Şərəflə yaşanılan ömür

 

Teymur Kərimli – 60

 

 

 

“Kimə hikmət bəxş edilmişsə, Ona əbədi səadət verilmişdir...” – “Qurani-Kərim”

“Ürfan sahibinin – elm adamının üzünə baxmaq ibadətdir” – Məhəmməd Peyğəmbər

Elmlə məşğul olan, bütün şüurlu ömrünü kitaba, öyrənməyə və öyrətməyə həsr edənlər fəzilət sahibləridir, Tanrı Nuruna boyanmış insanlardır. Alimin mürəkkəbini şəhidin qanına bərabər tutan, başqalarına elm öyrətməyi dini vacibatlardan üstün sayan Məhəmməd Peyğəmbər, ona bir hərf öyrədənə qulluq etməyə hazır olduğunu bildirən Həzrəti Əli, alimi bəşəriyyətin qaranlıqlarına şəfəq saçan günəşə bənzədən Nizami Gəncəvi, müəllimi ruhani, mənəvi valideyn hesab edən Nəsirəddin Tusi, ziyalını insanlığın çırağı adlandıran Firudin bəy Köçərli, bəşəriyyətin elmsiz, müəllimsiz keçinə bilməyəcəyi qənaətində olan Sultan Məcid Qənizadə belə şərəfli və fədakar insanların, elm adamlarının əməyini, zəhmətini yüksək dəyərləndirərək onların ən ali mərtəbədə dayanmağa layiq olduqlarını dönə-dönə vurğulamışlar.

İnsanın şəxsiyyət kimi inkişafında, sağlam və intellektual cəmiyyətin formalaşmasında elm adamlarının, ziyalıların xidmətləri əvəzsizdir. Böyük alim Nəsirəddin Tusi “Əxlaqi – Nasiri” əsərində yazırdı: “Varlıqları ən aşağı dərəcədən kainatın ən şərəfli mərtəbəsinə qaldıran sənətdən daha şərəfli nə ola bilər?”

Fransız filosofu Oqyüst Kantın “Həyatda ən çox güvəndiyim şəxs alimlər – elm adamlarıdır, çünki onların silahı kitabdır və bu silahla istənilən düşməni çökdürmək mümkündür...” kəlamında ziyalıların xalq üçün necə dəyərli bir zümrə olduğuna əyani sübutdur.

Görkəmli ədəbiyyatşünas alim, naşir, mətnşünas, publisist, şair və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Dövlət Mükafatı Laureatı, Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor Teymur Kərimli də məhz Rəbbimizdən güc alaraq kitabla, elmlə silahlanan və  təqdir edilən ziyalılardandır. Xalqına, millətinə, onun tərəqqisi, bu günü və parlaq gələcəyinə inamla bağlı olan, Sözün varlığına, kəsərinə, ilahi gücünə inanaraq qələmə sarılan və bütün yazıları və araşdırmaları ilə milli düşüncəyə, elmə və ədəbiyyata xidmət edən tanınmış ziyalı – Teymur Kərimli.

