Din elmlərinin məzmun və mahiyyətinə müfəssəl baxış

(davamı)

 

 

Təməl iman əsaslarının üçüncüsünü təşkil edən axirət qiyamətin qopması ilə başlayır. Qurani-Kərimin təqribən qırx ayəsində dünyanın son anından bəhs edilərkən onun qəflətən baş verəcəyi, baş verəcəyi vaxtın yaxın olduğu, amma kimsə tərəfindən bilinməyəcəyi qeyd olunur. Qiyamətin qopmasının yaxın olduğu Hz.Peyğəmbərin aşağıdakı hədisində dəstəklənmişdir: “Mənə peyğəmbərlik verilməsi ilə qiyamətin qopması bu iki barmağım kimi yaxındır". Ayələrdə bəhs edilən qiyamət əlamətləri müfəssirlər tərəfindən axır zaman peyğəmbərinin zühuru və möcüzə göstərməsi şəklində yorumlanmışdır. Qəbir həyatı axirətin ilk mərhələsi kimi qəbul edilir. Qurani-Kərim ölümlə qiyamət həyatının başlanğıcı sayılan surun çalınması arasında “bərzəx" adlanan bir aləmin mövcudluğunu bildirmişdir. Son anlarını yaşamaqda olan yaxşı bəndələrə mələklərin gələcək həyatdan müjdə verdikləri ifadə edilir. Pislərin qəbirdə əzaba düçar olacaqlarına dair ayələr vardır. Qəbir həyatına yanaşmada məzhəblər arasında müəyyən fərqlər vardır. Bəziləri qəbir həyatının gerçəkliyini qəbul etdikləri halda, digərləri bunun həqiqətə uyğun olmadığını söyləyirlər. Birincilərə sünni kəlam alimlərini, ikincilərə isə mötəzilə və şiə kəlamçılarını misal göstərmək olar. Qurani-Kərimdə “hər şeyi alt-üst edən sarsıdıcı hadisə, qulaqları batıran səs" kimi təsvir edilən, xüsusilə Ammə, Təkvir, İnftar, İnşiqaq, Qaria surələrində doğuracağı kosmik dəyişikliklərə təmas edilən qiyamətin qopması, kosmik hadisə olduğu anlaşılan surun çalınması ilə gerçəkləşəcək və sura ikinci üflənişlə bütün insanlar yenidən həyata qaytarılacaqlar. Bütün bunlardan çıxış edərək qiyamət hallarını üç nöqtədə xülasə etmək olar: həşr, hesab, cənnət və cəhənnəm. “Toplamaq" anlamındakı “həşr" həm yenidən həyata qovuşdurmağı (bəs), həm də sorğu-sual edilmələri üçün bütün insanları bir yerdə toplamağı ifadə edir. Bir çox ayədə qiyamət üçün təkrar edilən “hesab" qavramından başqa “doğru ilə yanlışın ayırd ediləcəyi gün" mənasında “yaumu-l-fasl", “cəza və mükafat günü" anlamında “yaumu-d-din" tərkibləri də yer tutur. Axirətdəki hesab çərçivəsinə mizan və əməl dəftəri də daxil olur. Quranda “çəkmək" mənasındakı “vəzn" ilə "tərəzilər" anlamındakı “məvazin" kəlmələri qiyamət üçün işlədilmişdir . Dilimizdə “əməl dəftəri" kimi tanınan və “insanın dünyadakı davranışlarının qeyd edildiyi jurnal" kimi tərif edilən sənəd Quranda "kitab" (yazılmış, qeyd edilmiş) qavramı ilə xatırlanır. Bəzi mötəzilə kəlamçıları hesab, mizan və əməl dəftəri ilə bağlı mətnləri məcazi mənada qəbul etmiş və nəzərdə tutulan şeyin ədalətin gerçəkləşdirilməsindən ibarət olduğunu söyləmişdirlər. Quranda qiyamət günündə insanların əlləri, ayaqları, gözləri, qulaqları və bədənlərinin, sahiblərinin gördükləri işlərdən xəbər verəcəkləri və təsdiq edəcəkləri qeyd edilir. Bu cür açıqlamaları insanın öz genləri və ya bədənin bir parçası üzərində əmələ gəlmiş qeydlər şəklində yorumlamaq mümkündür. Bir çox ayədə hesabdan sonra son varış yeri olan cənnət və cəhənnəm xatırlanır. Cənnətin əbədiliyi barəsində fikir birliyi olsa da, cəhənnəmin əbədiliyi mübahisə mövzusu olmuşdur. "İşgəncə" mənasındakı əzabın ilahi ədalət nəticəsində sona yetəcəyi, ancaq cəhənnəm əhlinin ölümsüz olduğuna  və oradan heç bir zaman çıxa bilməyəcəyinə dair mətnlərin açıqlaması çərçivəsində cəhənnəmdə olanların cənnət əhlinin qovuşduğu nemətlərdən uzaq olması anlamındakı əzabdan qurtula bilməyəcəklərini söyləmək dəqiq görünməkdədir.

