Hərənin öz içki kursu
Sovet hökumətinin başına Qorbaçov gələndən sonra əhali bir səhər yuxudan ayılıb duyuq düşdü ki, bəs ölkənin tən yarıdan çoxunun canü könüldən aludə olduğu cürbəcür spirtli içki qəbul etmək vərdişi əslində alkoqolizm imiş. Evlərdəki “Kasıbın olanından” markalı televizor, radio birdən-birə bu haqda gecəli-gündüzlü car çəkməyə başlamışdı: partiyanın, hökumətin “antimıxlama” siyasəti, “duyduq-duymadığ”a yer qoymadan, hər kəsin beyninə doldurulurdu. O məşum epoxanın ibtidasında Azərbaycan tamaşaçısı, adı qədər məzmunu da görəcək-görkəzmə olan, bir verilişlə göz-gözə gəldi – “Ayıqlıq həyatımızın normasıdır!”
Araq-çaxır əleyhinə şıdırğı təbliğat aparmaq, “vuran”ların qeybətini qırmaq qəsdilə açılan bu proqramda, alkoqolun adama ziyanının əyani isbatı üçün, növbənöv telefəndlərə əl atılırdı. Məsələn, dövrün “olmazsa olmaz”larından sayılan Sərxoşları Ayıltma məntəqələrindən dalbadal “məzəli” süjetlər verilirdi. Ya da küçədə-məclisdə dəmləşib hoqqa çıxardanların, içib özünü apara bilməyənlərin, axırıncı manatını da içkiyə verib səkidə-dayanacaqda yıxılıb qalanların halı-aqibəti təfərrüatlı biçimdə xalqa çatdırılırdı...
Onda 10 yaşına təzəcə dolub, yenicə “ayılmağa” başlamış bir uşağın “Ayıqlıq…”la başından böyük səviyyədə maraqlanmasının, proqramın təhər-töhürünü yaddaşına köçürməsinin tək bircə (ancaq çox mühüm!) səbəbi vardı. Adətən, axırda, amma dedikcə qürurla səslənirdi o səbəb: “Verilişi aparırdı telejurnalist, filologiya elmləri namizədi Rüstəm Əzizov”.
Həmin 10 yaşlı uşaq üçün Rüstəm Əzizov eləcə “Rustam məllim”iydi, çünki simsar adamıydı, qohumluq bir yana, ta dədə-baba vaxtından qapıbir od-yurd qonşuluğu vardı arada. Yaxşı kişiydi, Bakıya gəlib-getməyin Magellanın dövri-aləm səyahətinə tay tutulduğu əyyamda onun evi kəndin paytaxtdakı daimi nümayəndəliyinə dönmüşdü. Tez-tez ata yurduna baş çəkirdi, hər dəfə də “Rustam məllim”dən geriyə maraqlı-maraqlı söhbətlər qalırdı. Böyüklərin əfkari-ümumisi beləydi ki, “Rustam məllim” heç özünə görə deyil, orda-burda hökumətin əleyhinə danışır, halbuki onun kimi kasıb bir kənd uşağının sağ-salamat böyüməyi, gedib Bakı kimi yerdə oxumağı, o boyda yerdə işləməyi, ad-san qazanmağı – bunların hamısı Sovet hökumətinin hesabınaydı. “Gərək başını buraxa bu söhbətlərin, hayıfdı, tutdurar özünü, biabırçılıq olar...” – deyirdilər.
Ancaq, görünür, “Rustam məllim” də bildiyini bilirmiş, ona əyan imiş ki, Sovet hökuməti ta irəliki qədər “tutağan” deyil, yoxsa “antigillətmə” siyasətinin təbliğini antisovet ruhlu Rüstəm Əzizova tapşırmazdılar. Əvvəllər sayıqlığı həyat norması kimi əhaliyə yeridən hökumət indi ayıqlığın hayındaydı.