Teymur Kərimli bütöv və kamil şəxsiyyətdir. Ağıl, zəka, şükranlıq onun stixiyasındadır. İlkinlikdən qaynaqlanan bu kimi önəmli dəyərləri mən onda hələ illər öncə M.F.Axundov adına Mərkəzi Dövlət Kitabxanısının foyesində mükalimələrimiz zamanı duymuşdum. Bizim sözügedən söhbətlərimiz əsasən, ədəbiyyat məsələləri ilə bağlı olurdu. Mən tədqiqat istiqamətimlə ilgili olaraq daha çox müasir ədəbiyyatın yaradıcılıq problemlərinə diqqət çəkib müəyyən məsələləri düşüncə predmetinə çevirib incələyərkən tərəf müqabilim – Teymur Kərimli daha çox klassik Azərbaycan ədəbiyyatının, məxsusi olaraq Nizami Gəncəvi yaradıcılığını söhbətin mövzusuna çevirərdi. Mən aydın hiss edirdim ki, onun erudik iqtidarı nəinki Nizami, eyni zamanda Füzuli, Nəsimi sənət dünyasında sərbəst təfəkkür gəzişmələri etməyə, incə məqamları qlobal düşüncə müstəvisinə çıxarıb konseptual fikir sərgiləməyə imkan verir. Nizami Gəncəvinın sənət sirləri, qəhrəman tipləri, məsnəvisinin poetik strukturu ilə bağlı qənaətlərimizdə üst-üstə düşən məqamlar hər ikimizdə könül xoşluğu doğururdu. Mənim Azərbaycan poeziyasında janr tipologiyası ilə bağlı araşdırmam, Nizami şeirinin struktur xüsusiyyətləri ilə bağlı yazım Teymur Kərimli kimi bir görkəmli nizamişünasla konseptual fikir bölüşməyə imkan verirdi. Bu baxımdan onun nizamişünaslığa baş ucalığı gətirən və özünün qlobal çevrəsi ilə fərqlənən doktorluq dissertasiyasına rəsmi opponent təyin olunmağım heç də təsadüfi deyildi. Mən bu gün iftixar hissi keçirirəm ki, belə bir fundamental araşdırma haqqında yüksək tribunadan mövqe sərgiləmişəm. Halal zəhmətin, aramsız axtarışların bəhrəsi olan tədqiqatlar haqda fikir yürütmək, qərar ortaya qoymaq ən azı qədrşünaslıqdır.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik hörmətli İsa Həbibbəylinin təşkilatçılığı ilə Teymur Kərimlinin şanlı yubileyi, son dərəcə halallıqla yaşadığı 60 yaşı böyük coşğu ilə qeyd olundu... Doğrusu, yaş məsələsi Teymur Kərimli üçün bir o qədər də önəmli deyil. Bu dəyərli alimi şəxsən tanımasaydım, zəngin yaradıcılıq bioqrafiyasından xəbərim olmasaydı, sadəcə gördüyü işlərə, əsərlərinə, fundamental tədqiqatlarına, ictimai fəaliyyətinə nəzərən ona daha çox yaş verərdim. Çünki aramsız axtarışlardan boy göstərən çeşidli tədqiqat əsərlərini sadəcə 60 yaş həddində reallaşdırmaq zənnimizcə heç də asan məsələ deyil?! Amma bu səmimi, son dərəcə təvazökar, zərif, xəfif yumora malik ürfani insanın nurani simasını  şəxsən görənlər belə bir qənaətə gəlirlər ki, o daha gəncdi, ruhən, mənən və cismən xeyli cavandı... Bu mənada Teymur Kərimlinin yaş məsələsi zahirən mənim üçün bir qədər mübahisəli görünür. Amma hər halda bu il əziz dostumuzun, qardaşımızın yubileyinin qeyd olunması bizlərdən, onun haqqında söz demək, yazmaq arzusunda olan yoldaşlarından, həmkarlarından ötrü bir bəhanədi. Ona görə məqamdan yararlanaraq dəyərli alimimizin yaradıcılığına, tədqiqat əsərlərinə özəl rakurslardan yenidən nəzər salıb onun məziyyətləri haqqında fikirlərimi ümumi şəkildə sərgiləmək qərarına gəldim.

Dərin mütaliəsi, elmi-analitik təfəkkürü, fitri istedadı, zəngin dünyagörüşü, erudisiyası, heyrətamiz müşahidə qabiliyyəti, orijinal yazı üslubu, özünəməxsus axtarış tərzi, vicdan, ləyaqət, humanizm və ən əsası milli vətənpərvərlik kimi ülvi keyfiyyətlər Teymur Kərimlini daim ədəbi-elmi ictimaiyyət və gələcəyi hədəfləyən geniş auditoriya diqqət mərkəzində saxlamaqdadır. Uzun illər formallaşmış belə bir düşüncə tərzi mövcud olub ki, guya alim, elm adamı populyarlıqdan qaçmalı, bir kənara çəkilib öz işi ilə məşğul olmalıdı. Lakin məncə müasir, çağdaş zamanın tələbi başqadır. Müasir dövrdə alim təkcə əsərləri ilə deyil, həm də şəxsiyyəti, ictimai fəaliyyəti ilə də xalqını maarifləndirməli, elmi, ədəbiyyatı maraq dairəsində saxlamağı bacarmalıdır.  Bu mənada Teymur Kərimli hərtərəfli düşüncə kirdarı ilə seçilən, məşhurluğu  elmi ictimaiyyətimizdə etiraf olunan alimlərimizdəndir. Akademik İsa Həbibbəylinin təbirincə desək, “Klassik ədəbiyyatın yorulmaz tədqiqatçısı” olan Teymur Kərimli həm də onun ədəbiyyatımızın fədakar təbliğatçısıdır. Görkəmli alimin şərəfli ömür yoluna, zəngin elmi yaradıcılığına nəzər yetirdikcə onun Azərbaycan elminin inkişaf tarixinə böyük töhfələr verdiyi bütün mümkün rakursları ilə aydın görünür. Teymur müəllimin  Azərbaycan televiziyasının gündəmindən düşməyən “Məclisi-Üns” verilişində qürur doğuran çıxışları və tövsiyələri bu baxımdan xüsusi vurğulanmağa layiqdir. Əlbəttə, bu kimi layihələrdə dəyərli, görkəmli alimlərin ədəbiyyatımızın, klassik poeziyamızın iç mənasının geniş oxucu kütləsinə, tamaşaçının  düşüncə imkanlarının qalxımına hesablanan təqdimatları bu baxımdan mühüm maraq kəsb edir. Teymur Kərimlinin bu yönlü verilişlərdəki dərin məzmunlu mülahizələri, ürəyəyatımlı, eyni zamanda düşündürücü çıxışları heç şübhəsiz ki, diqqəti həm   klassik ədəbiyyatın çeşidli yönlərdən idrakına zəmin yaradır.