 

Cahiliyyə dövrü bütpərəst ərəbləri ümumilikdə ən böyük məbud olan Allaha inanmaqla yanaşı günəş, ay və müxtəlif ulduzların simvolu olan bütlərin həqiqi yaradıcının yardımını təmin etməkdə şəfaətçi olacağına inandıqları üçün Allahı tərk edib bütlərə ibadət edirdilər. Başlıca ibadət formaları isə bütxanalarda dua və səcdə etmək, Kəbəni təvaf etmək, nəzir demək, qurban kəsmək və sədəqə verməkdən ibarət idi. Ümumiyyətlə, axirətə inanmadıqları üçün bu ibadətlərdən gözlədikləri də tamamilə dünyəvi idi. Hz.Peyğəmbərlə gerçəkləşən İslam dini tövhid əqidəsini bərqərar etməyi birinci hədəf seçmiş, bunun üçün əsas sayılan bir mənəvi və əxlaqi bünövrə formalaşdırılmışdır. Allaha iman, peyğəmbərlərə bağlılıq, dünya həyatının keçici, axirətin əbədi olduğu inancı, təvəkkül, təqva, xuşu, ixlas, səbr kimi dini təməl və qavramlar üzərində təkidlə durulmuşdur. Təqribən on il davam edən bu təbliğ müddətinin ardından hicrətdən əvvəl beş vaxt namaz, hicrət əsnasında cümə namazı, sonrakı illərdə isə zəkat, oruc və həcc ibadətləri ilə bağlı hökmlər gəlmişdir. İslamda ibadət ən əvvəl Qurani-Kərimin buyruğudur. Hz.Peyğəmbər isə öz hərəkət və davranışları ilə ibadətlərin üsul və ədəbini öyrətmişdir. Quran yalnız Allaha ibadət etməyin vacibliyini vurğulayır, çünki Allah hər şeyin yaradıcısı, yeri və göyün sahibi, maliki və rəbbi, insanların həqiqi hökmdarıdır. Allaha ibadət edilmək, insanlara isə yalnız Ona ibadət etmək yaraşır. Allahdan başqasına ibadət etmək cahillikdir. Rağib əl-İsfahani Quranda iki cür ibadətdən danışıldığını, ağıllı və iradəli varlıqların öz istəkləri ilə, ağıl və iradəyə sahib olmayan varlıqların da məcburi olaraq (yaradılış qanunlarına uyaraq) ibadət etdiklərini bildirir. İslam dininə görə ibadət bütün peyğəmbərlərin təbliğində ortaq prinsipdir. İnsanın təqva duyğusu ilə Allahın rizasını qazanmaq, istər özünün, istərsə də başqalarının dünya və axirəti üçün xeyirli davranışlar, fədakarlıqlar, hətta yaxşı niyyət, səmimi duyğu və düşüncələr də ümumi anlamda ibadət sahəsinə aid olmaqdadır. İnsanın Quran və Sünnədə konkretləşən ilahi iradəyə uyğun olmasını düşündüyü və Allahı razı salan hər bir vəziyyət və hərəkəti ibadətdir. Quranda ibadətə Allah ilə qul arasındakı özəl bir əlaqə kimi baxılmış, ibadət etməyənlərə qarşı hər hansı bir təzyiqin olmasından söz edilməmiş, uxrəvi (axirət) təşviq və xəbərdarlıqla yetinilmişdir. Çünki bu barədəki maddi və psixoloji təzyiqlər ibadətin niyyət, iradə, ixlas, xuşu kimi əxlaqi mahiyyəti ilə ziddiyyət təşkil edir. Belə ki, İslamın etiqad və əxlaqa dair hökmləri kimi, ibadətlə bağlı hökmləri də insanın iradə sərbəstliyinə və davranışlarının nəticələrinə qatlanma məsuliyyətinə sahib olmaq prinsipinə söykənir. İslamda ibadətlərin önəm baxımından imandan sonra gəldiyi qəbul edilir. İmansız ibadət sadəcə riya və münafiqlikdən doğan bir göstəridən ibarətdir. Quranda Cahiliyyə ərəbləri ateist olduqları üçün deyil, Allaha inanmaqla yanaşı bütlərə tapındıqları üçün tənqid edilir. İslamda təməl ibadətlər üçün müəyyən forma və qaydalar təsbit edilməsinin bir səbəbi də bunların başqalarından fərqli İslama xas bir ibadət olduğunu göstərməsidir. Sufilərin əhzab və əvrad oxuma, səma və zikr ayini etmə, inzivaya çəkilmə kimi ritualları və ibadət saydıqları türbə, təkkə, şeyx ziyarətləri və s. bir çox fəqihlər tərəfindən bidət sayılmışdır. İbadətlərdə niyyət və ixlas tövhid prinsipinin ibadətdəki əksidir. Bunu Hz.Peyğəmbər "Allahı görürcəsinə ibadət etmək" şəklində bildirmişdir. İslam dini dünya işlərinin nizamını pozacaq, insanlara səfalət və bədbəxtlik gətirəcək dərəcədə ifratçılığa varılmasını başqa mövzularda olduğu kimi ibadət mövzusunda da rədd etmişdir. Rəsuli-Əkrəmin İslamda rahibliyin olmadığı yolundakı açıqlaması da ibadətdə ifratçılığa saparaq dünya işlərinə biganə yanaşılmasının qarşısının alınmasıdır. Bütün İslam alimlərinə görə prinsip olaraq ibadət cənnət ümidi və cəhənnəm qorxusundan çox Allahın əmrlərinə uymaq, onun rizasını qazanmağa çalışmaqdır. İslami ədəbiyyatda ibadətlərin qaydaları, vaxtları, miqdarları kimi zahiri hökm və şərtləri fiqh qaynaqlarında araşdırılarkən, təsəvvüfdə ibadətlərin dəruni, ruhani və əxlaqi ölçüləri, kəlamda isə ibadətlərin imanla əlaqəsi və axirətdəki nəticələri üzərində durulmuşdur.

