn Qayyim əl-Cövziyyə, İbnu-l-Vəzir kimi Sələfiyyənin son təmsilçiləri isə iman əsasları ilə bağlı əsərlərində Quran və hədisi qaynaq olaraq istifadə etməyə maraq göstərmişdirlər.

İslam dünyasında Hz.Əlinin xilafəti dönəmində ortaya çıxan şiə və xaricilik təmayülləri istər meydana gəlmə səbəbləri, istərsə də davamlı olaraq müdafiə etdikləri görüşlər və davranışlara görə siyasi firqə kimi qəbul edilmişdir. Hər iki məzhəb əməlin imandan bir cüz olduğu görüşündə Mötəzilə ilə birləşərkən, dövlət başçısı (xilafət) mövzusuna dinin təməl hökmləri arasında yer verdikləri üçün ondan (mötəzilədən) ayrılmışdırlar. Şiə xəlifənin Hz.Əli nəslindən olmasını şərt kimi irəli sürərək bundan başqasının qeyri-qanuni olduğu üzərində təkid etmiş, xaricilər isə xəlifə üçün dini fəzilətlərin tamamını ehtiva edən təqvadan başqa heç bir şərt irəli sürməmişdir. İmamət və onunla bağlı mövzular xaricindəki kəlam məsələlərində Şiə ümumilikdə Mötəziləyə bağlı qalaraq mövcudluğunu qoruduğu halda Mötəzilə öz adı ilə varlığını davam etdirə bilməmiş, xaricilər isə çox kiçik ibazi qruplar istisna olmaqla, günümüzə gəlib çatmamışdır.

Qurani-Kərim insanı kainatı yaradan və idarə edən bir uca varlığın qəbul edilməsinə dəvət edir. İnsan belə bir xüsusiyyətdə yaradılımış və bu qəbulu fitrət dili ilə iqraq etmişdir. Quran, inancsızlığı fitrətin süni şəkildə örtülüb təsirsiz hala gətirilməsi kimi dəyərləndirir. Belə ki, 500-dən artıq ayədə keçən "küfr" qavramının kök anlamı "bir şeyi örtmək və təsirsiz etmək"dir. Hz.Peyğəmbərin hər bir uşağın sağlam fitrət üzərində doğulduğunu, ancaq ata-ana və mühitin onu sapdırdığını bildirən hədisi də bu həqiqəti bir daha təsdiqləyir. Quranda kor-koranə təqlid, təkəbbür, bayağı arzulara məhkum olma, iradəsizlik kimi amillərin bərtərəf edilməsi, Allahın varlığının təbii olaraq qəbul edilməsi fikrindən çıxış etməklə bəşər üçün ən böyük təhlükə qəbul edilən şirkin rədd edilməsinə xüsusi önəm verilir. Quranda təbiətin funksiyasına diqqət çəkən qayə və nizam dəlili göstərilir. Yaradılış dəlili kəlamçılar tərəfindən hüdus, İslam filosofları tərəfindən imkan dəlili şəklində təqrir edilərək zəngin bir ədəbiyyat əmələ gətirilmiş, Sufiyyə isə kəşf və ilham yolunu tutmuşdur. İslam dininin etiqadi baxımdan ən bariz özəlliyi tövhid prinsipinə verdiyi önəmdir. Tövhid Allahdan başqa yaradıcı və məbud qəbul etməmə əsasına dayanır. Yaradanla yaradılan arasındakı təməl rabitə sevgidən ibarətdir. Cənabi-Haqqın "ruhundan üfürərək həyat verdiyi" insana yönəlik sevgisi Quranda birbaşa "hubb" (sevgi) və "vilayət" (dostluq) qavramları ilə ifadə edildiyi kimi rəhman, rəhim, rauf, afuv, ğafur, şəkur kimi adları ilə də bu sevgi açıqlanmışdır. Bununla yanaşı müxtəlif ayə və hədislərdə "ittiqa, xauf, xaşyət" və digər qavramlar işlədilərək Allahdan qorxma faktoru da vurğulanmışdır. Amma buradakı qorxu, hakim faktor olan Allaha yaxınlığın və sevginin itirilməsi istiqamətindədir. Belə şəraitdə Allahdan uzaq qalan və təməl rabitəni qoparan şəxs özbaşına buraxılaraq əzaba layiq olur. Tövhid inancının ilahi və bəşəri olmaqla iki tərəfinin mövcudluğunu söyləmək mümkündür. İlahi yönü Allahın avtoritetinin heç bir şəkildə paylaşdırılmamasıdır. Bəşəri yönü isə qulun ən üst səviyyədə sevilməyə və sayılmağa layiq yeganə varlıq olaraq Allahı qəbul etməsi, başqa heç bir varlığa bəşərüstü bir sevgi və itaət hissi duymamasıdır. Quran əvvəlki peyğəmbərlərin təbliğ və irşad fəaliyyətlərinin əsasının tövhid prinsipindən ibarət olduğunu bildirir. "(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!"- deyə vəhy etməyək"  məalındakı ayə bu həqiqətə işarə edir. Quranda şirk inancı ilah, şərik, şəfi, vəli, nasır kimi qavramlarla da ifadə edilir, bütlərə tapınmanın istər dünyada, istərsə də axirətdə heç bir faydasının olmayacağı vurğulanır.

