Teymur Kərimli ilə klassik ədəbiyyat
üstündə dərdləşmə
Başlıqdakı
“üstündə” qoşması özündən sonra
“mübahisə” sözünü, bəlkə, daha çox tələb
edir, yəni “klassik ədəbiyyat üstündə
mübahisə” dil-üslub baxımından, bəlkə, daha
münasib deyim formasıdır. Olsun. Etirazım yoxdur. Amma mən bu
yazıda AMEA-nın müxbir üzvü Teymur Kərimli ilə
klassik ədəbiyyat üstündə mübahisə etmək
yox, məhz dərdləşmək fikrindəyəm. Dərdləşməyin
məlum və məşhur qaydası var: tərəf-müqabilinlə
üz-üzə, göz-gözə oturub onu və səni
narahat edən mətləblər barədə söhbətə
başlayırsan. Başlıqda işlək
deyim formasından qaçmaq istədiyim kimi, yazının
özündə də dərdləşməyin bu məlum və
məşhur qaydasını bir qırağa qoymaq istəyirəm.
İstəyirəm T.Kərimlinin qızıldan
qiymətli vaxtını almadan söhbəti (əgər buna
“söhbət” demək mümkünsə) onun kitabları ilə
söhbət şəklində quram.
Kitabları
(həm Nizami və Füzuliyə, həm də Akif Əlizadə,
İsa Həbibbəyli və Əhməd Mahmudov kimi akademiklərə
həsr olunan kitabları) deyir ki, klassik ədəbiyyat Teymur Kərimlidən
ötrü sadəcə tədqiqat predmeti deyil, klassik ədəbiyyat
Teymur Kərimlidən ötrü bir düşüncə tərzi,
davranış normasıdır. Teymur Kərimlinin sənətə,
insanlara, ətrafdakı hadisələrə münasibətində,
oturub-durmağında Nizamidən, Füzulidən gələn,
yaxud onlarla səsləşən cəhətlər var.
Oturub-durmaq məsələsini heç də elə-belə,
sözgəlişi xatırlatmıram. Bu məsələni
bəri başdan xatırlatmaqla bildirmək istəyirəm ki,
Teymur Kərimlinin həyat-məişətdəki
davranış tərzindən də az-çox xəbərdaram.
Və 1972-ci ildən tanıdığım
Teymur Kərimlinin xasiyyəti-xarakteri onun əsərlərinə
açar tapmağa kömək edir. Bu fikri tərsinə
də söyləmək olar: Teymur Kərimlinin əsərlərini
oxumaqla bir insan kimi onun özünü daha yaxından
tanımaq olur. Teymur Kərimli riyaziyyat təmayüllü orta məktəbi
qızıl medalla bitirib riyaziyyat yox, ədəbiyyat
dalınca gedir, ədəbiyyat aləmində isə
könül verdiyi, qırılmaz tellərlə
bağlandığı sənətkarlar məhz Nizami və
Füzuli olur. Bu kimi bioqrafik faktları Teymur Kərimlinin
kitablarını oxumadan doğru-düzgün qiymətləndirmək
olarmı? Əlbəttə, olmaz. Hələlik kitabların incəliklərinə
varmadan Teymur Kərimlini Nizami və Füzuliyə bağlayan
mənəvi dəyərləri ümumi şəkildə
diqqətə çatdırmaq istəsəm, nəfsin,
dünyagirliyin fövqünə qalxmağı lap başda
qeyd etməliyəm. Bildirməliyəm ki,
dünyanın naz-nemətinə aldanmamağı oxucuya
dönə-dönə tövsiyə edən Nizami və
Füzuliyə üz tutmağın özü bəri
başdan tədqiqatçının xarakteri barədə
müəyyən təsəvvür yaradır. Tədqiqatçı qısa vaxtda populyarlıq
qazanmaq istəsə, real həyatda yaşayan nüfuzlu
yazıçılardan və yaxud haqq dünyasına
qovuşan, amma oğul-uşağı yüksək mənsəb
sahibi olan yazıçılardan mövzu götürər.
