Səhvlərimizin
qrammatikası
Eyvazlı bütün diqqətini toplayıb
baxandan sonra, nəhayət, başa düşdü ki, bu adam
kimdi. Bu, Koroğlu idi!
Bığları
burma, qoç Koroğlu bir
cıqqılı dağın döşündə əlində
tutduğu əyri misri qılıncı buludsuz, əngin
göylərə tuşlayıb şəstlə durmuşdu.
O biri əlilə də yanında ona qısılıb
qalmış, nə edəcəyini bilməyən
Qıratın boynunu tumarlayırdı. Qırat
tez-tez fınxırırdı. Bu zaman onun
iri, ətli dodaqlarının arasından dişləri
ağarırdı. Atın dişlərindən
biri ağarmırdı, işım-işım
işıldayırdı, çünki qızıldan idi.
Bu qızıl diş
haralardansa təngnəfəs gəlib
özünü onların yanına çatdıran bir nərmənazik
gün saçağını top kimi sinəsinə qəbul
edib elə o dəqiqə üzbəüzə, misri
qılıncın tiyəsinə göndərirdi. Bu ikisinin arasında qalmış gün
saçağı usanmadan şövqi-bərq ilə
parıldayır və bu zaman göz
qamaşdırırdı.
Üç gün əvvəl isə, sən təsadüfə
bax, Eyvazlının yuxusuna gəlib Babək girmişdi. Bu dəfə
o, bir neçə əsr daha qədimə “reys” eləmişdi
və belə bir səyahətin baş tutmasına indi
özü də təəccüb
edirdi.
Əl-üzünü yuyub üzünü qırxandan
sonra Eyvazlı mətbəxə keçdi. Səhər
yeməyinin hazırlığını gördü.
Sabah-sabah dar, amma xudmani mətbəxin bir küncündə (əslində,
bu mətbəxin hər bir yanına künc demək
olardı) oturub pəncərədən düz gözünə
vuran bir sırtıq Günəş saçağı ilə başını sağa-sola
qaçıraraq yüngülvari “mübarizə” etdi. Sonra fikri yayındı və o, əlindəki isti qəhvə
dolu fincandan ləzzətlə qurtum-qurtum dalınca aldı.
Bu dəfə fikirli idi. Fikirləşirdi, axtarırdı
son zamanlar sərasər onun yuxusuna girən bu xalq qəhrəmanları
ondan nə istəyir, nə verib ondan alammırlar – heç
cür tapammırdı.
Ağıllı fikirlər Eyvazlının beyninə,
adətən, səhərə yaxın gəlib girirdi. Bunun səbəbini
isə o belə izah edirdi. Gecə yuxusundan
sonra beyin dincəlmiş olur, ondandı. Bu sabah da yuxudan
ayılıb çarpayıda yerdəmi ala-ala ağlına gələn
ilk ağıllı (bir başqa dünyada –
ağılsız!) fikir bu oldu ki, Koroğlu onun qəhrəmanı
deyil. Əvvəlcə bu əndrəbani fikir
Eyvazlını səksəndirdi. O təlaşa
düşdü. Sonra sadəcə, qanı
qaraldı. Beynindən keçdi ki, deyəsən,
böyük bir qələtin astanasında artıq gəlib
durmuşdur. Başını bulayaraq bu sərsəm
fikri qovalamaq istədi. Amma lənətəgəlmiş
əndrəbani fikir eynən mətbəxdə onun
üzünə-gözünə qonan o sırtıq, zəhlətökən
Günəş saçağı kimiydi. Beyninin
içində dəcəl keçi kimi bir qırışdan
o biri qırışa atdanırdı və öz xoşuna
heç hara yox olub getmək istəmirdi. Eyvazlı
əlini atıb pəncərənin nazik pərdəsini
çəkdi.
Qəhvəsini içib qurtarandan sonra Eyvazlı adəti
üzrə fincanı cəld bir hərəkətlə
ağzıüstə çevirib nəlbəkinin içinə
basdı. Səbirsizliklə gözlədı.
Fal açacaqdı. Gördüyü
yuxunu hökmən yozmaq lazım idi. “Bugün”
ona nə hazırlamışdı?! Qəhvənin
lili üzüaşağı fincanın divarlarına
çökə-çökə əyri-üyrü xətlər
cızıb ona nə isə deməliydi. Bu
qəhvə xətləri onu heç zaman
aldatmamışdı. Eyvazlı qəhvə
xətlərinin ötürdüyü məlumatı dəfən-dəfən
sınaqdan keçirmişdi.