Monoteist dinlərdə prinsip olaraq möminin Allahla birbaşa münasibət qurması, dua, niyaz və ibadətlərini Ona yönəltməsi, bağışlanmasını vasitəsiz olaraq Ondan istəməsi tələb olunur. Fövqəlşüur uca varlıqla yalnız Onu xarakterizə edən qavramlar yolu ilə əlaqə qurula bilər. Kəlam ədəbiyyatında ilahi adlar üçün daha çox sifət termini işlədilmişdir. Sözügedən qavramlar İslamın üluhiyyət anlayışını təlim-tədris üçün əlverişli bir şəkildə başa salmaq məqsədilə Allahın zatını tanıdan (zati) və kainatı yaradıb idarə etdiyini ifadə edən (feli) sifətlər olmaqla ikiyə ayrılır. Duyğularüstü bir varlığın tanıdılması üçün təcrübə dünyasında istifadə edilən, bənzətməni və məna ortaqlığını birləşdirən kəlmələrə müraciət etməkdən başqa çarə qalmır. Buna görə də sifətlər tənzihi (səlbi) və sübuti olmaqla iki qrupda nəzərdən keçirilir. Tənzihi sifətlər yaradılmışlara məxsus acizlik və əksiklik ifadə etdiyindən zati-ilahiyyədən nəfy edilməsi zəruri olan xüsusiyyətlər olub Allahın varlığı üçün başlanğıc və son müəyyən etməmək (qidəm, bəqa), yaradılmışlara bənzəməmək (müxaləfətun lilhavadis), başqasına möhtac olmamaq (qiyam binəfsih) və şəriki olmamaq (vəhdaniyyət) şəklində sadalanır. Sübuti sifətlər isə Allahın əzəli, əbədi, diri (həyat), bilən, eşidən və görən (elm, səm, basar) olması, iradə və qüdrətə sahib olması, peyğəmbərləri vasitəsilə qullarına mesaj (kəlam) göndərməsi kimi sıralanır.

