Köhnə tanışlar: Aydın Məmmədov- (70)- 2

 

 

  qəzasında faciəli vaxtsız dünyasını dəyişən görkəmli türkoloq Aydın Məmmədovun vaxtiylə işlədiyi binadan hər gün giririk və keçib stolumuzda əyləşirik.İş başlayır demək.Bura Tərcümə mərkəzidir və həm də burada XƏZƏR jurnalı da hazırlanır.İş öz ahəngi ilə davam edir və bəzən nahar yeməyində söhbət zamana  ötənlər yada düşür və yavaş-yavaş xatirələr qımıldanır. Və hərə öz bildiyindən danışır. Bu danışıqlar zamanı  rəhmətlik Aydın müəllim hər dəfə xatırlanır və onun bir yerlisi var bu təşkilatda İlham Feyzullayev. Onun da yavaş-yavaş qırışığı açılır və Aydın müəllimlə işlədiyi günləri  açıb çözələyir. Mən hər dəfə ona deyirəm ki : kişi,bunları cızmaqara elə, ardını mən düzüb qoşaram.Bax,neçə illərdi bu beləcə davam edir.Amma ay danışır ha Aydından. Danışmağa nə var ki... Danışmağa hamı pərgardır.Di gəl yaz e... Keç  kompüterin arxasına yaz ey...

Bir dəfə də İlham müəllim Aydın bəyin bir yazısı haqqında danışdı və onu da dedi ki, bu yazı ya çap olunmayıb, ya da  çox az məlumdur oxuculara. Aydın Məmmədovun 70 illik yubileyi günlərində ( doğum tarixi 16 yanvar 1944-cü il)  həmin yazını oxuculara təqdim edirik. Amma daha öncə Aydın müəllimin başqa dostu və Aydın müəllimə çox dəyərli bir poema həsr eləyən gözəl şair Vaqif Aslanla bu unudulmaz insan və ziyalı haqqında söyləşimizi oxuculara təqdim edirik.

Növbət sayılarımızda unudulmaz alim və bu ölkənin ilk Xalq deputatlarından biri olan Aydın Məmmədovun  həmin essesini oxucular atəqdim edəcəyik.

Not: Bu ön söz təşkilatın senzurasından keçirildikdən sonra çap olunur.Yazıların sonunda senzuraya təqdim olunmuş ÖN SÖZÜN orijinalı çap üzü görəcək.

Sizin yaddaşınızda ilişib qalan poemaya daxil olmayan   gərək bunu da yazaydım”- deyə bir vəziyyəti sonradan yaşadınızmı?

Açıq etiraf edirəm ki, əsəri yazıb qurtarandan bir qədər sonra sanki əsərin yarımçıq qaldığını hiss etdim. Mənə elə gəldi ki, 1991-ci il 20 apreldən sonra baş verən hadisələri Aydına söyləmədən,Aydınla müzakirə etmədən bu əsəri məzmun və mündəricə etibarilə tamamlamaq mümkün deyildir.

 

Gəldim, dərdləşək bir az

bu qoca ağac altda,

Deyim ki, səndən sonra

nələr oldu həyatda.

Deyim necə ələndik şadaradan

qum kimi.

Şumlanmış torpaqlara

səpildikcə tum kimi....

 