Elə təkcə bunu xatırlasaq, bəs edər. Universitet illərinin
ilıq xatirəsi... Qəfildən sinif
otağının sakit tənhalığında peyda olmuş
Mirey Matyeyə oxşayan o naməlum qıza elə o andaca
aşiq olub qızı öpəcəyini hətta saat və
dəqiqəsinəcən ona xəbər vermələri nəyə
desən dəyərdi. Qəhvə xətlərinin
bu barədə xəbəri sabah-sabah olmuşdu. Düzdü, öpüş qəhvə xətləri
deyən kimi, yəni, dodaqdan dodağa
alınmamışdı – onun dodaqları sürüşə-sürüşə
bu naməlum qızın ancaq üzündə gəzə
bilmişdi. Zəng vurulmuş, uşaqlar dəstəylə
onların bir küncə sığındığı sinif
otağına soxulmağa başlamışdılar. Elə bu zaman bir-birinə qaynayıb qarışan tələbələr
arasında qız yox olmuşdu və Eyvazlı bir daha o
qızı heç harda görməmişdi. Hər nəydisə,
belə məqamlar həmən uğursuz öpüşdən
sonra yoxa çıxmış o qız kimi unudulan deyildi və
indiyənədək o öpüş hərdən hardansa bir
canlı kimi zühur edir, pudluq daşlar kimi gəlib onun nazik,
o uzaq öpüşün portağal dadını
özündə qoruyub saxlayan dodaqlarından
asılırdı ...
Qəhvə xətlərinin tamamən quruyub öz yerini
tutmasını gözləməyə Eyvazlının
hövsələsi çatmadı. Eyvazlı fincanı cəld
bir hərəkətlə nəlbəkinin içindəcə
arxası üstə çevirdi. Başını
əyib gözlərini qıyaraq diqqətlə fincanın
içinə baxdı. Əyri-üyrü
xətlər yuxarıdan aşağı yazılmış
Çin heroqliflərinə oxşayırdı. Çin heroqlifləri
qara-qura bir mətnə dönüb ona nə isə deməyə
çalışırdı. Eyvazlı bu
qara-quranı höccələyib oxumağa başladı.
Sözləri asanlıqla oxuyur və mənanı
anlayırdı. Qrammatikanın olmamağı
məsələni qat-qat asanlaşdırırdı.
Fincanın içindəki xətləri oxuduqca
Eyvazlı düşünürdü. Yox, yox, yenə də yox! Koroğlu qəhrəman deyil. Belə
qəhrəman olmaz. Eynilə, Babəkin nəyi
bundan yaxşıdır?! Bir az da dərinə
getmək olar. Lap elə Şah
İsmayılın özünü götürək.
Hm, amma burda bir az ehtiyatlı olmaq gərəkir.
Şah məsələsi bir az qəliz məsələdir.
Yaxşısı budu, Eyvazlı Şah
İsmayılı bu dəstəyə qatmasın. Ağzıgöyçəklər min əfsanə
uyduracaq. Yox, niyə ki... amma... orası da var ki, lakin o da
inkaredilməzdir ki, bu şəxsiyyətlərin
hamısı, Şah İsmayıl başda olmaqla, öz
dövrlərinin buzunu qıran, gələcək
üçün yolaçan adamlar olublar. Seçilən, fərqlənən
adamlar... Nəhəngdirlər, buna şübhə
yoxdur. Bir neçə gün əvvəl nəşriyyatın
“Qədim ədəbiyyat” şöbəsində işləyən
bir həmkarı (adını xatırlamır) “dəlidən
doğru xəbər” rejimində yaxşı dedi. O
olmasaydı, yəni, Şah İsmayılı nəzərdə
tuturdu, biz bu gün necə deyə bilərdik ki, bir xalq kimi
bizim də ayağımız 16-cı əsrə dəyib?! Bir tərəfdən baxanda doğru sözdür.
Bizim ayağımız böyük tarixin
içində hər onilliyə, hər əsrə
tappıltıyla dəyməyib axı. Olsa-olsa,
yüngülvari, mələklər kimi, üzdən, ahəstə...
Eyvazlının tanıdığı və ünsiyyətdə
olduğu bir Ağıllı şeytan vardı. Ağıllı
şeytan belə hallarda Eyvazlının qulağına onun
ruhunu oxşayan həlim bir səslə
pıçıldayırdı ki, azı buna görə bu nəhənglərin
qədrini bilmək vacibdir. Eyvazlı
Ağıllı şeytanı çox gözəl başa
düşürdü.
