Abdolbari Goozal:

 

“Azərbaycansız yaşaya bilməyəcəyimə əminəm”  

 

Müdrik insanla üz-üzə...

O, tabeliyində olan idarə və müəssisələrə, ticarət mərkəzlərinə gedəndə kənar şəxslər onun gəlişini hiss etmirlər.

Bəzilərindən fərqli olaraq, mühafizə dəstələri ilə əhatə olunmur. Əgər bir-iki mühafizəçi onun ətrafında olursa da, nə o özü, nə də mühafizəçilər bunu nəzərə çarpdırmırlar.

Bir də ki, Allah özü qorusun onu.

Nurani görkəmi, ağıllı baxışları, yüksək mədəniyyəti, sadə, təmkinli, səbirli davranışı vəzifəsindən asılı olmayaraq ona nüfuz qazandırır, hətta sevdirir də.

Uca qaməti çinar əzəmətinə necə uyğun gəlir. Yüksək intellektual səviyyəsi, savadı, dərin düşüncəsi onu bir çox iş adamlarından fərqləndirir.

Getdiyi yerlərdə “qaçın, qaçın”, “yol verin”, “kənara çəkilin”, deyə, ətrafdakı insanlara əsəb və qıcıq ötürülmür. Hətta onun gəlişindən işçilər arasında da gərginlik yaşanmır.

Söhbət “Azərsun Holdinq” Şirkətinin prezidenti Abdolbari Goozaldan gedir.

Bu qədər işin nə çətinliyindən, nə də onu yorduğundan şikayət etmirdi. Şikayəti yalnız vaxtın azlığından idi. Vaxt çatmır. Onunla müsahibə aparmaq istədiyimi bildirəndə:

– Baxmayaraq ki, gündə neçə jurnalistdən bu təklifi alıram və etiraz edirəm. Ancaq xanım, üzünüzdəki saflıq mənə deyir ki, Sizə müsahibə vermək məsləhətdir. Bircə bu vaxtın azlığı imkan vermir.

Nəhayət ki, hər ikimizin vaxtı ram etməyə gücümüz çatdı.

– Buyurun! Xanım! İstədiyiniz sualı verin. Çalışacağam ki, bütün suallarınıza cavab verim.

– Abdolbari bəy, dünyanın bir sıra ölkəsində, səhv etmirəmsə 9 ölkədə Sizin qurduğunuz şirkət var. Hətta yaratdığınız “İntersun Holdinq” Şirkətini Birləşmiş Ərəb Əmirliklərində – Dubayda mərkəzləşdirmisiniz. Bəs necə oldu ki,yaşamaq üçün Azərbaycanı seçdiniz?

– Doğrusu, qəti seçim üçün mən əvvəlcə bir sıra ölkələri gəzməyi və vəziyyəti öyrənməyi qərara aldım.

1981-ci ildə Rumıniyaya-Buxarestə səfər etdim. 1989-cu ildə təkrar ora getdim. Çauşeski yıxılmaq üzrə idi. Orda iş qurmağı planlaşdırırdım. 1990-1991-ci ildə artıq ora sərmayə qoymağa hazırlaşırdım. 1991-ci ildə Türkiyənin Prezidenti, mərhum Turqut Özalla görüşdüm. O mənə Rumıniyaya yox, Azərbaycana sərmayə qoymağı məsləhət bildi. Azərbaycan özümüzünküdür, qardaş-bacılarımızdır. Səni ki, mən tanıyıram, camaata kömək edənsən. Elə get özümüzünkülərə kömək et – dedi.