“Rustam məllim” öz verilişinə aid “o dəhşətli həqiqətin üstünü” də elə kəndə növbəti səfərlərinin birində açmışdı. Ola blsin, bir az da hirsindən belə demişdi, onu gülünc kampaniyaya cəlb edən hökumətdən acıq çıxmaq istəmişdi bu sözlərlə: “Televizorda dediklərimə fikir verməyin, bekara söhbətlərdi, əziz canınız üçün, özüm də hər dəfə babat vurmasam, ora çıxammaram...”
İndisindən iraq!
* * *
Bəlkə də elə həmin vaxtlarmış, ustad xanəndə Hacıbaba Hüseynov unudulmazlığa qovuşdurduğu məclislərdən hansındasa, o ipək-məxmər, bal-qaymaq səsinin arasına bükdüyü bu lətif kəlmələrlə bir “Zabul” dəstgahı başlayıbmış:
Gəlin içək meyi-nab, ey rəfiqlər, dəm olaq,
Deyək-gülək, danışaq, bir-biriylə həmdəm olaq!
İçək-içək, unudaq bəlkə qüssəni-kədəri,
Bir az da xoş keçirək ömrü, şadü xürrəm olaq!
“Bərdaşt”ı bu misralarla götürən Hacı bir anlığa guya xanəndəlikdən çıxırdı, elə bil muğam oxumurdu, üsyankar natiqə, cəsur tribuna çevrilir, onu illər boyu sıxıb-sıxışdırmış, ekrana-efirə gedən yolunu qıl körpüyə döndərmiş, gününü göy əskiyə düymüş rejimə, əsas da rejimin təzə başçısına meydan oxuyurdu. Qəzəlin növbəti misrasındakı mesajın tamam başqa səmtə - hər cür maddi nemətdən, lap dünyanın özündən belə, əziz-girami tutduğu Ali Mənəvi-Ruhani ünvana da yönələ biləcəyini böyük usta, söz yox ki, gözəl anlayırdı. Varlığı Allah sevgisiylə yoğrulduğu kimi, dünyagörüşünün əsasında, sənətinin, ifasının təməlində də Peyğəmbər eşqi, imamlara məhəbbət dayanırdı. Yadigar qalan oxumaları, söhbətləri bu fikrin sabit dəlilləridir. Ancaq dinə, şəriətə də musiqi ilə poeziya qədər dərindən bələd olan, Allahını, Peyğəmbərini tanıyıb-sevən, imanlı-təqvalı Hacının təbiətində əsl Şərq müdriklərinə xas rindanəliyin də, Piri-Muğan aşiqliyinin də, Bəzmi-Ələst zövqünün, İlahi Mey ləzzətinin də, heç şübhəsiz, ayrıca yeri vardı. O rindanəlik indi bir az da qəti məzmun, əlavə şiddət kəsb etmişdi, özünü tanıyandan bəri Hacının həm şəxsi-sənətkarlıq planında, həm də din-iman müstəvisində düşmən, qənim kimi bəllədiyi Kompartiya hökumətini nişan alan sivri silaha çevrilmişdi. Bu mənada, dilindən çıxan sonrakı misranın da gerçək hədəfi ariflərə, hal əhlinə yaxşı məlumdu:
Şərabı mənn eləyən kəs, sən içmə, cənnətə get,
İcazə ver, biz içək, sakini-cəhənnəm olaq!
“Mayə”yə doğru irəliləyəndə bacardıqca hikkəsini boğur, musiqidəki tonallıqla birgə hiddətinin ifadə tonunu da mümkün qədər aşağı salıb, qocafəndi tövrlə, ağsaqqal ədasıyla nəsihətlərini sadalayırdı. Nədən ki, məclisdə hər yaşda olduğu kimi, hər ağılda da insan vardı, deyilənləri doğru-dürüst qavrayanlarla yanaşı, tamam əks - ziyanlı nəticələr çıxaranlar da ola bilərdi:
Başında kəmdir əql, kim ki, ölçüdən çox içər,
Amandır, istəmirəm, biz də əqldənkəm olaq.
Cahanda, hər nə qədər istəsən, gəda tapılar,
Biz isə dostluğumuzda həmişə möhkəm olaq!