misraları ilə “Aydın” poemasının 2-ci hissəsini yazmaq istədim. “Aydın”a qədərki zaman kəsiyində var olan tarixi şəxsiyyətlərin taleyinin necə olcağını, sonrakı hadisələrin necə inkişaf edəcəyini izləmək ehtiyacı yarandığından səbrli olmaq və gözləmək lazım gəlirdi. “Aydın” poeması 1993-cü il aprel ayının 20-nə qədər nəşr edilib qurtarmışdı. Aydının məzarı qarşısında o kitabdan bir neçə sətir oxumaq istəyirdim. O zamankı “Elm” nəşriyyatının direktoru Fikrət Süleymanoğlu (indi Fikrət Saraclı adı ilə tanınır) Aydının vəfatının ikinci ildönümü ilə əlaqədar keçiriləcək mərasimdə iştirak etmək üçün kitablarımı da öz maşınına qoyub mənimlə birlikdə Kiş kəndinə gəlirdi. Necə oldusa, yolda söhbət hərlənib-fırlanıb “Aydın” poemasının məziyyətləri üzərinə gəldi. Fikrət Süleymanoğlu dedi: “Sənin qəhrəmanlarının hamısı özünü doğrultmayacaqdır. Onların arasında sənin təsvir etdiyin kimi olmayanlar da olacaqdır. Lakin bunlar sənin əsərinin tarixi-ədəbi əhəmiyyətinə o qədər də təsir göstərməyəcəkdir. Ona görə ki, sənin proqnozların, ümumiyyətlə, düz çıxacaqdır”.  Mən belə cavab verdim: “Düz deyirsiniz. Mənim qəhrəmanlarım təcrübəli sərkərdələr deyillər. Onlar sadəlövh cəngavəri xatırladırlar. Lakin onların hamısı xalqını sevən adamlardır.Sadəlövh sevgidən sevgili vətənə ziyanlıq da gələ bilər”.  Hadisələrin sonrakı inkişafı bunun belə də olduğunu göstərdi. Mənim xalqımıza sevgiylə dolu bəzi sadəlövh qəhrəmanlarım öz cəzalarını çəkməli oldular. Lakin onlar yenə də qəhrəman olaraq qaldılar. Bu belə də olmalı idi.Çünki mən hadisələrin gedişinə bəzi məqamlarda həm də xalqın gözü ilə baxmışdım. “Elin gözü tərəzidir” misalını unutmamışdım.

Əsəri yazıb qurtarandan sonra: “Aydının elm və ədəbiyyat adamları ilə münasibətlərindən  gərək yazaydım” – deyə düşündüm. Lakin gec idi. İndi isə fikirləşirəm ki, Aydının elm və ədəbiyyat adamları ilə münasibətlərindən yazsaydım, onların da bir çoxu mənim sadəlövh qəhrəmanlarımı kölgədə qoyacaqdı, bəlkə də, “Elin gözü tərəzidir” misalı o məqamda özünü oğrultmayacaqdı.

Bu əsəri yazarkən hansı çətinliklərlə üzləşdiniz?

Aydın ünsiyyət baxımından əhatəli bir şəxsiyyət idi. Aydının dəmirçi, kömürçü, pinəçi, dəllək və sair ilə, o cümlədən rəsmi adamlarla münasibətlərində onu başqalarından fərqləndirən cəhətlər qabarıq şəkildə nəzərə çarpırdı. O,insanlar necə düşünür, necə yaşayır, necə mühakimə edir suallarına cavab tapmaq istəyən əzabkeş tədqiqatçını xatırladırdı. Pinəçi ilə pinəçi, dəllək ilə dəllək dilində, kənd soveti katibindən tutmuş raykom katibinə qədər rəsmi adamlarla rəsmi dillə qarışıq bir dildə danışmaq hər kişinin işi deyildi. Əsərimi yazarkən bunları da yazmaq istədim, lakin bunlar daha böyük hadisələr fonunda gözlərimdən qaçdılar. Bir də o zaman gözlərimə göründülər ki, artıq gec idi. Aydını ailə- məişət çərçivəsində, qohum-qardaş, dost-tanış coğrafiyasında təsvir etmək də mənim düşüncələrimin ümumi inkişaf xəttinə o qədər də uyuşmurdu. Mən bu çətinlikdən heç özüm də bilmədən, sövqi-təbii olaraq qaçırmamış. Kövrələndə ağlaya, sevinəndə gülə, hirslənəndə söyə bilən təbii bir insanı həyatın bütün sahələrində təbii şəkildə göstərə bilmək çətindir, əslində qeyri-mümkündür.

Bir daha soruşum: Aydını yaddaşınızda qalan və əsərə daxil olmayan hansı qəribəliklərini yaza bilməmisiz?