Turqut Özalın tövsiyəsi ilə 1991-ci ildə Bakıya gəldim. Bakıya birinci gəlişim idi. Abu-hava yaxşı deyildi. Hərki-hərkilik, silahlı dəstələr və s. Özbaşınalıqlar respublikanın qardaş qırğını ərəfəsində olduğundan xəbər verirdi. Bir taksiyə minib demək olar ki, bütün Bakını gəzdim. Eyni zamanda sürücü ilə söhbət etdim. Ağıllı adam idi. Dedi ki, qardaş bu vəziyyətdən, bu fəlakətdən çıxmağın bircə yolu var. Bir şəxs var, o hakimiyyətə gəlməlidir. Soruşdum ki, kimdir o şəxs? Dedi ki, Heydər Əliyev. Heydər Əliyevdən başqa Azərbaycanı heç kəs xilas edə bilməz. Mən Heydər Əliyevlə şəxsən tanış olmasam da, onun dahi siyasətçi olduğunu bilirdim və taksi sürücüsünün fikrini dəstəkləyirdim. Amma ki, bu işin sürətlənməsinə kömək etmək iqtidarında deyildik. Mən Bakıda Şirkət yox, İran azərbaycanlıları tacirlərinə kredit xətti olan şöbə açdım. 2 milyon dollar sərmayə qoydum. Azərbaycanda “Teksun” yağı, şəkər qida maddələrinin qıtlığı vardı. O maddələrin qiymətini kəskin aşağı saldım.

1997-ci ildə təkrar bura gəldim. Azərbaycanlıları yığıb onlara bazar iqtisadiyyatının tələblərini başa saldım, insaflı qazanc əldə etməyin yollarını öyrətdim. Sonra hər altı aydan bir Bakıya gəlməyə başladım. 1992-ci ildə Naxçıvana – Heydər Əliyevi ziyarətə getdim. Dedim ki, Turqut Özal Azərbaycana sərmayə qoymağı mənə tövsiyə edib. Heydər Əliyev bu sözü çox dəstləklədi və Azərbaycanın böyük gələcəyi olacağını söylədi. Ayrıca mənə tapşırıq verdi ki, Naxçıvan camaatı çox ağır vəziyyətdədir, ərzaq qıtlığı daha kəskindir. Turqut Özala de ki, Naxçıvana kredit açsın, kömək etsin. Sənin də İranda böyük nüfuzun var. Biz müsəlmanıq, qardaşıq. Siz bizə xırda yox, böyük köməklik göstərin və biz bunu Sizə artıqlaması ilə qaytaracağıq. Mən onun yanından çıxandan sonra Naxçıvanın baş naziri Şəmsəddin Xanbabayev mənə dedi ki, cənab Heydər Əliyev ona tapşırıb ki, mənim nömrəmi dəftərə yazıb saxlasın. Dahi Heydər Əliyevin tövsiyəsini özümə bir tapşırıq kimi qəbul etdim. Çünki bu böyük insan baxmayaraq ki, o vaxt Naxçıvan Ali Məclisinin sədri idi. Lakin təkcə Naxçıvan camaatı haqqında deyil, bütün Azərbaycan xalqı barəsində narahat olur, bütünlükdə Azərbaycanı çətinliklərdən qurtarmaq istəyirdi. O vaxt elə bütün Azərbaycanda ticarət sahəsində də böyük durğunluq və boşluq vardı. Biz o boşluğu doldurmağı qarşımıza məqsəd qoyduq. Beləcə də 1994-cü ilə qədər biz bu işlə məşğul olduq.

Artıq Heydər Əliyev Azərbaycanın prezidenti idi. Onun xilaskar missiyası hər sahədə özünü göstərməyə başlamışdı. Şəmsəddin Xanbabayev indisə Bakıda məni aradı və dedi ki, cənab prezident sizi görmək istəyir.

Heydər Əliyev məni qəbul etdi və dedi ki, mən sənə təşəkkür edirəm. Dedim, cənab prezident, nə yapmışam ki, təşəkkür edirsiniz? Cənab Heydər Əliyev dedi ki, sən bizim ticarət nazirinin görməli olduğu işi görürsən, bazarda boşluğu əlinə alıb doldurursan və eyni zamanda insaflı bir insan kimi camaata uyğun mal satırsan. Ona görə sənə təşəkkür edirəm. Sənin kimi insaflı adam bizim məmləkətə çox lazımdır. Sən gəl burda bir iş yeri yarat, başqaları da baxıb, başlasın. Məhz bu böyük rəhbərin tövsiyəsi ilə mən 1995-ci ildə çay fabrikası və yağ fabrikasını özəlləşdirdim, açılışına isə cənab prezident özü qatıldı.

