Əlitüfəngli Səttarxanların,
Xiyabanilərin əliqələmli varisləri
(Açıq məktub)
Ağşın Ağkəmərlinin ürəyimdə
ayrıca yeri var. Yüksək mənəvi dəyərlərə,
geniş miqyaslı dünyagörüşə malik bir insan
kimi də o hörmətə layiqdi.
İxtisasca yüksək təhsil görmüş tibb
işçisi, həkimdi. Tehranda Mişov
Gültür Dərnəyinin rəhbəri və ədəbi
bədii jurnalın baş redaktorudu.
Şairin
kitablarının birində onun tərcümeyi-halı
qısaca olaraq belə təqdim olunur:
Doktor Məhəmmədtəqi Qasimi Neməti
(Ağşın Ağkəmərli) şair,
yazıçı, aktyor, tarixçi, dilçi. Doğum yeri: İskəmər.
Doğum tarixi: 1960. Bir neçə kitabın yazarı və
köçürəni (o cümlədən “Dənizdən
bir damla”, “Dondurmaçı”, “Bizi yaşadan tarix”, “
Söyüd ağacı”, “Şəngül-Məngül”, “Kibritçi
qız”).
Ağşının bəzi şeirlərinə
hörmətli bəstəkar Şamil İsmayıloğlu
musiqi bəstələyib. Bundan başqa bir
çox xarici və daxili qəzet və jurnallarda
çıxış etmiş, ödüllərlə təltif
edilmişdir.
Hazırda Tehran universitetlərində Azərbaycan
türkcəsi və tarixi üzrə müəllim olaraq
çalışır. O, özünü qısaca belə tanıdır:
“Anamın laylaları ilə, bayatıları ilə Azərbaycan
Türk ədəbiyyatını tanımağa
başladım. Tarixini öyrənməklə içimdə
millətimə güvən hissim artdı. Mədəni-milli varlığını sevə-sevə
sevdirməyə çalışdım. Dil
dediyinsə onun mənəvi, sosial varlığı və
ruhi səltənəti deməkdir. Bu
üzdən bütün dünyanın gözəlliklərini
məndən alıb yalnız dilimi versələr, mənim
üçün kifayətdir”.
Ağşın
Ağkəmərli:
Vətən!
Vətən,
səni ağladanlara güldüm,
sənə gülənlərə ağladım.
səndə olub da səni tanımayanlara
həm
güldüm, həm ağladım,
– deyəndə də mən onun
paklığına inanıram.
Cənubi
Azərbaycanda ana dilimizin yasaq olunması, bizim dilimizdə təhsilin
və mətbuatın olmaması, beləliklə də onun
şair taleyinə qəsd edilməsi təbiidir ki,
Ağşın kimi yaradıcı ziyalılardan
gərgin şəraitdə işləməyi, hətta öz
xalqıyla danışmaq, ədəbi söhbətlər etmək
üçün dil tapmağı da (dili ola-ola) tələb
edir.
Əzizim Ağşın, siz və sizin azərbaycanlı
qələm dostlarınız həqiqətən fədakarsınız.
Siz əlitüfəngli Səttarxanların, Xiyabanilərin
əliqələmli varislərisiniz.
Şairin səsi eşidilir. O pıçıltı olanda da
çağırışdı. Süddən-sümükdən
gələn mənəvi dəyərdi. Bu
milli sərvəti talamaq, dağıtmaq olar. Amma daimi mənimsəmək olmaz. Çünki onun dediklərindən tanrı xəbərdardı.
Millətin də xəbəri var.
Qayalarda əks-səda verən adi insan səsindən fərqli
olaraq, şair səsinin əks-sədası qədim əsrlərdən
gəlir. İtaliyanın böyük lirik şairi
Françesko Petrarka ilə böyük sərkərdə
Harribaldinin adları yanaşı çəkilirsə, bu
xüsusi məna daşıyır, həm də çox
poetik səslənir. Sərkərdənin
arxasında qoşun durursa, şairin də arxasında xalq
dayanır.
