Ədəbi yuxular
15 il əvvəl dostum Rafiq Həşimovun evində
böyük yapon kinorejissoru Akira Kurasovanın yuxuları əsasında
çəkdiyi qısa filmlərə baxmışdım.
Rusca səsləndirilən hər bir film bu cümləylə
başlayırdı: “Ə videl takoy son...” (yuxu
atmosferini kinoda Bunuyel, Tarkovski, Fellini və Kurosava qədər
gözəl göstərməyi bacaran başqalarını
tanımıram)... Yuxular həyatımda
çox ciddi əhəmiyyətə malikdir, bəlkə
inanmayacaqsız, tez-tez olur ki, sonradan gün ərzində
gördüyüm işləri, görüşləri,
adamları sırasıyla, dəqiqliklə yuxuda əvvəlcədən
görürəm, özü də bir qayda olaraq bunlar
qabaqcadan planladığım işlər olmur. Yuxular
haqqında psixoanalitiklərin, mötəbər din alimlərinin
dediklərini, yazdıqlarını az-maz bilirəm deyə təfərrüata
varmayacam...
Ölümləri, olumları aylar, həftələr
qabaq təəssüf ki, görürəm. Mərhum anamın
ölümünü il yarım əvvəlcə
bir dəfə, 3 ay sonra daha aydın şəkildə daha bir
dəfə gördüm. Mərhum həmkarlarımız Fərhad
Metenin ölümünü də(qəribədi
axıradək anlamadığım yuxunu Fərhadın
özünə də danışmışdım), Pərviz
Yusifin ölümünü də. Fəridin,
Şəhriyarın İrandakı həbslərini də 3
gün əvvəl gördüm. Heç
vaxt belə arzum olmayıb və gizlətmirəm, indi bu məni
qorxudur. Olub ki, beş yaşındaykən
tez-tez gördüyüm, amma yarıda qırılan,
ayılandan sonra köməyə adam çağırmaq istəyəndə
dilimi-ağzımı bağlayan, dilim açılanda isə
unutduğum qorxulu yuxunu 27 il sonra təkrar görmüşəm.
Amma onda nə yuxu yarıda qırılıb, nə
mən qorxmuşam. Yuxu da yadımdan
çıxmayıb. ..Yuxularla münasibətim 2002-ci ildən
sonra – həmin il həyatım
büsbütün dəyişdi, mütəmadi xarakter
aldı. O vaxtdan bu yana indi hər gecə,
hətta gündüzləri mürgülədiyim vaxtlarda belə
15-20 yuxu görürəm: kitab oxuyanda gözlərim heç
bu qədər ağrımır, ürəyimdən
danışmıram. Bunları yəqin ona görə
yazıram ki, oxuculara danışmaq qərarını verdiyim
“ədəbi yuxularımın” “bəraətini” ifadə edə
bilim, şəxsi səciyyəli olmamasını deyim və
keçim həmin altı yuxuya.
Birinci yuxu: Brodski niyə əsəbi
idi?
2000-ci il idi. İndi mühacirət həyatı
yaşayan şair və bukinist dostum Nijad Verdizadənin vasitəsi
ilə tanıdığım Vaqif müəllim (o da bukinist
idi), mənə İosif Brodskinin “Osenniy krik yastreba” adlı
bozarmış yaşıl nazik üz qabığı olan
(üz qabığında Brodskinin profildən çəkilmiş,
həm xoşlanmadığım, həm də dünyaca məhşur
“Vogue” dərgisi üçün çəkilsə də
texniki cəhətdən keyfiyyətsiz şəkli də
vardı) kitabını hədiyyə elədi. 90-cı
illərin ortasına təsadüf edən Pribaltika nəşri
bu kitab, deyilənə görə şairin rusdilli arealda
çap olunan ilk kitabı idi; şeir seçimindən də
narazı qalmışdı Brodski. Nəsə.
Mənim Brodskinin şeirləri ilə ilk
tanışlığım o gün baş tutdu. Həmin gecə demək olar bütün şeirlərini
acgözlüklə oxudum. Bəzi şeirləri
bir neçə gün sonra tərcümə eləmək cəhdim
də uğursuz oldu. Onu başa
düşdüm ki, şeirlə bağlı intuitiv olaraq eləmək
qərarı verdiyim bir çox şeyləri Brodski sistemli
şəkildə eləyib. Demək,
başqa yol tutmaq lazımdı. Bu tanışlıqdan
sonra mən aşağı-yuxarı iki il
susdum. Və günlərin bir günü 14
gün dalbadal uzun bir şeir yazdım. Sonra
14 gün xəstə yatdım. Sonra daha 14
gün dayanmadan yazdım. Mistik enerjiylə
dolu 42 gün. Sonuncu misranı yazdım və
elə yazdığım yerdə də yuxu apardı məni.
