Bəhruz Axundov: "Kitab çapı, nəşriyyat
işi mənim üçün əqidə məsələsidir"
"GƏRƏK
ELƏ YAŞAYAQ Kİ, FİZİKİ ÖMRÜMÜZ
BİTDİYİ ANDA İKİNCİ - MƏNƏVİ
ÖMRÜMÜZ BAŞLASIN"
Müsahibim
həyatını sözə, kitaba bağlayan, ona
könül verib ürəyindən keçirən
tanınmış naşir, "Təhsil-Nəşriyyat-Poliqrafiya"
müəssisəsinin baş direktoru, Azərbaycan Naşirlər
və Poliqrafçılar İctimai Birliyinin sədri, Əməkdar
mədəniyyət işçisi, dosent Bəhruz Axundovdur. Yanvarın 2-də 60 yaşı tamam olacaq yubilyarla
söhbət zamanı gözümüz önündə sanki
rəhbərlik etdiyi nəşriyyatın məhsulu kimi keyfiyyətli,
nəfis və oxunaqlı bir kitab vərəqləndi. Düşünürük ki, bu kitabın səhifələrini
çevirmək oxucularımız üçün də
maraqlı olacaq.
AİLƏM:
KİŞİNİN ARXA CƏBHƏSİ MÖHKƏM
OLMASA, HƏYATDA ÖNƏMLİ UĞUR QAZANA BİLMƏZ
Ailə baxımından özümü bəxtigətirmiş
hesab edirəm.
Ziyalı ailəsində dünyaya gəlmişəm.
Atam Həsən Axundov Qarabağda hamı tərəfindən
qəbul olunan mötəbər bir ağsaqqal,
tanınmış şəxsiyyət olub. İşlədiyi
vəzifələr bir yana, 64 illik pedaqoji təcrübəsi
vardı. Məni tanımayan adamlar üçün gəncliyimdə
tərcümeyi-halım bir cümlədən ibarət olub: Həsən
Axundovun oğludur. Bu bir cümlə ilə
bağlı qapılar üzümə açılıb.
O vaxtlar bunu çox da dərk eləmirdim və ürəyimdə
fikirləşirdim ki, özümü nə vaxt tanıyacaqlar.
Sonra anladım ki, həyatda özünü təsdiq
eləmək üçün dolu bir ömür
yaşamalısan. Düşünürəm
ki, mən bu ömrü yaşadım. Ailə
də kiçik dövlətdir. Şərq
reallığında, Azərbaycan gerçəkliyində ailə
başçısı kişidir və mən bunu
düzgün, qanunauyğun hesab edirəm. 3
övladım, 7 nəvəm var. Onları həyatda ən
böyük kapitalım, varım-dövlətim hesab edirəm.
Kişinin arxa cəbhəsi möhkəm olmasa,
həyatda önəmli uğur qazana bilməz. Həmişə mənə dəstək verən
ailəm olduğu üçün özümü xoşbəxt
sayıram.
VƏTƏNİM:
XALQIMIZ XOŞBƏXTDİR Kİ, ONUN HEYDƏR ƏLİYEV
KİMİ LİDERİ VAR
Mən qarabağlıyam, məlum münaqişə
vaxtı Bakıda yaşasam da, Vətən, yurd itkisi həmişə
içimdə qövr eləyib. Qarabağı geri
qaytarmaq üçün biz hamımız Ali Baş
Komandanın ətrafında yumruq kimi birləşməliyik.
Mənim xalqım xoşbəxtdir ki, onun Heydər
Əliyev kimi lideri var. Bu gün onun qoyduğu yolu cənab
İlham Əliyev davam etdirir. Baxın, biz
hardan hara gəlmişik? Bu gün Azərbaycanın
sabitliyi tam təmin olunub. Amma vaxt vardı,
günün günortaçağı qadınların
qulağıqarışıq sırğasını
dartıb aparırdılar. Gözümlə
bunun şahidi olmuşam. Hətta bəzi
Avropa ölkələri ilə müqayisəli götürsək,
bizdə sabitlik ən yüksək səviyyədə təmin
edilib. Təyyarə ilə Bakının
üzərində dövrə vuranda şəhərin mənzərəsindən
adamın ürəyi dağa dönür. Bakı son dövrlərdə nə qədər
gözəlləşib, abadlaşıb. Bunlar
özbaşına olmayıb ki? Azərbaycan
demokratik modelli bir ölkə kimi artıq beynəlxalq tədbirlərin
keçirildiyi bir məkana çevrilib. Bütün
bunlar isə məqsədyönlü siyasətin bəhrəsidir.
