“Azərbaycanda dinə Sovet dövründəki amansız münasibət
gözümün
qabağındadır...”
(davamı)
“ADAMLAR TƏXMİNƏN 1988-ci
İLDƏN RƏSMİ YERLƏRDƏ ALLAHIN ADINI ÇƏKMƏYƏ,
“MAŞALLAH” DEMƏYƏ CÜRƏT ELƏDİLƏR”
Müsahibimiz fəlsəfə
elmləri doktoru, professor
Niyazi Mehdidir.
(Əvvəli
ötən sayımızda)
– Azərbaycan bir çox millətlərin və dini qrupların yanaşı yaşadığı bir ölkədir. Sizin fikrinizcə Azərbaycanda onların bir-birinə tolerant münasibəti varmı və varsa, nə dərəcədə dayanıqlıdır?
– Mən 20 Yanvar hadisələrindən
sonra elə bilirdim ki, adamlar qəzəbdən
harda rus görsə, tutub döyəcəklər. Ancaq
gördüm ki, elə
deyil. Bu, bizdə etnik dözümün
sınağı oldu. Ancaq
biz çox vaxt vecsizliyi
tolerantlıqla səhv salırıq. Tolerantlıq sənlə
daban-dabana zidd olana dözməkdir. Mən özümü
müəyyən mənada tolerant saysam da görürəm ki, yox, tolerantlığa həmişə
gücüm çatmır. Tolerantlıq asan deyil, çox
ciddi məsələdir. Necə erməniyə
tolerant olasan, necə ateist olub dindara
tolerant olasan?! Mən
özümü inandırmaq
üçün hətta
belə düstur tapmışam: gör, sən İslamı nə qədər sevməlisən ki, sünnini də sevəsən. Adam o zaman
tolerant ola bilir ki, İslamın
bütün təriqətlərini,
İslamın zənginliyi
kimi qəbul edir. Şah İsmayıl Xətai
ilə bağlı yazılan son yazılar adamın qanın qaraldır. Sən İslamı sevəndə
onun bütün təriqətlərini sevməlisən,
şiə oluban sünnini, sünni oluban şiəni. Azərbaycanı sevirsənsə, sən talışı, ləzgini, adi Qarabağ ermənisini də sevməlisən.
Onların Azərbaycana verdikləri
zənginlikləri araşdırmalısan.
Təəssüf ki, bu zənginlikləri sübut
edən araşdırmalar
yoxdu bizdə. Talış ruhunun Azərbaycana nələr verdiyini bilməlisən, öyrənməlisən.
Məsələn, Xınalıqla,
udinlərlə bağlı
bizdə geniş araşdırmaların yoxluğu
eyibimizdir. Azərbaycanı sevirsənsə, Azərbaycan xristianlığını,
iudaizmini onun zənginliyi kimi qəbul etməlisən.
Bax, onda bizdə tolerantlıq olar. Biz erməninin Qafqaz
dünyasında xidmətlərini
görəndə, Qarabağdakı
separatçı ermənilərə
qəzəbli olmaqla bərabər, həm də erməni ilə bağlı xəstə olmuruq. Mən bu yaxınlarda eşitdim ki, bizdə erməni qadına şəxsiyyət
vəsiqəsi veriblər.
Açığı, çox sevindim.
Çünki bu göstərdi
ki, Azərbaycanın tolerantlıq qabiliyyəti
var. Güclü mədəniyyətin
tolerantlığa daha
asan gücü çatır. Qafqaz insanına
sevgi, Şərq, Doğu insanına sevgi və ümumilikdə
bəşəriyyətə sevgi bizim mədəniyyətimizdə
olmalıdır.
Dindar olan filosof Kirkeqor
mat qalırdı ki, dinlər insanları birləşməyə çağırır,
ancaq işdə dürlü dinlər, təriqətlər törətməklə
“kim düzdür, kim yaxşıdır” üstündə didişmə
salır. Bu, nə sənətə, nə dinə yaraşan biabırçı durumun
aradan getməsi üçün, artıq,
adamları bezdirmiş
tolerantlıq (dözümlülük)
və “plüralizm” (çoxculluq) sözləri,
ideyaları var, ancaq di gəl
ki, çox vaxt çoxlarının nə tolerantlığa, nə plüralizmə gücü çatmır!