Beləliklə, dahi Heydər Əliyev başda olmaqla, Azərbaycanın qədirbilən, haqqı-ədaləti başa düşüb qiymətləndirən insanları məni bu ölkədə müxtəlif istehsal ticarət müəssisələri yaratmağa ruhlandırdı. Yaratdım, yaradıram və yaradacam.

Və 9 şirkətim olan ölkənin içərisindən yaşamağa məhz Azərbaycanı seçməyim isə Heydər Əliyevə olan hörmət və sevgim oldu.

İndi isə Heydər Əliyev yolunun layiqli davamçısı, Azərbaycanı daim yüksəklərə qaldıran hörmətli Prezident İlham Əliyevin rəhbərlik etdiyi bu ölkədə mən də bir iş adamı kimi çalışmağı özümə şərəf bilirəm. Hər bir işimdə hörmətli İlham Əliyevin də dəstəyini görürəm və bütün bunlar məni Azərbaycana daha çox bağlayır.

– 20 ildir ki, Azərbaycandasınız. Bütün bu işləri qurub yaradanda ən çox çətinliyiniz hansı ölkədə oldu?

– Hər ölkənin özünəməxsus bürokratik çətinlikləri var. Mən bir ölkəyə girib fəaliyyətə başladığım zaman o ölkənin camaatı və şəraiti əsasında işimi qururam, çıxardığım nəticə əsasında işimi ya artırır, ya da azaldıram. Ticarət mərkəzi Dubaydadırsa, sənaye mərkəzi Azərbaycandadır. Azərbaycanda rastlaşdığım bəzi maneələri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra tamamilə aradan qaldırdı və biz bu barədə bundan öncə söhbət etdik. Hazırda cənab Prezident İlham Əliyevin sərəncamı ilə rayonların inkişafı haqqında dövlət proqramının həyata keçirilməsi davam edir və o proqram bizim də işimizi asanlaşdırır, yeni iş yerinin açılmasına şərait yaradır.

– “Azərsun Holdinq” Şirkətinin sistemində aparat da daxil olmaqla nə qədər işçi var?

– “Azərsun Holdinq”də 6500 daimi işçi, 10 min də mövsümi işçi var. Birlikdə 16.500 işçi var. On minlərlə kənd təsərrüfatı işçiləri də məhsullarını bizə satıb pullarını alırlar. Məsələn, alma, feyxoa, pomidor, badımcan və s. məhsullar.

– Digər ölkələr də daxil olmaqla açdığınız iş yerlərində nə qədər insan çalışır?

– Digər ölkələrin hamısında 2200 nəfər işləyir. Azərbaycandakından təxminən 3 dəfə az.

– Azərbaycanda Sizin şirkətin nəzdində çalışan işçilərin nə qədəri azərbaycanlıdır, nə qədəri xarici? Onların əmək haqqında fərq varmı? (Eyni vəzifədə çalışanları nəzərdə tuturam).

– 6500 işçinin içində təxminən 400 nəfər xarici var. Eyni işi görən, eyni ixtisasda olan Azərbaycan və xarici vətəndaş eyni miqdarda maaş alırlar. Ancaq xaricdən gələn vətəndaş, dünyanın bütün ölkələrində olduğu kimi, burda da əlavə olaraq ev kirayəsi, çocuğunun təhsil pulunu, ailənin müalicə pulunu, Vətəninə gedib-gəlmək pulunu alır.

– Azərbaycanda daha nələr qurub-yaratmaq proqramınız var?

– Mövcud proqramları həyata keçirmək, süd və heyvandarlıq kompleksi açmaq niyyətindəyik.