İŞİM:
NAŞİRLİKDƏ ÖZÜMÜ TAPMIŞAM
30 ildir nəşriyyat sahəsindəyəm. Kitab çapı, naşirlik işi mənim üçün əqidə məsələsidir. Bundan əvvəl jurnalistlik fəaliyyətim olub, hazırda yazıçılıqla da məşğul oluram, Yazıçılar Birliyinin üzvüyəm, bir neçə kitabın müəllifiyəm. Pedaqoji fəaliyyətim var, universitetdə dərs deyirəm. Gənclik vaxtlarımdan bəri məsul vəzifələrdə də çalışmışam, elmi işlə də məşğulam, dosentəm. Amma qəlbən və ruhən daha çox naşirəm. Mən naşirlikdə özümü tapmışam. 1992-ci ildə ağır avtomobil qəzası keçirdim, az qala tikə-tikə olmuşdum, iki il gipsdə yatdım, ağır əməliyyatlar keçirdim. Onda bir daha başa düşdüm ki, sağlamlığım Qarabağ müharibəsində vuruşmağa imkan verməsə də, naşirliklə Vətənə xeyir verə bilərəm. Elə həmin ilin sonunda "Təhsil" nəşriyyatını təsis elədik. "Təhsil" müstəqillik dövrünün dövlət qərarı ilə təsdiqlənən ilk nəşriyyat oldu. 2007-ci ilədək "Təhsil"i dövlət nəşriyyatı kimi qoruyub saxladıq, lakin sonra məcburi özəlləşmə aparıldı. Özəlləşmədən sonra kollektivin birgə əməyi ilə nəşriyyatı yenidən qura bildik. Rəhbərlik etdiyim üçün demirəm, "Təhsil" nəşriyyatına ürəyimi qoymuşam. Hər kitabı bir balam hesab edirəm. Elə buna görə də işimizi həm ölkədə, həm də xaricdə yüksək qiymətləndirirlər. Avropada və başqa yerlərdə dəfələrlə Qran-prilərə, qızıl medallara layiq görülmüşük. Avropa ölkələrindən gəlib bu iş təcrübəsini bölüşmək istəyirlər. Sovet dönəmində nəşriyyat və poliqrafiya bir-birindən ayrı olub, amma əslində onlar həm bir-birindən asılı, həm də bir-birinə möhkəm şəkildə bağlı qurumlardır. Nəşriyyat və poliqrafiya kitabın valideynləridir. Nəşriyyatın fəaliyyətini mətbəə tamamlayır. Biz həmişə bu uğurlu vəhdət üçün çalışmışıq və düşünürəm ki, buna nail olmuşuq. Eləcə də ölkəmizdə bir neçə nəşriyyat buna müvəffəq olub. Hazırda özəl nəşriyyat olsa da, "Təhsil"in bünövrəsi, ənənəsi var. Artıq 20 ildir bu nəşriyyat fəaliyyət göstərir. Bildiyiniz kimi, Milli Məclisdə də son dövrlərdə nəşriyyatların əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələ qaldırılıb. Bunlar kitab işinin inkişafına təkan verəcək addımlardır. Kitab işinin inkişafı zəruridir. Çünki hər bir kamil insanın həyatında kitab mühüm rol oynayır. İndi həyatımız müasirləşib, İKT inkişaf edib, elektronlaşmışıq. Ancaq bunların heç biri kitabı əvəz eləyə bilməz. Elə bu texnologiyaların inkişafı da birbaşa kitabla bağlı deyilmi? Elektron kitablar, xüsusilə də elektron sorğu kitabları, operativ məlumatlar olmalıdır, bu zamanın tələbidir. Əgər elektronlaşma