“Köhnə kişi”nin dili

 

 

 

 

Yazıçı- jurnalist Əli İldırımoğlu haqqında yazan müəlliflər, bir qayda olaraq,  onu “köhnə kişi” adlandırırlar. Bu “köhnə kişi”lik altmış- yetmiş illik yaradıcılıq yolu keçmiş yazıçı- jurnalistin həm şəxsiyyətində, xarakterində və həyat tərzində, həm əsərlərinin mövzu, məzmun və ideyalarında, həm də dil-üslubunda təzahür edir.

Məqalələri, felyetonları, hekayələri, xüsusilə “Həmin adam”, “Zorən jurnalist”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Qarlı gecələr”, “Aqibət” romanları ilə keçən əsrin 60-cı illərindən jurnalist, 80-ci illərindən isə  yazıçı kimi məşhurlaşan Əli İldırımoğlu dil- üslubu etibarilə Azərbaycan ədəbiyyatının Süleyman Rəhimov, Əli Vəliyev, Mir Cəlal, İlyas Əfəndiyev, Bayram Bayramov, İsmayıl Şıxlı kimi görkəmli  nümayəndələrinin  davamçısıdır. Canlı xalq dilinin dərin qatlarından gələn, folklor-danışıq təhkiyəsi ilə yazan, nağıl- dastan intonasiyasına əsaslanan bu yaradıcılıq məktəbi müasir Azərbaycan ədəbi dilinin formalaşmasında, doğrudan doğruya, tarixi rol oynamışdır. Əli İldırımoğlunun yaradıcılığı kökünü keçən əsrin  20- ci illərindən alan, 30- cu illərdə mükəmməl bir şəklə düşən, 60- cı illərdən sonra meydana çıxan yeni dil- üslub təzahürlərinin təzyiqi ilə tədricən sıxışdırılsa da, bugünə qədər müqavimət göstərən, yaşayan bu tarixi yazıçı dil- üslubunun  müasir mərhələdə, demək olar ki, ən parlaq hadisəsidir.

“Köhnə kişi”nin dilini səciyyələndirən ən mühüm göstərici onun etnoqrafik ədasıdır. Bu o deməkdir ki, yazıçı hər cür stilizasiyalardan, fərdi üslub təzahürlərindən mümkün qədər qaçır, özünüifadədə xalqın dil təfəkkürünə, folklor normativlərinə əsaslanmaqla epos yaradıcılığına və ya ifaçısına çevrilir. Hadisələr bütün təfərrüatı, detalları ilə verilir:

“Qaş qaralır, bağ-bağatın yaşıllığı, təzəcə dənzərən gilasın qızartısı, suların maviliyi gözdən itirdi. Əkin-biçin adamları iki- bir, üç- bir çəkilib gedirdi. Qənşərdəki yamaclarda naxırı haraylayan çoban- çoluğun hənirtisi daha gəlmirdi. Çayın  qıjıltısından, yaxındakı dəyirmanın uğultusundan, bir də ki Höcət Cahangirin külüngünün, düsərinin, belinin cingiltisindən başqa heç nə eşidilmirdi”  (“Aqibət” romanının ilk cümlələri).

Bu nə qədər yazıçı mətnidirsə, bir o qədər də nağılçı  təhkiyəsidir. Və o da təsadüfi  deyil ki, müəllif xalq arasında söylənən müxtəlif ibrətamiz əhvalatları böyük məmnuniyyətlə öz romanlarına daxil edir ki, bu zaman romanın dili ilə mətni, üslubu artıq qəlibləşmiş, modelləşmiş həmin əhvalatların dili arasında ciddi bir fərq hiss olunmur:

“Rəvayətə görə, haçansa bir ərəbin dəvəsi itir. Ərəb kəndbəkənd gəzib dolaşır, dəvəsini axtarır. Ancaq “gördüm” deyən olmur. Ərəbin dəvəsi yağlı əppək olub çəkilir göyə. Neçə aydan sonra ərəb uzaq bir  məmləkətdə təsadüfən dəvəsinə rast gəlir...” (“Aqibət” romanı).

Yerli- yataqlı, ədəb- ərkanlı və belə demək mümkünsə, ləngərli bir dildə yazan yazıçının təhkiyə üslubu, əslində, həm də çoxspektrli, çoxşaxəlidir.  Lakin istedadın bütövlüyü, peşəkarlığın mükəmməlliyi imkan verməmişdir ki, həmin çoxspektrlilik, çoxşaxəlilik öz mehvərindən qopub dil- üslub eklektikası və ya yayğınlığı yaratsın.