Amma Ağıllı şeytanla yanaşı bir Dəli
şeytan da var idi. Dəli şeytan isə öz zəhlətökən,
cır səsilə belə deyirdi: Yox, nərə çəkib
qılınc çalan bu adamlar qəhrəman-zad deyillər. Onları qəhrəman eləmək səhvdir.
Koroğlu öz padşahına asi olub,
dövlətçiliyə qarşı çıxıb.
Ən böyük qəhrəmanlığı da, deyəsən,
elə Nigarı götürüb qaçırmağı
olub...
Dəli şeytanla razılaşmamaq çətin idi. Amma bu zaman
Eyvazlıya elə gəlirdi ki, o, kiməsə, nəyəsə
xəyanət edir. Bu zaman Eyvazlı əməlli-başlı
əzab çəkirdi. Elə bilirdi ki, əynində
heç nə yoxdur və o, anadangəlmə, lüt
–üryan durub hamının qabağında. Hamı onu beləcənə, lüt bir halda
görür, o da öz ayıb yerlərini heç cür eləyib
gizlədə bilmir. Qışqıra da
bilmir, izah edə də bilmir, əlilə ora-burasını
tuta da bilmir. Bundan betər bu dünyada heç nə yox
idi, ola bilməzdi.
Adam yanında dinmirdi, xəcalətdən səsini
çıxarmırdı, amma təklikdə özü ilə
heç cür bacara bilmirdi. Əzab çəkə-çəkə
hər şeyi anlayırdı. Anlayırdı ki, Dəli
şeytanın dəlilləri poladdan möhkəmdir, amma... Eyvazlının qəlbinin içində yenə də
bir səs pıçıldayırdı ki, düzgün deyil
belə düşünmək, ələlxüsus da, belə
danışmaq. Nəticəsi ola bilər.
Adamı tutarlar, adamı daşqalaq edərlər.
Bu anlarda onun kürəyinə soyuq tər gəlirdi.
Qəhrəmanlara qiymət verməyi sevsə də,
etiraf etmək lazımdır ki, Eyvazlı təbiətcə
qorxaq idi. Həmişə Dəli
şeytanla “dərdləşəndən” sonra canına beləcənə
xof düşərdü. Xüsusilə,
Şah İsmayılla bağlı Dəli şeytanın onun
beyninə saldığı hərzə-hərzə
düşüncələr Eyvazlını çox pərişan
edirdi. Başqa bir tərəfdən də sevinirdi ki, duyuq
düşüb təpinəni yoxdu. Bilirdi ki, əgər
balaca təpinən olsa, “Mürşidi-kamilim!”
bağıra-bağıra üzü geriyə, düz
16-cı əsrə qədər hövlnak qaçacaq, ürəyi
əsə-əsə özünü sevimli Şahın
ayaqları altına atacaq, əfvini yalvaracaqdı.
Eyvazlı səhər yeməyini bu cür pərakəndə
düşüncələr içində bitirdi. Əlində tutub ora-bura tərpətdiyi
fincanın divarlarında özünə yer eləmiş
əyri-üyrü qara qəhvə zolaqları pozuq olsa da, səsli
bir xəttə dönüb qulağına onu həyəcanlandıran
belə sözlər pıçıldayırdı:
“Təəssüf
ki (bir başqa dünyada: nə xoş ki), yuxuda olanlar həyatda
baş vermir, həyatda yuxudakının əksi baş verir. Koroğlunu isə, ey Eyvazlı, sən çox da
ürəyinə salma. Koroğlu hələ
sənə sübut edəcək ki, o, həqiqətən, qəhrəmandır.
Bu günün axşamı önəmli bir
hadisə baş verəcək və bu hadisə sənin həyatını
dəyişəcək. Sən o hadisə
ilə təkbətək, üzbəüz qalmalısan.
Buna hazır ol”.
Əyri-üyrü,
hələ tam qurumamış qəhvə xətləri bu xəbəri
ona tələsik ötürüb eləcənə də tələsik
fincanın divarlarında bir-birinin içinə girərək
bir-birinin içində əridilər. Eyvazlının
ürəyi sıxıldı.
Qapıdan
çıxarkən adəti üzrə divardan
asılmış qədim və üstü ləkəli
güzgüyə diqqət etdi və beynindən hər dəfəki
kimi yenə də eyni nimdaş
sual keçdi: “Dünən bu güzgüdə
gördüyüm sifət bugünkü sifətdi, ya yox?!” (Bu sual bütün başqa dünyalarda eyni cür səslənirdi).