– Biznes özü bir elmdir, istedaddır. Şagirdi olmayan insana müəllim demək olmaz. Bu sahədə şagirdləriniz varmı? Ümumiyyətlə, kadr yetişdirmək sahəsində şirkətinizdə işlər necə gedir?

– “Azərsun Holdinq” fəaliyyətə başladığı gündən indiyədək texniki yenilikləri ilə seçilməyi, bu sahədə kadr yetişdirməyi qarşısına məqsəd qoyub və buna nail olub. Hal-hazırda BP-də, SOCARda və digər şirkətlərdə belə bizim yetişdirdiyimiz kadrlar çalışır və bizi orda layiqincə təmsil edirlər.

– Bizdə bir xalq deyimi var:

 

Bu qala, bizim qala,

Qaldıqca bizim qala,

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

 

Sizə səmimi bir sual verəcəyəm, səmimi də cavab almağımı arzulayıram. Bütün bu zavodlar, fabriklər, ticarət mərkəzləri və s. qurub-yaratdıqlarınız baxmayaraq ki, minlərlə insanın işlə təmin olunmasına, dolanışığına kömək edir, lakin bunlar xalqa qalmayacaq. Sahibkar Sizsiniz, sonra da övladlarınız olacaq.

Abdolbari bəy, nəyi tikmisiniz ki, özünüz yox, iziniz qalacaq? Yəni vərəsələrinizə yox, xalqa qalacaq? Məsələn, xəstəxana, uşaq bağçası, məktəb, yataqxana tikdirmək, yol salmaq, bulaq çəkdirmək və s.

– Təvəzökarlıqdan uzaq olsa da, deməliyəm ki, izimin qalması üçün az iş görməmişəm və ömür vəfa edərsə daha da çox iz qoymaq fikrindəyəm. Hansı bölgədə iş qurmuşuqsa, orda da sosial yönümlü fəaliyyətimiz olub. Bərbad yolları abadlaşdırmışıq, yataqxana, uşaq bağçası, məktəb, xəstəxana və s. sosial sahələrində ya yenisini tikdirmişik, ya da tam təmir etdirmişik. Bir də ki, mən bu dünyada özümü qonaq hesab edirəm. Odur ki, hər bir tikdiyimdən sonra izimin qalmasını arzu edirəm.

– Gəlin bir az da şəxsi həyatınızdan, iç dünyanızdan danışaq. 3 oğlunuz, 6 qızınız, nəvələriniz, gözəl xanımınız... Elə vaxtınız olubmu ki, bu boyda ailədə öz fikirlərinizlə, düşüncələrinizlə özünüzü tənha hesab edəsiniz?

– Uşaqlarım kiçik olarkən anlaşılmazlıq olması təbiidir. Onlar böyüyənə qədər fikirlərimi, düşüncələrimi həyat yoldaşımla bölüşürdüm və indiyədək də bir-birimizi çox gözəl anlayırıq. Uşaqlar  böyüyəndən sonra isə artıq fikirlərimi onlarla da bölüşməyə başladım və bu barədə özümü çox şanslı ata hesab edirəm. Övladlarım da mənimlə fikirlərini paylaşırlar və eyni zamanda məni  başa düşürlər. İndiyədək heç vaxt ailəmdə özümü tənha hiss etməmişəm. Amma övladlarımın iş tərzi,ticarət yapmaq tərzi başqa cür ola bilər ki, mən bu sahədə onlara sərbəstlik vermişəm.

– Maddi çətinlik içində boğulan vaxtlarınız olubmu? Olubsa bu vəziyyətdən necə çıxmısınız? Mənəvi qüvvənizlə? İradənizlə? Zəhmətinizlə? Təsadüf nəticəsində?  Yaxud kiminsə köməyilə?...

– Bu vəziyyətə 2 dəfə düşmüşəm. 1965-1967-ci illərdə baxdım ki, bütün sərmayəm bitib. Ziyana düşdüm. Sonra yenə vəziyyətim düzəldi. Əvvəlkindən də çox imkana malik oldum.