olmasaydı, bəşəriyyət, sivilizasiya bu səviyyəyə gəlib çata bilməzdi. Ancaq əslində İKT-nin inkişafı kitabın əvəzolunmazlığını bir daha sübut etdi. Bəzən deyirik ki, bizim xalqımız kitab oxuyan deyil. Tamamilə yanlış fikirdir və hər yerdə buna münasibətimi bildirmişəm. Yaxşı kitabı nə vaxt oxumadıq ki? Sadəcə olaraq, millətimiz bir az vərdişdən qalıb. Bakıda vaxtilə 150-dən artıq kitab mağazası vardı. Bu gün isə onlar barmaqla sayılacaq qədərdir. Olanlar da kommersiya cəhətdən özünü doğrulda bilmir. "Təhsil" yeganə nəşriyyatdır ki, özünün kitab evi var. Ziyana işləsə də, başqaları da örnək götürsün deyə, nəşriyyatın hesabına onu saxlamışıq və saxlayacağıq. Qoy şəhərimiz kitab mağazaları ilə gözəlləşsin. Türkiyədə, Rusiyada, Baltikyanı ölkələrdə, eləcə də uzaq xaricdə oluram, hamısında da az qala hər küçədə böyük kitab mağazaları fəaliyyət göstərir. Və onların hamısını içi dolu, qapısında da növbə görmuşəm. O kitab mağazalarının qarşısında ərimişəm ki, niyə bizdə də bu yoxdu? Amma bununla belə, ölkəmizdə son dövrlərdə kitab işində bir yüksəliş var. Kitabla bağlı keçirilən tədbirlər, ənənəvi kitab-satış yarmarkaları da bunu sübut edir. Belə tədbirlərdə iştirak edən insanların sayı millətimizin kitaba marağının ölmədiyini deməyə əsas verir. Əvvəla, kitabın yaxşı məzmunu olmalıdır. Bundan sonra isə oxucunu kitabın üz qabığı, keyfiyyəti, rəngi-ruhu cəlb edir. Bunlar hamısı bir-biri ilə uzlaşsa, yəni, yaxşı məzmunlu kitab yaxşı dizaynla buraxılsa, kitab sevilər, kitab mağazaları da çoxalar. Camaat yaxşı kitabı alar da, oxuyar da.
VƏZİFƏM: NƏŞRİYYATLARIN QEYDİYYATI İLƏ YANAŞI, ONLARA NƏZARƏT DƏ ÇOX VACİBDİR
Yeni yaradılan Naşirlər və Poliqrafçılar İctimai Birliyi nəşriyyat sahəsindəki boşluğu doldurdu. Birlik bu sahədə bir əlaqələndirici, istiqamətləndirici qurum olaraq çalışır ki, Azərbaycanda kitab, nəşr mədəniyyətini yüksəltsin, beynəlxalq aləmdə kitabımızı tanıtsın. Nəşriyyatlar arasında əlaqəni saxlamaq, eləcə də koordinasiya məsələsi vacibdir. Tutalım ki, Azərbaycanda bir nəşriyyat Sabirin "Hophopnamə"sini buraxır, ondan xəbəri olmayan başqa bir nəşriyyat da bunu buraxa bilər. Həm də demokratik prinsiplərə riayət etməklə, nəşriyyat işinə mütləq dövlət nəzarəti olmalıdır. Hansısa qurumun tərkibində səlahiyyətli bir orqan olmalı, bu işə nəzarət etməlidir. Son vaxtlarda baş verən bir neçə hadisə göstərdi ki, kitab çox strateji sahədir. Elə nəşriyyatlar var ki, nə ünvanı məlumdur, nə də gördükləri iş. Nə qədər yumşaq desəm də, buraxdıqları çap məhsulları bəzən dövlətçiliyimizə, müstəqilliyimizə zidd nəşrlər olur, plagiat da həmçinin. Nəşriyyatların qeydiyyatı ilə yanaşı onlara nəzarət də çox vacibdir, xüsusilə regionlarda bu iş nəzarətsizdir. 