Günəşli bir gün idi. Küçə boyu
irili-balacalı evlər gah bir-birinə tərəf əyilib
bir-birinin içində əriyir, gah da qəddi-qamətlərini
düzəldir, tovuz quşları kimi cilvələnirdi.
Gün adamın təpəsini deşir, tər boynundan
ayağına qədər şırhaşır su kimi
axıb gedirdi. Kölgə axtarıb altına
düşmək Eyvazlının ağlından keçmədi.
Çünki ağlından keçsəydi belə
bunun faydası olmayacaqdı. Gün
işığı var idi, binalar var idi, onların əyilib-düzəlməkləri
var idi, amma onların kölgəsi yox idi. Gün
başına vura-vura, tərini tökə-tökə
Eyvazlı beləcənə yol gedirdi, amma hara üz tutub
getdiyini o an unutduğundan hansı
küçədən hansı küçəyə
keçməyi vecinə belə deyildi. Gedə-gedə
gözünün qabağına hərdən Koroğlunun, hərdən
də Şah İsmayılın məktəb dərsliklərindəki
şəkilləri gəlirdi. Bu zaman
gözlərini bərk-bərk yumurdu. Amma
bu halında da o, yolunu gözləri açıqmış
kimi inamla gedirdi.
Yol özü onu gətirib
çalışdığı nəşriyyat
binasının qapısı ağzına çıxardı. Ağır, hündür
taxta qapını təkcə əli ilə deyil, az qala qapıya
yapışdırdığı çəlimsiz bədəninin
olan-olmaz ağırlığı ilə yavaş-yavaş
aralayıb özünü birtəhər içəri
saldı.
Geniş, mərmər pilləkəndən canına
yayılan sərinlik Eyvazlının huşunu bir anın
içində yerinə qaytardı. Eyvazlı pillələri qalxa-qalxa
keyflə düşündü ki, bu gün çərşənbədir
və onun görməli olduğu bir iş yoxdur... amma yox! Lənət
şeytana və onun bütün köməkçilərinə!
Mərmər pilləkənin bir qırıq yeri vardı, ora
ayağını qoyan kimi, ayağı az
qala büdrəyən kimi yadına düşdü. Allahın bəlası düşdü yadına.
Günorta zamanı Eyvazlının yanına
şeirlər kitabının plana salınmasıyla
bağlı şeirləri özündən, özü
şeirlərindən betər, son dərəcə idbar və
özündən müştəbeh bir şair gələcək.
Məşəqqətmi? Məşəqqət!.. Adamla görüşün
qaçılmazlığı bir anın içində onun
qanını qaraltdı. Şairi görməyə
Eyvazlının gözü yox idi, ondan zindeyi-zəhləsi
gedirdi. Amma onun barəsində
düşündüyü həqiqəti üzünə deyə
bilmirdi. Dili gəlmirdi. Az qala utanırdı. Bəlkə də, kim bilir, qorxurdu... Ürəyində şairə
ad da qoymuşdu: “Vampir!” Öz-özünü isə Dəli
şeytanın təkidilə inandırmışdı ki,
şair, həqiqətən, vampirdir və bu vampir hər görüşdə gizlin-gizlin, ləzzətlə onun
qanını sovurur...
...Vampir
üzbəüz kresloya özü boyda sual kimi yayxanıb
oturanda Eyvazlı bu dəfə də ona hansı cavabı verəcəyini
qəti şəkildə müəyyənləşdirməmişdi.
Daha doğrusu, hansı cavabı verəcəyini
bilirdi, o cavabı Dəli şeytan onun üçün elə
havadaca gözlərinin qabağında “şparqalka” kimi
yazdı. Eyvazlı bunu oxuya biləcəyindən
əmin idi, amma Eyvazlı bu oxuyacağı cavabı nə
cür ifadə edəcəyini bilmirdi. İş
beləcənə yavaş-yavaş müşkülə
dönürdü. Elə bu zaman, məhz söhbətə
başlamazdan əvvəl, nə oldu, nə olmadı,
Eyvazlının gözləri önündən vaqeə kimi
biixtiyar bunlar keçdi...
... Harri Potterin sehirbazlar dünyasında bir küçə
var, o, Eyvazlı bu küçədədir. Küçə
sehirbazlarla doludur. Küçənin sağında, solunda əcayib
malların dolu olduğu vitrinli mağazalar da sehirli idilər.