1985-87-ci illərdə yenidən ziyana düşdüm. Və yenidən sərmayəm bitdi. Hər dəfə evim, maşınım, bir sözlə, nəyim varsa satıb borcumu qapatdım. Yıxıldığım, yəni ziyana düşdüyüm vaxt şükr edirdim ki, hörmətimi, nüfuzumu, inamımı itirməmişəm. Ona görə də mənə həm kredit verdilər, həm də dostlarım borc verirdi. Və yenə də bu vasitələrlə borclarımı qapadandan sonra,yenidən imkanlarım artdı, hətta dostlarımdan aldığım borcu vaxtında qaytardım.

Heç bir param olmadığı zaman, ən kasıb vaxtlarımda həmişə özümü zənginlərdən zəngin görmüşəm. Hər kəsə də parası üçün yox, düşüncəsi, dünya baxışı, tərbiyəli həyat tərzi üçün qiymət verirəm.

– Tanrı şükr edənləri sevir. Şəxsən mən səhər yerimdən duranda əl-ayağım işlədiyinə görə də, gözlərimin gördüyünə görə də, heç kəsə, hətta övladlarıma belə möhtac olmadığıma görə, bir sözlə hər şeyə görə Allaha şükr edirəm. Bəs Siz necə? Ən çətin gününüzdə belə, Allaha şükr edirdiniz, yoxsa asi düşürdünüz?

– Çətinliyə düşdüyüm zaman kəndimi dünyanın ən aciz və imkansız insanı ilə müqayisə edirəm. Allaha şükr edirəm. Niyə çətinliyə düşdüyümün səbəbinisə özümdə axtarıram. Fikirləşirəm ki, Allahın verdiyi imkanları yanlışmı kullandım? Başqalarına haqsızlıqmı etdim?  Özümdən kasıblara özümü, var-dövlətimi nümayişmi etdirdim?

Bilirəm, Allah haqdır. Bizə imkan verib ki, əkdiyimizi biçək. Biz Allahın yolundan, çıxmışıq ki, o bizə hələlik kiçicik cəza verir. Yəni yıxılmaqdan qat-qat böyük cəzalar var. Yıxınlanda Allaha şükr etməsəydim, ayağa qalxa bilməzdim.

– Caduya, fala, nəzərə, nəfsə, nifəyə inanırsınızmı?

– Hamısına inanıram. Qurani-Kərimdə “Fələk” və “Nas” surələri olduğu halda bizim bunlara inanmamağa haqqımız yoxdur. 16 yaşım vardı. Atın belinə qalxdım. Bir az irəli küçədə bir kişi vardı. Heç kəs onunla rastlaşmaq istəmirdi. Baxdığını bıçaq kimi kəsirdi. Mənə dedidər o küçədən yox, başqa yolla get. Cavandım, başa düşmədim. Elə o kişi dayanan yolla getdim. Onun baxmağı ilə atdan yıxılmağım bir oldu. Bu təsadüfi bir hal olsaydı, yalnız mənim başıma gələrdi. Onun baxdığı adamların hərəsini bir cürə mənfi aqibət gözləyirdi.

 

– Mən bir şeirimdə yazıram ki:

Çiynimə yük verib özümdən ağır,

Zərif olmalıdır deyirlər qadın.

şeirdə kişilər haqqındasa belə deyirəm:

Hər şey öz yerini dəyişdirəndə

Kişi də oturmaz kişi yerində.

 

Deyirlər ki, Şeyx Şamil nə vaxt evə gəlsəydi, (hətta gecənin yarısında belə), həyat yoldaşı uşaqları yuxudan oyadıb deyərmiş: – qalxın ayağa, atanız gəlib! Gözəl bəy! Hanı o kişilər ki, qadının zərif çiyninə yük verməzdi və hanı o qadınlar ki, kişinin kişi yerini bilib onu uca tutardılar. Kişi ilə qadının hüququ bərabər olmalıdır o demək deyil ki, ailədə kişi ilə qadın öz yerlərini dəyişsinlər. Bu məsələyə Sizin münasibətinizi bilmək istərdim.