 

İslamdan öncəki ərəb toplumunun xarakteristik özəlliyi iman və ibadət baxımından bütpərəstlik, əxlaq baxımından milliyyətçi həmrəylik ruhunu ifadə edən təəssüb hissi ilə ifrat dünyəvilik və kefcillik şəklində xülasə olunur. Bu dövrdə əxlaq termininin qarşılığı kimi işlədilən mürüvvət kəlməsi bir mənəm-mənəmlik iddiasını da ehtiva edirdi. İlk dəfə İqnaz Qoldziher dövrün ədəbiyyatından örnəklər verərək “cahiliyyə" sözünün əqli anlamda bilgisizliyi deyil, bir cür barbarlığı, kobudluğu, mədəni insanın əxlaqi səmərəliliyinə zidd düşən bir xarakter tipini ifadə etdiyini ortaya qoymuşdur. Cahiliyyə dönəmində helim (səbr, dözüm, tolerantlıq) qavramının yüksək bir əxlaqı ifadə etdiyinə inananlar olmaqla yanaşı bu əxlaqa nail olmanın qeyri- mümkünlüyü düşünüldüyü halda, İslam dini onu müsəlman fərdin və toplumun hakim xarakteri halına gətirməyə müvəffəq olmuşdur. Qurani-Kərim Rəsulullahın yüksək bir əxlaqa sahib olduğunu bildirir. Hz.Aişənin ifadəsi ilə Peyğəmbərin əxlaqı Qurandan ibarətdir. Rəsuli-Əkrəm özü də əxlaqi gözəllikləri tamamlamaq üçün göndərildiyini bildirir. Bütpərəstlik sadəcə batil bir inanc olmaqla qalmayaraq yüksək bir əxlaqın bərqərar olmasına əngəl təşkil edirdi. İslam dini bütpərəstliyi qətiyyətlə rədd edərək, qulların etdiklərini bilən və görən, rəhməti çox geniş, amma cəzalandırması da şiddətli olan Allah inancını yerləşdirməklə əxlaqi həyat üçün güclü bir təməl hazırlamış, beləliklə, inananların vicdanına İslam əxlaqının xarakteristik fəziləti halındakı təqva qavramı ilə ifadə edilən Allaha dərin sayğının və cavabdehlik şüurunun hakim olmasını təmin etmişdir. Nəticədə ifrat dünyəviliyin yerini dərin bir dini məsuliyyət şüurunun, insanlar arasındakı çəkişmələrin yerini sevgi və ədalət prinsipinə dayanan qarşılıqlı anlaşma, qardaşlıq və həmrəylik münasibətlərinin tutduğu bir əxlaqi zehniyyət və sosial bünövrə təşkil etmişdir. Başlanğıcda daha çox günah etmə, Allahın əzabına düçar olma qorxusu və qayğısı üçün işlədilən təqva qavramı get-gedə insan haqlarını da əhatə etməklə "Allahın bütün qanunlarına sayğı və cavabdehlik şüuru ilə yaşama" biçimində xülasə oluna biləcək bir məna zənginliyinə qovuşmuşdur. Mədinə dönəmində enən Hucurat surəsində Allah və Peyğəmbərə sayğıdan başlayaraq sosial barışı gerçəkləşdirmə və qoruma, möminlərin qardaşlığı prinsipinə zərər verəcək çarpışma, istehza