İskəndər Makedoniyalı hərbi
yürüşləri zamanı Homerin “İliada”sını
özüylə gəzdirirdi. Atabəy Qızıl
Arslan Nizamiylə görüşmək üçün Gəncənin
yaxınlığında müəyyən olunmuş yerə
Naxçıvandan gəlmişdi. Mən Moskvada
oxuduğum illərdə bizə dərs deyən müəllim
(yazıçıydı, indi deyəcəyim hadisənin
iştirakçılarından olmuşdu) heyranlıqla
danışırdı ki, Siyasi Büronun üzvü, SSRİ
Nazirlər Soveti Sədrinin Birinci müavini Heydər Əliyev
dəvətsiz-filansız Yazıçılar
İttifaqına gedib, yazıçılarla çox səmimi
söhbətlər aparıb.
Yazıçı nüfuzuna qəsd – millətə qəsddi.
Hələ qədim Romada “ölkə atası” Oktavian
Avqustun sürgün etdiyi şair Ovidiy indi yaşayır. Cavid
yaşayır. Müşfiq, Nəsimi
yaşayır. Nazim Hikmət də
yaşayır.
Onlar vətənə “sığmadılar”, həbsxanalara
sığdılar. Şairlər vətəni yox, vətən
dilini özlərilə apardılar. Çünki
harda dil varsa, ora da vətəndi. Harda dil
yoxsa, orda vətənin ərazisi var, vətənin özü
yoxdu.
Əzizim Ağşın, siz Cənubi Azərbaycanın
geniş ərazilərində öz dilimizdə daha gözəl,
daha doğma səslənən qədim yer (siz vətən
oxuyun) adlarını bir-bir siyahıya alıb varaqlara
köçürəndə (Dr. Ağşın Ağkəmərli. “Bizi
yaşadan tarix, İskəmər (İsmi Kəmər)” Tehran,
1999 kitabınızı nəzərdə tuturam) fədakarlıq
göstərirdiniz. Çünki siz
bilirsiniz ki, bir nəsil o biri nəslə millətin
yaratdığı mənəvi dəyərləri
ötürməsə o millət manqurtlaşa bilər.
Tarixini, mədəniyyətini, adət-ənənəsini
yaşatmayan xalq da
təbiidir ki, başqa dövlətin ordusunu yemləyəcəkdi.
Toponimiya millətin tarixi yaddaşıdı.
Bizim bu
tayda qədim Gəncənin adı da dəyişdirilib
Yelizavetpol (sonra da Kirovabad) qoyulandan sonra 114 il
millət öz doğma şəhərinin adına həsrət
qalmış, bir əsrdən artıq yabanı adları
çəkdikcə dil ağızda eybəcər vəziyyətə
düşmüşdür.
Lakin rus çarının tətbiq etdiyi bir rubl
gümüş pulu (cəriməni) gəncəlilər
ödəmiş və hər dəfə şəhərin qədim
adını ucadan çəkmişdilər. Beləliklə,
Gəncə adı unudulmamışdı.
Sizin indi çapa hazırladığınız bu yeni
poetik əsəriniz, eləcə də publisist
çıxışlarınız və elmi tədqiqatlarınız
mənim ürəyimdən olduğu üçün, sizinlə
ürəkaçıqlığı ilə
danışıram, sizdəki ürəyə minnətdar
olduğumu bildirmək istəyirəm.
Əzizim Ağşın, sizin bir şəxsi fədakarlığınızı
da, yeri gəlmişkən, burada xatırlamaq istərdim.
İyirmi
üç il bundan qabaq, hələ
çox gənc ikən qışın oğlan
çağında, Araz sularını (təkcə Araz
sularınımı? Qorxulu sərhəddi də!)
keçib mənimlə görüşmək
üçün bu taya, Bakıya gəlmişdiniz.
Onda deyirdiniz ki, mənim Araz mövzusunda olan
“Söyüd” şeirimi Tehranda gətirib sizə veriblər. Oxuyub təsirlənibsiniz.
Deyibsiniz ki, gərək şairlə
görüşəm. Tehranda
“Seçilmiş əsərləri”mi (Nəriman Həsənzadə,
“Söyüd ağacı”. Tehran, 1990) nəşr
etdirib, kitabla bərabər sərhədi keçib gəlmişdiniz.