Bu mağazalardakı müxtəlif malların – dəftərlərin,
kitabların, məktəbli çantalarının, köynək
və şalvarların, eynək və şapkaların adam kimi dilləri vardı və onlar dil
açıb müştərilərlə
danışırdılar. Sehirli mağazalarda
sehirbazlar alış-veriş edirdilər. Onlar hərdən
müştəriyə belə deyirdilər: “Mənə
inanmırsan, malın özündən soruş...” Müştəri də bundan sonra malın
özüylə danışmağa başlayırdı.
Sehirbazlarla yanaşı bu küçə ilə
mutantlar gəzişirdi. Cürbəcür,
bir-birinin qarışığı olan heyvanlar başqa bir
dünyadakı (Eyvazlının tanıdığı
dünyadakı) adamlar kimi dal ayaqları üstündə
gedib-gəlirdilər. Burda xoruz başlı ayı da var
idi, ayı başlı xoruz da var idi, eynəkli qartal da var idi,
şir baslı qoyun da var idi, bir sözlə, burda kim yox idi?! Hələ baxıb
tanımadığı nə qədər məxluqat var idi
burda. Qorxuluydumu? Qorxuluydu!
Eyvazlını elə bir vəhmə bürüdü ki, daha
bu küçədə qalmağa dözəmmədi,
gözlərini bərk-bərk sıxıb özünü
hövlnak qaytarıb gətirdi yenə də öz iş
otağına, Vampir şairin yanına saldı.
...Və
indi onun qarşısında ayaqlarını bir-birinin
üstünə sallayıb oturmuş bu vampir Harri Potterin
küçəsindəki xortumu uzun, qoltuğunda qalın
kitab aparan sallaqdodaq filə oxşayır. Orada
fil iki ayağı üstündə yeriyir və gözləri
alışıb-yanırdı, yəqin, belə hallarda o da
vampir kimi öz fil beynində qafiyə axtarırdı.
Eyvazlı düşündü: fil qafiyəsi görən nə
boyda olar?!
Ətrafa
nəzər salıb öz otağına
qayıtdığına əmin olan Eyvazlı rahat bir nəfəs alaraq
bığaltı gülümsədi. (Niyə
bığaltı? Eyvazlının axı
bığları yox idi. Amma yox, bir başqa dünyada,
lap elə Harri Potterin sehirli küçəsinin uzanıb
getdiyi dünyada Eyvazlı əlini bığına çəkmişdi,
ona elə gəlmişdi ki, yuxudadı, ayılmaq
üçün bığını dartmışdı,
orada onun bığları var idi...).
...Beləliklə,
Eyvazlı rahat nəfəs alıb dodaqucu gülümsədi.
Həqiqətən də, ən böyük
biclik, çox doğru deyiblər ki, düzlükdü.
O niyə axı bu boyda dərdi öz çiynində çəkməlidir?!
Olmaz ki, sözünü birdəfəlik desin və hər
şey də bununla qurtarsın, getsin...
Vampirin ağaran dişləri, əlbəttə ki, əsl
ucubiz vampir dişləri idi. Bu dişlər çox asanlıqla və
çox rahat bir şəkildə adamın boğazına
sancılıb qanını soura bilər. Eyvazlı birdən
çox aşikar şəkildə boynunun iki bir-birinə
yaxın nöqtəsinin arı sancmış kimi gizildədiyini
hiss elədi. Beynindən guppultuyla bunlar
keçməyə başladı. Sən,
Eyvazlı bu Vampirə heç nə sübut edə bilmirsən,
bilməyəcəksən, özünü öldürsən
də, partlasan da bu mümkün olmayacaq, çünki siz
ayrı-ayrı Azərbacan dillərində
danışırsınız. Bəlkə
də siz ayrı-ayrı dünyalardasınız. Sənə
elə gələcək ki, dünyaların birində işə
gəlməyinə gəlmisən və əynində köynəyin,
şalvarın var, bu dünya üçün bu təbiidir. Amma hansı döngədənsə keçəndə
sən qəflətən başqa bir dünyaya
düşmüsən və orda sənə baxıb səni
lüt görürlər. Bəlkə də
sən evdən çıxanda səhvən başqa bir
dünyanın – lütgəzənlər dünyasının
qanunlarına görə şalvarını geyinməmisən.
Bu sənin yadından çıxmayıb, sən
sadəcə dünyaları dəyişik salmısan, buna
görə də indi içində partlaya-partlaya qalmısan.
