Trilogiyadan...“Xəmsə”yə
Anar və Ramiz Həsənoğlunun
“Sübhün səfiri” filmi
haqda qeydlər
Birinci yazı
Ötən il dahi Azərbaycan mütəfəkkiri, realist nəsr və dramaturgiyamızın, ədəbi tənqid və yeni fəlsəfi düşüncəmizin binasını qoymaqla, XlX əsr mədəniyyətimizdə böyük bir intibah mərhələsi başlayan Mirzə Fətəli Axundzadənin 200 yaşı dövlət səviyyəsində qeyd olundu. Türksoy xəttiylə türkdilli ölkələrin də qatıldığı “Axundov ili” Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilmiş “Sübhün səfiri” filmiylə başa çatdı. 2012-ci il noyabrın 28-də Nizami adına kinoteatrda ilk premyerası keçirilən film, uğurlu bir kino faktı çərçivəsindən çıxaraq, ümumən, çağdaş mədəniyyətimizin parlaq faktına çevrildi. Aradan ötən iki ayda həm kütləvi tamaşaçılar arasında, həm də sənət çevrələrində gedən müzakirələrin mərkəzində dayanması filmin bu dəyəri haqq etdiyini bir daha təsdiqləyir.
C. Cabbarlı adına “Azərbaycanfilm”in istehsalı olan filmin ssenari müəllifi Xalq yazıçısı Anar, quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğludur.
Sirli dördlük
Ədəbiyyatımızda olduğu kimi, kinematoqrafiyamıza da parlaq möhürünü vuran Anarın kino fəaliyyətini üç qismə bölmək olar; əsərləri, ssenariləri əsasında çəkilən filmlər, ssenari müəllifi olmaqla, müştərək quruluş verdiyi filmlər və onun öz filmləri.
Məsələn, kinoya gəldiyi birinci dövrdə “Torpaq. Dəniz. Od. Səma.” (1967. Rejissor Şamil Mahmudbəyov), “Gün keçdi” (1970. Quruluşçu rejissor Arif Babayev) və “Dədə Qorqud” (1975. Quruluşçu rejissor Tofiq Tağızadə) filmlərinin ssenari müəllifi olan Anar “Dantenin yubileyi” povesti əsasında çəkilən eyniadlı filmdə (1977) artıq bir rejissor kimi də iştirak edir.
Mərhum xanım rejissorumuz Gülbəniz Əzimzadə ilə birgə lentə aldıqları filmin uğurlu ekran taleyində bu tandemin böyük rolu olmaqla bərabər, məhz Anara məxsus dəsti-xətt də aydın görünür. Yeri gəlmişkən, qeyd edək ki, onun daha bir əsərinin- “Ötən ilin son gecəsi”nin ekran həlli də Gülbəniz Əzimzadəyə məxsusdur və bəzən bu filmlərin lirik- sentimental poetikası rejissorun xanım olmasına bağlansa da, əslində, həmin əsərlərin öz təbiətindən qaynaqlanır. Təsadüfi deyil ki, böyükçaplı rejissorumuz Rasim Ocaqovun “Təhminə”, Arif Babayevin “Gün keçdi” filmlərindəki oxşar intonasiya yaxud, Tofiq Tağızadənin “Dədə Qorqud” film-dastanındakı realizm də bilavasitə, mətnlə müəyyənləşir. Yəni, Anar, eyni zamanda, təhsilli bir kinematoqraf olduğundan, imitasiyalara yer qalmır.
Filmotekamızda iki əsər də var ki, kino tariximizə tam şəkildə Anarın müəllif möhürüylə daxil olub. Bunlar XX əsr ədəbiyyat və mədəniyyətimizin nəhəng simaları Üzeyir Hacıbəyovla Mirzə Cəlilin həyatından bəhs edən “Üzeyir ömrü” (1981) və “Qəm pəncərəsi” (1987) filmləridir. Azərbaycan romantizminin banisi Hüseyn Cavidə həsr olunan “İblis” (2007-ci ildə ekranlaşdırılan bu film barədə“İblis”: yaxud, repressiya olunmuş tarixin panoramı”adlı resenziyamızda geniş bəhs etmişik) və hazırda gündəmdə olan “Sübhün səfiri”də dövrəyə girəndə sirli bir dördlük alındı.
Doğrudur, sonuncu iki filmin rejissurası Anara deyil, Ramiz Həsənoğluya məxsusdur və bu barədə danışacağıq. Məqamın sirri bunda ki, Anarın kino fəaliyyəti platformasına görə də fərqli planlarda gerçəkləşir. Ümumi planda görülən “Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Təhminə”, “Dantenin yubileyi” kimi filmlərdi ki, potensial bir yazar və kinematoqraf kimi Anar bu filmlərlə özünün cari missiyasını yerinə yetirir.