Onda çox ağır günlər idi. Bir müddətdən
sonra Türkiyə tərəfdən Tehrana qayıdası
oldunuz. Sonralar eşitdim ki, həbs
olunmusunuz. Sizinlə əlaqəm kəsildi.
Keçirdiyiniz sarsıntılar mənim də
ürəyimdə qalmışdı. Şairə
təsir eləyən heç bir şey itmir. Sonralar, nə vaxtsa üzə çıxır.
Budur o şeir. Oxuyun.
Ağşın, vətən birdi,
bayraq ikidi,
bayraq
olan yerdə maraq ikidi.
Sənin
düşmənlərin dostdular, Ağşın,
dirəklər –
rusdular,
farsdılar, Ağşın.
Ordakı
simlərdən bir əncam keçir,
cərəyan yox, Ağşın, sərəncam keçir.
Orda yer yarılsa bircə dəm, Ağşın.
günahkar ya sənsən, ya mənəm Ağşın.
Nə səsin
xoş gəlir, nə dilin sənin,
Mübarək
–
Tikanlı məftilin
sənin.
Zalım necə qorxur gör səndən,
Ağşın.
vətənə salam de, vətəndən, Ağşın.
Əlində
bir tiyə, cibində qayçı,
eşdin
dirəklərin dibini, Ağşın.
Dirəklər
–
qurulu bir
dar ağacı!
Allah bağışlasın səhvini Ağşın.
Uçan
mərmilərə sinə gərirdin,
güclü dövlətlərə güc göstərirdin.
Qanın
–
Xiyabani qanıydı,
Ağşın,
Millətin adıydı-sanıydı, Ağşın.
Gün o
gün olsun ki, qəm-qubarını,
Araz sularında axıdım, Ağşın.
Əsgidə
yazdığım məktublarını
latına
köçürüb oxudum, Ağşın.
İki əlifbada
bir millət olmaz,
ya iki
bayrağa bir xidmət olmaz.
Sənin
Xaqan dilin danılır, Ağşın,
Sənin
yanındakı yanılır, Ağşın...
Ağşın,
bu
dünyanın xeyir-şər günü,
bir də
sərhədlərin bir məhşər günü,
ayrılan xalqların birləşən günü,
Üçrəngli
bayrağın qalxan günü var,
Ağşın!
–
yıxılanın yıxan günü var...
Adınızı hər dəfə çəkdikcə,
ucalıram, qardaşım. Bizim klassik şairimiz Abdulla
Şaiqin gözəl bir misrası var: “Həpimiz günəşin
bir zərrəsiyiz”, – deyir. Biz həpimiz də bir millətin, bir vətənin zərrəsiyiz.
Sizi raketlər
qoruyan Araz çayını keçməyə vadar eləyən
“Söyüd” şeirimin ilk misralarını burada
yadınıza salmaq istəyirəm:
Araz
qırağında, küləkli gündə,
Mən bir söyüd gördüm çayın
üstündə.
Dağılmış
saçını gah yel yolurdu,
gah da
ki, tikanlı məftil yolurdu.
Əyilib
o tayı öpürdü söyüd,
əyilib
bu tayı öpürdü söyüd...
Qalan misraları özünüz əzbər bilirsiniz. Mən də
o söyüd ağacı kimi əyilib Arazın o tayında
sizi öpürəm, Ağşın.
“Söyüd”ü Naxçıvanda yazmışdım. Mərhum
yazıçı dostum Hüseyn İbrahimovla sərhəddin
lap yaxınlığından keçmişdik. Şeiri də o vaxt mərhum yazıçı
dostuma ithaf etmişəm. Sağlığında,
telefon zənglərimiz zamanı şeiri əzbərdən
deyərdi.
Naxçıvana dəvət edərdi ki, gəl, bəlkə
bu dəfə Arazı keçdik. Zarafatı beləydi.
Siz keçdiniz, Ağşın.
İndi oğlanlarınızın birinin adı
Əroldu, o birininki Araz.
Əzizim Ağşın, şairlik taleyinizin
çağırışına damarlarınızda axan
türk qanıyla, vətən sevgisiylə cavab verirdiniz ki, bu
da sizi tufanlı, ildırımlı yollar yolçusuna
çevirdi.