Tədqiqatçının Nizami və Füzuli kimi sənətkarlardan
mövzu götürməsində isə ad-san qazanmaq
şansından daha çox risk var. Risk, söz yox ki,
mövzunun çətinliyində, Nizami və Füzuli
yaradıcılığının forma və məzmunca
mürəkkəbliyindədir. Bu çətinlik və
mürəkkəbliyin öhdəsindən gəlmək üçün Avropa
və rus ədəbiyyat elminə bələd olmaqdan əlavə,
ərəb və fars dillərini bilməlisən, Şərq
mifologiyası və ədəbiyyatına, islam mədəniyyətinə
dərindən bələd olmalısan. Ağır
zəhmət, yüksək professionallıq tələb
etdiyindəndir ki, Nizami və Füzuli
yaradıcılığının, bütövlükdə
klassik ədəbiyyatımızın
araşdırılması bu gün Teymur Kərimli kimi bir
neçə ciddi alimin ümidinə qalıb. Elə Teymur Kərimli ilə dərdləşərkən
toxunmaq istədiyim məsələlərdən biri budur –
klassik irsə maraq göstərənlərin sayca get-gedə
azalması. Klassik irsə maraq oyatmaq,
görünür, orta məktəbdən başlamalıdır.
Orta məktəbdə ərəb və fars dillərinin tədrisinə
diqqət artırılmalı, ərəb əlifbasını öyrənmək və
öyrətmək zəruri bir iş kimi təhsildə öz
yerini tapmalıdır. Ərəb əlifbasını
bilmədikcə biz həmin əlifbada yazılan
qaynaqlarımızdan ayrı düşürük, klassik irsin
öyrənilməsinə gedə biləcək yolu bu
başdanca bağlamış oluruq. Klassik
irsin öyrənilməsini bu gün heç olmasa dini mənbələrin
öyrənilməsi ilə uzlaşdırmaq olmazmı?
Axı son vaxtlar ərəb və fars dillərini
öyrənənlərin çoxu islam təliminə
az-çox yiyələnmək istəyənlərdir.
İşi elə qurmaq olmazmı ki, islam təliminə
baş vuranlar, mollalıq dalınca gedib-getməmələrindən
asılı olmayaraq, klassik ədəbiyyata mötəbər
qaynaq kimi baxsınlar və dindarlar arasından Nizami, Nəsimi,
Füzulinin... görkəmli tədqiqatçıları
yetişsin!? Bu işdə “olmaz”ı “olar”a çevirmək
üçün gərək din adı altında aramıza
girib varlığımızı sarsıtmağa
çalışan kənar siyasi qüvvələrin təsirinə
düşməyək, Nizami, Nəsimi, Füzuli... kimi mənəvi
atalarımızı yaddan çıxarıb, hər yoldan
ötənin ətəyində namaz qılmayaq.
Ərəb-fars dillərini öyrənənlərin belə,
klassik ədəbi irsə çox da maraq göstərmədiyi
bir vaxtda Teymur Kərimli kimi bədii söz
xiridarlarının qədir-qiymətini bilmək borca
çevrilir və sən hansı yollasa o borcu ödəməyə
çalışırsan. Düşünürsən
ki, borcu ödəməyin yollarından biri Teymur Kərimlini
oxumaq, onun böyük zəhmət və yüksək
professionallıq bahasına gəldiyi və irəli
sürdüyü qənaətləri bölüşməkdir.
Bölüşməli qənaətlərdən
biri klassikin davranışı ilə bağlıdır.
