Uğurlara aparan yol
(Bəhruz Axundov – 60)
Hörmətli Bəhruz müəllim,
bu günə kimi sənin yuvarlaq ad günlərini öz aramızda keçirmişik,
amma mətbuata çıxarmamışıq. Doğrusu, heç özün də buna razılıq
verməmisən. Ancaq dostum,
bu dəfə fürsəti əldən
vermək olmaz, həmişə gözəllərin
nəzərində cavan
qalmaq olmaz axı? Sənin 60 yaşını xəlvətcə keçirə
bilmərik. Yoxsa 70-ində bizə deyərlər ki, ə, bu gözəl insanın əlli-altmışını indiyə
qədər nə səbəbə xalqdan gizlətmisiniz? Ona görə
də bağışla,
gərək zamanı
qabaqlayaq. Özü də,
dostum, sənin bu ad günün hələm-hələm adama
qismət olan təqvim deyildir. Sən bir işə bax, sənin bu ad günün bütün dünyanın
şadlıq etdiyi, yolka bəzədiyi, şənləndiyi, bu gəlimli-gedimli dünyanın
ağappaq qara büründüyü bir
əziz günə – yeni ilin ilk gününə
– yanvar ayının
2-nə təsadüf eləyib.
Əziz
dostum, hamı bilməsə də, mən bilirəm ki, 60 il
bundan qabaq Ağdamda, Həsən müəllimin ailəsində
dünyaya gəlməyin
ailənizdə, Axundovlar
nəslində necə
böyük sevincə,
bayram atəşfəşanlığına
çevrilib. Axı sən
7 bacıdan sonra dünyaya gəlmişdin.
Atan Həsən müəllim, anan Mama xanım bu
günü necə həsrətlə gözləmişdilər.
İllər keçsə belə,
bayramın bayrama qovuşduğu o günü
bacılarının sevincini
təsəvvür etmək
elə də çətin deyildir.
Axı hər bacı istəyər ki, onun qardaşı – arxası, qaxmar çıxanı olsun.
Sənin
dil açdığın,
ilk addımı atdığın,
uşaq bağçasına,
məktəbə getdiyin,
orta məktəbi bitirdiyin, indiki Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul
olduğun o günlər
də ailənizin ən unudulmaz, ən fərəhli günləri olub. Nəhayət, universiteti bitirməyin,
əsgərliyə getməyin,
ordudan tərxis olunduqdan sonra Ağdam şəhər komsomol komitəsində işləməyin, daha sonra komsomolun ikinci katibi vəzifəsində
çalışmağın dostlarının, səni yaxından tanıyanların
çox yaxşı yadındadır.
Əlbəttə, rayonda işlərin heç də pis getmirdi. Ancaq sən
bütün ruhunla jurnalistikaya bağlı idin. Məqalələr,
oçerklər, hekayələrlə
bərabər, heç
vaxt şairlik iddiasında olmasan da, hərdən şeirlər də yazırdın, mətbuatda
çap elətdirirdin.
Hələ gözəl
piano çalmağını demirəm...
Bütün gənclər kimi, sənin də böyük arzuların vardı. Amma ürəkdə cücərən bu arzuları həyata keçirməyə münbit
şərait, mühit
lazım idi. Nəhayət, 1981-ci ildə sən
arzularının ardınca
Bakıya gəldin.
Yeni kitab mətbəəsində
əvvəl təsərrüfat
müdiri, daha sonra direktor müavini işlədin və elə o çağdan da ömrünü kitab işinə – naşirliyə
bağladın.
Deyirlər, həyat bir dəryadı, insan yelkənsiz gəmi, özün də bilmirsən hansı sahilə, səmtə yan alacaqsan. Sən də
dəryada üzən
o yelkənsiz gəmi sayaq bir sahilə
yön almaq, əbədi lövbər salmaq istəyirdin.
