Sözün rəngbərəng şəkli
Azərbaycan Yazıçılar Birliyinin, Kinematoqrafçılar İttifaqının üzvü, “Qızıl qələm” mükafatı laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əlisəfdər Hüseynovun bugünlərdə “Qanun” nəşriyyatında çapdan çıxmış kitabı belə adlanır: “Səhnədən o yana yaxud sözün “şəkli”. Adından da göründüyü kimi kitab nəsr əsərlərinin ekranlaşdırılması problemlərinə həsr olunub.
Bu Əlisəfdər Hüseynovun oxucularla ilk görüşü deyil. İndiyə qədər bu istedadlı insanın qələmindən bir-birindən maraqlı, bir-birindən dəyərli elmi tədqiqat əsərləri çıxıb. Müəllifin yazdığı kitablar oxucular tərəfindən böyük maraqla qarşılanıb. Əlisəfdər müəllimin qələmə aldığı, seçdiyi mövzu, tədqiq etdiyi sahə olduqca maraqlıdır. Onun bu mövzuda qələmə aldığı kitablar istər-istəməz həm adi oxucuların, həm də bu sahənin mütəxəssislərinin diqqətini özünə cəlb edir. Hər kəs bu kitabları maraqla vərəqləyib oxuyur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Ə.Hüseynovun qələmindən bu günə qədər kino sənətindən bəhs edən “Həsən Məmmədov”, “Döyüş havası”, “Kino: yuxudan reallığa”, “Kino və poeziya”, “Tanış mövzuda variasiyalar” kitabları işıq üzü görüb. İki illik fasilədən sonra Əlisəfdər müəllim yeni və daha da maraqlı bir kitabla oxucuları ilə görüşə gəlib. “Səhnədən o yana yaxud sözün “şəkli” kino və teatr sənətinə, bədii əsərlərin ekranlaşdırılması məsələlərinə, həmçinin söz sənətinə həsr olunub. “Təhkiyə: pyesdə və filmdə” bölməsi demək olar ki, dram əsərlərinin ekranlaşdırılması problemlərini əhatə edir. Müəllif qeydlərində bədii əsərlərin, pyeslərin ekranlaşdırılması zamanı tələb olunan bir sıra vacib amillərə toxunur.
Əsəri ilə bir növ bu sahənin mütəxəssislərinin yaradıcılıq yollarına gur işıq salır. “Səhnədən o yana” bölməsində əsasən M.F.Axundzadənin dram irsinə kinomuzda 1976-cı ildə müraciət olunmuş “Müsyo Jordan və Dərviş Məstəli şah” pyesi əsasında “Dərviş Parisi partladır” filminin çəkilişlərindən geniş bəhs olunur. Filmdəki ayrı-ayrı obrazlar təhlil edilir. Azərbaycan kinosunun tarixində şərəfli yer tutan “Arşın mal alan” və “O olmasın, bu olsun” filmlərinin təhlili də çox maraqlıdır. Əlisəfdər müəllim böyük zəhmət çəkərək bu filmlərin təhlilinə də böyük diqqət yetirib. Müəllif neçə illərdən bəri bir neçə nəslin maraqla baxdığı bu filmlərin tamaşaçı sevgisinin qazanmağının “sirrini” də açmağa çalışır. Çox maraqlı araşdırma aparır. Oxucuları düşündürən bir çox suallara cavab axtarır. Və demək olar ki, çox dərin təhlil nəticəsində bir çox suallara aydınlıq gətirir, cavab verir. Müəllif kitabında həm filmdə, həm də tamaşada vacib olan “Söz...səs... təsvir” dən də geniş söhbət açır. Rejissor Ramiz Həsənoğlunun ssenarisi əsasında çəkilmiş, Mirzə Cəlilin “Kamança” pyesindən yaradılan film barədə maraqlı nümunələr gətirir. Həm rejissorun, həm də aktyorların məharətini yüksək qiymətləndirir. Həm filmdə, həm də nəsrdə sözün böyük əhəmiyyətini qeyd edən müəllif yazır: “Yazıçı ilk növbədə sözə arxalanır, söz vasitəsi ilə yaradır. Kinoçu isə gələcək əsərini səs və təsvirin sintezinə hesablayır. İfadə materialının spesifikası düşüncə tərzini müəyyən edir, onun hüdudlarını cızır. Bu mənada yazıçı düşüncəsi ilə kinoçu düşüncəsini eyniləşdirmək olmaz...”
“Qəlbin harayı: romanda və filmdə” bölməsində “Dəli Kür” filmi təhlil edilir. Aktyorların oynadığı rollardan ətraflı söz açır. Müəllif sanki oxucusunun əlindən tutub bir anlıq kino aləminə apararaq yazır: “Kino qəribə aləmdir: kadrlar, epizodlar bir-birinə calanır, amma əsas kadrlar, epizodlar (onlar nə qədər ifadəli olsalar belə) arasında qalır. Onlar görünmür, fəqət görünməyə-görünməyə fikrin ifadəsi planında görünənlərdən daha fəal rol oynayır. Onlar görünənlərlə görünməyənlərin toqquşduğu, partlayış yaratdığı məqamların zəncir tək əlaqələnmiş bütöv bir strukturu kimi fikrin formalaşması, ekranda gözlə görünməyən, təsvirlə verilməyən, sözlə deyilməyən, amma öz-özünə görünən, danışan və duyulan məna laylarını yaradır. Filmin dilinin zənginliyi, emosional təsir qüvvəsi də, məhz bu görünməz kadrların ifadə etdiyi məna çalarlarındadır...”
Kitab həm kinomuzu, həm də kino tariximizi öyrənmək baxımından da çox qiymətlidir. Bu yöndən yanaşdıqda kitab maraqlı və dəyərlidir. “Səhnədən o yana yaxud sözün “şəkli”ni oxuyandan sonra artıq kinomuza başqa gözlə baxırıq. Sanki bir rejissor, bir mütəxəssis kimi tamaşa edirik. Əminik ki, Əlisəfdər Hüseynovun haqqında qısaca söhbət açdığımız bu kitabı hər kəs tərəfindən maraqla qarşılanacaq. Mütəxəssislər bu əsərin əhəmiyyəti barədə mətbuat səhifələrində geniş söhbət açacaqlar. Müəllifə yeni yaradıcılıq uğurları arzulayırıq.
Vahid MƏHƏRRƏMOV
525-ci qəzet.-
2013.- 1 fevral.- S.7.