Bitməyən yol,
susmayan dua...
Ey
insanlar, Allah sizləri
qeyri-insani bəlalardan qorusun!
“Köçəri
quşun iniltisi”
(Ç.Aytmatov)
Çingiz Aytmatov XX əsr nəsrini yaradan
yazıçılardandır, bu nəsrin daxili
dinamikasını- ritmini, ovqatını dəyişən, ədəbiyyata
bilavasitə türk nəsri poetikasını gətirən,
onu yetişdirən, yazan və hətta yazdıran tarixi
simadır. Kiçik bir ölkənin nəsrini bəşər
sivilizasiyasına qovuşdurmuş Çingiz Aytmatov
yaradıcılığı bu gün çağdaş təfəkkür
işığında müəyyən parametrləri ilə
xüsusi önəm kəsb edir. Zamanın
XXI əsr insanının qarşısına
çıxardığı bəşəri suallara cavab
aramaqda bu nəsrin potensialı yetərincə
güclüdür.
Çingiz Aytmatovun yetişdiyi ədəbi dövr
60-cı illərin – yeni nəsr düşüncəsinin
qurulduğu (məhz qurulduğu!) illərə bağlanır
ki, bu mərhələ bildiyimiz kimi bütün postsovet məkanı
ölkələri üçün yeniliklərə
açıqlığı ilə səciyyələnir. Ədəbiyyatın
bu dövründə irəli gələn yeni dalğası
öz bədiilik meyarlarına mühafizəkarlığı
ilə diqqət çəkir, ilk növbədə sənətin
pafosdan real həqiqətə, sırf bədii-estetik meyarlara
dönüşü, ümumbəşəri dəyərlərə
doğru meyllənməsi ilə şərtlənir. Təbii ki, 60-cı illər ədəbiyyatında
başlanan bu təbəddülatlar həm də cəmiyyət
miqyasında gedən ideoloji ilıqlanmanın nəticəsi
idi. Qəribə bir parodoksallıq da məhz, bu zaman(dan) başlayır. Rejimin sərtliyi
nisbətən, yumşalmağa doğru getdikcə, ədəbiyyatın
içindəki ağrı simvolikası, ruhun təklik, tənhalıq
çalarları daha çox üzə çıxır.
Bu, bəlkə də əsrin 20-30-cu illərində
yarımçıq qalmış, yarıda
qırılmış ədəbiyyat, azadlıq
ideallarının içinə hopmuş kədəri idi,
yaxud 1937-ci ildə qırğına verilmiş bütöv
bir ədəbi nəslin səssiz fəryadı idi – indi,
zamanı gəldikcə boy verməyə başlayırdı.
Hansı ki, həmin prosesin fəci nəticəsi Çingiz
Aytmatovun da taleyindən izsiz ötüşməmiş,
yazıçının dövlət qulluğunda işləyən
atası Terekul Aytmatov 1937-ci ildə həbs edilərək bir il sonra güllələnmişdir.
İstər
sağlığında, istərsə də
ölümündən sonra yazıçını
qınayırdılar: niyə atasını güllələyən
bir rejimin dissident yazıçısı olmayıb deyə. Bu Aytmatov istedadına yeni bir çalar qatmasaydı
da olsun ki, rejim çökdükdən sonra müəyyən
imic qazandıra bilərdi. Amma bütün
hallarda yazıçılığın mayasında istedad
durur və bu istedad deyilən nəsnə insanda yoxdursa diyarbədiyar
laməkan olsa belə ədəbiyyatın kandarına ayaq
basmağa müvəffəq olmayacaq. Məgər
A. Soljenitsını dünyaya tanıdan SSRİ kimi dövlətə
müxalifçiliyi ilə bahəm həm də istedadı
deyildimi?! Elə Əlahəzrət İstedadın sayəsində
Çingiz Aytmatov başqa yolu seçdi, sovet sisteminin daxilində
yazıb-yaratdı, hüdudsuz idrakı, kosmoqonik
düşüncə qatı ilə sovet nəsri
qanunlarını yarıb onu dünya nəsri səviyyəsində
gerçəkləşdirdi və atasını
qırğına verən bir cəmiyyəti öz
qarşısında təzim etdirməyə nail oldu. Sosialist realizmin insana müxalif konsepsiyası daxilində