“Azərbaycan”,
“Gülüstan”, “Araz”, “Türkmənçay”,
“Çaldıran”, “Mişov dağları”, “Təbriz”,
“Qarabağ” kimi şeirlərinizin məna tutumu poetik profilinizi
açıb göstərir və ədəbi prosesdə
qazandığınız nüfuzu nümayiş etdirir.
Elə buna görə də Arazın soyuq
sularını keçəndə donsanız da,
yatdığınız həbsxananın soyuq divarları
üşütsə də, sizin poetik nəfəsiniz oxucunun
ürəyini qızdırır. Çünki Şəhriyardan,
Savalandan birbaşa qidalanan, türk dünyası ədəbiyyatını
gözəl bilən və Əfqanıstandan belə şairlərlə
şəxsi yaradıcılıq əlaqələri saxlayan
Ağşın Ağkəmərliyə nədən
yazmağı, niyə yazmağı, kim üçün
yazmağı yaşadığı ictimai mühit, həyatın
özü, bir də Azərbaycanın qədim tarixi öyrədir.
“Əsgər” şeirinizi bütünlüklə misal gətirmək
istəyirəm.
Əsgər, bur torpaq sənə əmanət.
Bu el, bu
oba,
bu
müqəddəs ocaq sənə əmanət.
“Cəngi”,
“Yanıq Kərəmi”, “Dilqəmi”,
sazım,
sözüm –
Ana dilim
sənə əmanət.
Bu Dərbənddən
– o Dərbəndə,
bu vətəndən
– o vətənə, –
Yaxın
olan uzaq ellərim
sənə əmanət .
İlk
yaddaşım, daşım, vətən daşım,
qardaşım
sənə əmanət.
Səhəndin,
Savalanın
O qocaman Təbrizimin
son sözü
sənsən!
Qarabağım,
Bakım
sənə əmanət.
Qaranlığa
işıq saçan Ayım,
döşümdə parlayan ulduzum,
Yüksəklərdə
dalğalanan –
üçrəngli bayrağım
sənə əmanət.
Əsgər!
Hələ
böyük savaş öndədir,
Səngər: evdən-evədir.
Yalnız qələbə bizim birliyimizdədir.
Vətən qarşısında –
hər birimiz bir əsgərik.
Əsgər!
Böyük Azərbaycan,
böyük Vətən
bütövlükdə
sənə əmanət.
Müdrik tövsiyələrdi. Biz otayda yaranan ədəbiyyatımızı izləyirik və sizin ədəbi taleyinizdən daha geniş xəbər tutmaq üçün heç zaman vaxtımızı əsirgəmirik. Buna haqqımız da yoxdur. Orda, çətin şəraitdə yazıb-yaradan qələm dostlarımızı yaxşı tanıyırıq və onları sevirik.
Böyük Şəhriyarın yaradıcılığı bu tayda da məşhurdu. “Heydər babaya salam” poemasını bizdə əzbər bilirlər və ona çoxlu nəzirələr də yazılmışdır.
Mən inanıram ki, Şimallı-Cənublu böyük Azərbaycan ədəbiyyatı da bir proqramla tədris olunacaq, millətin mənəvi dəyərlərini əlifbalar, himnlər, bayraqlar ayırmayacaq.
Sizin də yaxşı tanıdığınız görkəmli ədəbiyyatşünas alim, Nizami Cəfərovun hələ 1990-cı ildə yazdığı “Cənubi Azərbaycanda ədəbi dil: normalar, üslublar” adlı geniş tədqiqat əsəri ürəyimizdə belə bir ümid çırağını yandırmış və dünya mədəniyyəti xəzinəsinə əvəzsiz töhfələrini verən istedadlı bir xalqın paklığını əks etdirən dəyərli nümunələr göstərmişdir.
Əzizim Ağşın, Arazın o tayındakı xalqımızın həyatında, məişətində, düşüncə və mübarizə yollarında yaranan hər bir əsər bizim üçün tarixi bir mərhələ kimi qiymətlidir.
Bakı, 14 dekabr
2013
Nəriman HƏSƏNZADƏ
Xalq şairi
525-ci qəzet.-
2013.- 29 dekabr.- S.20.