Klassikin davranışındakı qaranlıq məqamların
aydınlaşdırılması Teymur Kərimli tədqiqatına
xüsusi impuls verir. Nizaminin “Xəmsə”də
zəmanəsinin səkkiz hökmdarına tərif dolu fəsillər
həsr etməsini necə başa düşmək
lazımdır? Təmtəraqlı
ithaflar, bəlağətli mədhnamələr yalnız maddi
təminat üçündürmü? Teymur Kərimli
bu kimi suallara bir aydınlıq gətirməklə
özünü Nizami haqqında söz deməyə daha
çox kökləyə bilir: “Nizaminin fikri yalnız qonorar
olsaydı, nəqdi qoyub nisyə dalınca düşməz,
uzaq Ərzincana, Marağaya, Şirvana, Təbrizə əsər
göndərməzdi. Məsələ
burasındadır ki, o dövrün ən etibarlı kitab
fondları şahların saray kitabxanaları və xəzinələri
idi. Həm də saray kitabxanalarında qiymətli əlyazmaların
üzünün nəfis şəkildə
köçürülüb çoxaldılması üzrə
o dövrün miqyaslarına görə qızğın və
geniş iş aparılırdı. Bundan əlavə,
əlyazmaları nə qədər uzağa göndərilirdisə,
onların daha böyük əraziyə yayılmaq ehtimalı
bir o qədər artırdı”. Şair və hökmdar
məsələsini diqqət mərkəzində saxlamaq Teymur
Kərimliyə, bir tərəfdən Nizaminin necə insan
olduğunu başa düşmək üçün
lazımdırsa, o biri tərəfdən də onun necə sənətkar
olduğunu başa düşmək üçün
lazımdır. Nizamini bir sənətkar kimi
ideal hökmdar məsələsi dərindən-dərinə
düşündürürsə, söz yox ki,
araşdırmada həmin məsələdən yan keçmək
olmaz. Teymur Kərimli nəinki həmin məsələdən
yan keçmir, həm də məsələyə müəyyən
qədər yeni baxış bucağından yanaşa,
başqalarının görə bilmədiyi cəhətləri
görə bilir. Yeni baxış “Leyli və
Məcnun” poemasına münasibətdə daha qabarıq şəkildə
ortaya çıxır. Nizaminin ideal
hökmdar axtarışlarından bəhs edənlərin
yekdil qənaətinə görə, “Leyli və Məcnun” bir
məhəbbət dastanı kimi bu axtarışlardan
qıraqda qalır. Poemanı sırf məhəbbət
dastanı saymaqda bir qəbahət görməyən Teymur Kərimli
isə bu məhəbbət dastanını ideal hökmdar
meyarları ilə də nəzərdən keçirməyin
mümkün olduğuna bizi inandıra bilir. Əvvəla,
Teymur Kərimli “Leyli və Məcnun”un ənənəvi
giriş hissəsində Nizaminin hökmdarlarla bağlı fərqli
fikirlərinə diqqət yetirir. İkinci tərəfdən
isə, Teymur Kərimli poemanın əsas süjet xəttində
başqalarının müşahidə etmədiyi məcazi
yüklü hökmdar obrazının olduğunu üzə
çıxarır. “Leyli və Məcnun”un
ənənəvi girişində Teymur Kərimlinin diqqət
yetirdiyi fərqli məqam budur: “Padşahları oda bənzədən
Nizami, onlara çox yaxınlaşmağın təhlükəli
olduğunu, onlarla həmişə müəyyən məsafə
saxlamağın zəruriliyini obrazlı bir dillə
açıb göstərmişdir:
Quru
pambıq oddan qorunduğu kimi,
Sən də
padşaha yaxın olmaqdan saqın!
O od nurla dolu olsa da,
Ondan uzaq olan şəxs asudədir.
Şamın
nuru ilə parlayan pərvanə,
Şam məclisində əyləşdiyi üzündən
yandı”.
Əlbəttə, burada məcazi mənalı
hökmdardan söhbət getmir. Məcazi mənada hökmdar
obrazını Teymur Kərimliyə görə, poemanın
baş qəhrəmanı Məcnunun timsalında axtarmaq
lazımdır: “Məcnun müəyyən mənada
şahdır, hökmdardır. Həm də onun
hökmran olduğu məhəbbət, sədaqət, vəfa
səltənətində ideal qayda-qanun mövcuddur. Əgər başqa poemalarında Nizami şahlara necə
şahlıq etməyi öyrədirsə, Məcnuna
münasibətdə bunun şahidi olmuruq. Şair
necə sevməyi, necə sədaqət və vəfa, fədakarlıq
göstərməyi Məcnuna öyrətmək fikrində
deyildir. Demək, Məcnun məhəbbət
mülkünün, eşq ölkəsinin ideal
hökmdarıdır və yer üzərində ideal bir
quruluş varsa, o da məhz məhəbbət ölkəsində
bərqərar olmuş qayda-qanunlar toplusuna əsaslanmaqdadır”.