Elm, qüdrət və iradə sifətləri ilə bağlı olan, amma müstəqil bir başlıq altında nəzərdən keçirilən qədər bəhsi Allahın hökmranlığının mütləqliyi ilə qulun müstəqilliyinin kəsişdiyi struktur bir özəlliyə sahib olduğundan inanc və düşüncə tarixinin əsas problemlərindən birini təşkil etmişdir. İnsanlara aid ixtiyari hərəkətlərin meydana gəlməsində ilahi bir müdaxilənin olub-olmadığı, əgər varsa onun mahiyyətinin nə olduğu sualı məsələnin məğzini təşkil edir. Müdaxilənin olmadığını söyləyənlərin (Qədəriyyə, Mötəzilə) Allahın elm, qüdrət və iradə sifətlərinin təsir sahəsini daraltdıqları, mövcudluğunu qəbul edənlərin isə (Cəbriyyə) qulun müstəqilliyini məhdudlaşdırdıqları, yaxud tamamilə ortadan qaldırdıqları qəbul edilmişdir. İlahi elmin insanın iradə sahəsinə girən hərəkətləri ilə öncədən (əzəldə) əlaqədə olub-olmaması sorğusuna qədər probleminin trianqulyasiya nöqtəsi kimi görmək mümkündür. Əslində bu problemin səbəbi zaman faktorudur. Zati-ilahi zaman və məkandan münəzzəh olduğu (uzaq olduğu) halda, insana məxsus idrak və əyləmlər bu iki faktordan (zaman və məkan) ayrı düşünülə bilməz. Bu nöqtədə qədər bir sirr örtüsünə bürünür. Əsasən metafizikanın və qeyb aləminin zirvə nöqtəsində olan üluhiyyət mövzularının tam bir açıqlıqla bilinməsi mümkün olmadığı kimi bu mövzudakı ifrat tərəddüd übudiyyətin zəruri etdiyi təslimiyyət prinsipi ilə də uyğun gəlməz. Nəticə etibarilə qədər də, insanın müstəqilliyi və cavabdehliyi də bir iman mövzusu olaraq qalmaqdadır.

Qurani-Kərimdə daha çox "rəsul" (mürsəl) və "nəbi" kəlmələri ilə ifadə edilən peyğəmbər Allahla qul arasında həm bir xəbərçi, həm də bir elçi olub imanın həyata keçirilməsini təmin edir, dinin fərd və cəmiyyət həyatındakı ölçülərini və sərhədlərini cızır. Quranda imanın həyatda əks olunması və haqq dinin təqdim etdiyi xoşbəxtliyin yaşana bilməsi üçün insanın yaradana və yaradılmışlara qarşı vəzifələrinə yer verilir və bu məqsədlə ibadət şəkilləri, əxlaq qaydaları, bəzi hüquqi proseduralar xatırladılır. Bir çox xüsus da Rəsuli-Əkrəmin sözlü və əməli sünnəsində açıqlanır. Qurani-Kərimdə qövmünün iman etməməsinə görə Rəsuli-Əkrəmin duyduğu dərin üzüntüyə təmas edildikdən sonra Hz.Musa ilə Harun, İbrahim, Nuh, Hud, Saleh, Lut, Şueybin və Hz.Muhammədin mücadilələri xatırlanmış, bu "etibar edilən elçilərin" doğru dinə dəvət etdikləri bildirilmişdir. Peyğəmbərlərin vəzifələri son peyğəmbərin şəxsində belə müəyyənləşdirilmişdir: "Ey Peyğəmbər! Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdaredici olaraq göndərdik. Allahın izni ilə Onun yoluna bir dəvətçi və nur saçan bir qəndil olaraq göndərdik".

Aralarında bəzi fərqli görüşlərin olması ilə yanaşı bütün kəlam alimləri peyğəmbərlərin elçilik vəzifələrində yanlışlıqdan qorunduqları, şəxsi həyatlarında isə şəxsiyyət zədələyici və mənəvi liderlik vəsfinə xələl gətirici davranışlardan uzaq olduqları fikrində müttəfiqdirlər. Quranda Hz.Muhammədin son peyğəmbər olduğu ifadə edilmiş, Rəsulullahın özü də müxtəlif açıqlamalarında bunu dilə gətirmişdir.