200-dən yuxarı nəşriyyat, 400-dən də artıq mətbəə qeydiyyatdan keçib. Demirəm ki, bunlar sərt idarə olunsun, demokratik prinsiplər pozulsun, sadəcə olaraq bunların fəaliyyət növü aşkar olmalıdır. Həyatımızın yaxşı mənada böyük bir hissəsini təşkil edən kitaba, çap məhsullarına niyə dövlətin nəzarəti olmasın? Düzdür, Naşirlər və Poliqrafçılar İctimai Birliyi var, amma səlahiyyətləri məhduddur. Bu azad, demokratik, ictimai bir qurumdur. Əlaqələndirici işlər görür, tədbirlər keçirir, üzvü olan nəşriyyatlara yardım edir. Əlbəttə, arzulardıq ki, Birliyə xüsusi status verilsin. Bu işin arxasında dövlət durmalıdır. Bununla bağlı bir sıra dövlət qurumlarına, Nazirlər Kabinetinə təkliflər də vermişik. Ümid edirik ki, nəşriyyat işinə nəzarət məsələsi yaxın vaxtlarda öz müsbət həllini tapacaq.
MƏSLƏKDAŞLARIM: ƏLDƏ ETDİYİMİZ BÜTÜN UĞURLARDA BU KOLLEKTİVİN ƏMƏYİ VAR
"Təhsil" kollektivi həmişə böyük bir ailə kimi olub. Kollektivimizdə 130-a yaxın şəxs çalışır. Dərdimiz, sevincimiz bir olub. Bəzən bir yerdə əl-ələ, baş-başa hansısa dərslik, yaxud vacib dövlət nəşri üzərində sabaha qədər çalışmışıq. Bəzən evimdəki hansısa əşyanı satıb işçimin maaşını vermişəm. Elə çətin vaxtlarımız olub ki, mənimlə yanaşı, buranın işçiləri banka girov qoyub kredit götürüb dərslik çıxarmışıq. Əldə etdiyimiz bütün uğurlarda bu kollektivin əməyi var. Onlar hamısı mənim məslək dostlarımdı, yol yoldaşlarımdı. Söhbət işdən gedəndə doğma oğluma belə güzəştə getmərəm. Rəhbər şəxsin amalı ilə əməli bir olmalıdır, düz olmalıdır. Demirəm ha, mənim heç səhvim yoxdu, bəzən mən də lazım olandan artıq haqsızlıq etmişəm, səhvlərim olub. Amma böyük mənada səhv etməməyə, həmişə balansı, haqqı gözləməyə səy göstərmişəm.
Vaxtilə komsomol katibi ola-ola, vəzifəmi böyütmək ərəfəsində büroda sovet hökumətinin əleyhinə sözümü dedim və çıxdım. Yalanla yaşaya bilmədim və bunu birbaşa rejimin üzünə söylədim. Düzdü, o vaxt da kişilər də vardı, xalqını sevənlər də, amma yəqin ki, o yalanları qəbul edib yaşamağa məcbur idilər. Mən isə onda özümü məcbur hesab eləmədim. Buna görə də özümü xoşbəxt hesab edirəm. İnsanın özünə, daxili "mən"inə qarşı yaşamasından böyük cəza yoxdur. Belə olduqda insan ikiləşir. İnsanda fitrən elə bir istedad var ki, hamını aldada bilər. Amma nə qədər istedadlı olsa da, özü-özünü aldada bilməz. İnsan nə vaxta kimi rol oynaya bilər ki?