Eşq mülkünün sultanı məsələsinin
Nizamidə ötəri yox, köklü bir məsələ
olduğu sələf-xələf müstəvisində daha
aydın görünür. Nizaminin irəli
sürdüyü aşiq-sultan konsepsiyası Nizamidən
sonrakı ədəbiyyatımızda məhəbbət
lirikasının əsas xətlərindən birinə
çevrilir. Xətai, sələfinin təsiri
ilə belə hesab edir ki, öz zəmanəsində məhəbbət
diyarının sultanıdır, qəmlə qüssə
qoşa vəzir kimi sağ-solunda oturublar. Füzuli
öz ustadına arxalanıb belə hesab edir ki, eşq
mülkü padşahla dilənçinin bərabər
olduğu bir mülkdür; bu mülkdə məşuqə
aşiqi taxtdan salıb onun yerində padşah ola
bilir – aşiqin öz sevgilisinə hərdən
“padşahım” deməsi məhz o səbəbdəndir.
Bəs
aşiqin hökmran olduğu məhəbbət
diyarının tarixi-coğrafi əsası vardırmı? Mövzusu “Nizami və tarix” olan Teymur Kərimli məhəbbət
diyarından danışmaqla mətləbdən kənara
çıxmırmı? Teymur Kərimlinin Nizami
haqqında yazdıqlarından bu cür sualların ortaya
çıxması “sadə” səbəblə
bağlıdır: Teymur Kərimli tarixdən heç də
bizim vərdiş etdiyimiz bir formada danışmır. Onu hadisələrdən daha çox fikirlər,
ideyalar maraqlandırır. Başqa cür
desək, onu hadisələrin real həyatda həqiqətən
baş verib-verməməsindən daha artıq dərəcədə
fikir və ideyaların real tarixi şəraitlə
bağlılığı maraqlandırır. Söhbəti konkret olaraq aşiq-hökmdar məsələsi
üzərinə gətirsək, qeyd etməliyik ki, Məcnun
da başqaları kimi real bir ölkənin sakinidir və onun xəyali
bir sultana çevrilməsi məhz bu reallıqdan, şəxsiyyət
azadlığına zidd tarixi şəraitdən doğur.
Hər şeyin, eləcə də məhəbbətin
alınıb-satıldığı bir şəraitdə Məcnun
real aləmlə əlaqələri kəsib, xəyali bir
ölkənin hakimi-mütləqi olmaq qərarına gəlir.
Xəyali ölkə, real tarixi şərait barədə
dolğun bədii təsəvvür yaratmaq üçün
müəllif tez-tez realla irrealın toqquşması xəttindən
istifadə edir. Və bu toqquşmada Məcnunun
atdığı addımları başa düşmək
heç də asan olmur.
Ətrafdakı adamlar Məcnunun qəribəlikləri
üstündə baş sındırmağa lüzum
görmürlər, Qeysi Məcnun elan etməklə, qəribəlikləri
dəliliyin əlaməti saymaqla onlar məsələni “həll
etmiş” olurlar. Məcnunun ağlasığmaz addımlarını
anlamaqda başlıca çətinlik oxucunun çətinliyidir.
Əlbəttə, oxucu nəzərə alır
ki, Məcnunun faciəsi cəmiyyətdəki eybəcərlikləri
dərindən duyan idrak sahibinin faciəsidir. Amma idrak sahibi öz atasının dəfninə,
ümumiyyətlə, yasına gəlmirsə, oxucu doğrudan
da, suallar qarşısında qalır. Teymur Kərimli də
bir oxucu və mütəxəssis kimi “Xəmsə”nin bu cür sual doğuran nöqtələrini
daha çox qabardır və irəli sürdüyü
mülahizələrlə suallar ətrafında
düşünüb-daşınmaq imkanı yaradır. Və sən düşünürsən. Düşünürsən ki, çağdaş
dünya ədəbiyyatının tez-tez üz tutduğu
laqeydləşmə problemi hələ XII əsrdə Nizami
yaradıcılığında yüksək bədii həllini
tapıb. XX əsrin görkəmli
yazıçılarından olan A.Kamyunun “Yad” adlı hekayəsinin
qəhrəmanı eynilə Nizaminin Məcnunu kimi öz valideyninin
dəfninə gəlmir. A.Kamyuda qəhrəmanın
bu hərəkəti fərdi keyfiyyətdən daha çox
sosial mühitin insana mənfi təsirinin bir əlaməti kimi
təqdim edilir. Bu sözləri müəyyən
mənada Məcnunun da hərəkətinə aid etmək
olar. Fərq bundadır ki, A.Kamyudakı qəhrəmanın
təbiətcə həssaslığından xəbərsiz
olduğumuz halda, Məcnunun nə dərəcə qəlb
adamı olmasından xəbərdarıq. Elə
məsələnin məğzi də bu nöqtədədir.
