Təranə Vahid: “Ümidsiz anlarımda
Söz məni xilas etdi”
Müsahibimiz istedadlı yazıçı Təranə
Vahiddir.
– Təranə
xanım, bu günlərdə yeni çap olunan
kitabınızın imza günü keçirildi. Bu tədbir sizdə hansı təəssüratı
oyatdı?
–
Yaradıcı insanın hissi, duyğuları çox vaxt
zamanı qabaqlayır. Əmin idim ki, bir gün ədəbi
mühit qapılarını üzümə açıb deyəcək:
“Ədəbiyyata xoş gəldin!” Çıxış
edənlərin əksəriyyəti sözlərini bu cümlə
ilə yekunlaşdıranda, doğrusu, təəccübləndim.
Tədbirlə bağlı təəssüratlarım
isə çox zəngindir. Yəqin ki, uzun müddət
o sağlam və səmimi auranı, qiymətli söz
adamlarının kitabım barədə dedikləri sözləri unuda bilməyəcəm.
Bir daha təqdimatda iştirak edən hər kəsə
dərin təşəkkürlərimi bildirirəm.
Xüsusilə kitabın işıq üzü görməsində
mənə mənəvi dəstək olan tanınmış
dramaturq Əli Əmirliyə, Azərbaycan
Yazıçılar Birliyinin gənclər üzrə
katibi, “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcidə və kitabın redaktoru istedadlı
şair Qulu Ağsəsə minnətdaram.
– Tədbirdə
ən çox sizin nəsr dilinizlə bağlı fikirlər
deyildi. Sizin nəsrinizi poetik nəsr
adlandırmaq olar. Elə cümlələr
var ki, şeiri xatırladır. Biz sizi
nasir kimi tanısaq da, məncə, şeir də
yazırsınız.
–
Doğrudur. Yaradıcılığa şeirlə
başlamışam. Beşinci, altıncı sinifdə
oxuyanda kəndimizi vəsf edən şeirlər yazardım – əgər ilk
qələm təcrübələrinə şeir demək
mümkündüsə. Amma hamı kimi mən də elə bilirdim ki,
yazdıqlarım şedevrdir. Bir az
böyüyəndə təmsilə keçdim.
– Niyə
məhz təmsil janrını seçdiniz?
– Bəlkə
də, bu istək “Kirpi” jurnalına olan rəğbətdən
irəli gəldi. O dövrdə əksər qəzet-jurnallar
kimi “Kirpi” jurnalının hər nömrəsi evimizə gəlirdi.
Ailəmizdə bu jurnala xüsusi diqqət vardı. Orta məktəbin
doqquzuncu sinfində oxuyanda tənbəllik eləməyib
jurnala 5-10 təmsil göndərdim. Təmsillərimi
“Kirpi” jurnalında görəndə uçmağa qanadım
yox idi. Ucqar dağ kəndi ola,
“Kirpi”də təmsillərin çap oluna. Aradan bir müddət
keçmiş məni poçta çağırıb 21
manat 50 qəpik qonorar verdilər. Heç bilmirəm ovcumun
içində tutiyə kimi evə
çatdırdığım ilk qazancımı nəyə xərclədim...
(gülür) Amma soruşmayın ki,
göz-bəbəyim kimi qoruduğum şeir dəftərimin,
“Kirpi” jurnalının, şeirlərim çap olunan
“Laçın” qəzetinin sonrakı taleyi necə oldu...
–
Cavabını bilsəm də, icazə verin soruşum.
– ...Çox pis oldu. Evimiz, elimiz, yurdumuz,
torpağımız kimi ilk yazılarım da orada qaldı. Uzun illər şeir yazmadım, amma bütün
yazdıqlarımdan şeir keçdi.
– Bəlkə,
o itkin şeirlərinizdən iki-üç misra deyəsiniz.