Ardınca yenə əvvəlki “xanə”yə qayıdan Hacı, bir yandan fitrətindəki rindanəlikdən coşur, bir yandan da hakim siyasətin, rəsmi təbliğatın düşüklüyünə qeyzlənir, sonrakı şöbəni, guşələri də meyin-şərabın tərənnümü üstündə qururdu:
Büsati-meydə hər ol aşiqin ki, həmdəmi var,
Onunla gər mey içə, gör onun nə aləmi var!
Şərabdır dili-pəjmürdəyə həyat verən,
Ona fəda mən olum ki, Məsih tək dəmi var!
Səfayi-ləli-nigar özgə, zövqi-mey özgə:
Onun bir aləmi
vardır, bunun bir aləmi var!
Bu
oxuduqlarının arasındakı bir beyt, Hacının
kamalına, düşüncəsinə, zövqünə bələdçilik
baxımından, müstəsnadır, öz təbirincə,
bir özgə aləmdir. Bu tezisi cüzvdən küllə, zərrədən
kürrəyə qədər bütün səviyyələr
üzrə rahatlıqla tətbiq eləməyə,
hamısında da eyni nəticəni almağa mümkünat
yeri var, həm də gen-bol:
Kənari-meykədədə
karı olmaz hər şəxsin:
Hər adəmin
yeri var, hər yerin bir adəmi var!
Ancaq yenə
də işin bəd başını unutmurdu Usta, hər
ehtimala qarşı, nəsihətindən qalmırdı:
Sən
etmə xalqa əziyyət, mey iç, günahı mənim:
Günahı
bir ola əgər, onun nə bir qəmi var?!
İndisindən
iraq!
* * *
Mərhum
Ziya Bünyadovun ömrünün qeyri-adiliyini əslində
onun insan, şəxsiyyət kimi fitri orijinallığı
şərtləndirib. Cərimə batalyonuna düşən,
o batalyonun komandiri olan Ziya Musa oğlu öz halalca
“Qızıl Ulduz”unu - Sovet İttifaqı Qəhrəmanı
adını Sovet hökumətindən,
bağırda-bağırda alıb. Onu Şərqşünaslığın
sıra nəfərliyindən Akademikliyə qaldıran bir
alimlik yolu keçib. Şərqşünas kimi dünya
tanıyıb onu, dar çevrədə, “ŞərŞünas”
təki ad çıxaranlardan olmayıb. “Sovet alimi”
ünvanı daşıyıb onilliklər boyu, amma rəsmən
gur-gur guruldayan təbliğat-təşviqat motoruna “təkərcik,
vintcik” kimi fırlanmayıb ortalıqda. Ateizm bayrağı
dalğalanan ölkədə İslamı öyrənib-öyrədib,
tanıyıb-tanıdıb. Qurani-Kərimin tərcümə-təfsirinə
imzasını atıb, ancaq ehkamlara da boyun əyməyib, sevmədiyi
ayin-adətlərdən uzaq durub.
Ziya müəllimin içkiyə-filana da özəl yanaşması - munis münasibəti varmış, deyirlər. Bunu da deyirlər (doğrusunu Allah bilər) ki, bir dəfə mötəbər heyətin tərkibində müqəddəs məkanları ziyarətdən azacıq sonra spirtli içkiyə meyl göstərməsi üstündə yarızarafat-yarıciddi qınağa tuş olub. Ziya müəllimin cavabı: “Mən bura dindar kimi, zəvvar sifətilə gəlməmişəm ki! Aliməm mən, bura da alim kimi gəlmişəm. Mənə olar!..”
İndisindən iraq!
* * *
Əvvəl Sovet hökuməti dağıldı, sonra Hacıbaba Hüseynov haqq dünyasına köçdü...
Rüstəm Əzizovun yası təzəcə düşmüşdü, xəbər yayıldı ki, Ziya Bünyadovu vurublar!..
* * *
Hamını vahid içki kursuna keçirmək cəhdləri həmişə olub, indi də var. Halbuki həmişə hərənin öz müstəqil içki kursu olub, elə indi də belədir. Gələcəyə qalanda... dumanlı görünür...
Seyfəddin
HÜSEYNLİ
525-ci qəzet.-
2013.- 2 fevral.- S.19.