Məsələ burasındadır ki, cəmiyyət
son dərəcə həssas bir adamı doğma
atasının cənazəsi üstünə gəlməmək
həddinə çatdırır, normalı anormala
çevirir.
Normalın
normal olaraq qalmasında və insanın insan kimi
yaşamasında Nizaminin hökmdarlara (məcazi yox, həqiqi
mənada hakimi-mütləqlərə) böyük ümid bəsləməsi,
“Xəmsə”də hökmdarlara geniş yer verməsi bəlli
məsələdir və Teymur Kərimli bu bəlli məsələnin
nə qədər naməlum və qaranlıq nöqtələrinə
işıq tutur. Bu, öz yerində. Amma
birdən... tarixi kökü olan hökmdar obrazları
sırasında Allah obrazının da
araşdırılmasını görəndə
çaşırsan və çaşıb “Xəmsə”nin yazıldığı bir dildə
öz-özündən soruşmalı olursan: an koca, in koca? (yəni, o hara, bu hara?) Sual beynində,
kitab əlində Allah obrazının təhlilinə həsr
olunmuş fəsli oxumağa başladıqca ürəyin
yavaş-yavaş öz yerinə gəlir. Aydın olur
ki, bizim formal parçalar sayıb ildırım sürəti
ilə üstündən keçdiyimiz “Tövhid” və
“Minacat”larda da Teymur Kərimli ideal hökmdar, ümumilikdə
ideal insan problemi ilə səsləşən maraqlı cəhətlər
tapır. Belə maraqlı cəhətlərdən
biri od-alov kimi adamı yandırıb külə döndərən
hökmdarlardan fərqli olaraq, Tanrının həmişə
insan yanında olub, ona arxa-dayaq durmasıdır. Allah
insana o qədər yaxındır ki, Nizami Onunla söhbət
etməyə can atır. Bu söhbətdə
Nizami Tanrıya müraciət etdiyi kimi, Tanrı da bəzən
Nizamiyə müraciət edir. Ərkyanə, məhrəmanə
söhbətdən ürəklənən Nizami ortodoksal
islamın “hikmətə sual yoxdur” hökmü ilə
razılaşmadan bəzən şübhə içində
hikmətə suallar verəsi olur:
“Belə
yaxşı və şən dünya yaratdığın
halda,
Əbədilik nə üçün cənnətə
həvalə edildi?
Başqa dünya bundan daha yaxşı ola bilməz...
Sən onu (o dünyanı – M.K.) yaxşı hesab edirsənsə, qoy sən deyən olsun”.
Cənnətin varlığına şübhə ilə yanaşması da, sözünü “qoy sən deyən olsun” şəklində tamamlaması da Nizaminin Tanrı ilə yaxınlığının, daha doğrusu, Tanrını özünə yaxın və doğma bilməsinin bir ifadəsidir. Nizami bu cür doğmalığın rəiyyətlə hökmdar arasında olmamasına təəssüflənir. Amma bu, Nizamini ruhdan salmır, o, belə hesab edir ki, hökmdarı, bütövlükdə insanları “Tanrının yaratdığı ali varlıq” mərtəbəsinə qaldırmağın çarəsi var. Nədədir bu çarə? Teymur Kərimlinin bələdçiliyi ilə bir çox başqa suallar kimi, bu sualın da cavabını tapmaq mümkün olur. Aydın olur ki, “Tanrı dərgahının açarı olan söz insan qəlbinin də açarıdır. Bu açarla insan duyğusunun və idrakının ən qaranlıq hücrələri açılmalı, heyvani instinktlərin toz-torpağından təmizlənməli, bilik və hikmət ziyası ilə nurlandırılmalıdır. Lakin bu zərif, poetik söz olmalıdır; çünki hər söz insan hisslərini ehtizaza gətirən rezonator kimi fəaliyyət göstərə bilməz, hər söz insan idrakının mürgüləyən potensiyasını hərəkətə gətirən