“Rusiya
Qarabağ problemini həll edə bilər, lakin etmir”
POLAD BÜLBÜLOĞLU: “RUSİYA ERMƏNİSTANI
GÖMRÜK İTTİFAQINA İNTEQRASİYA ETMƏK İSTƏYİRSƏ,
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ
KÖMƏK GÖSTƏRMƏLİDİR”
“Beynəlxalq
ictimaiyyət tərəfindən
tanınmış sərhədlər
var. Gömrük İttifaqının
sərhədi Azərbaycanla
Ermənistanın sərhədindən
keçməlidir”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu
rusiyanın RBK kanalına
müsahibəsində Azərbaycanın
Rusiyadakı səfiri
Polad Bülbüloğlu
deyib. O, bildirib ki, Azərbaycan öz yolu ilə
irəliləyir: “Biz nə
Avropa Birliyinə, nə də Gömrük İttifaqına
gedirik. Bizim öz yolumuz
var. Biz hər şeylə
təmin olunmuş ölkəyik. Dağlıq Qarabağın ərazisi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın
ərazisi kimi tanınır. Bu, mübahisə məsələsi
deyil. Hər hansı inteqrasiya
barədə danışmazdan
əvvəl Dağlıq
Qarabağ münaqişəsini
həll etmək lazımdır. Müharibə vəziyyətində olan iki ölkə bir inteqrasiya təşkilatında təmsil
oluna bilməz. MDB bir istisna
idi, hansı ki, bu gün
səfirlərin dialoq,
müzakirə klubuna çevrilib. Necə
ola bilər
ki, bir dövlət
onun ərazisinin 20 faizini işğal edən başqa dövlətlə bir yerdə oturub inteqrasiyanı müzakirə
etsin?!”
Səfirin
sözlərinə görə, əgər Rusiya Ermənistanı
tamamilə Gömrük İttifaqına inteqrasiya etmək istəyirsə,
onda Dağlıq Qarabağ münaqişəsinin həllinə
kömək etməlidir: “Fikrimcə, Rusiya bu problemi həll edə
bilər, lakin etmir. Rusiya Azərbaycanın ərazi
bütövlüyünü birmənalı olaraq
tanıyır. Qondarma Dağlıq Qarabağ
Respublikasını isə tanımır. Bu, o deməkdir ki,
Rusiya beynəlxalq arenada özünü düzgün
aparır. Əgər Rusiya Azərbaycanın ərazi
bütövlüyünü tanıyırsa, onda Gömrük
İttifaqının sərhədi Azərbaycanla Ermənistanın
sərhədindən keçməlidir. Məsələ
çox sadədir”.
525-ci qəzet.- 2013.- 29 dekabr.- S. 4