Hətta ehtiyacımız olduqda belə, heç vaxt pul xatirinə, inanmadığımız, yazısına qiymət vermədiyimiz şəxsin babası haqqında, ya da nə bilim kiminsə haqqında yazdığı mənasız kitabları çap etməyə icazə verməmişik. Çünki kitab çapı mənim üçün əqidə işidir. Hətta bir dəfə biri çox təkid eləyəndə dedim ki, bu, kitabdı, tarixdə qalacaq. İstəmirəm nə zamansa, belə kitabları yazanlarla bərabər onu nəşr edənə də söysünlər. Bunu eləyə bilmərəm, ürəyimdə xal qalar. Hər şey maliyyə ilə ölçülmür ki. Neçə-neçə istedadlı yazarın kitabını təmənnasız çap eləmişik. Paradoksal hal budur ki, yaxşı yazanın nəşr imkanları olmur.
İndiyədək bircə an belə hiss eləməmişəm ki, bura özəl bir nəşriyyatdır, mən də direktoram. Özümü burada adi işçi hesab etmişəm. Yeri gələndə dizayner oluram, lazım olanda fəhlə. Bu Vətəni bizdən də çox sevən övladlar olub: bizim şəhidlərimiz! Bizim vəzifəmiz isə onların adını əziz tutub övladlarına yaxşı baxmaqdır. İndiyə qədər mətbuata açıqlamamışdım: "Təhsil" kollektivi 20 ildir ki, 40-dan artıq şəhid ailəsini himayəsinə götürüb, onların övladlarının əlinin çörəyə çatması üçün əlindən gələni edib. Bu gün də bu ənənəni davam etdiririk. Bunu reklam üçün eləmirik. Allah bizə imkan veribsə, bu imkandan bəhrələnib, başqalarına da yardım əli uzatmalıyıq. Bunu müqəddəs Qurani-Kərim də deyir, xalqımızın milli adət-ənənəsi də, keçmişimiz də.
ÖMRÜM: GƏRƏK ELƏ YAŞAYAQ Kİ, HESABAT MƏQAMINDA ÖZÜMÜZ ÖZÜMÜZÜ BAĞIŞLAYA BİLƏK
Fikrimcə, insanın iki ömrü var. Birincini - fiziki
ömrü Allahın əmri ilə valideynləri insana avans
verir. Həmin ömrü elə yaşamalısan ki, o bitəndən
sonra ikinci ömrün başlasın. İnsanın
fiziki ömrünün başa çatdığı gün
ikinci, yəni, mənəvi ömrü başlayır. Məncə, elə əsl ömür də odur.
Əlbəttə, hamı ictimai xadim, yaxud dahi şəxsiyyət
ola bilməz. Amma
doğmalarının, dostlarının, səni sevənlərin,
xeyirxahlıq etdiyin insanların yaddaşında xoş əməllərinlə
yaşamaq da elə bir ömürdür.
Mənim həyatım qaçhaqaçlarda keçib. Neçə yaşım olduğunu, nə iş gördüyümü düşünməyə vaxtım olmayıb. Hamıya aid olan istirahət günü bəzən mənə aid olmayıb. Həmişə ən böyük amalım millətə, dövlətə və dövlətçiliyə xidmət olub. Ömrüm boyu bu amal uğrunda mübarizə aparmışam. Yeri gəlmişkən, fəaliyyətimi qiymətləndirib məni Əməkdar mədəniyyət işçisi fəxri adına layiq gördüyünə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, hər bir vətəndaş yaşından, statusundan, vəzifəsindən asılı olmayaraq Vətənə töhfə verməyə çalışmalıdır.
Hər axşam özüm-özümə hesabat verirəm. Səhvlərimi, doğrularımı vicdan tərəzisinə qoyuram. Təbii ki, insan səhvdən xali deyil. İnsan özünün ən yaxşı hakimidir. Gərək elə yaşayaq ki, hesabat məqamında özümüz özümüzü bağışlaya bilək. Özünü əfv etməyi bacaran insanı hər kəs bağışlayır və sevir, belələri bu dünyadan da təbəssümlə ayrılır. Həyat dediyimiz nə qədər mürəkkəbdirsə, o qədər də sadədir. Bunun üçün baş sındırmaq vacib deyil. Həyatı sadəcə yaşamaq lazımdır: doğru və dürüst.
Sevinc
MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 28 dekabr.- S.4.