 

Əli İldırımoğlunun yazıçı dili özündə ən azından aşağıdakı üslub- ifadə tərzlərini, yaxud çalarlarını ehtiva edir:

 

1) xalq danışıq dili;

 

2) şifahi ədəbiyyatın (folklorun) dili;

 

3) normativ- maarifçi və ya ədəbi- standart dil;

 

4) işgüzar- publisistik dil;

 

5) lirik- romantik dil.

 

Və yazıçının məharəti (ustalığı) yalnız ondan ibarət deyil ki, bu qədər müxtəlif üslub-ifadə (dil!) xüsusiyyətlərini əhatə edir; daha çox ondan ibarətdir ki, həmin müxtəlifliyi bütöv bir yaradıcılıq-üslub hadisəsi kimi təqdim edir. Eyni zamanda yuxarıda adlarını çəkdiyimiz böyük sələflərdən mənimsədiyi təcrübəni yeni səviyyəyə qaldırmaqla “Tarix”i kifayət qədər  müasirləşdirmiş olur ki, Əli İldırımoğlunun həmin bu dil- üslub neotarixizminin  ortaya çıxmasında əsas təkanverici qüvvə, fikrimcə, onun jurnalist- publisist peşəkarlığı, daha dəqiq desək, ədəbiyyata publisistikadan gəlməsidir.

Və yada salaq ki, yazıçının böyük sələfləri – Süleyman Rəhimov, Əli Vəliyev, İlyas Əfəndiyev... də məşhur romanlarını yaradana qədər publisist idilər, yəni dil açdıqları illərdən öyrənib mənimsədikləri xalq (folklor) üslubunu əlləri qələm tutanda ilk dəfə məhz publisistikaya tətbiq etmiş, məqalələr, oçerklər yazmışdılar. Beləliklə, dil- üslubları bir- birindən kəskin şəkildə  ayrılan “romantiklər”dən və “realistlər”dən fərqli olaraq “maarifçilər” ədəbi üslublarını formalaşdırana qədər üç  mərhələ keçməli olmuşdular:

 

1) bütün təzahürləri (və əlamətləri) ilə canlı xalq danışıq dili;

 

2) publisistik dil;

 

3) ədəbi- bədii dil.

 

Ona görə də Əli İldırımoğlunun “Zorən jurnalist” romanına professor Əliheydər Həşimovun yazdığı “Həyat dərsliyi” adlı ön sözündəki belə bir fikri ilə razılaşmalıyıq ki, “xalq ruhundan süzülüb gələn bu dil (“Zorən jurnalist”in dili – N.C.) ədibin dəst-xəttində müasir intellektual- linqvistik ştrixlərlə daha da zənginləşərək yeni bədii- estetik fakt kimi  meydana çıxmışdır”.

Yazıçının “Közərən sətirlər”inə yazdığı ön sözdə tənqidçi Vaqif Yusiflinin də Əli İldırımoğlunun üslubunda “dərin çoxçalarlılığ”ın olduğunu vaxtilə tamamilə düzgün müşahidə etmişdir.

Əli İldırımoğlunun dilində alliterasiya mətnə, həqiqətən, bədii- estetik güc verəcək  bir səviyyədədir; məsələn: “ağ saqqalı sinəsinə sallanan bir kişi”, “Arılar mahnı oxuya- oxuya xortumlarını uzadıb Qənirənin yan- yörəsindəki çiçəklərdən şirə çəkirdilər”, “Gecədən xeyli keçmiş şimşək çaxdı, göy guruldadı, dağ- daş  lərzəyə gəldi. Şiddətli yağış başladı. Külək ağacları burub- büküb budaqları bir- birinə çırpdıqca çiçəkdən təzə çıxmış alma- armud tappıltı ilə yerə tökülürdü” və s.

Adama elə gəlir ki, nə zamansa bilib, sonralar unutduğu təsirli bir xalq mahnısına qulaq asır, yaxud şeir dinləyir. Ən maraqlısı isə budur ki, bu ritm- harmoniyada qeyri- təbiilik, qondarmalıq yoxdur... Və ona görə də Əli İldırımoğlunun romanları mənsur poemalar (dastanlar!) kimi oxunur.

“Zorən jurnalist” belə başlayır:

“Allahverən kişinin fikri haçalanmışdı. Demisini sakit-sakit tüstülədib, aranı dağa daşıyırdı, dağı arana. Ha götür-qoy eləyirdi, bir mətləbə gələ bilmirdi. Gah düşünürdü ki, Nazim elmin dalınca getsə yaxşıdı. Oxuyub bir tərəfə çıxar, sabah beş kişinin biri olar. Nəslimizə, nəcabətimizə ucalıq gətirər. Bir tərəfdən də eyninə qaraltı gəlirdi ki, gözünün ağı- qarası bircə odur. Dünyanın bu qarış-quruş vaxtı kənddən qırağa çıxsa, başına qəzavü- qədər gələr. Mən də ki, dağdan aşmış gün kimiyəm, bu gün varam, sabah yox. Yurdu kor qoymaq olmaz. Bir tüstü çıxaranım lazımdı”.