1986-cı ildə sən
Azərbaycan Respublikası
Maarif Nazirliyinin (indiki Təhsil Nazirliyinin) mətbəəsinə
direktor təyin edildin. Elə o gündən
də Azərbaycanın
təhsil sistemi ilə daha yaxından
tanış oldun. Təhsil sahəsindəki uğur və çatışmazlıqları analiz etmək şansı qazandın.
Dostum, nə səni, nə oxucuları yormaq istəmirəm. Azərbaycan müstəqillik əldə etdikdən sonra çox sahədə dəyərlər,
münasibətlər dəyişdi.
Və
1992-ci ildə Maarif Nazirliyi “Öyrətmən”
– bugünkü “Təhsil”
nəşriyyatını təsis
edərkən tərəddüd
etmədən ona rəhbərliyi sənə
etibar etdi. Mübaliğəsiz demək olar
ki, sən 1992-ci ilin axırlarında yaradılan müstəqil
Azərbaycanın ilk dövlət
nəşriyyatı olan
“Təhsil” nəşriyyatının
yaradıcısısan.
Sən çox az
bir müddətdə
zəif maddi-texniki bazası olan “Öyrətmən” – bugünkü
“Təhsil” nəşriyyatını
respublikada ən öndə gedən, hətta ölkəmizin hüdudlarından kənarda
da tanınan bir nəşriyyat səviyyəsinə qaldırmağı
bacardın. “Təhsil”
Nəşriyyat-Poliqrafiya birliyi
tam müstəqil, özəl
müəssisəyə çevrildikdən
sonra isə sənin bir baş direktor olaraq naşirlik imkanların daha da genişləndi. Nəşriyyat hər cür şəraiti olan bir binaya
köçdü, ən
müasir mətbəə
avadanlığı ilə
təchiz edildi, satış üçün
nəşriyyatın “Kitab
evi” yaradıldı, peşəkar kadrlar işə cəlb olundu və i. və s.
Bu gün ölkəmizdə
nəşriyyatların sayı
yüzdən çoxdu,
ancaq mübaliğəsiz
demək olar ki, kitabı, kitab işinin sirlərini sənin qədər bilən və qəlbən sevən, bu mədəniyyət sahəsinin
bu gününü və gələcəyini
düşünən, bu
yolda ardıcıl, məqsədyönlü fəaliyyət
göstərən naşirlər
çox azdır. Sən əsl naşirsən! Sən nəşriyyat və poliqrafiya sahəsinə gəlir mənbəyi kimi yox, millətin sərvəti, nəsildən-nəslə
ötürülən, səhifələrində
zamanın ruhunu yaşadan böyük və əvəzsiz dəyər kimi baxırsan. Buna görə
də, sələflərindən
fərqli olaraq, hər bir çap
məhsulunu ibtidasından
siqnal nüsxəsinə
kimi izləyir və bu prosesdə
yaxından iştirak edirsən.
Təbii ki, sənin bu ağır zəhmətin öz bəhrəsini verir və verməkdədir. Təsadüfi
deyildir ki, rəhbərlik etdiyin “Təhsil” nəşriyyatının
kitabı Azərbaycan
nəşriyyat tarixində
ilk dəfə olaraq
2010-cu ildə Moskvada keçirilən VII Beynəlxalq
“Kitab sənəti” müsabiqəsində baş
mükafatı – “Qran-Pri”
almış, daha sonra Avropa miqyasında
keyfiyyətə görə
“Qızıl medala”, müasir kommunikasiya sistemlərindən səmərəli
istifadə edərək
yüksək keyfiyyət
əldə etdiyinə
görə isə “Qızıl delfin” mükafatlarına, çoxlu
sayda diplomlara layiq görülmüşdür.
Əziz
dostum, müstəqil Azərbaycanın milli təhsil sisteminin qurulması ilə əlaqədar yeni tədris proqramları əsasında latın
qrafikasında buraxılan
ilk milli dərsliklərin
böyük əksəriyyəti
də məhz sənin rəhbərlik etdiyin “Təhsil” nəşriyyatında nəşr
olunmuşdur. Bu günə qədər bu nəşriyyatda yüzlərlə adda dərslik və dərs vəsaiti, ictimai-siyasi, elmi-kütləvi,
bədii-publisistik ədəbiyyat
və akademik nəşrlər işıq
üzü görmüşdür.