Heç nə də edə bilmirsən...
Vampir isə həmişəki laübali, guya
çoxbilmiş tərzilə, dodaqlarının ucundakı
istehzalı təbəssümü ilə son dərəcə
yalançı bir səbr və ədəb-ərkanla üzbəüzündə
oturub sənə mərhəmətlə baxır. Onun hər
şeydən, Eyvazlının beynindən keçən hər
şeydən xəbəri var. Eyvazlı birdən başa
düşdü. Vampirin məqsədi aydından
aydın imiş – onu hövsələdən
çıxarıb açıq söhbətə çəkmək...
– Mən
sizinlə açıq danışacağam. – Eyvazlı daha
dözmədi, qəti qərara gəlmiş adamlar kimi hətta
ayağa qalxıb sözünə başladı.
Eyvazlının səsində qəribə bir inam hiss olundu. —
Kim nə deyib sizə bilmirəm, amma mən
düşündüyümü deyəcəm. Riyakarlıq
edə bilmirəm. Mən belə düşünürəm...
Bu şeirlər... bunlar şeir deyil... Vallah,
şeir deyil, billah, şeir deyil. – Eyvazlı “uf” deyib
pauza verdi və təzədən yerinə oturdu,
barmaqlarını bir-birinə sıxıb
şaqqıldatmağa
başladı. Aydın idi ki, o, belə bir
“qəhrəmanlığa” hazır deyildi, ona görə də
birdən-birə dediklərinə peşman oldu, növbəti
dəfə “uf” eləyib narahat şəkildə yerində
qurcuxdu. Eyvazlı üçün başqasını
utandırmaqdan daha pis heç nə ola
bilməzdi.
Əlbəttə, Eyvazlı gərək pauza verməyəydi. Elə bil,
özünün də ürəyinə dammışdı
ki, balaca bir pauza versə, Vampir daha onun sözünü sonadək
dinləməyəcək, hökmən sözünü kəsəcək.
Onu əməlli-başlı, necə deyərlər,
alıb gedəcək. Kaş belə
olmayaydı. Eyvazlı ümidlə dərindən
köks ötürdü, yerindəcə qısılıb
qaldı. Ona elə gəldi ki, bir neçə an yox, bir
neçə il keçdi. Vampirin
cır səsi Eyvazlının yadına Dəli Şeytanı
saldı.
– Sən
davam elə, özünü darıxdırma. Mən səni diqqətlə
dinləyirəm... – Vampirin dodaqları amansız və istehzalı bir təbəssümün
ağırlığından əyildi. Adam bu dəfə
öz idbar təbəssümünü heç gizlətməyə
də çalışmadı, əmin oldu ki, onun təbəssümü
Eyvazlının “yeddi qatından keçdi”, yalnız bundan
sonra ayaqlarının hansınısa hansınınsa
üstündən götürüb (Eyvazlının bir diqqəti
onun ayaqlarında qalmışdı, amma ayaqlar bir-birinə
meynə tingləri kimi qaynayıb
qarışdığından bunu dəqiq ayırd edə bilmədi)
haracan gəldi, deyəsən, lap elə otağın
ortasınacan uzatdı. Kresloda şirin-şirin
qurcuxub yerini uzun bir söhbət üçün rahladı.
Eyvazlı seytnota (çaşqın bir hala)
düşdü.
Əlbəttə ki, Eyvazlı təkcə bu dünyada
deyil, mövcud olan bütün sonsuz dünyalarda da qorxaq idi. Sözünü
bir su içimində dəyişmədimi, dəyişdi.
Naçar bir halda, gözlərində və səsində
yalvarışla Vampirə dedi:
– Yox, yox,
məni düzgün başa düşün. Mənim
şeir zövqüm elə də yaxşı deyil. Əsla. Əsla sizin şeirlərinizə
mənim siz deyən elə bir... iradım, sözüm yoxdur.
Məni düzgün anlamadınız... Şeirlərinizin...
özünəməxsus tərzi var. Hm... Siz bir bizim
şöbə müdiri ilə danışsanız... məncə,
daha doğrusu bu olar...
Nəşriyyatın poeziya şöbəsinin müdiri
Göymirzəli ilanla yola getməyi bacaran bir köhnə ədəbiyyat
adamı idi. Lazım gəlsə, şeir yazan əjdaha ilə də
dil tapardı, hamını da razı salardı.
