Yenidən diriliş...
Gənclik, cəmiyyət ağacının
bahar tumurcuğudur. Çiçəkdə gizlənən toxum meyvənin içindəki
çəyirdək kimidir.
Gənclik duyğu, hərəkət,
qüvvət və səy olaraq, bir cəmiyyətin ən dinamik elementi, gələcəyi
inşa edəcək ən əhəmiyyətli
dəyəridir. Sülh və
qardaşlığın hökm
sürdüyü bir dünya yalnız o toxumdan əmələ gələ bilər.
Gənclik diriliş deməkdir.
Onlarsız bir millətin
sabahı qaranlığa
bürünər. Çünki heç bir cəmiyyət gəncliyi olmadan ayaqda qala bilməz.
Milli dəyərlərin
nəsillərdən nəsillərə
ötürülməsi vacib
bir vəzifə kimi qəbul edilsə, o vəzifənin
müqəddəs icraçısı,
sözsüz, gənclikdir. Elə isə
bir millətin gəncliyi hər yönüylə sağlam
olmalıdır. Ürəyi cəsarət
dolu, əxlaqı pak, ağlı bilik dolu, aydın
və işıqlı
olmalıdır. Görün
ulu öndər Heydər Əliyev bu barədə nə deyir: “Gəncləri paklıq, saflıq, yüksək əxlaq, yüksək mənəviyyat ruhunda tərbiyə etməliyik”.
Biz eyni zamanda
gəncliyi çox yaxşı anlamalıyıq.
Bu mövzuda Corc Mak Donald: “Gəncliyi anlamırıqsa, deməli,
dünyadakı işimiz
bitmişdir” – deyir.
Demək ki, gənclik aydınlanma gözləyən
bir məchul, açılması lazım
olan gələcək
qapısının şifrəsidir.
Gəncləri millətin aydın fərdləri olaraq görmək istəyiriksə,
onların üzünü
milli-mənəvi dəyərlərin
işıqlı çöhrəsinə
çevirməliyik. Bu barədə
Snelmanın sözünü
xatırlayaq: “Gəncliyin
ruhunu şumlanmayan bir tarla kimi
öz halına buraxsanız, orada gicitkənlər, tikanlar yetişər”.
Demək
ki, onların ruh dünyasına bir bağban kimi baxıb, hiss və düşüncələrini
bir fidan kimi həssaslıqla qoruyub saxlamaq lazımdır.
Pis vərdiş
və asılılıqlar
onları səfil və avara edər. Peyami Safanın sözü ilə desək: “Gəncliyi yaşamayan cəmiyyətin həyatı
yataraq keçər”.
Milli və mənəvi dəyərlərlə yanaşı,
adət və ənənələrini bilməyən
gənclərin əxlaqdan,
ədəbdən, həyadan,
dəyərdən məhrum,
iffətsiz, hörmətsiz,
inancsız bir həyat yaşamaları cəmiyyətin batması
və ölkələrin
yox olması deməkdir. Milli-mənəvi dəyərlərini itirən gənclik içindəki boşluğu
boş və lazımsız istəklərlə
doldurar. Susuzluğunu aradan qaldırmaq üçün gəncliyə
təqdim edilən kef
və əyləncələr,
səhrada qalmış
bir yolçuya dəniz suyu təqdim etmək qədər gülüncdür.
Bu onun susuzluğunu
azaltmamaqla yanaşı,
su istəyini daha da artırar.
Gəncliyi pis vərdişlərdən
asılı hala düşmüş bir cəmiyyət, barıtın
atəşə yaxınlaşması
kimidir. Demək ki, əxlaq
pozğunluğu və
səhv yola düşmək gəncliyi
məhv etdiyi kimi, bir millətin
gələcəyini də
məhvə sürükləyər.
Elm, mədəniyyət, fəzilət və bilik ilə bəzənmiş xarakterli,
əxlaqlı və şəxsiyyətli bir gəncliyin yetişməsi
üçün ən
əhəmiyyətli element, əlbəttə ki, təhsildir. Təhsil milli dəyərlərlə
əxlaqi dəyərləri
özündə birləşdirmirsə,
onun qucağında yetişən gənclik də qeyri-sağlam olar.
Cəmiyyət həyatının elektrik
düyməsinə toxunan
adam, əvvəla,
gəncliyin könül,
beyin lampalarını
işıqlandırmalıdır. Çünki, bu nurun və işığın
zamanla bütün müəssisələrə o güclü,
dinamik beyinlər tərəfindən ötürüləcəyini
Prezident İlham Əliyevin: “Mülayim, bilikli gənclər, gələcəkdə Azərbaycanı
idarə edəcəklər”,
– sözləri bir daha təsdiqləyir.
Gənclik bir cəmiyyətin ümid işığıdır. İstismar edilsə
sönər, doğru
yönləndirilməzsə, həyatı darmadağın
olar. Güclü bir gəncliyi,
idealist şəxsiyyətləri ancaq güclü cəmiyyətlər yetişdirə
bilər. M. Abdülfəttah
Şahin bu barədə: “Gənclik olduğu qabın rəngini alan
bir maye kimidir”, – demişdir.
Gəncliyə bir ana mərhəmətiylə
qucaq açıb, dirildici nəfəslə,
gəncliyi ümid və əzm dünyasına yönəltmək
hər bir pedaqoqun ən böyük vəzifəsidir. Demək ki,
gələcəklə bağlı
ümidlərimiz, gənclərlə
davranış şəklindən
və onları necə yetişdirməyimizdən
asılıdır. Gənclər bizim üçün ən böyük dəyər, güc və ümid mənbəyidir. Bizlər üçün
ən böyük zənginlik, neft, təbii qaz, silah, pul, gümüş,
qızıl deyil, inanclı, əxlaqlı, hörmətli, mədəni
və məsuliyyətli
bir gənclikdir.
1997-ci ildə 2 fevralın
Gənclər günü
təyin olunması, 9
aprel 2002-ci ildə gənclər siyasəti qanunu və 25 avqust 2005-ci ildə Azərbaycan gəncliyi Dövlət Proqramının
təsdiq edilməsi qarşıdakı illərin
Azərbaycan gəncliyi
üçün qızıl
illər olacağını
göstərir. Bunun üçün hər kəs əlindən gələni
etməli, səy göstərməlidir ki, xəyalımızdakı nəsil
yetişsin və dünya bir daha onların əlindən qurtuluş suyunu içsin.
Gənclik yenidən dirilişdir...
Mustafa Çəmənli
525-ci qəzet.- 2013.- 2 fevral.- S.9.