Aytmatov humanizmi kult səviyyəyə qaldırdı, psixologizmi
dərinləşdirdi. Bu məncə,
dissidentlikdən də çətin hasilə gələn bir
hünərdir. R.Rövşən demiş: “Dünyayla
savaşmaq asanmış demə, çətini dünyayla
barışmaq imiş...” Bir də bəlli bir
qanunauyğunluğa diqqət çəkməyin
zamanıdır: istənilən sənətkarı, ədəbi
şəxsiyyəti, həmçinin ədəbiyyat tarixininin
özünü belə real tarixi gerçəklikdən
ayırdıqda zaman da, sənətkar da yeni repressiyanın
qurbanına çevrilirlər. Halbuki,
Tanrının Ç.Aytmatova ayırdığı missiya daha
ağır, daha müqəddəs idi. O sovet rejiminin
daxilində əsl ədəbiyyat yaratmağın nümunəsi
olmalıydı, istedadın heç bir qadağa, sərhəd
tanımadığına insanları, olsun ki, imperiyanın
süqutundan sonra doğulacaq yeni ədəbi nəsli
inandırmalı idi. “Əsrə bərabər
gün” romanındakı bir epizodu
xatırlayırsınızmı? Nayman Ana
onu tanımayan oğlunun yaddaşını hərəkətə
gətirmək üçün başını dizləri
üstə alıb layla oxuyur. Silinən yaddaşı,
itən hafizəni qaytarmağın bundan titrək vasitəsi ola bilməz. Ç.Aytmatovun əsərləri
də sovet sisteminin ideoloji siyasətində boğulan insanlar
üçün bir layla səciyyəsi
daşıyırdı. “Səni nə hala gətirdilər,
xatırla kim olduğunu”- bu, Nayman
Ananın dili ilə özündən,
özgürlüyündən zorla qoparılan bütün
türklərə ünvanlanmış nida, qan
yaddaşını oyatmağa yönəlik türkü idi.
Bu gün
bütün postsovet məkanı ölkələrində XX əsrin
ilk onilliklərində rəngarəng tendensiyaların
formalaşmasına rəvac verən amil kimi I Dünya
müharibəsi, onun aşıladığı inqilabi
xarakter, bəşər miqyasında başlanan dekadans,
dünyanın gələcəyi ilə bağlı pessimist əhval-ruhiyyə,
apokalipsis hissi, insanların psixolojisində, düşüncə
və xarakterində başlanan “çevrilmə” əsas səbəblər
kimi mənalandırılır və bu, həqiqətən də
XX əsr insanını, sənətkarını keçib gəldiyi
zamanın gerçəkləri və tələbləri
içrə səciyyələndirməyə imkan verir. Əsrin planetar məzmunu, elmi informasiya məkanında
iştirakı ilə şərtləndirilən
başlanğıcı elə onunla səciyyəvidir ki, qəti
olaraq tarixi gedişatı çağdaş dünya proseslərinə
cəlb edir; ən azı təcrübəsinə daxil edib onu
dərk etməyə çalışır. 20-cı illərdən başlayaraq sovet hakimiyyətinin
diktəsi, asılılığında olan ölkələrin
ədəbiyyatındakı prosesləri özgə səmtlərə
yönəltdi. Bu epoxanın bir neçə
onilliyini qapsayan sovet ideologiyasının insana vəd etdiyi
işıqlı həyat, xoşbəxt gələcək ilə
bağlı fikirlərin sadəcə illüziyadan başqa
bir şey olmadığı isə təxminən 60-cı illərədək
davam etdi. Bu zamandan başlayaraq sənətə
münasibətdə pessimizmin meydana çıxma səbəbləri
daha çox maarifçilik ideyalarının
özünü doğrultmadığı və zəkanın
süqutu ilə əlaqədar idi. İki dünya müharibəsi,
ölüm sobaları, konslagerlər, total inqilablar və əksinqilablar
– hər biri cahanda kamalın təntənəsi arzusunu fiaskoya
uğratdı. Fəlsəfənin bu
çağadək diktə etdiyi əqli inkişaf intibah