açar rolunda çıxış edə bilməz”. Teymur Kərimlinin bədii söz haqqındakı bu fikri sadəcə fikir olaraq qalmır. İrəli sürülən mülahizə Nizamidən gətirilən parçalar əsasında xırdalanır, açıqlanır və nəticədə “Xəmsə” poetikasının ana xətləri üzə çıxarılmış olur. Ana xətlərdən biri əksər misra və beytlərin məcazi məna daşıması, hətta bir çox hallarda “obrazlı qəlizlik” (Yaşar Qarayev) həddinə çatmasıdır. Söz meydanı xeyli dar olan lirikada ilhamı ram etməyə çalışan Nizami “Xəmsə”də buna ehtiyac görmür və oxucunu məcazlar selinə qərq edir. “Xəmsə”nin poetikasındakı bu cəhətin mahiyyətini açmaq istərkən Teymur Kərimli çağdaş ədəbiyyatşünaslığın psixoloji nəsrə münasibətdə daha çox işlətdiyi “şüur axını” istilahına oxşar bir ifadədən istifadə edir – “təşbeh axını”. Ən çox müəllif təhkiyəsində qarşılaşdığımız “təşbeh axını”, bütövlükdə “məcaz seli” xüsusi üslubi istiqamət kimi Nizamidən sonrakı şairlərə əsaslı təsir göstərir və Füzuli həmin üslubun heyrətamiz mənzərəsini yaradır...
Bu yerdə, aydınlaşdırmaq istədiyim növbəti bir sual ortaya çıxır: Füzuli yaradıcılığında Mirzə Fətəli Axundzadəni hövsələdən çıxaran və ona (Mirzə Fətəli Axundzadəyə) “Füzuli şair deyil... ancaq nazimi-ustaddır” sözlərini dedirdən nə idi? Bu məsələni aydınlaşdırmaq üçün əvvəlcə gərək Mirzə Fətəli Axundzadənin şeir qarşısında hansı tələb və şərtlər qoymasının və kimləri şair saymasının fərqinə varaq. Yadımıza salaq ki, Mirzə Fətəli Axundzadə şeirdən məzmun gözəlliyi və ifadə gözəlliyi umur və bunu bizim klassik şairlər arasında Nizamidə görür, müəyyən “qüsur”unu göstərmək (yəni “bir para məqamda izhari-fəzl üçün xilafi-təbiətü adət göftgu etdiyini” bildirmək) şərti ilə Nizamini şair hesab edir. Molla Pənah Vaqif və Qasım bəy Zakiri də şair kimi yüksək qiymətləndirməsindən belə başa düşmək olur ki, Mirzə Fətəli Axundzadə ictimai məzmun daşımağı şeir (o cümlədən epik şeir) üçün vacib cəhət sayır. Nizamidən fərqli olaraq, Füzulidə ictimai məzmunun o qədər də qabarıq olmaması, məncə, Mirzə Fətəli Axundzadənin Füzulidən narazılığının birinci səbəbidir. Mən bilən, narazılığın ikinci səbəbi, haqqında qismən geniş danışmaq istədiyim “təşbeh seli”, “məcaz seli” məsələsidir. Çox güman ki, “məcaz seli”ni Nizami üçün də qüsur sayan Mirzə Fətəli Axundzadə bu “selin” Füzulidə real ictimai problemlərin ifadəsinə çox da yönəlmədiyini gördükdə hövsələdən çıxır və məhəbbət şairinin ünvanına o cür sərt sözlər işlətməli olur. Mirzə Fətəli Axundzadənin Füzuliyə sərt münasibətinin daha ciddi başqa səbəbi də var: yaranmaqda olan yeni ədəbiyyata divan ədəbiyyatının, xüsusən Füzuli şeirinin mane olacağından nigaranlıq və narahatlıq. Bəli, bütləri sındırmaqdan çəkinməyən Mirzə Fətəli Axundzadə Füzuli bütünü də