Bir də var Anarın strateji planda, mədəni tariximiz qarşısında varislik borcuyla gerçəkləşdirdiyi filmlər ki, bu sırada ekrana ilk dəfə “Dədə Qorqud” epopeyası gəldi. Qan yaddaşımızın oyanmasında, etnotariximizin ümumxalq düşüncəsinə doğmalaşmasında müstəsna əhəmiyyət daşıyan və şərti bir dövrü əks etdirməklə, sırf təxəyyül məhsulu olan bu epopeya, kökü çöx dərinlərə işləyən, amma sağdışı-soldışı olmayan tək ağac kimidi.
Bədii-sənədli planda olan “Üzeyir ömrü”, “Qəm pəncərəsi”, “İblis” və “Sübhün səfiri” isə real mədəni tariximizin son iki yüz illik mərhələsinə, eyni zamanda, o mərhələni yaradan gerçək şəxsiyyətlərin həyatına güzgü tutan bütöv bir sistemdi, konseptual baxışdı.
Azərbaycan mədəniyyətini bir sənət məbədinə bənzətsək, Axundov məbəd, Üzeyir bəy, Mirzə Cəlil və Cavid isə o məbədin sütunlarıdı. Və əvvəlki üç filmdə yalnız ayrı- ayrı sütunlar görünürdüsə, “Sübhün səfiri”ndə artıq bütün məbəd möhtəşəm əzəmətiylə görünməyə başladı.
Sual oluna bilər; bəs mərhələnin başında dayanan Axundov Anarın strateji layihəsində nədən ən sonda gəldi? Bu sualı zamanın diqtəsi, ictimai-siyasi şərait, sözügedən şəxsiyyətlərin yubileyləri kimi müxtəlif faktorlarla cavablandırmaq mümkün olsa da, fikrimizcə, ən başlıca faktor 1941-ci ildə Axundov haqqında çəkilmiş “Səbuhi” filmidir.
Və məsələ bundadır ki, Mikayıl Rəfilinin ssenarisi əsasında Rza Təhmasibin ekranlaşdırdığı “Səbuhi” də tammetrajlı (101 dəqiqəlik) bədii filmdir. Bu o deməkdir ki, Anarın layihəyə başladığı 80-ci illərdə sovet hökuməti böyük maliyyə tələb edən ikinci bir filmin çəkilməsinə razı olmazdı. Digər tərəfdən, “Səbuhi” filmində inqilabçı, din əleyhinə çıxan qatı bir ateist və öz milli mühitinə yuxarıdan baxan rusmeylli ziyalı kimi təqdim olunan Axundov sovet ideologiyasının tələblərinə tam uyğun olduğundan rejimi qane edirdi. Deməli, məqamı gözləmək lazımıydı və o məqam indi yetişdi.
Eyni mövzuda olan bu bir cüt film heç bir müqayisəyə gəlmədiyindən, iki-üç kəlməylə demək olar ki, “Səbuhi” və “Sübhün səfiri” istər, ssenari və quruluş, istərsə də konseptual baxımdan Axundova tam fərqli yanaşmalardı. Birincidə sırf ideoloji kontekstdə təqdim olunduğundan, real tarixi çəkisiylə tən gəlməyən Axundov, ikinci filmdə nəhayət, olduğu kimi görünür. Obrazlı desək, “Səbuhi” Axundovun xırda planda işlənmiş barelyefi, “Sübhün səfiri” isə monumental heykəlidir. Çünki həyatının hər anıyla, fəaliyyətinin hər yönüylə bizə doğma olsa da, bu böyük dühanın mədəniyyət tariximizdəki qiyməti daha çox realist nəsrin və milli dramaturgiyanın binasını qoyması və bir ictimai xadim kimi əlifba islahatı uğrunda mücadiləsiylə müəyyənləşir ki, “Sübhün səfiri”nin də əsas konsepsiyası bu istiqamətlər üzərində qurulub.
Məqamlar...