doğurmadı. Əksinə, müharibələrə
yol açdı. Ədəbiyyatda əqlin
gücünə olan inam sarsıldı. Həmin xaotik
durumun rəvac verdiyi neqativlər sonucda ən böyük zərbəni
insana vurdu, onunla zamanın, mənəvi-əxlaqi dəyərlərin
sabitliyi arasındakı əlaqənin pozulmasına gətirib
çıxardı: qlobal tənhalıq insanın özgələşməsini,
özündən ayrılmasını, yadlaşmasını
şərtləndirmiş oldu. Bu mənada, sovet
rejiminin İnsanı yalnız müharibələrin əzdiyi
insan deyildi, o, həm də tək qalmış, təcrid
olunmuş, cəmiyyət tərəfindən təbii bir
proseslə uzaqlaşmış, yadlaşmış çarəsiz
insan idi. Həmin
dönəmin mahiyyəti, onun yaddaş strukturunda
yer almış görüntüləri ilə
çağın insanının düşüncəsi
arasında dialoq bədii təfəkkürə yansımaya
bilmədi. Bədii düşüncə yeni təfəkkür
modelləri axtarışında fərqli fəaliyyət
sferasına daxil oldu. Qərbdə bu sosial
anomaliya ilə ekzistensialist fəlsəfə məşğul
olurkən, postsovet məkanı ölkələrinin dünya
ilə, insanla yeni münasibətlər sistemi yaratmağa
çalışan fəlsəfi-estetik fikrində sərt
realistik boyalar üstünlük qazanmağa başladı.
Bu mənada, 60-cı illərdən başlayaraq
dünya ədəbiyyatının yükləndiyi İnsan
ağrısının ədəbiyyatın mərkəzinə
çəkilməsi yalnız rejimin yumşalması səbəbindən
hasilə gəlməmişdi, həm də puç olmuş,
bada getmiş xəyalların yazıçı psixolojisində
yaratdığı məntiqi nəticədən
qaynaqlanmışdı.
Əslində, ədəbiyyatda yenilik hesab olunan hər
bir nəsnə yeni İnsan konsepsiyasının yaranması, ənənəvi
sənətin tənqidi dərki ilə bağlı məsələdir. İstənilən
ədəbi təmayülün məşğul olduğu və
həll etməyə çalışdığı ən
mühüm problemlərdən biri məhz, insana baxış
məsələsinin önə çəkilməsidir.
Deməli, burada iki amilin rolu həlledicidi: zamanı irəli
aparmağa çalışan ideyalar və onun
doğuluşunu şərtləndirən yeni sənət,
insanın zamanda yeri ilə bağlı irəli gələn
yeni estetik prinsiplər. Bəs bu mübadilədə
Ç.Aytmatovun iştirakı nə qədər funksional
görünür? Bunu təbii ki, ustad
yazıçının əsərlərini dünya
maraqları kontekstində tədqiqata cəlb etməklə
öyrənmək mümkündür.
Ç.Aytmatov nəsrinin güc mənbəyi nədədir? Sualın cavabı
yazıçının yaradıcığı ilə tanış olan hər kəsə bəllidir.
Ç.Aytmatov yaradıcılığa başlayan zamandan sənətin
ali prinsiplərinin, bəşəri dəyərlərin
nədə ehtiva olunduğunu dərindən anladı və
bütün şüurlu ömrünü həmin ali prinsiplərin
realizəsinə yönəltdi. “İnsan – təbiəti
etibarilə kosmosdur” – deyən ustad yazıçı ədəbiyyatın
əbədi predmetinə kosmos olaraq yanaşdı, onu təbiətin
və Tanrının zərrəsi kimi aldı, bəşərin
əşrəfi kimi dəyərləndirdi. İndi bəlkə də İnsanı bədii mətnə
gətirmək, onun dərdlərindən,
qayğılarından, sevgi və həyəcanlarından
yazmaq o qədər də çətin deyil. Amma Aytmatov zamanında bu o qədər də asan məsələ
deyildi. Sənətkarsa bütün hallarda
öz zəmanəsinin övladıdır və onu öz
mühiti və dövrü içrə dəyərləndirmək
lazımdır.