Mərhum akademik  Bəkir Nəbiyev Teymur Kərimlinin mənəvi müəllimi olaraq yazırdı: “Teymur Kərimli Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli və məhsuldar nümayəndələrindən biridir. Həmkarları arasında ən erudisiyalı qələm sahibi kimi bəyənilən və təqdir edilən alimin başlıca tədqiqatları  zəngin klassik irsimizə, özəlliklə Xaqani, Nizami, Nəsimi və Füzulinin əsrlərin sınağından çıxmış çox qiymətli poeziyasına həsr olunmuşdur. Bu sahədə nəşr olunmuş kitab, məqalə və resenziyalarını araşdırıcılarımız həmişə maraqla qarşılayırlar. Onun artıq elmlər doktoru və namizədi olan yetirmələri AMEA-nın elmi tədqiqat ocaqlarında, ali məktəblərdə və bəzi xarici ölkələrdə səmərəli elmi fəaliyyət göstərirlər”.

 Bəli, rəhmətlik Bəkir müəllimin dediklərindən bir daha aydın olur ki, Teymur müəllim uzun illərdən bəri öz səmərəli və şərəfli həyatını bilavasitə Azərbaycan ədəbiyyatşünaslıq elmi ilə qırılmaz tellərlə bağlayıb. Onun Nizamişünaslıq elmimizdəki xidmətləri, bu fundamental elm sahəsinə aşıladığı mühüm nəfəs genişliyi  xüsusi vurğulanmalıdır. “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik, “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyalarını böyük uğurla müdafiə etməsi, daha sonrakı dönəmlərdə Nizami Gəncəvi yaradıcılıq sirlərini fundamental araşdırmaların predmetinə çevirməsi Nizami böyük sənət xəzinəsinin özəl dəyərlərini iç qatdan açmağa, anlayıb nəticələr çıxartmağa elmi zəmin yaratmışdır. Bundan əlavə o, Nizaminin həyat və yaradıcılığına dair bir sıra kitabların elmi redaktoru və böyük şair haqqında araşdırmaları,  gənc ədəbiyyatşünaslara elmi rəhbər, eyni zamanda incələnməsi mühüm vətəndaşlıq qayəsi hesab edilir. Teymur Kərimli Azərbaycanda və bir sıra xarici ölkələrdə Nizami irsinin nəşri və təbliği istiqamətində mühüm fəaliyyət göstərən, çağdaş nizamişünaslıq kontekstində ümumən  ədəbiyyatşünaslıq elmimizə çox  dəyərli töhfələr bəxş edən fədakar alimimizdir.

Teymur Kərimli Nizaminin anadan olmasının 850, 860 və 870 illik yubileyləri qeyd olunarkən bir sıra maraqlı məqalələr yazmış, dahi şairin əsərlərinin nəşri sahəsində çox mühüm fəaliyyət sərgiləmişdir. Heç şübhəsiz ki, onun dahi şair Nizaminin anadan olmasının 870 illik yubileyi münasibətilə ərsəyə gətirdiyi “Nizami Gəncəvi” adlı yeni kitabı zənnimizcə  həm Azərbaycan, həm də xarici ölkələr nizamisevərlərinə və nizamişünaslığına çox qiymətli bir ərməğan olacaqdır. Əslində,  bu monoqrafiyanın təkcə Azərbaycan dilində deyil, həm də rus, ingilis, alman, fransız, fars dillərinə tərcümə edilərək nəşr olunacağı sədası hələ konkret zaman kəsimində böyük rezonans doğurmuşdu.

Lakin bu qüdrətli alimin gördüyü işlər əlbəttə ki, bitib-tükənməzdir. Teymur müəllim konseptuallığı ilə fərqlənən 100-dən çox  elmi əsərin, o cümlədən monoqrafiya, kitab və məqalələrin müəllifidir. Onun “Nizami və tarix”, “Görünməyən Füzuli”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü” və başqa kitabları elmi ictimaiyyətin dərin marağına səbəb olmuşdur.