– Qadını və kişini yaradan elə yaradıb ki, hər kəsin öz təbiətinə və xüsusiyyətlərinə görə üstünlükləri var. Qadınlar əqli cəhətdən kişiləri əvəz edə bilərlər, fiziki cəhətdən üstünlük kişilərdədir. Qadınlarsa zərif məxluqdurlar. Zərif çiyinə ağır yük vermək olmaz. Yaradanın yaratdığı düzdür. Bu düzə əyri baxanlar günahı özlərində axtarmalıdırlar. Ümumiyyətlə, Tanrının yaratdığı nizamı pozmaq olmaz.

– Son vaxtlar axiri zamanın yaxınlaşdığı barədə çox söz-söhbət gəzir. Hətta keçən il 21 dekabrda dünyanın sonunun çatacağını gözləyənlər az deyildi. Şamlar, konservlər və s. alıb yığanlar da var idi.

Mənim fikrimcə o şamların əvəzinə daha çox tövbə edib uca Tanrıya öz günahlarının bağışlanması üçün yalvarmaq daha yaxşı olardı. Çünki insanların Allahın yolundan çox çıxdıqları göz qabağındadır. İnsan övladı uca Tanrının qəzəbinə duçar olacağı günü öz bəd əməlləriylə gündən-günə yaxınlaşdırır.

Qurani-Kərimdə “Qaçan atlar” surəsində (6-cı, 7-ci ayə) deyilir: “İnsan öz Rəbbinə qarşı çox nankordur və özü də buna şahiddir”.

Nuhun tufanı baş verəndə böyük Allah Yer üzünün çirkabını su ilə yudu. Görünür bu insanlara dərs olmadı və Qurani-Kərimdə “Zəlzələ” surəsi nazil oldu. Necə bilirsiniz? Bəşəriyyətin böyük və bağışlayan Allahın qarşısında diz çöküb törətdikləri bəd əməllərdən tövbə etməkdən başqa ikinci xilas yolu varmı?

– Hesab edirəm ki, dunyanın sonu gələcək. Qurani-Kərimdə bu varsa, İkinci söz ola bilməz. Vaxtını, zamanını isə böyük Allahdan başqa kimsə bilməz.

İnsan oğlu bir-birinə çox zülm etdiyi, çarəsizlərin fəryadı ərşə dirəndiyi, insanın insana, insanın təbiətə təxribatı gündən-günə artdığı, böyük-kiçik, valideyn övlad arasında hörmət, qiymət itdiyi, insan övladı Allahın yolundan çox çıxdığı bir vaxtda axiri-zaman labüddür. Bir sözlə, dünyanı bütünlükdə uca Tanrıdan başqa heç bir hökmdar nizama sala bilməz.

– Mərhum Azərbaycan şairi Alı Mustafayevin “Bir dəli ağlamaq keçir könlümdən” misraları hamıya bəllidir. Həyatınızda elə anlar olubmu ki, könlünüzdən bir dəli ağlamaq keçsin?

– Nə dəli sevinmək gəlib mənə, nə dəli ağlamaq. Orta ağlamışam. Elə insan var ki, nə varlığı məlumdur, nə yoxluğu. Ona ağlayıb, neyləcəksən?

Ancaq elə insan da olub ki, onu əyri yoldan çevirə bilməyəndə onun halına ağlamışam.

– Şeirdən söz düşmüşkən... mənə demişdilər ki, Siz şeiri sevmirsiniz. Hətta şerdən zəhləniz qedir. Amma mən Sizə şeir kitabımı hədiyyə etdim. Özünüz şair olmasanız da şair qəlbli olduğunuzu, şeiri, ədəbiyyatı çox sevdiyinizi duydum. Hətta şeirlərimdən birini mənə telefonda oxudunuz. Deməli şeiri duya bilirsiniz.