İsnəaşəriyyə şiəsi nübüvvətin Hz.Muhammədlə sona çatdığını qəbul etməklə yanaşı peyğəmbərlərə xas olan qeyb bilgisi ilə günahdan qorunmuşluq vəsfinin on iki imamda davam etdiyini qəbul etmişdir. Onlara görə ilk məşru (legitim) xəlifə Hz.Əlidir. İki əsr yarım Əli nəslindən gələn on bir imamla davam edən xilafət üçün 265-ci ildə (879-cu il) on ikinci imamın canlı olaraq qeyb olması ilə bir gözləmə dövrü başlamışdır. On ikinci imam Mehdi sahibu-z-zaman bir gün zühur edərək müsəlman aləmində ədaləti bərpa edəcək və Şiə iqtidarı hakim olacaqdır.

Nübüvvət prinsipi içində mütaliə ediləcək mövzulardan biri kitablara imandır. Qurani-Kərimdə hər bir peyğəmbərin vəhy aldığı bildirilir. Bunlar arasında Nuh, İbrahim, İsmayıl, İshaq, Yaqub, Musa, İsa, Əyyub, Yunis, Harun, Süleyman və Davud adbaad anılır. Vəhyləri bir araya gətirən mətnlərdən "suhuf" deyə bəhs edilir və bunlar Hz.İbrahim, Hz.Musa və Hz. Muhammədə nisbət edilir. Ayrıca Hz. Davuda Zəbur, Hz.Musaya Tövrat, Hz. İsaya İncil və Hz.Muhammədə Quranın verildiyi bildirilir. Quranın baş tərəfində qurtuluşun şərtləri içində Hz.Muhammədə endirilən vəhy ilə yanaşı ondan öncə endirilənlərə də iman edilməsi zikr edilmiş, Hz.Peyğəmbər də keçmiş nəbilərdən sayğı ilə danışmış, onlara iman etdiyini bildirmiş, bəzilərinin adını zikr etmiş və onları qardaş deyə xarakterizə etmişdir.

Cibril hadisəsində yer alan inanc əsaslarından biri də mələklərə imandır. "Elçi, güclü, qüvvətli, sərəncamda olan, idarə edən" mənalarına gələn "mələk" kəlməsi Quranda səksən səkkiz yerdə keçmişdir. Quran mələklərin şəkli haqqında iki, üç, yaxud dörd qanadlı olduqlarından başqa hər hansı bir məlumat verməmiş, onların prinsip olaraq insanlar tərəfindən görülməyəcəyini ifadə etmişdir. Mələklərin vəzifələrini bu şəkildə sadalamaq olar: Allahı təqdis etmək, peyğəmbərlərə salavat gətirmək, möminlərin bağışlanması üçün dua etmək, Allahla peyğəmbərlər arasında elçilik etmək, başda peyğəmbərlər olmaqla Allaha yönələn mömin qullara mənəvi güc vermək, sıxıntılı və üzüntülü anlarda onlara təsəlli vermək. Bundan əlavə mələklərin qiyamətin qopması ilə başlayacaq axirət həyatının tənzimlənməsində də vəzifə aldıqları anlaşılır. Mələklərin insanla əlaqəsi Hz.Adəmə və dolayısı ilə onun nəslinə sayğı göstərməklə başlamışdır. "İnsanın önündə və arxasında onu pis hadisələrdən qoruyan təqibçilər vardır" ayəsindəki "təqibçilər"dən məqsəd müfəssirlərin əksəriyyətinə görə qoruyucu mələklərdir. Mələklərin eyni zamanda yaxşı və pis əməlləri qeyd etdiyi bildirilir. Dünya həyatı ilə vidalaşma ölüm mələyinin ruhu qəbz etməsi ilə gerçəkləşir. İslamın insana verdiyi dəyəri bildirən çox sayda ayə və hədislərdən çıxış edən kəlamçıların əksəriyyəti insanın mələkdən üstün olduğu qənaətindədirlər.

(Ardı var)

 

İdris ABBASOV

525-ci qəzet.- 2013.- 28 dekabr.- S.6.