Axundovun bioqrafiyası yüz illərin dumanına bürünmüş, katiblərin, xəttatların versiyaları ilə süslənmiş Nizami, Nəsimi, Füzuli bioqrafiyası deyil. Axundov mədəni tariximizin bizə ən yaxın səhifəsidir. Onun həyat və fəaliyyəti, amal və mücadiləsi günümüzə olduğu kimi gəlib çatdığından, təhriflərə yer qoymur. Zaman keçir, əsrlər də, yaşam şərtləri də dəyişir, amma böyük Axundov həqiqətləri dəyişmir. Ədalət naminə deməliyik ki, hətta Mikayıl Rəfilinin repressiya illərində, ideoloji şərtləri gözə almaqla yazdığı “Mirzə Fətəli Axundov” monoqrafiyasında da (“Səbuhi” filminin ssenarisi də bu monoqrafiya əsasında yazılıb ) tarixi gerçəklik mümkün qədər qorunub saxlanıb. Ümumən, zaman-zaman qələmə alınan elmi-filoloji araşdırmalara qiymət vermək niyyətimiz yoxdur, amma fikrimizcə, bədii sənət müstəvisində indiyəcən cəmi iki əsər yaranıb ki, bu Şərq dahisi orada həyat, yaradıcılıq və mücadiləsinin bütün rəngləriylə, dramatizmi və faciəviliylə boyaboy görünür. Həmin əsərlərdən biri qürbətdə yaşayan böyük yazıçımız Çingiz Hüseynovun 1986-cı ildə yazdığı “Fətəli fəthi” romanı, digəri isə Anarın ssenarisiylə çəkilən “Sübhün səfiri” filmidir.
lll
“İblis” barədə yazımızdakı bir məqamı təkrar vurğulamaq istərdik ki, Anarın bu layihədən məqsədi, sadəcə, görkəmli şəxsiyyətlərin portretlərini yaratmaq deyil, eyni zamanda, onların mənsub olduğu dövrün, epoxanın real mənzərəsini yaratmaqdır. Və həm dühası, fəaliyyət spektrləri, həm də zəmanəsiylə Axundov bu planı paralel şəkildə gerçəkləşdirməyə daha geniş imkanlar yaradır. Qəhrəmanın unikal həyat mövqeyi- bir tərəfdən çar Rusiyasının polkovniki kimi Qafqaz canişinliyində məsul vəzifə tutmasıyla Rusiyanın regiondakı siyasətinin, digər tərəfdən, milli mədəni mühitin mərkəzində dayanmasıyla XlX əsr Azərbaycan maarifçi-demokratk düşüncəsinin geniş mənzərəsi ekrana gəlir ki, bu fonda Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Həsən bəy Zərdabi, Xasay bəy Usmiyev kimi görkəmli simaların da maraqlı obrazları canlanır.
lll
Filmin sonlarında əcəl yatağında olan Mirzənin Qafqaz Şeyxülislamı ilə qısa görüşü təsvir olunur. Ona rahatlıq verməyən bir müşkülü çözməkdə şeyxdən kömək istəyən xəstə deyir:
“Qədim bir dua var; insan
tanrıdan üç
şey diləyir. Güc, səbr,
bir də müdriklik. Gücü ona
görə istəyir
ki, dünyada dəyişmək istədiyi
şeyləri dəyişməyə
qüdrəti çatsın.
Səbri
ona görə istəyir ki, dəyişməyə gücü
çatmadığı şeylərə
dözə bilsin.
Müdrikliyi ona görə
istəyir ki, birincilərlə ikinciləri
dəyişik salmasın.
İndi bəni- insan, tutalım elə mən, bu işin
içindən necə
çıxsın. Nə bilsin
ki, nəyi dəyişə bilərdi,
dəyişmədi. Dəyişə bilməyəcəyi nə
idi ki, dəyişmək
istədi. Bu işin
hikməti nədədi,
nədədi müdriklik?”
İlk baxışda,
həyatını kinolent
kimi gözləri önündən keçirərək
düzgünmü, səhvmi
yaşadığını müəyyənləşdirməyə çalışan xəstənin
bu hamletvari sualı müəllif konsepsiyasının həllinə
hesablanan çox zərif nüanslardandır. Məsələ
bundadır ki, dərin sevgisindən yana, böyük
sələfini qabarıq
təhlil-təftişə qıymayan Anar bu dilemmanı Axundovun öz diliylə açmağa müvəffəq olmuşdur.
Məsələn, ömrünün böyük bir hissəsini yeni əlifba uğrunda mücadiləyə həsr
edən Mirzə, kiril əlifbasını ərəb hürufatına
alternativ qoymaqda nə dərəcədə
haqlıydı?! Ümumiyyətlə, Axundovun əlifbayla bağlı israrlı yazışmalarına, bu məqsədlə İran
konsulluğunda, Türkiyə
dil qurumunda keçirdiyi görüşlərə filmdə
xeyli yer ayrılıb, bu da görkəmli bir şəxsiyyətin həyatı fonunda keçmişə baxış
olmaqla bərabər, bugünə və gələcəyə bir mesajdır ki, son illər tez-tez gündəmə gələn ortaq əlifba, ortaq türkcə məsələlərində
qaş qayırdığımız
yerdə vurub göz çıxarmayaq.
(Ardı var)
Bəsti Əlibəyli
525-ci qəzet.- 2013.- 2 fevral.- S.10.