Çağımızda Azərbaycan
üçün ciddi
məsələ budur:
necə edək ki, insanın tolerantlığa, plüralizmə
və bunun kimi ona yad
görünən başqa
nəsnələrə dözmək,
ölümünü arzulamamaq
gücü çatsın?
Tolerantlıq kökündən, dibindən
ayrı-ayrı olan düşüncələrə, daha düzü, ideologiyalara dözümdür. Plüralizm isə
bu ideologiyaların toplumda qonşu-qonşuluqda
yaşamasıdır. Bu
anlamda şiənin sünniyə, xristianın
müsəlmana, liberalın
konservativə dözməsi
tolerantlıqdır, qonaqlıqda
ürəyindən plov
keçənin ürəyindən
dolma keçənə
dözməsi isə,
sadəcə, nəzakətdir.
Ancaq boynumuza almalıyıq ki, 2000-ci illərin azərbaycanlısı 1980-ci illər
azərbaycanlısına baxanda
daha tolerantdır, çünki İnternetin
və mətbuatın
sayəsində öncələr
həzm edə bilmədiyi o qədər düşüncələr eşidib
ki, artıq öyrəşib. Necə ki
TV-lərdə olan fokuslar və ekstrasenlər bizi möcüzələrə elə
alışdırıblar ki,
daha peyğəmbər
möcüzəsinə də
mat qalmarıq.
Tolerantlığın bir şərti budur: sənə yad olan düşüncələri
çox eşidəndə
öyrəşirsən. Qloballaşmanın
və İnternetin sayəsində indi bizdə bu proses
gedir.
– Bəzi qruplaşmalar var ki, öz
fəaliyyətlərinə bəraət qazandırmaq
üçün dini amildən istifadə edirlər. Sizin fikrinizcə, belə şəraitdə sivilizasiyaların
toqquşmaması üçün
mədəniyyətlər və
dinlər arasında dialoqların yaranması əhəmiyyətlidirmi?
– Bütün təriqətlərdə,
məzhəblərdə, hətta
bütün dinlərdə
də inananların
tam çoxluğu özlərini
ən doğru biliklərin, ən yüksək əxlaqın
daşıyıcıları sayırlar. İnamları
belədir ki, hamı əyri yoldadır, bizdən başqa! Şiələr, beləcə, özlərini
düz, sünniləri
əyri sayırlar.
Sünnilər də, vəhabilər
də eləcə.
Eyni ziddiyyət Xristianlıqda
katoliklər, protestantlar,
pravoslavlar arasındadır.
Dini təriqətlər, yollar
öz doğrularını,
gerçəklərini təkcə
düz sayanda, özlərini başqalarından
fərqli olaraq Absolyut həqiqətin daşıyıcıları biləndə
bundan məntiqi bir nəticə çıxır: kim belədirsə, Allahın əsgəridir.
Uyğun
olaraq başqaları Allahın yolundan azanlara, Allahın bəyənmədiklərinə və ən qorxulusu, Allahın düşmənlərinə çevrilir.
Deməli, Azərbaycanda,
eləcə də Çeçenistanda, Əfqanıstanda
şəhidlik, terrorizm
əqidəsində birləşənlərin
bu birliyinin əsasında o inam durur ki, dini
gerçəyə yalnız
onlar tam yiyədirlər.
Bu inamın yanlış və primitiv, qorxulu və ziyanlı olmasına çoxlu arqumentlər
var. Birini irəlidə
dedim: hər dində və təriqətdə çoxlu
möcüzələr və
möcüzəvi müqəddəslər
olub və var. Yanlış dində təsadüflər olardı,
möcüzələr yox.
Hinduizm yanlış olsaydı, onun dərinliklərindən
Yoqa çıxardımı?!