etmə, alçaltma, iftiraçılıq, pis güman bəsləmə kimi pisliklərdən çəkinmə yönündə buyruqlar sıralanaraq bütün insanların eyni ata-anadan gəldiyi, qövm və qəbilə fərqliliklərinin üstünlük səbəbi sayılmayacağı xatırladıldıqdan sonra, “Sizin Allah yanında ən dəyərliniz təqvada ən üstün olanınızdır" deyilməsi təqva qavramının çatdığı bir məna  genişliyini göstərməsi baxımından diqqətəlayiqdir. İslam əxlaqında insan kainatın ən seçkin varlığı kimi göstərilir. Quranda həm cismin, həm də qəlbin təmiz tutulması istənilir. Quran yalnız dünyanı arzu edənləri tənqid etdiyi halda, dünya və axirətin gözəlliklərini birlikdə istəyənləri tərif edir. İbadətlərdə də etidalın (orta yolun) qorunmasına önəm verilir. Qurani-Kərim ailənin bir rahatlıq və əmin-amanlıq yuvası olmasının zəruriliyinə işarə edir, ailə üzvləri arasındakı sevgini Allahın bir lütfü olaraq dəyərləndirir. İslam dini sosial gerçəkliyə böyük önəm verir. Sosial həyatın gərəyi olan ortaq münasibətlərin həm Allahın rizasına, həm də insanların xoşbəxtliyinə uyğun olaraq davam etdirilməsi üçün Quran israrla ədalətin zəruriliyindən bəhs edir. Verilən bütün sərbəstliklərə baxmayaraq insan öz hərəkətlərini özü tənzimləməli, həddi aşmamalı, dini həssasiyyəti əldən verməməlidir. Dini həssasiyyətin əsasını insana "şah damarından da yaxın" olan, hər şeydən xəbərdar olan Allah inancı təşkil edir. Əxlaqi həssasiyyət isə doğruluq və dürüstlük, soyuqqanlılıq, dözümlülük, təvazökarlıq, qənaətkarlıq, fədakarlıq, əfv, səbr, vəfa kimi sosial nəticələri olan fəzilətlərlə ortaya çıxır. Məsələn, pislik edənlərə ədalət ölçüsü içərisində cavab vermək fərd üçün bir haqdır, bağışlamaq yolunu seçmək isə bir ehsan və dolayısı ilə fəzilətdir. Quran pislikləri yaxşılıq və gözəlliklə qarşılamanın düşmənçiliyi dostluğa çevirəcəyini bildirir. Nəticə olaraq İslam dini insanı qatı və anlamsız ənənələrin bağlayıcılığından  və qəbilənin özbaşına dəyərsiz bir parçası olmaqdan qurtarıb inanc, düşüncə və əməllərinin xarakterinə görə özünü dəyərli və dəyərsiz edən həqiqi bir şəxsiyyət halına gətirmişdir. Buna görə də “İnanmış bir kölə bütpərəst azad bir kişidən, inanmış bir cariyə bütpərəst bir qadından daha dəyərlidir". Əxlaq baxımından bu qəbul insanın müstəqil bir dəyər olduğu prinsipinin elanından başqa bir şey deyil.

 

 (Ardı var)

 

İdris ABBASOV 

525-ci qəzet.- 2013.- 29 dekabr.- S.30.