–
Yadımdadır,
bir gün kənddə olanda evdə heç kim yox
idi. Maqnitofonu açıb bir şeirimi
pıçıltı ilə oxuyub maqnitofonun yaddaşına
köçürdüm. Hərdən
yaddaşımda it-bata düşmüş bu şeirin
misraları dolaşır. O
pıçıltıları indi də eşidirəm.
Xəzan əsir,
pıçıldayır,
budaqlarda
yarpaqlar,
Qayəsində
ilişik var,
üzülməyib hələ tamam
ayrılığı çox çətindi
axı
külək aparar...
Sonrası
yadımda deyil, amma ilk qələm təcrübələrimdən
idi... Gizlətmirəm, indi də şeir
yazıram. Şeir kimi gələn
duyğuları nəsrə çevirdiyim vaxtlar da olur.
– Belə
bir fikir var ki, insan ürəklə söhbətləşəndə
şeir yazır, beyinlə söhbətləşəndə nəsr. Hekayələriniz və
esselərinizin
çoxu həcmcə qısadır. Məncə, bu hekayələr və esselerin əksəriyyəti
şeir kimi birnəfəsə yazılıb. Ümumiyyətlə, nəsə yazmazdan öncə
onu qurursunuz, yoxsa süjet, ideya ani olaraq ağlınıza gəlir.
– Beyin,
ürək, əl birləşəndə janrından
asılı olmayaraq sənət əsəri yaranır. Yenə sizinlə razıyam, yazdıqlarımı
birnəfəsə yazıram. Hər
şey ani baş verir.Yadıma gəlmir ki, nə vaxtsa
süjet qurub nə isə yazım. Axı
yazmaq ilahi andı. Sənə diktə olunanı, pıçıltıları yazırsan və bu yazılara
zaval yoxdur. O ilahi anlarda zaman dayanır. Əvvəlcədən
plan-proqram tutub nə isə yazmaq sadəcə nə isə
yazmaqdı.
– Dəyərli
yazıçımız Əli Əmirli sizdən roman
gözlədiyini bildirdi. Belə bir fikriniz
varmı?
–
Çox xoşbəxtəm ki, Əli Əmirli kimi
bütöv şəxsiyyətin xeyir-duası ilə ədəbiyyata
gəldim. Əli müəllim
yazdıqlarımı oxudu və yazıçı kimi məni
“kəşf” etdi.Onun mənəvi dəstəyi ilə
kitabı çapa hazırladım. Roman
barədə Əli müəllimlə söhbətlərimiz
olub. Sizə balaca bir sirr açmaq istəyirəm.
Mən çox gənc yaşlarımda irihəcmli
yazılar yazmışam. Siz 1996-97-ci illəri,
yəqin ki, xatırlamırsınız, yaşınız buna
imkan vermir. Müharibə illərində ədəbiyyat susub arxa plana
keçmişdi. Ondan
sonrakı illərdə bir balaca dirçəliş oldu.
Demokratiyanın ilk dalğaları ədəbiyyatın
ətalətini qovmağa çalışdı. O
vaxtlar müxtəlif qəzetlər çap olunurdu. Və mən də həm dolanışıq, həm
də ədəbiyyata olan sonsuz marağımdan bu qəzetlərə
seriallar yazırdım. Bir həftədə
iki-üç qəzetə eyni vaxtda serial yazmağın nə
demək olduğunu bilmək üçün Cek Londonun “Martin
İden”ini oxumaq lazımdı. Mən sadəcə
gecə-gündüz yazırdım. Heç
növbəti seriyada nə olacağını, nə baş
verəcəyini də bilmirdim. Ancaq
alınırdı. Yeri gəlmişkən
deyim ki, mən o serialları Aycan imzası ilə
yazırdım.
– Niyə
məhz Aycan?
– O vaxtlar
tələbəydim, “Azərbaycan gəncləri” qəzetində
işləyirdim. Qəzetin 75 illik yubileyi
keçiriləcəkdi. Fikirləşdim
ki, fərqli nə isə yazım. Məktub
formasında maraqlı bir hekayət uydurdum. Ancaq öz imzamı yazmağa ürək eləmədim.