Xristianlıq yanlış olsaydı,
Batı dünyasının
və mədəniyyətinin
bu qədər uğurları olardımı?
Fransadan, Britaniyadan, Amerikadan tək-tük Şərq fanatları ərəblərin arasında
yaşamağa gedirlər.
Ərəblərdən isə
milyonlarla adam
Avropaya can atır. Mən demirəm, bu İslamın yanlışlığına
arqumentdir. Ancaq bu ona arqumentdir ki, dinləri düz və əyriyə bölmək
adekvat bölgü deyil. Dinlər, təriqətlər arasında ilişgilər
başqa kateqoriyalarda,
başqa koordinatlarda və ölçülərdə
düşünülməlidir. Bu inqilabi baxışa,
yanaşmaya bütün
dinlərdə cəhd
olub. Hindistanda Əkbər şah
dinləri sintez etmək istəyib. İslamda Fərabi, Tusi söyləmişdilər ki,
düz və yanlış dinlər yoxdur. Allah-təala
Onu bilmək üçün hər irqin (əslində, ulusun) ruhuna uyğun yolu vermişdir, Çağımızdan
örnək. Öldürülmüş
pravoslav keşişi Aleksandr Men Qurani-Kərimi Allahın kitabı sayırdı və bu, onun xristian
olmasına əngəl
olmurdu.
Beləliklə, dinlərdə terrorist hörgütlərin, qurumlarının
yaranmasına əsas səbəb “Allahı biz bilirik, başqaları bilmir”, “Allahın sevimli bəndələri yalnız bizlərik” kimi aksiomatik inamlardır kimi
Düşünürəm ki, dini məsələlərlə
bağlı səmimi
dialoqlara ehtiyac var.
90-cı illərdə QHT yaratmışdıq,
Dinlərin Görüş
Mərkəzi. Biz orada
Azərbaycan xristianları,
bəhailəri və
yəhudiləri ilə
söhbətləşirdik. Mən görürdüm ki, o söhbətlərə doğrudan
da ehtiyac var. Bu söhbətlər, əslində,
televiziyada olmalıdır.
Hərə öz mənsub
olduğu dinin nöqsanlarından danışmalıdır.
Mənim
mənsub olduğum İslam dininin reallığında olan nöqsanlar, nə Allahın nöqsandır,
nə Quranın.
Bunlar insanların qavrayışında
olan nöqsanlardır
və bunları etiraf etmək bizim də, dinimizin də ucalığıdır. Necə ki,
Sabir, Mirzə Cəlil o nöqsanları
deyirdilər. Əgər onlar
dedikcə ruhanilər
nəticə çıxarsaydılar,
bəlkə də indi bizdə İslam mədəniyyəti
yüksək olardı.
Sabirdən, Mirzə Cəlildən
indiki ruhanilər, İslamçılar nəticə
çıxarıblarmı? Biabırçılıqdır ki, bir əsrdən çox keçib, ancaq əksər ruhanilər hələ də onların dedikləri yerdədir.
Mədəniyyətlər arası dialoqlar da çox əhəmiyyətlidir. Ancaq tez-tez
dialoq ideyası bayağılaşdırılır. İlk növbədə dialoqlar nə üçün lazımdır, bunun mahiyyətini açıqlamaq
gərəkir. Dialoqda əgər
biz açıq söhbət
etmiriksə, bu dialoq deyil, kültürsəl
flirt, mazaqlaşmadır. Diplomatik dialoqlar tamam başqa şeydir. Ancaq mədəniyyətlərarası dialoqlarda səmimiyyət və dürüstlük vacibdir. Məsələn, mən gürcü
və ya fransızla Azərbaycan mədəniyyətindən danışanda
Azərbaycan mədəniyyətinin
nöqsanlarını deyirəmsə,
azərbaycanlılar bu
nöqsanları qəbul
etməyib məni xalq düşməni elan etməməlidir.
Dialoqlarda nümayəndələr bir-birini aldatmamalıdırlar.
(Ardı var)
Günel MUSA
525-ci qəzet.- 2013.- 1 fevral.- S.6.