– Kim deyir ki, mən şeiri sevmirəm? Şeiri sevməyənin qəlbi yoxdur. Qəlbimdə mənə ən çox təskinlik verən şeirdir. Şeiri oxuyanda onu yazan şair qədər mənasını başa düşüb o səhnəni gözlərimdə canlandıra bilirəm.

– Gəncliyinizdə şeir yazmısınızmı?

– Şeir qoşurdum, mənası düz gəlirdi, qafiyəsi yox. Gəncliyin ötəri həvəsi idi.

– Hansı musiqini sevirsiniz?

– Neyi çox sevirəm, aşıqların mənalı oxuduqlarını sevirəm. Şəkər zavodunu 180 aşığın iştirakı ilə açdım.

– Tez-tez ezamiyyətdə olursunuz. Ən çox darıxdığınız adam kim olur? Kimi hər gün yanınızda görmək istərdiniz? Xanımınızı, oğlanlarınızı, qızlarınızı, nəvələrinizi: ən çox hansını?

– Hamısını. Hamısı canım və qanımdır. Ancaq hamısına imkan olmayanda, həyat yoldaşımla kiçik nəvələrimi hər gün yanımda görmək istəyirəm.

–Asudə vaxtınızı necə keçirməyi xoşlayırsınız? Xarici ölkələrdə, dəniz kənarında, yaxud harda? Bütün bunları ailə ilə,dostlarla, yoxsa ki, tək etmək istərdiniz?

– Asudə vaxt tapmadığım üçün bu suala cavab verə bilməyəcəm.

– İlk baxışdan, Sizi dünyanın ən xoşbəxt adamlarından biri hesab etmək olar.  Yüksək maddi təminatınız... Eviniz... İşiniz... Ailəniz... Xanımınız... Doqquz övladınız... Nəvələriniz... Allah hamınızı saxlasın və bəd nəzərdən qorusun. Abdolbari bəy doğrudanmı xoşbəxtdir? Və birdə ki, Gözəl bəy etiraf edə bilərmi şəxsi həyatında nəyəsə ehtiyacı var və o ehtiyacı əldə etmək çox cətindir. Bəlkə də ömrün payızında bu, heç mümkün deyil, gecdir.

– Hər bir insanın mənəvi dayağa, ünsiyyətə, anlaşmaya böyük ehtiyacı var. Və bu ehtiyacı həyat yoldaşım başda olmaqla bütün övladlarım təmin edirlər. Xüsusən xanımımla bir-birimizi çox sevirik. Və yenidən gənc olub yenidən ailə həyatı qurmalı olsaydım, yenə də öz xanımımı seçərdim. Deməli mənim bəkləntimi – maddiyyatdan tutmuş mənəviyyatacan, Allah mənə verib. Xoşbəxtəm. Lakin çevrəmdə bədbəxtlər də az deyil. Onlara baxanda mən öz xoşbəxliyimi yaşaya bilmirəm.

–Siz Azərbaycanı əbədi məskən seçmisiniz? Yoxsa nə vaxtsa doğma Vətəninizə qayıtmaq fikriniz var? Yeri gəlmişkən, doğma Vətən deyəndə haranı özünüzə doğma Vətən hesab edirsiniz? Doğulduğunuz İranı, boya-başa çatdığınız Türkiyəni, yoxsa 20 ildir ki, ana məhəbətilə Sizə qucağını açmış Azərbaycanı?

– Baxmayaraq ki, İran da, Türkiyə də mənim üçün çox əziz və doğma olaraq qalırlar, lakin 20 ildə Azərbaycan da mənə o qədər doğmalaşıb ki, bura mənim Vətənimdir deməyə bilmirəm. Azərbaycansız yaşaya bilməyəcəyimə əminəm.

 

 

Minayə ƏLİYEVA

 

525-ci qəzet.- 2013.- 1 fevral.- S.4.