Bir az sevgidən-məhəbbətdən bəhs
edirdi. Mən də kənd uşağı idim,
utanırdım... Nə isə Azərbaycan
sözünün hərflərindən Aycan sözünü
düzəltdim. Aycan imzası ilə “Brilyant
üzük”, “Şeytan çağırışı”, “Dəli
sevgi”, “Satılmış həyatı qaytarmırlar”,
“Göylərə daş atmayın”, “Tanrı payı” – bir
sözlə 17 irihəcmli “əsər” yazdım.
Düzdü, onların heç biri sənət əsəri
deyildi, ancaq hər birinin fərqli süjet xətti,
kuliminasiyası,
finalı vardı. O dövrdə sərhədlər
tam açılmamışdı, telekanallar indiki kimi eninə-uzununa
seriallar nümayiş eləmirdi. Minlərlə oxucum
vardı, günboyu redaksiyanın telefonları susmurdu, oxucular növbəti
seriyada nə baş verəcəyini soruşurdular,
ağlayırdılar, hərdən tənbəllik etməyib
redaksiyaya kimi gəlirdilər. Aycanın birnəfəsə
yazdığı o seriallar indi ekranlara yol tapan seriallardan qat-qat maraqlı idi.
Ancaq yenə deyirəm, onların heç biri əsər
sayıla bilməzdi.Bunlar sadəcə böyük ədəbiyyata
gəlmək üçün məşqlər idi.
İndi bayaqkı sualınıza cavab verə bilərəm. Deyirlər ki,
əgər Tanrını güldürmək istəyirsənsə,
öz planlarından danış. Əvvəlcədən
danışmaq istəmirəm, amma çoxdandı ki, beynimdə
çoxqatlı bir roman dolaşır. Tarixi
eşq romanı. Qismət olsa, yazacam.
– Demək
olar ki, hekayələrinizin hamısının əvvəlində
epiqraflar verilir. Bunun xüsusi səbəbi var?
– Sadəcə
bu mənim üslubumdur. Epiqrafın hətta
hekayəyə dəxli olmaya da bilər, amma haradasa dəxli
olur. Hərdən bilərəkdən hekayələrimdəki
qəhrəmanlara ad qoymuram. Düşünürəm
ki, hər kəs özünü qəhrəmanın yerinə
qoya bilsin.
–
Kitabınızın maraqlı adı var: “Cənnətdən
yuxarı”. Mən belə başa
düşdüm ki, siz bununla məşhur “Cənnət
anaların ayaqları altındadır” fikrinə işarə
etmisiniz. Yəni, cənnətdən
yuxarıda olanlar analardı.
– Kitaba
hansı adı qoyacağım barədə uzun-uzadı fikirləşməli
oldum. Mən bu kitabı SÖZÜ yerdə yox, göydə
axtaranlar və CƏNNƏTDƏN YUXARIDA yaşayanlar
üçün yazdığım üçün kitaba da
“Cənnətdən yuxarı...” adını qoydum. Peyğəmbərimiz
buyurduğu kimi, cənnət anaların ayağı
altındadır. Ancaq cənnətdən yuxarıda yeri,
göyü, kainatı, küllü bəşəri,
dağı, suyu, havanı, qarışqanı, fili və
insanı yaradan Allah dayanır. Bizi yaradan da,
taleyimizi yazan da, bizə yazdıran da Odur. İnsan cahil
olanda Allahdan qorxur, kamilləşdikcə Allahı sevir. Bütün
insanlar Allahı sevsə, bir bəndənin burnu da qanamaz.
Ədəbiyyatın missiyası insanın
daxilində işıq yandırmaq, onu çamurdan təmizliyə
ucaltmaqdı.
– Kitabınızın təqdimatında sizi
Çexovla da müqayisə etdilər. Bu fikrə
münasibətiniz necədi?
