İsi Məlikzadənin "Qırmızı yağış" kitabının təqdimatı olub

 

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində yazıçı İsi Məlikzadənin ilk dəfə latın qrafikası ilə nəşr olunan "Qırmızı yağış" romanının təqdimat mərasimi keçirilib.

Təqdimatda ədəbiyyat adamları, oxucularla yanaşı  yazıçının ailə üzvləri də iştirak ediblər.

Gənc yazar  Fərid Hüseyn bildirib ki, "Eşq" seriyası layihəsi çərçivəsində, diqqətdən kənarda qalan ədiblərin silsilə əsərləri nəşr edilir. Bundan əvvəl Eldar Baxışın, Məmməd Orucun kitabları bu layihə çərçivəsində çap olunub. Onun sözlərinə görə, İsi  Məlikzadənin əsərləri müəyyən dövrlərdə çap olunsa da, nədənsə "Qırmızı yağış" romanı kölgədə qalıb.

Kitabın redaktoru Mübariz Rəfiyev İsi Məlikzadənin XX əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi və povest janrının ən mahir yaradıcılarından biri olduğunu vurğulayıb: "Onun bir çox hekayələri şirinliyi, baməzəliyi və yumoru ilə seçilir. Əsərlərində keçən əsrin ortalarında Azərbaycan kəndlisinin yaşayışı, güzəranı yüksək sənətkarlıqla təsvir olunur. İsi Məlikzadənin "Qırmızı yağış" romanında da təmizlik, saflıq diqqət mərkəzindədir və bir ailənin timsalında bütövlükdə cəmiyyətin problemlərinə toxunulur. Əsərdə yaltaqlıq, qorxaqlıq, riyakarlığın sonda insanı mənəvi uçuruma aparması göstərilir".

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli İ.Məlikzadənin Azərbaycan ədəbiyyatının və povest janrının inkişafındakı xidmətlərindən danışıb. O, bu kitabın ərsəyə gəlməsində Fərid Hüseynin böyük xidməti olduğunu söyləyib: "İnsanlar bu kitabın ərsəyə gəlməsində İsi Məlikzadənin ailə üzvlərindən, yaxın qohumlarından birinin rolu olduğunu düşünə bilər. Ancaq belə addımı İsi Məlikzadənin əsərlərinə, yazılarına heyran olan şəxs nəşr etdirib. Əgər biz onun yazılarını nümunə kimi götürürüksə deməli, o, layiqli söz ustasıdır. Gənclər İsi Məlikzadəni oxuyub necə yazmağı ondan öyrənə bilərlər".

Daha sonra İsi Məlikzadənin dostları, ailə üzvləri yazıçı haqqında xatirələr danışıblar.

Qeyd edək ki, "Həsrətin sonu", "Özgə anası", "Quyu", "Kövrək qanadlar", "Küçələrə su səpmişəm", "Yaşıl gecə", "Günəşli payız", "Dədə palıd" kimi dəyərli kitabların müəllifi İsi Məlikzadə 1995-ci ildə vəfat edib.

 

RAMİL

525-ci qəzet.- 2013.- 28 dekabr.- S.7.