Burada yazıçı mühakiməsinin məntiqiliyini, tamlığını və təsirliliyini təmin edən ən mühüm cəhətlərdən biri, əslində, birincisi poetik sintaksisin mükəmməlliyidir. Xalq dilindən gələn bu mükəmməllik müəllif tərəfindən o qədər təbii  mənimsənilmiş və əsası, o qədər təbii təqdim olunmuşdur ki, bütövlükdə mətnin həndəsi sxemini çəkmək mümkündür.

Peşəkar dilçi olaraq, mən görürəm ki, mətndə durğu işarələri çox hallarda düzgün qoyulmamışdır. Bununla belə etiraf edim ki, xalq (epos!) dilinin özünəməxsus norma demokratizmini buxovlaya bilməyən müasir punktuasiya tələbləri baxımından mətni redaktə etməyi, Molla Nəsrəddin demiş, heç mən də bacarmadım. Çünki bu mətn mənşəyi etibarilə yazılı təfəkkürün hadisəsi deyil.

Əli İldırımoğlunun  leksikonunda dailektizmlər, ümumiyyətlə, xalq danışıq dili sözləri kifayət qədər çox işlənir; məsələn: gənəşmək (məsləhətləşmək), ağzıyelli (özündənrazı, qudurğan), üzükmək (böyür- başda hərlənmək), yolaq (qapı), eymənmək (qorxmaq), üzünük  (zəif), həvirləşmək (dil tapmaq, yaxınlaşmaq) və s. Misalların sayını nə qədər desəniz artırmaq olar, ancaq məsələ bunda deyil; əsas odur ki, müəllif həmin sözlərdən özünün bədii dil təfəkkürünün,  “köhnə kişi” üslubunun üzvü tərkib hissəsi kimi istifadə edir.

Yazıçının xalq dilindən gələn olduqca zəngin frazeologiyası barədə ayrıca bəhs etmək lazım gəlir; məsələn: “qaranlıq düşmüşdü, itnən qurd güclə seçilirdi”, “sarı madyana ocağın gözünə qoymaq üçün bir iki qucaq quru çırpı yükləmişdi”, “onun dolaşığa düşmüş fikir kələfi yüz yerə çözələndi”, “kənddə itə də bir çörək borcluydu”, “...Qızyetərə öhd olmurdu, bildiyi biləsindəydi”, “arada özündən də basıb- bağlayırdı”, “gərək külüng vurasan, toz qopa”, “Şimşək Şəkərli başımın üstündə qılınc oynadır” və s.

Müəllifin dilində işlənən frazemlər həm etnoqrafik təəssüratlılığı, həm məna- məzmunca təravətliliyi, həm də ritm-intonasiya mükəmməlliyi ilə seçilir.

Əli İldırımoğlunun sıx-sıx müraciət etdiyi atalar sözləri çox hallarda yazıçının dilinə təsirlilik, obrazlılıq gətirir; məsələn: “dindirmə dəmirçini, dərd alıbdı içini”, “aşağıda yıxan varsa, yuxarıdan da baxan var”, “qonşu qızı gəmirçəkli olur” və s.

Bununla belə bəzən yazıçı hikmətli ifadələrə o qədər aludə olur ki, geniş yayılmış, artıq bədii mətnə elə bir üslubi enerji verməyən atalar sözləri işlətməklə  sönük (ehtirassız!) didaktikaya qapanmaq təhlükəsi ilə qarşılaşır; məsələn: “Yaxşı işə nə deyə bilərəm, kor nə istər, iki göz, biri əyri, biri düz. İndiyəcən haçan asqırdın ki, mən də “Allah, şükür!” deyim” mətnində iki atalar sözü işlənir. Bunlardan birincisi (kor nə istər, iki göz, biri əyri, biri düz) az  enerjili, ikincisi (haçan asqırdın ki, mən də “Allah, şükür!” deyim) həm enerjili, həm də koloritlidir. Yaxud “Hər şey alın yazısıdır! Yazıya da pozu yoxdur” cümlə- aforizmləri  məhz populyarlığına görə elə bir effekt vermir.

Mənsub olduğu ədəbi məktəbin görkəmli nümayəndələri kimi, Əli İldırımoğlu da öz qəhrəmanlarını əsli- nəcabəti, ayama- ləqəbi (ləğası) ilə təqdim edir: Höcət Cahangir, Lüt Qasımın oğlu Lova Səftər,  Qaçaq Mürsəl, Net Ələkbərin oğlu Qüdrət, Lağar Xeybər, Yetim Xangəldin və s. Eyni zamanda (xüsusilə “Zorən jurnalist” romanında)  sovet dövrünün ruslaşdırma siyasətindən gələn “yeni” (və olduqca gülünc!) adlandırma “mədəniyyət”ini təqdim etməklə “antroponimik təzad” yaradır:  Əzizağa Aydınbəyov, Seyfəddin Bədəloviç, Nadir Xələfoviç, Süleyman Xəliloviç, Kəbutər Yarəliyev...