Hələ XX əsrin əvvəllərində yazdığı “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində Ə.Hüseynzadə qırğız türklərinin istedadı haqqında Radlovun dediyi fikirlərə şərik olaraq yazırdı: “Yunan şairi-əzəmi Homer zamanındakı sünuhati-milliyyənin dövrü-dastanisini bu gün ancaq qırğız qövmündə müşahidə etmək mümkündür”. Ç.Aytmatovun əsərləri həmin folklorla, miflə, tarixi keçmişlə körpü rolunu oynadı. Mifdən yazıya, eposdan kitaba və nəhayət, dünəndən bu günə uzanan elə bir körpü ki, onunla çağdaş dövrün təmasını yaratmaq sovet dövründə zamanın qırılmış bağlarını birləşdirmək, onun bütövlüyünü bərpa etmək üçün lazım idi. Bu mənada ədəbiyyata yeni gələn yazıçının üzünü yaddaşa çevirən tarixə – özündə xalqın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə tutması ilk növbədə, həmin boşluğu doldurmaq ehtiyacından irəli gəlirdi. Təbii ki, bu həm də qırğız xalqının min illər boyu formalaşmış dəyərlərinin nəsrdə təcəssümü idi, zamanı gəlmiş də “Manas oğlunun” qələmində əksini tapmışdır.
Ç.Aytmatov insan dəyərinə xidmət edən sənət yaradır və yalnız bu sənəti əqli-mənəvi intibahın, milli-bəşəri dəyər və beynəlmiləl sərvət axtarışının mərkəzinə gətirirdi. 1960-cı illərdən başlayaraq bu nəsr elə mövzuları qabardır ki, əvvəlki dövrlərlə müqayisədə təsəvvür hüdudlarını aşır. Konkret tarixi materialın kontekstində ümumbəşəri problemləri qoyub həll etmətə çalışan bu əsərlərdə İnsan onun mövcudluq problemlərinin dəyişməz mənəvi və sosial dəyərləri sınağında dərk edilirdi. Hansı ki, bəşəriyyətin qarşısında həmişə bütün kəskinliyi və ciddiliyi ilə durmaqdadır. Əbədi insan-zaman, Tanrı-mən, həyat-ölüm məsələlərini ehtiva edən bu əsərlər ilk növbədə, İnsan konsepsiyasının bütövlüyü ilə, dövrün mürəkkəb və təzadlı proseslərində, harmoniya və mənəvi kamillik axtarışlarında iştirak edən milli sərvət kimi dəyərlidir.
Yazıçının oğlu İlgiz Aytmatov da atasının ədəbi irsinə “dəyərlər məxəzi” kimi yanaşır, ondan çağın problemlərini dərk etməkdə kara gələn ünvan olaraq bəhs edir: “...cəmiyyətin özündə daima və sistematik olaraq insanların düşüncələrinə humanizm, sevgi, qarşılıqlı hörmət, beynəlmiləlçilik, dostluq münasibətləri, əmin-amanlıq və zəhmətsevər həyat ideyalarının hakim kəsilməsi üçün təbliğati iş aparılmalıdır. Təəssüf ki, insanın real həyatında, əsasən, adamların bir-birinə qarşı durması amilləri mövcuddur. Bu gün Çingiz Aytmatovun ədəbi əsərləri müasir cəmiyyətin inkişafının ideoloji –əxlaqi əsasının təşəkkül tapmasında fəlsəfi və həyati mənbələr ola bilər”. Həqiqətən də, öz sosial-siyasi görüşlərinin miqyası və məzmunu, İnsana, onun mövqeyinə və roluna verdiyi dəyəri, əqli-əxlaqi təkamül idealı ilə Ç.Aytmatovun əsərləri bəşəriyyət üçün güclü impulslar verir. Çingiz Aytmatovun son əsərlərində belə qloballaşan dünyamızın təbəddülatlarına, onun insan mənəviyyatını üstələməsinə dair fikirlər var. Müəllif yeni dünya həqiqətlərinə, həyat tərzinə qarşı milli yaddaşın öz keyfiyyətlərini qoyur və bu məramla yadlaşma (yaddaşsızlaşma!) prosesinə müqavimət hissi aşılayırdı. Çingiz Aytmatov sanki zamanı yeni sınaq qarşısına çıxarır: özgə mədəniyyətlər daxilində hər bir milli insanın mövqeyi necə görünür, ənənə və mühafizəkarlıq meyarlarının cəmiyyətdə dayanıqlılığına necə çaba göstərir. Faktura və problematika müasirlikdən, keçib gəldiyimiz çağdaş və hələ də diri qalan problemlərimizin aktuallığından nəşət edirdi.