Dərin zəkası ilə düşüncələrdə sakin olan bu dəyərli alim təkcə klassik ədəbiyyatın mahir tədqiqatçısı deyil, həm də müasir ədəbiyyatımız və ümumən ədəbi proses barədə mötəbər söz sahibidir. Onun qələminin və düşüncəsinin məhsulu olan konkret təyinatlı məqalə və kitabları bu düşüncələrə bariz nümunələrdi. Onun görkəmli elm xadimlərinə həsr etdiyi “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra qalmışı”, “Akademik Əhməd Mahmudov  kitabları qədirşünaslıq baxımından mühüm maraq doğurur. Bundan əlavə o, Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyinin, “Azərbaycan Ensiklopediyası”nın xüsusi (“Azərbaycan”) cildindəki “Azərbaycan ədəbiyyatı” və “Ədəbiyyatşünaslıq” oçerklərinin, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” toplusunda özəl yer alan “Heydər Əliyev və klassik ədəbiyyat” bölməsinin həmmüəllifidir.

Teymur müəllimin elmimiz, ədəbiyyatımız, böyük şəxsiyyətlərimizin təbliği və təqdimi ilə ilgili incəmələrini diqqətə çəkməyimiz heç də təsadüfi deyil. Bu gün hər bir ziyalı dövlətimiz, hökumətimiz tərəfindən layiqli qiymətini alır. Sevindirici haldır ki, bu gün hər kəs dövlətimizin ədəbiyyat və elm adamlarına qayğısını aydın hiss edir. Bu mənada “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” fundamental araşdırmaya görə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülən müəlliflər sırasında dəyərli  elm adamı Teymur Kərimlinin də yer alması fərəhli olduğu qədər də  sevindiricidir.

Teymur Kərimli bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan ədəbiyyatşünaslığını uğurla təmsil etmişdir. Onun Kazan, Dərbənd, Ankara, Təbriz, Tehran, Bağdad, Marağa, Urmiya, Hələb, Dəməşq, Budapeşt, İstanbul, Milan, Dehli  və digər şəhərlərdə Azərbaycan ədəbiyyatının aktual problemlərinə dair maraqlı məruzələrlə çıxışı böyük coşğu ilə qarşılanmışdır. Lakin onu da könül xoşluğu ilə vurğulamaq lazımdır ki, bütün bu aramsız elmi fəaliyyətin müstəviyə çıxardığı araşdırmalar Teymur Kərimlini heç   çərçivələrə salmamış, onun  şair ruhunu buxovlaya bilməmişdir. Əksinə, Teymur müəllim Nizami, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.P.Vaqif, S.Ə.Şirvani, M.Ə.Sabir, M.Şəhriyar, H.Cavid kimi görkəmli şairlərin irsini araşdırdıqca özü də bir sıra maraqlı poeziya nümunələrinin müəllifinə çevrilib. Son dərəcə təvazökar olduğundan o heç vaxt özünü şair adlandırmır. Lakin zənnimcə “Hicran ömrü” adlı kitabında toplanmış şeirləri bu gün özünə şair deyən çoxlarında qibtə və heyranlıq doğurur. Bu şeirlərə nəzər saldıqda alim Teymur Kərimlinin erudisiyasını, zəngin daxili aləmini, incə yumor hissinin şairanə, poetik ifadəsini  aydın hiss eləmək olur. Bu mənada onun bir şair olaraq şeirlərinin ən üstün cəhəti məhz səmimiliyi, sadəliyi ilə ilgilənən analiktdir. Teymur Kərimlinin eşq, dünyanın faniliyi, həyatın qəribəlikləri haqda düşüncə stixiyası nəsimiçilikdən soraq verir. Bununla yanaşı, onun xəfif ironiya və sarkazmı sezdirən əsərləri   oxucunu dərin fikirlərə daldırır. Zənnimizcə, istər elmi, istərsə də bədii əsərdə dilin sərrastlığı, səlisliyi əsas məsələlərdən sayılır. Aydın, ifadəli dil müəllifin həyatı düzgün dərk etməsi deməkdir. Dilin gözəlliyi əslində duyğuların gözəlliyini, həyatın poeziyasını da özündə ehtiva edir. Ədəbi dil xalq dilinə nə qədər yaxın olarsa, əsərin poetik təsiri, ifadə imkanı də bir o qədər güclü olar. Bir məqamı xüsusi qeyd etmək yerinə düşərdi ki, bizim ana dilimiz ən dərin, ən fəlsəfi fikirləri belə dürüst ifadə etmək üçün çeşidli poetik arsenal imkanına malikdir. Bu mənada professor Teymur Kərimlinin elmi əsərləri kimi poetik nümunələri də dilə özünün axıcılığı, ifadəliliyi, oxunaqlılığı, rəvanlığı ilə diqqəti çəkməkdədir.