Etnoqrafik- əxlaqi kanonlarla yanaşı müasir ictimai həyatı, təbii (və süni) prosesləri bir publisist istedadı ilə dərindən bilən Əli İldırımoğlunun dil həssaslığı nə qədər ənənəvidirsə, o qədər müasirdir. Və nə qədər müasirdirsə, o qədər ənənəvidir.

Hələ gənc yaşlarından yazdığı felyetonlarında, satirik hekayələrində yazıçı- jurnalist dil- üslubunda tarixiliklə müasirliyin üzvü vəhdətinin gözəl nümunələrini vermişdi ki,  həmin əsərlərin toplandığı “Telepat” kitabını sadəcə vərəqləmək kifayətdir ki, buna əmin olasan...

“Aqibət”də müəllif klassik ailə münasibətlərinin (iyerarxiyasının!) ənənvi  modelini bütün dəqiqliyi (və aydınlığı) ilə əks etdirən belə bir mətn- detal təqdim edir:

“Cahangir fikirli- fikirli kəndə çatıb evinə tərəf döndü. Arvadı Zöhrə onun hənirtisini alan kimi cəld içəri keçib həmişə ərinin əyləşdiyi taxtın üstünə döşəkçə atdı və dəhlizə çıxıb sarı mis samovara od saldı. Oğlu Sücəddin bayaqdan bəri oxuyub əzbərlədiyi kitabı kənara qoyub atasının əlindən atın yedəyini aldı  sarı madyanı tövləyə çəkdi. Qızı Növrəstə sacayağının  üstündə  buğlanan tavanı qarışdırdı. Cahangir üzünü tövlənin açıq qapısına tərəf tutaraq:

– Atı rahlayandan sonra Bağır əminə de ki, zəhmət olmasa, ayağını bəri qoysun. Onnan balaca söhbətim var, – deyib  otağa keçdi.

Sücəddin tələm- tələsik atın axuruna otdan- ələfdən atıb tövlədən çıxdı və Bağırgilə tərəf götürüldü...”

Evdə, ailədə xüsusi nüfuzu olan atanın- evin kişisinin obrazını yaratmaq üçün verilən detallar və ümumiyyətlə müxtəsər təfərrüat, elə bilirəm ki, kifayət qədər mükəmməldir. Və bu, o kişidir ki, yalnız evində deyil kənd-kəsəyində də əxlaq-davranış normalarının pozulmasına bütün gücü daxilində müqavimət göstərir. Kənddə müəllim işləməyə gəlmiş qərib rus qızının evinin həndəvərində dolaşan avara gənci ən ağır sözlərlə təhqir etməkdən çəkinmir:

“- Ə, qoduq oğlu, qoduq, – qəzəblə dilləndi. – Səni tanımıram?! – dedi. – Burda keçi axtarırsan?! Nə axtardığını yaxşı bilirəm! Ə, küçük, qeyrətin çatmadı əsgərliyə gedəsən, çağırışdan yayındın, iki il verib basdılar içəri! Sənət məktəbindən yarımçıq qaçdın! Birini də almışdın, oturmadı, ili tamam olmamış baş alıb getdi. Biqeyrət, hansını deyim?! İndii də bu rus qızını tovluyub bədbəxt eləmək istəyirsən?! İtil burdan! Bir də gözüm səni bu həndəvərdə görməsin! Dərin beş köpüyə  dəyməz, bu kəndi dilə-dişə salıb biabır eləmək istəyirsən?!”

Bu sözlər nə qədər ağır olsa da, mərd bir kişinin mövqeyini ifadə etdiyinə, etnoqrafik-mənəvi tələblərdən irəli gəldiyinə görə həm  əxlaqidir, həm də ədəbi-estetik normativliyi zədələmir.

Əli İldırımoğlunun – “köhnə kişi”nin dil- üslubu, ümumən yaradıcılığı bir də ona görə əlamətdardır ki, Azərbaycan xalqının  yaratdığı ən möhtəşəm epos- dastanları – “Dədə Qorqud”u, “Koroğlu”nu, “Qaçaq Nəbi”ni yada salır. Və heç bir şübhə yeri qalmır ki, vaxtilə həmin epos- dastanların müəllifi olmuş milli yaradıcı ruh bu gün də tarixdə olduğu qədər canlıdır...

 

 

Nizami CƏFƏROV

525-ci qəzet.- 2013.- 29 dekabr.- S.16-17.