Göymirzəli nə zamansa hətta bir xalq şairinə belə
demişdi:
– Vallah,
halal olsun. Billah, halal olsun. Sən
istəmisən ki, bir axmaq şeir yazasan, sən də onu
yazmısan. Əhsənül-əhsən.
Elə bilirsən asandı?
– Əlbəttə,
asan deyil... – Xalq şairi Göymirzəliyə minnətdarlıqla
baxandan sonra əlində hazır tutduğu dəsmalla tərli,
daz başını silə-silə nə
danışdığını, necə tələyə
düşdüyünü isti-isti ağlına belə gətirmədən
əlüstü cavab vermişdi...
İki göz istəyirdi, Eyvazlının biçarə
halına tamaşa eləsin.
–Deməli,
sən deyəcəyini dedin, qurtardın?!– Vampir
boğazını yüngülcə arıtlayıb süni
bir razılıqla və qətiyyən tələsmədən
incə-incə, yağlı-yağlı danışaraq səsinin
şirin yerinə saldı. Gözləri bir an
sonra alacağı ləzzətdən ulduz göydə axan
kimi axıb getdi.
Eyvazlı
hiss elədi ki, haman xalq şairi kimi tora
düşməkdədir, soyuq tər yenə də
başladı bunun boynundan köynəyinin içiylə
kürəklərinə qədər axmağa. Dodaqaltı
öz-özünə nə isə mızıldadı. Vampir onun mızıltısını təsdiqləyici
cavab kimi qəbul elədi.
– Deməli,
qurtardın... İndi də sən zəhmət
çək, mənə qulaq as. – Vampirin səsi bir
anın içində dəyişib codlaşdı, hətta
bu səs Eyvazlıya bir qədər vahiməli gəldi.
Vampir xeyli qətiyyətli və ciddi bir şəkildə,
nəhayət ki, bu gənc hərifə əməlli-başlı
dərs vermək qərarına gəlmişdi. “Çox dözdüm mən
sənin cəfəngiyyatına... Sirlərin
açılma zamanıdır. Eybi yox, zərbə
ağır olacaq, amma dözümün çatsa,
anlayacaqsan... Bizi də bir adam əvvəl-axır
anlamalıdı, ya yox?!”
Eyvazlının balaca otağındakı səsli divar
saatını hamı bəzək kimi qəbul edirdi,
çünki saatın kəfkiri divardan
asıldığı vaxtdan indiyənə qədər eləcənə
donub qalmışdı. Birdən-birə bu kəfkir
öz-özünə hərəkətə gəlmədimi,
gəldi. Eyvazlı diksindi və mat-məəttəl
qaldı.
– Mən sənin yaşında, balası... – Vampir heç nəyə fikir vermədən danışmağa başladı, – ulduzdan ulduza uçurdum. Gəlib sizin bu camış iyi verən üfunətli dünyanıza düşəndə, daha doğrusu, ilişəndə, – bu yerdə Vampir üz-gözünü nifrətlə büzüşdürdü. – İlk əvvəl başa düşmədüm ki, bu qədər sonsuz ulduz arasında iki üstəgəl ikinin dörd elədiyi belə bir dünyada necə oldu ki, qalası oldum. Səhv etdim. Çox böyük səhv etdim. Sonra çox sonra bu səhvimin səbəbini anladım. Amma gec idi. Bilirsənmi, səbəb nə oldu? Bu dünyanın havasında hər şey bir-birinə qarışmışdı, hər şey bir-birinə oxşayırdı. Adamlardan tutmuş ağaclara, daşlara qədər hər şey. Onlar hamısı bir-birilə qafiyəydilər. – Vampir neştərini daha dərindən batırmaq istədi. – Hər şeyin bu dünyada qafiyəsi vardı. İndi də var. Sənin də qafiyən var. Sevgilin, dostun, ürək qızdırdığın birisi yoxdu ki, deyim, bax, sənin qafiyən budu. Sənin qafiyən bilirsən, nədi? Amma inciməyəsən. Sənin qafiyən... bir atdı. At. Sən ata çox oxşayırsan... Nə isə... Bu bir başqa mövzudu. Deyəcəyəm. Deməsəm, ölləm. Bu dünyanın havasında qafiyələr oynaşır. Mən hər şeyin mahiyyətindəki qafiyələri deyirəm. Mən onları görürdüm. Mənim səhvim məni bura salan səhv cümlənin naçar mübtədası qədər əlacsız idi. Altından indiyənə qədər çıxa bilmirəm. Mənim səhvlərimin qrammatikasını yazmaq olar, balası... Sənsə mənə nə deyirsən?! Sən Allah, qoy görüm nə deyirsən?! Sənsə mənə deyirsən, qulaq qafiyəsi belə gəldi, kök qafiyəsi belə getdi, misranın içində o söz yerində deyil, bu söz artıqdır... Mahiyyətin qafiyəsindən danış sən, övladi-kəbir, mahiyyətin qafiyəsindən...