sındırıb yeni ədəbiyyat yaratmaq istəyirdi. Bu istək gerçəyə çevrildi – yeni ədəbiyyat yarandı. Amma divan ədəbiyyatı və yeni ədəbiyyat mübahisələri tam həll olub qurtarmadı və bu günün özündə həmin mübahisələrin hərdən baş qaldırmasının, mübahisə edənlərdən birinin ifrata varıb divan ədəbiyyatını, digərinin ifrata varıb yeni ədəbiyyatı göylərə qaldırmasının, keçmişlə bu günü düşmən tərəflər elan edib qarşı-qarşıya qoymasının şahidi oluruq. Belə ifrat meyllərə etirazını bildirən yazıçı Elçin bu günlərdə çap etdirdiyi “Aqoniya”, yoxsa təkamül?” məqaləsində yazır: “Əgər ədəbiyyat Füzulinin timsalında ən yüksək bədii-estetik zirvəyə qalxmışdısa və bundan yuxarı qalxmaq mümkün deyildisə, deməli, istiqaməti dəyişmək zərurəti yaranırdı”. Göründüyü kimi, burada Füzulinin böyüklüyünə zərrə qədər şəkk-şübhə yoxdur. Sadəcə olaraq o fikir var ki, böyük sənətkarı yamsılamaqla yerində sayan, qətiyyən irəli gedə bilməyən ədəbiyyat dəyişməyə, təzələnməyə məhkumdur. Əgər Füzulinin böyüklüyünə zərrə qədər də şübhə etmiriksə, bu o deməkdir ki, orta əsrlər ədəbi-estetik dəyərlər sistemində məhəbbət mövzusunun və “təşbeh seli”nin mühüm məzmun və forma şərtlərindən sayıldığını, o dövr ədəbiyyatında şair qüdrətinin məhz həmin şərtlər daxilində üzə çıxdığını nəzərə almış oluruq. Klassik irs və varislik məsələsinə Teymur Kərimlinin münasibətinə gəlincə, qeyd etməliyəm ki, yeni ədəbiyyat barədə güldən ağır söz deməyən Teymur Kərimli Füzulini müqəddəs saymaqdan da çəkinmir, “Füzuliyə dəymək olmaz, necə ki, totemə dəymək olmaz” deyir. Xoşbəxtlikdən, Füzuliyə hədsiz məhəbbət kor-koranəliyə gətirib çıxartmır və Teymur Kərimli Füzulinin şeirlər kitabında hansı qəzəlin Füzuli qələminə məxsus olmamasını tutarlı dəlillərlə əsaslandıra bilir. Çünki Teymur Kərimli Füzuli sözünün çəkisini, səviyyəsini və üslubi sistemini duya bilir, hər bəlağətli nəzm nümunəsini Teymur Kərimliyə Füzuli şeiri kimi təqdim etmək mümkün olmur.
“Nə klassik poetika, nə də müasir ədəbiyyatşünaslıq elmi Füzuli sənətinin bütün ecazkarlığını açmağa qadir deyildir” – deyən Teymur Kərimli Füzuli şeirini incələyə-incələyə yeni nəzəri modellər irəli sürür. Füzuli poeziyası əsasında müəyyənləşdirdiyi nəzəri modellərdən birini Teymur Kərimli “ayırma” adlandırır. Teymur Kərimlinin qənaətinə görə, bu bədii təsvir vasitəsi təşbehdən fərqli olaraq, predmetlərin oxşar olmayan cəhətlərini üzə çıxarmağa xidmət edir:
...məhşər gününün hicran günündən fərqi budur ki, məhşər günü cismə can verir, hicran günü isə cismi candan ayırır; el məni Məcnuna tay tutmaz, çünki Məcnunun dərdinə dərman var, mənim dərdimə dərman yoxdur; ey daşürəkli sənəm, sənə büt demək olmaz, çünki büt sənin kimi daşürəkli olsa da, sənin kimi zülmkar deyil...
