Ədəbiyyat İnstitutu
nəşrlərinin biblioqrafik göstəricisi
işıq üzü görüb
Milli Elmlər Akademiyasının
(AMEA) Nizami adına
Ədəbiyyat İnstitutunun
nəşrlərinin biblioqrafik
göstəricisi çap
olunub. Ədəbiyyat İnstitutunun mətbuat
xidmətindən verilən
məlumata görə,
elmi-tədqiqat müəssisəsinin
belə bir nəşri AMEA sistemində
ilk dəfə işıq
üzü görür.
AMEA Nizami adına
Ədəbiyyat İnstitutu
elmi şurasının
2013-cü il 4 dekabr tarixli qərarı ilə çap olunan əsərin elmi redaktoru və layihənin müəllifi elmi-tədqiqat
müəssisəsinin direktoru,
akademik İsa Həbibbəylidir. Bu tarixi
oçerkdə institutun
80 ildə keçdiyi
şərəfli yola
nəzər salınır,
görkəmli alimlərin
Azərbaycan ədəbiyyatşünaslıq
elminə verdiyi töhfədən danışılır,
instituta rəhbərlik
etmiş elm xadimlərindən,
ədəbiyyatşünaslıq elmində böyük xidmətlər göstərmiş
alimlərdən söhbət
açılır.
Akademik İsa Həbibbəylinin müəllifi olduğu önsözdə
qeyd olunur ki, institutda nəşr olunan əsərlərdən böyük
bir kitabxana yaratmaq mümkündür:
“Bu mənada Nizami adına Ədəbiyyat İnstitutunun kitabxanası
ədəbiyyatşünas alimlərin səksən ildən çox bir dövrdəki ardıcıl, sistemli və yorulmaz fəaliyyətinin real nəticəsidir.
Bu möhtəşəm kitabxananı təşkil
edən qiymətli monoqrafiyalar, jurnallar və məqalələr Azərbaycan elminə böyük töhfədir.
Ədəbiyyat İnstitutunun
80 illik yubileyinin keçirilməsi haqqında
AMEA rəyasət heyətinin
2013-cü il 17 oktyabr tarixli qərarı ölkəmizdə
elmə göstərilən
diqqətin ifadəsidir.
Ədəbiyyatşünaslıq elmi müstəqillik
dövrü Azərbaycan
ədəbiyyatının və
ictimai fikrinin inkişafına xidmət etmək vəzifələrini
məsuliyyətlə yerinə
yetirir. Azərbaycançılıq ideyasının formalaşması
və inkişafında
milli ədəbiyyatla
yanaşı, ədəbiyyatşünaslıq
elminin də özünəməxsus xidmətləri
var. Azərbaycanşünaslıq elmləri sisteminin tərkibində Azərbaycan
ədəbiyyatşünaslıq elmi xüsusi çəkiyə malikdir”.
Biblioqrafiya ədəbi tənqid
və ədəbiyyatşünaslığı,
ədəbi-bədii irsimizi,
digər dillərdə
nəşr edilmiş
kitabları, dünya ədəbiyyatından nümunələri
və köməkçi
göstəriciləri əhatə
edən beş
hissədən ibarətdir.
Nəşrdə yer alan kitabların
biblioqrafik göstəricisi
təkcə institutun deyil, ümumiyyətlə,
Azərbaycan ədəbiyyatşünaslıq
elminin bir əsrə yaxın dövrdəki elmi salnaməsidir. Biblioqrafiya ədəbiyyatşünaslıq
elminin inkişaf yolunu, ideya xəttini,
uğurlarını elmi
şəkildə öyrənib
ümumiləşdirməyə imkan yarada bilən
mötəbər mənbədir.
“Nizami adına
Ədəbiyyat İnstitutunun
nəşrləri. Biblioqrafik göstərici.
Kitablar” əsərini Ədəbiyyat
İnstitutunun 80 illik yubileyinə sanballı töhfə kimi dəyərləndirmək olar.
“Elm və təhsil”
nəşriyyatında işıq
üzü görmüş
biblioqrafiyanın redaktoru
filologiya üzrə fəlsəfə doktoru Əmin Əfəndiyev, tərtibçiləri Zakirə
Əliyeva və Sona İbrahimovadır.
S.Abdullayeva
525-ci qəzet.- 2013.- 29 dekabr.- S.21.