Əziz dostum, sən həm də pedaqoji fəaliyyət də göstərirsən. 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim və 2011-ci ildən dosent vəzifəsində çalışırsan. Təcrübəli naşir kimi öz sevimli peşəni tələbələrinə də həvəslə öyrədirsən və hətta onların sırasından bəyənib işə götürdüklərin də çoxdur. Bu da sənin gənclərin qayğısına qalmağının bariz nəticəsidir.
Sən sadəcə dərs deməklə kifayətlənməmisən. Çoxlu sayda tədris proqramlarının tərtibçisisən, “Azərbaycanca–Rusca, Rusca–Azərbaycanca atalar sözləri və zərbi-məsəllər lüğəti”, “Nəşriyyat işinin əsasları”, “Nəşriyyat-Poliqrafiya və jurnalistika terminlərinin izahlı lüğəti” kitablarının həmmüəlliflərindən birisən.
Əzizimiz Bəhruz müəllim, sən həm də ictimai xadimsən, 2012-ci ildə məhz sənin təşəbbüsünlə təsis edilmiş Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri seçilmisən. Bu birliyin ədəbi orqanı olan “Naşir” jurnalı da məhz sənin mənəvi dəstəyinlə işıq üzü görür. Sənin bu jurnalın çağdaş dünyanın tələblərinə cavab verməsi üçün nə qədər əmək və vaxt sərf etdiyini çevrəndəki həmkarların çox yaxşı bilir. Sən hər kitabın tərtibinə, bədii tərtibatına, dizayn işinə də belə məsuliyyətlə, həvəslə yanaşırsan.
Sən sənətə və sənətkara qiymət verən, yaxşını pisdən seçən, dəyər verən naşirsən. Daha burda jurnalını, kitablarını təmənnasız nəşr etdiyin adamların adını çəkmək istəmirəm, yəqin bilirəm ki, bunu sən də istəməzsən.
Məsəldi, deyərlər ki, çıraq öz dibinə işıq salmaz. Əlbəttə, müdrik xalqımız bu məsəli çırağa yox, insanlara yönəldib. Xalqın bu deyimini sənə yönəltsək, çəkinmədən deyə bilərəm ki, sənin ÇIRAĞIN nəinki ətrafına, hətta öz dibinə də işıq salır. Məhz bu işığın nəticəsidir ki, bu gün Azərbaycanın hər bölgəsindən sənin nəşriyyatında çalışan insanlar var.
Əziz Bəhruz müəllim, sən bütün bunlarla yanaşı, gözəl ailə başçısısan. İki oğul, bir qız atası, yeddi nəvənin babasısan. Onlar da bir övlad, nəvə olaraq səninlə fəxr edir, sənin ad-sanına layiq olmağa çalışırlar.
Doğrusu, sənin keçdiyin həyat yoluna baxanda görürəm ki, sənin ömürnamən kiçik bir təbrik məktubuna sığışmaz. Amma mətləbi uzatmaq da istəmirəm. Səni 60 yaşın münasibəti ilə öz adımdan, “Təhsil” nəşriyyatının kollektivi adından ürəkdən təbrik edir, sənə uzun ömür, can sağlığı arzulayıram.
Bir əlamətdar hadisəni də burada xatırlatmaq istəyirəm. Bu günlərdə sənin də çalışdığın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illiyi münasibətilə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə bir qrup əməkdaşına fəxri adlar verilmişdir. Onların sırasında sən də varsan. Ölkə başçısının fərmanı ilə aldığın “Əməkdar mədəniyyət işçisi” fəxri adı, məncə, sənin 60 illik yubileyinə ən böyük mükafatdır. Səni yenicə aldığın fəxri adla və Yeni il münasibətilə ürəkdən təbrik edirik.
Mustafa Çəmənli
525-ci qəzet.-
2013.- 29 dekabr.- S.9.