Teymur Kərimliyə görə, bu kimi nümunələrdə başlıca məsələ iki predmet arasında əvvəlcədən məlum olan bənzərliyi inkar etmək və həmin predmetlərin fərqini bədii şəkildə nəzər-diqqətə çatdırmaqdır. Teymur Kərimlinin fikrincə, ayırma nümunələrini təşbeh adlandırmaq mümkün olmadığı kimi, bədii təzad da adlandırmaq olmaz. Çünki bədii təzad, Teymur Kərimliyə görə, “əks əlamətlərin ortaq məxrəcə gətirilməsi, yaxud eyni obyektin zidd hallara düşməsi” üzərində qurulduğu halda, ayırma poetik fiquru ortaq və oxşar əlamətlərə qarşı çıxmaq üzərində qurulur. Bu cür izahlarda ayırma poetik fiqurunun bədii təzaddan fərqi tam açılmasa da, Teymur Kərimlinin nəzəri model axtarışları xüsusi maraq doğurur və həmin axtarışların hansı tapıntılarla nəticələnməsini məmnuniyyətlə izləmək istəyirsən. Teymur Kərimlinin “Görünməyən Füzuli” başlığı altında təqdim etdiyi və böyük sənətkarın yaradıcılığındakı naməlum tərəflərin öyrənilməsinə həsr etdiyi məqalələri oxuyub növbəti tapıntılarla qarşılaşırsan. Belə tapıntılardan biri adiləşdirmədir. Bəli, Teymur Kərimli adiləşdirmə adlı (daha doğrusu, adiləşdirmə adlandırdığı) poetik fiqurun da Füzuli şeiri üçün səciyyəvi olması qənaətindədir. Poetik fiqurun adı səni təəccübləndirir. Düşünürsən ki, axı Füzuli adini qeyri-adi biçimdə təsvir etməyi ilə məşhurdur və Füzuli “Leyli-Məcnun”u Nizami “Leyli-Məcnun”undan həm də bu cəhətinə, yəni əhvalatları daha çox qeyri-adi məzmunda qələmə almasına görə fərqlənir. Düşünürsən ki, belə olan halda adiləşdirmə məsələsi nə dərəcədə inandırıcıdır? Adiləşdirmənin Füzuli şeirində xüsusi yer tutmasına inanmaq mümkündürmü? Bu cür suallara doğru-düzgün cavab vermək üçün əvvəlcə adiləşdirmənin nə demək olduğuna diqqət yetirmək lazım gəlir. Məlum olur ki, adiləşdirmə, ağlabatmaz hadisənin ağlabatan olmasını təbiət və cəmiyyətdən götürülmüş oxşar hadisələr vasitəsilə göstərməkdir:
...əgər göz yaşı könüldə sənin xəttinə (üzündəki gözəlliyə) həvəsi artırırsa, burada təəccüblü bir şey yoxdur – oda su səpdikcə ondan buxar çıxdığı kimi, göz yaşı tökdükcə də könüldə şövq artmalıdır; sənin vəslin mənim gecəmi gündüzümə bərabər etsə, bu, təəccüblü deyil – bahar fəslində gündüzlə gecə bərabər olar; ey güli-rəna, parçalanmış sinəmdən qəmzə oxunu əskik etmə – bilirsən ki, gül tikansız olmaz...
Bu cür misallarla Teymur Kərimli bizi adiləşdirmə barədə dediklərinə inandıra bilir. İnandıra bilir ki, Füzuli, doğrudan da, adidə qeyri-adini, qeyri-adidə isə adini göstərməyin böyük ustasıdır.
Füzuli sözünün sehrinə düşən və o sehrin bəzi sirlərindən bizləri agah edən Teymur Kərimli özü də məcazi danışmağı xoşlayır və bu məcaziliyi yeri gəldikcə elmi üslubun gözünə qatmağı vacib bilir: “Füzuli şeirinin çoxmənalılığını, məna zənginliyini torpaqla müqayisə etmək olar... Torpağın üst qatından... çoxları faydalanır, lakin onun təkindəki xəzinəyə çatmaq az adama qismət olur”. Bu misalı çəkməkdə bir fikrim Teymur Kərimli qələminə məxsus səciyyəvi cəhətə ümumi şəkildə işarə etməkdirsə, bir fikrim də Teymur Kərimli ilə klassik ədəbiyyat üstündə dərdləşməni sona çatdırmaqdır. Yazını sona çatdırıram və Nizami, Füzuli sözünün alt qatlarına enməyi bacaran, 60 yaşını əli dolu, ürəyi dolu qarşılayan Teymur Kərimliyə yeni-yeni kitablar arzulayıram!
Muxtar Kazımoğlu (İmanov)
Filologiya üzrə elmlər doktoru,
AMEA Folklor İnstitutunun direktoru
525-ci qəzet.-
2013.- 29 dekabr.- S.18;26.