Sözünüzə qüvvət olaraq onu deyim ki, Aydının oxuduğu məktəbə münasibətini yaza bilmədim. Yazsaydım, bunun gələcək nəsillərin əxlaqi-mənəvi tərbiyəsinə böyük təsiri ola bilərdi. Aydın hər dəfə Bakıdan gələndə ilk olaraq məktəbə gələr, müəllimləri ilə görüşər, dostları ilə oturub maraqlı söhbətlər edərdi. Vaxt tapıb qonşu Oxud kəndinə gedər, yenə də orada müəllimlərinə baş çəkməyi özünə borc bilərdi. Özünə yaxın olan adamları axtarıb tapmaq, onları yanındakı qonaqlarla tanış etmək xoşbəxtliyini yaşamaqdan sonsuz zövq alırdı. Aydın o qədər istiqanlı idi ki, hətta, xətrini çox istədiyi dostu ilə yeri gələndə  yataqxanada qalmağı da üstün tuturdu. Aydın qəribəliyi həm də onda idi ki, dəlləyə də, pinəçiyə də türkologiyadan danışmagı, elə onlarla  bir yerdə ləhcəmizdəki arxaizmləri tapıb izah etməyi bacarırdı. Onu cəmiyyətin bütün təbəqələri alim kimi qəbul edirdi.  Aydın taleyüklu,eyni zamanda qlobal məsələləri də adi adamlara elə bir şövqlə danışırdı ki, sanki hamı hər şeyi başa düşürdü. Aydının qəribəliklərindən biri də hər hansı bir dilçinin, yaxud ədəbiyyatçının qətiyyən yaxın durmayacağı işlərə  həvəslə yaxın durması və o sahədə də yaradıcılığını əyani olaraq nümayiş etdirməsi idi. BDU-ya ilk dəfə verilən EHM-lər üzrə proqramçı olmasından da yazmadığımı etiraf edirəm.

Aydın haqqında bütün həqiqətləri demək üçün imkanınız nə qədərdi? Və içinizdə Sizə mane olan sıxıntıları indi etiraf edə bilərsizmi?

Aydın haqqında həqiqətləri demək, əlbəttə, seçilən janrın imkanları ilə bağlıdır. Bunun üzərinə mövzuya hansı bucaqdan baxışın da oynadığı rolu gəlsək, pis olmaz. Aydın taleyində Dostoyevski taleyinə oxşarlıq var idi və bu oxşarlıq onu həyatı boyu izləməmişdi. Aydın taleyində Kefli İsgəndər taleyinə də bənzərlik var idi. Elm aləmində onu kefli kimi qəbul edəndə sakitlik tapırdılar. Bu keflilik də onu həyatı boyu izləməmişdi. O axır ki, ayılmış və öz böyüklüyü ilə  dilçilikdə, ədəbi tənqiddə, həmçinin siyasətdə və idarəetmədə tamlığı ilə görünə bilmişdi. Mən bunların hamısı barədə demək imkanına malik olmamışdım. İçimdəki sıxıntılar  içində olduğumuz zamanda bizim çevrəmizin görmə sferasına, bəlkə də, sığışa bilməyən tamlığın və böyüklüyün necə öz əksini tapacağı və necə qəbul ediləcəyi ilə bağlıdır. Mən bu sıxıntılarımı də etiraf etməyi özümə borc bilirəm. Bir halda ki, içi mən qarışıq insan şəxsən özü haqqında həqiqətləri deməkdə də sıxıntılar yaşayırsa,  deməli o göründüyü kimi olub, olduğu kimi görünə bilmir. Bu, dünyanın hər yerində belədir. İnsan obrazı yaradan hər hansı bir şair və ya yazıçı ətrafının, dövrünün sıxıntılarını yaşamağa məhkumdur.

Aydın başqa cür yaşaya bilərdimi.Bilərdisə niyə seçmədi o ömrü?