“Əsrə bərabər gün”, “Kassandra damğası”, “Edam kötüyü” – bu əsərlərlə yazıçı bəşəriyyətin xilası yolunda ahəngə, birliyə addımı ifadə edən ünvanları nişan verirdi. Bu əsərlərdə eyni anlam yaradıcı mexanizmlər fəaliyyət göstərir, yeni dünya modelinin məna axarlarının trayektoriyası kosmik, mifik və ilahi elementlərin məkanları içrə gəzişirdi. Ona görə də məhz bu yaradıcılıqda kodlaşan ədəbi və mənəvi dəyərlərin vüsəti böyük idi: din və dil birgəliyi, ruhani və bəşəri problemlər, dünyəvilik və ilahilik, Tanrı eşqi və insan sevgisi Aytmatov yaradıcılığında ideal bütövlük və ahəng yaradırdı.
Məkan və zaman paralelləri, süjetdə çoxqatlı ekspozisiya, təbiətlə insan ahənginin birgəliyi, həyat və ölüm, mif və reallıq arasında sərhədsiz keçidlər – hər biri təsadüfü xarakter daşımır, əsərlərdə yalnız bədii deyil, eyni zamanda fəlsəfi məkanı təşkil edirdilər. Yazıçı müasir problemlərin inikasına varmaq üçün də yolunu tarixdən, mifologiyadan, folklordan salırdı, təsvirə çəkəcəyi predmetin etnik-tarixi tipini – genotipini müəyyənləşdirirdi. Əsrarəngiz təbiət təsvirləri, heyvan obrazları, mütəlif rəmzlər, şərti-metaforik obrazlar onun təhkiyə üsulunun mifoloji kökləri idilər. “Ağ gəmi”də Ana maral, “Dəniz kənarı ilə qaçan alabaş”dakı Qadın balıq, “Edam kötüyü” romanındakı Taşçaynar adlı quş obrazları, Gülsarı, Qaranar, Ağbars kimi real heyvan obrazları yazıçının milli folklorla bağı (bağlılığı) zəminindən qaynaqlanmaqla bahəm onun fərdi yaradıcılıq üslubunun əsas özəlliyi kimi çıxış edirdi. Həmin mifoloji obrazların inikası yazıçıya insan taleyini qabartmaq, təcəssüm etdirmək üçün lazım idi. Bu mənada onun bir yazıçı kimi özəlliyi heç də yaratdığı türk obrazlarının mükəmməlliyi, yaxud insan yaddaşının simvolikası ilə məhdudlaşmır. Onun mürəkkəb, çoxplanlı nəsrinin ən əsas özəlliyi hər zaman məhz, türk təfəkkürü məcrasında düşünməsi və düşüncələrini türkün zəngin tarixi mədəniyyəti kontekstində ədəbiyyat müstəvisinə gətirməsidir. Hələ ilk əsəri olan “Cəmilə”nin nəsrin fəzasında doğuluşu müəllifinin türk mentallığına bağlılığını uğurla sərgiləyir, türk etnosunun etnoqrafiq cizgilərinin portretini yaradırdı. Baxmayaraq ki, əsər könülləri “ən gözəl sevgi hekayəti” (L.Araqon) kimi fəth etmişdi.