Teymur Kərimli 1990-cı ildən Nizami adına Ədəbiyyat İnstitutunun “Orta əsrlər Azərbaycan Ədəbiyyatı” şöbəsinə rəhbərlik etməyə başlamışdır. Təxminən on səkkiz ilə yaxın bir dövrdə  orta əsrlər Azərbaycan klassiklərinin həyat və yaradıcılığının ayrı-ayrı problemlərinin öyrənilməsi bilavasitə onun rəhbərliyi və nəzarəti altında həyata keçirilmişdir. Teymur müəllim Xaqani Şirvaninin, Məhsəti Gəncəvinin, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin və digər klassiklərimizin həyat və yaradıcılığının bir sıra aktual problemlərinin öyrənilməsi istiqamətində, onların ədəbi irsinin toplanması və nəşri sahəsində xeyli əmək sərf etmiş və bu gün də bu şərəfli missiyanı özünəməxsus bir ləyaqətlə davam etdirir.

Teymur qardaşımızdan bir qədər yaşlı olmağım mənə imkan verir ki, bu əsnada həm də öz şəxsi təcrübəmdən çıxış edərək söz açım. Təcrübəmə əsaslanaraq qeyd etmək istərdim ki, həm elmi yaradıcılıqla müntəzəm məşğul olmaq, həm də müəyyən vəzifə daşımaq əslində məsuliyyətli və çətin işdir. Gərəkdir ki, həmin şəxs hər bir işdə bütün əməkdaşların rəyini, münasibətini, mövqeyini, baxış imkanlarını nəzərə alsın. Bu mənada, Teymur Kərimlinin konkret bir strukturun idarəsində nümayiş etdirdiyi fəaliyyət sözün həqiqi mənasında çoxları üçün nümunə və məktəbdir. Əslində, Teymur müəllimin təcrübəsindən, daxili mədəniyyətindən, təmkinli davranışlarından, işıqlı əməllərindən, ləyaqətli bioqrafiyasından hərə özü üçün bir örnək götürür. O, yaşından asılı olmayaraq, hər kəsə nəzakətlə, ülfətlə, sayğıyla yanaşır, hamının eyni dərəcədə qayğısına qalır. Təvazökarlığı, sadəliyi, səmimiliyi, insanpərvərliyi Teymur müəllimin könüllərdə qərar tutmasının, gənclərin, tələbələrin, həmkarların sevimlisinə, doğmasına çevrilməsinin əyani  sübutudur.

Hər bir insan ömrü bütöv bir təcrübə məktəbidir. İnsanların həyatına, ömür yoluna nəzər salanda bəzən adama elə gəlir ki, sanki hamı eyni bir ömrü yaşayır və sanki adamlar bir-birinin yaşamını təkrarlayır. Amma elə insanlar da var ki, onların ömrü nəsillərin həyatında bənzərsiz bir təcrübə olur...

Mən inanıram ki, Teymur müəllimin şərəfli həyat yolu gənc nəslimiz, bütövlükdə cəmiyyətimiz üçün dəyərli bir nümunədir – namus, vicdan, ləyaqət, sadəlik, səmimilik, təvazökarlıq,  ziyalılıq, vətənpərvərlik, ən əsası İNSANLIQ nümunəsi... Çünki baxış bucağından asılı olmayaraq onda müdriklik, ağıl, zəka, ucalıq aydın görünür.

Məqamları qəlbin gözü ilə görüb idrak edən, inam, iman, etiqad, amal və əməl sahibi olan Teymur müəllim, Sizi 60 illik möhtəşəm yubileyiniz münasibəti ilə  bir daha çoxminli Azərbaycan Dövlət Pedaqoji Universiteti kollektivi, Filologiya fakültəsi və “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasının dəyərli əməkdaşları adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət, böyük əməli işləri uğurla davam etdirməyi, Azərbaycan elminin aşırımlarını inamla fəth etməyi və layiq olduğunuz ucalıqda əbədi qərar tutmağı  arzulayıram!!!

 

 

Himalay QASIMOV

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan

ədəbiyyatı tarixi” kafedrasının

müdiri, filologiya üzrə elmlər doktoru,

 professor

525-ci qəzet.- 2013.- 29 dekabr.- S.19;31.