Bunları birnəfəsə vulkan kimi püskürəndən sonra Vampir dili ilə dodaqlarını yaladı və susdu. Ortalığa namünasib bir sükut çökdü, amma uzun sürmədi. Sükutu Vampirin özü pozdu. Qarşısında bir günahkar kimi, məzlum və yazıq-yazıq oturmuş Eyvazlını (“Allah, mənim günahım nədi?”) bu dəfə açıq-aşkar şəfqətlə süzdü. Gözlənilmədən iztirab dolu ahənglə, öz-özü ilə danışırmış kimi dediklərinə belə bir əlavə etdi:
– Sənin nə günahın?! Sənin ki bir günahın yoxdur... Bilirsən, mənə qəribə gələn nədir? Niyə bizi tərk elədilər?! Sual budu. Yoxsa ki... Olum, ya ölüm... Cəfəngiyyat!
Axşama yaxın Eyvazlı suyu süzülmüş bir halda iş yerini tərk etdi. Yenə küçələri, döngələri bir-birinə qarışdıra-qarışdıra, ordan vurub burdan çıxaraq, burdan vurub ordan çıxaraq sanki dövrələmə, dairələr cıza-cıza yuxarı məhəllədəki evinə tərəf istiqamət aldı. Yol gedə-gedə o belə düşünürdü: “Vampirin dedikləriylə bu sabahkı qəhvə falı arasında, görəsən, bir oxşarlıq varmı?! Qəhvə falı axı başqa şey demişdi. Onun dediyi axşam baş verməliydi. Bu gün axşamüstü mənim həyatımda çox mühüm bir hadisə olmalıdı... Bəs niyə heç nə baş vermir?!
Eyvazlının dodaqlarına acı bir təbəssüm qondu.
Axşam yavaş-yavaş, hüznlə düşürdü. Dar dalanla əyri diki qalxıb birmərtəbəli, ikimərtəbəli böyüklü-balacalı evlərin bir-birinə qısıldığı küçəyə dönən zaman gözünün qarşısında belə bir mənzərə canlandı. Yaşadığı evin qapısı ağzına bir at gətirib bağlamışdılar. Ətrafda bircə tanış adam belə gözə dəymirdi. Axşamın bu vaxtında ora-bura Harri Potterin küçəsində olan kimi mutantlar gəzişirdi. Adam-fillər, kenquru-balıqlar, şir-ceyranlar, dovşan-qarğalar bir-birilə min illərin mehribanı kimi söhbət edirdilər... Bilmədi, niyə, amma bu adi, heç bir qarışığı olmayan atı evinin qabağında görəndə Eyvazlının ürəyində bayaqdan bəri özünə yer eləmiş gərginlik əriməyə başladı.
At uzun boynunu ona tərəf çevirib məhrəm-məhrəm, ürəkdən fınxırdı. Fınxıran zaman atın dişləri ağardı. Eyvazlının diqqətini çəkdi ki, bu atın ağzında bir diş qızıldandır. Atı tanımazdımı, o saat tanıdı. Qırat idi. Bu dəfə sevincdən, ya həyəcandan Eyvazlının damarında qanı coşdu, ürəyi əsim-əsim əsməyə başladı. Ondan çıxmayan iş – cuşa gəlib sağ əlini kəmərinə atmaq istədi, amma yadına saldı ki, qılınc adına bir şey orda yoxdur.
Eləcənə ürəyi əsə-əsə atın yanından əlini onun belinə ehmalca sürtərək (bir başqa dünyada şappıltıyla vuraraq) keçib evin qapısına toxunmazdan əvvəl başını qaldırdı, ikinci mərtəbədəki həmişəqaranlıq pəncərəyə nəzər saldı. Bu, qonaq otağının pəncərəsi idi və qonaq otağına ayda-ildə bir dəfə girən olmazdı. Eyvazlı bu gün də qonaq gözləmirdi. Pəncərədən işıq gəlməməli idi...
Pəncərədən işıq gəlirdi.
SON
Kamal Abdulla
525-ci qəzet.-
2013.- 29 dekabr.- S.24-25.