Aydın başqa cür yaşaya bilməzdi, çünki özünü ifadə etməkdə çox sərbəst idi. Aydın başqa cür yaşaya bilmədiyi üçün başqa cür yaşamaq yolunu seçə bilmədi, çünki qarşısına, hətta, çöpünə çıxanları da çəkib öz səviyyəsinə qaldırmaq istədi. Bu isə mümkün olan şey deyildi. Məhz elə bu mümkünsüzlükdən Aydın üsyankarlığı başladı. Bu üsyankarlıq doğulduğu ocaqdan qurduğu yuvayadək, hər gün gedib-gəldiyi iş yerindən hərdən bir olduğu yığıncaqlaradək hər yeri əhatə etdi. Yəqin ki, o da başqaları kimi sakit və rahat yaşamaq istəyirdi, lakin bacarmırdı. Bir dəfə o mənə dedi: “Mən də elmi işimi müdafiə etdim. Mən də filan kəs kimi elmlər namizədi oldum”. Mən isə onun nə demək istədiyinin fərqinə varmadan onu təbrik etdim. O mənə “sağ ol” demək əvəzinə çox ciddi bir görkəm aldı, incik və acıqlı bir tonda son cümləsini təkrar etdi: “Mən də filan kəs kimi elmlər namizədi oldum”.  Mən onda sanki yuxudan ayıldım və dedim: “Sən  filan kəs kimi ola bilməzsən.  Müdafiə etsən də, etməsən də sən-Aydınsan!”  Onda Aydının sifətində gəzən  təbəssümün işıqlarını gördüm. O məmnunluq hələ də gözlərimin qabağındadır. Aydın başa düşüləndə özünü xoşbəxt hesab edirdi. Hamını və hər kəsi başa düşməyə can atdığı üçün idi, 1988-ci ilin məlum və məşum hadisələrinin axarında xalqımızın yaralarına məlhəm olmaq istədi. Məhz o zaman xalqını aydıncasına başa düşən Aydını xalqı da aydıncasına başa düşürdü. Bu qarşılıqlı anlaşma imperiyanı qorxudurdu və bu qorxunun sonu “yol Qəzası” ilə tamamlanmışdı.

Sizcə Aydını unudulmuş hesab etmək olarmı?

Aydını unudulmuş şəxs hesab etmək haqqı danmaqdan başqa bir şey deyildir. Bu yaxınlarda Nəriman Əbdülrəhmanlı Aydınla bağlı bir çox məlumatları əldə etmək üçün mənim qonağım olmuşdu. Biz birlikdə Aydının qəbrini ziyarət etdik, Aydının xatirəsini yaşadan abidəyə baş çəkdik, nəhayət, Aydıngilə getdik.  Qapını döydük. Qapını Aydının həyat yoldaşı Cənanə xanım açdı. Xeyli söhbətləşdik. Hərdənbir Aydının böyük oğlu Araz ilə zəngləşirəm.  O tərəfdən də nə qədər ki, Tərcümə Mərkəzi və başda Afaq xanım Məsud qızı başda olmaqla onun qədirbilən əməkdaşları vardır, Aydını unudulmuş şəxs hesab etmək olmaz.  Nə qədər ki, türkologiya elmi vardır, o qədər də bu elmdə şəxsi imzası olan Aydın vardır. Nə qədər ki, Azərbaycan ədəbi tənqidi vardır, o qədər də ədəbi tənqidimizdə qısa, lakin unudulmaz Aydın mərhələsi vardır. Aydın hər dövrdə bir formada təzahür edən strukturların deyil, öz axarı ilə əbədiyaşar xalqımızın Aydınıdır.

 

Daha nələri soruşmağımı istərdiniz?

Əvvəla,  mənə ünvanladığınız suallar üçün sizə təşəkkürlər edirəm. Sizin suallarınıza  verdiyim cavablarım sizi nə qədər qane edib etmədiyini bilməsəm də, imkanım daxilində  ətraflı danışmağa çalışdım.  Siz məndən Aydının necə olub Şəkinin Bollu dərə kənd məktəbinə rus dili müəllimi göndərildiyini, adi adamlarla necə ünsiyyətə girdiyini, vaxtilə “Neva” jurnalında antitürk şeirlərlə çıxış edən Silva Kaputikyanı Bakıda bağrına basan bəzi yazıçılara necə qəzəbləndiyini, BDU-da EHM-ə necə proqramlar verdiyini də soruşa bilərdiniz. Sizin suallarınıza cavab verməyin özü də  xoşbəxtlikdir.

Dərin hörmət və ehtiram hissi ilə.

 

Vaqif Aslan. AYB Şəki bölməsinin sədri.

26 noyabr 2013-cü il.                                                   

 

lll

Not: Çox hörmətli Vaqif müəllim! “525-ci qəzet”in baş yazarı şair Rəşad Məcidin əffinə sığınıb, çapına rəvac verəcəyinə inanıb, həmin sualları da cavablandırmanızı rica edərdim. 2014-cü ili Aydın Məmmədov ili hesab etməsələr də, bir neçə ayını onun ili kimi qeyd edək və aralıqla da olsa yazımıza davam edək.  

 

Tofiq ABDİN

525-ci qəzet.- 2013.- 29 dekabr.- S.23.