Mənə elə gəlir ki, Ç.Aytmatovun ən saf, ən zərif əsəri məhz “Cəmilə”dir. Yalnız ona görə yox ki, povest yazıçının ilk qələm təcrübəsi sırasına daxildir. Sadəcə bu əsərdə Ç.Aytmatov qələmi dünyanın böyük işləklərinə bulaşmayaraq, ona eşqin nəzərləri ilə boylanmağı təqib qılırdı. Cəmilənin “kiçinəbala”sı olan Seyidin rənglər dünyasında sevgi boyaları oxucuya “gördüyündən artıq görə bilmək” cəsarəti və həssaslığı aşılayırdı. Ç.Aytmatov sevginin yaddaşını oyadır, onu İnsan mənəviyyatının başlıca məziyyəti kimi qabardırdı. Sonralar müsahibələrinin birində bu konsepsiyanı daha inamla təlqin edirək – “həyatın əsasını məhəbbət təşkil edir” deyirdi. Bu, ağrılardan keçib gələn XX əsr yazıçısının fəci reallıqlar qarşısında çıxış yolu idi. Ç.Aytmatovun istisnasız bütün əsərlərində bu konsepsiyanın – humanizmin ideya istiqamətləri aydın görünürdü. “Cəmilə” əsəri ilə yazıçı sevgisi gözündə donan bir cəmiyyətin buzunu əritməyə qalxışırdı və bunu elə zamanın özünün dəyərlərinə müxalif olaraq, tabulara qarşı çıxaraq edirdi. Bu “mərkəzdənqaçma tendensiyası” icazəli yenilik idimi? Düşünmürəm. Çünki əsər icazəsiz-filansız, öz bədii məziyyətləri ilə bütün cəmiyyət qanunlarını nəsrin fəzasından görməzdən gəlir, bu qanunların hər şeyin fövqünə qaldırdığı sevgi motivindən neçə boy aşağıda, çökəkdə olduğuna ayna tuturdu.
“Bu dünyanın köhnəlmişdi rəngləri, Sevdim səni məhəbbətlə boyadım” (N.Kəsəmənli) Ç.Aytmatov da beləcə, bozluq içində yaşayan sovet insanına Sevgi adlı ali hissdən bəhs edirdi. Əmək adamlarını yalnız iş başında təsvirə çəkməklə deyil, içindəki dəyərli halları üzə çıxarmaqla mənalı edirdi. Cəmilə, Daniyar, Düyşen, Tanabay, Edigey, Boston – ilk növbədə, mənəvi yüksəlişləri ilə maraqlı idilər. Çünki həmin vaxta qədər nəsrdə sözün böyük mənasında İnsan təsvirə çəkilmirdi. Kolxozçu, fəhlə, inqilabçı, çoban və s. – bu peşələri təmsil edən obrazların arxasında düşünən beyini, döyünən ürəyi bədii mətnə gətirmək nədənsə yazıçıları o qədər də məşğul etmirdi. Ç.Aytmatov ilk olaraq İnsanı bədiiyyatın mərkəzinə gətirdi və elə həmin zümrənin İnsanının hiss və həyəcanlarından, qayğı və problemlərindən, sabahı naminə keçmişindən və indisindən yazdı.
Çingiz Aytmatov ömrünün son çağlarınadək öz prinsipinə sadiq qaldı. Dünyanın mal, mülk, torpaq iddiaları ilə bağlı ağlasığmaz fəlakətlərinə, insanlığa edilən amansız cinayətlərə münasibətdə öz mövqeyindən sapmadı: “İndi artıq dünya qan tökməklə problemləri həll etmək yolunu tuta bilməz. Müharibə kultunun yerinə mütləq dünya mədəniyyəti gəlməlidir. Dünya paytaxtlarının mərkəzində mütləq at belində sərkərdələr görürük. Bəs sülh istəyən böyük şəxsiyyətlər hanı?” Bu fikirlər Çingiz Aytmatov ziyalılığının yerinə yetirdiyi missiya baxımından özəlliyinin sübutu kimi xüsusi bir əməl cizgisi kəsb edir. Yəni yazıçı ortaya qoyduğu əsərlərlə milli cəmiyyətin həssas və ayıq yanaşdığı məsələlərdə müəyyən təklif və əlavələrdə bulunmalı, qılıncın işləyə bilmədiyi dərinlərdə Sözü ideoloji vasitə olaraq qələm çala – “qılınc oynada” bilməlidir. Axı ədəbiyyat, bədii söz həm də tarixin yuvasıdır, bu günün dərslərini zamanın sonrakı axarına qatan və gələcəyə ötürən ən etibarlı məxəzdir. Bu baxımdan Çingiz Aytmatov irsi bəşəriyyətin sabahına aparan yolda kara gələn ən etibarlı bələdçidir. Biz “köçəri quşun iniltisi”ni yenə eşidirik və heç şübhəsiz, bu səs dünyanın ən gözəl Duasına çevrilib öz işıq selini hər zaman yer üzünə axıdacaqdır...
Elnarə AKİMOVA
525-ci qəzet.-
2013.- 29 dekabr.- S.27;31.