– Çexov dünya ədəbiyyatında hekayə ustası kimi tanınır. Hər dəfə Çexovun “Yuxum gəlir” hekayəsini oxuyanda əlim-ayağım yerdən-göydən üzülür. “İlk məhəbbət”, “Qara Rahib” hekayələri də o cümlədən. Dahilərdən hansısa deyib ki, kitablar itmiş başların abidələridir. Çexovun bütün yaradıcılığı abidədir. Əgər yazdıqlarımın bir zərrəsi Çexovun hekayələrinə bənəzəyərsə, özümü xoşbəxt sayaram.
– Yaradıcılığınıza təsir edən yazıçılar kimlərdi?
– Ucqar dağ kəndində dünyaya gəlsəm də, gözümü açıb evimizdə Hüqonun, Taqorun, Drayzerin, Folknerin, Markesin , Lev Tolstoyun, Puşkinin, Aytmatovun, Qoqolun, Axundovun, Cəlil Məmmədquluzadənin, Əziz Nesinin və onlarla böyük yazıçı, şairlərin əsərlərini görmüşəm. Hər əsəri bir cür sevmişəm. Ömər Xəyyam, Mövlanə, Yunus Əmrə dünyasından su içmişəm. Hər halda oxuduqlarım təsirsiz, izsiz qalmayıb. Ancaq özümü kiməsə bənzətmək heç vaxt ağlımdan keçməyib. Ədəbiyyat uçuşdu, kimin hara kimi uçacağı heç kimə bəlli deyil.
– Xüsusi yazı qrafikiniz varmı?
– Qrafik, plan, proqram – bunlar mənlik deyil. Ruhum azaddı. Nə vaxt ürəyim istəsə, o vaxt yazıram. Adətən, gecələr yazıram, adamların yatdığı, mələklərin yer üzünə endiyi vaxtda.
– Hazırda televiziyada çalışırsınız. Ədəbiyyata, yoxsa televiziyaya daha çox vaxt ayırırsınız?
– Jurnalistikanı çox sevirəm, ancaq ədəbiyyatı ondan da çox sevirəm. Nə yazıq ki, çox vaxt yaşamaq üçün ədəbiyyatı jurnalistikaya qurban verməli oluram. Bu çox ağırdı...
– Hekayələrinizin əsas mövzularından biri müharibədir. Ömrünüzün uşaqlıq, gənclik illəri Qarabağda keçib. Sizin üçün bu mövzuda yazmaq çətin deyilmi?
– Qarabağ mövzusu çox ağrılı bir mövzudu. İtkinin, kədərin, yaşananların sözlə şəklini çəkmək çox çətindi. Yaradıcılığımdan Qarabağ mövzusu qırmızı xətlə “Tapılmayan torpaq”, “Müharibə, nənəm və itən vaxt”, “93-cü ilin qışı”, “Qərib gül” Qarabağ ağrılarından bəhs edir. Ancaq bunlar kifayət deyil. Evlərini, yurdlarını, torpaqlarını itirən insanlar həm də minillik yaddaş kartını, ilahinin hesabladığı kodu itiriblər. İyirmi ildən çoxdu, bir milyon insan gələcəyini yox, keçmişini axtarır. Belə bir məqamda ədəbiyyat susmamalıdır.
– Mən belə başa düşdüm ki, sizin ədəbi mühitə gec gəlməyinizin də başlıca səbəbi müharibədir.
– Mən ədəbiyyata müharibədən, qaçqınçılıqdan, yurd itkisindən, həyatın içindən keçib gəldim. Ruhum yaralandı, qanadım sındı, ən çətin günlərdə, ən çətin anlarda ədəbiyyat adlı hücrəmə çəkilib sözə sığındım. Ümidsiz anlarımda Söz məni xilas etdi. Bəli, ədəbiyyata gec gəldim, ancaq gəldim. Salam, ədəbiyyat!
Söhbətləşdi
Ramil ƏHMƏD
525-ci qəzet.-
2013.- 29 dekabr.- S.28.