Və belə bir yuxu gördüm:
Başbaşa, qapıları eyni dəhlizə
açıq iki otaq. Baş otaqda Brodski sağ çiyni ilə açıq
qapının tirinə söykənib. Əlləri
cibində və acıqlıdır. Dəhlizdə
mərhum anam çöməlib oturub. Qarşısında
bir tabaq qovrulmuş günəbaxan dənəsi. Mən onlara baxıram. İosif əsəbiliklə
anama tərəf gəlir, əyilir və tabağın, elə
gəldiyi tərəfindəncə saymazyana şəkildə
bir ovuc günəbaxan dənəsi götürür.
Amma hirsli və səliqəsiz şəkildə: ovucundan dənələr
tökülür döşəməyə. Sonra
da gəldiyi yerə doğru gedir. Mən
isə onun anama münasibətindəki
saymazyanalığından hirslənirəm, eyni tövr və
hirslə anam olan tərəfə yaxınlaşıram.
Onun əlindən tökülənləri yerdən
yığışdırıb tabağın elə o
götürdüyü tərəfinə atıram,
özü də bunu elə edirəm ki, o əsəbiləşdiyimi
görsün. Sonra da qabın mən gəldiyim tərəfindən
səliqəylə bir ovuc günəbaxan dənəsi
götürüb çəkilirəm öz otağıma...
Yuxu burda bitirdi. Ayıldım və
düşündüm ki, bu yuxuda hansısa bir işarə
var. Sabahı gün, günboyu yuxunu düşündüm,
axşamı ikiillik sükutdan sonra yazdığım uzun
poetik mətnin əlyazmalarına baxanda elə bil elektrik cərəyanı
vurdu məni. Gördüm ki, Brodskinin ağlımda
ilişib qalan bir misrası – “Odinoçesvto uçitğ suti
vehey, ibo sutğ ix toje odinoçestvo” (Təklik öyrədir
səni əşyaların sirrinə, çünki onların
sirri elə təklik deməkdir...)- bir az fərqlə
gəlib düşüb yazdığım mətnə. Avtomatik. Misranı həmin
dəqiqə çıxartdım. Dəyişdim.
Əlbəttə o yuxudan başqa nəticələrə
də gəldim ki, bu yalnız mənə aiddi. Ümid
edirəm, Brodski indi acıqlı deyil...
2 aprel,
2012-ci ildə yazıya alındı
İkinci yuxu: Xaqani ilə Nizami yenə
bir yerdəydilər...
Tanınmış şərqşünas, dostum Məsiağa
Məhəmmədi mənə Nizaminin “Xəmsə”sinin
60-70-ci illərdə nəşr edilən filoloji tərcümələrini
verib. Həftədə
azı bir dəfə nəsə oxuyuram o qiymətli
beşlikdən: ya poemalarından bir fəsil, ya da
altıncı kitab olan divanından bir neçə qəzəl-qəsidə.
Lap bu yaxınlarda “Oğluma nəsihət”i ev
tapşırığı idi deyə oğlum Mübarəklə
birlikdə təkrar oxudum. İkimiz də
yaxşı dərs aldıq. Sonra da bir tərəfə
çəkildim ki, o gözümün dolmasını görməsin...
Həmişəki kimi bir də yaxşı anladım ki, bu
şairi 8 əsrdən artıqdır bu yana
yaşadan, oxusaq da, oxumasaq da günümüzə gətirib
çıxaran nədir... Gəncəyə
getmişdik. Mübarəki də
aparmışdım. Şəhərə
girəndə və çıxanda eyni qəribə bir hissi
yaşadım. Xüsusən
çıxanda. Nizaminin şəhərin
kənarındakı məqbərəsi sanki nəhəng, nəhəngliyi
qədər tənha bir müdrikin siluetinə
oxşayırdı. Elə bil əllərini
qoynuna qoyub gündəlik qayğıları ilə yaşayan
gəncəlilərə, azərbaycanlılara, bizim
hamımıza, bəlkə də səyahət etməsə
belə yaxşı tanıdığı bütün
dünyanın insanlarına vacib bir şeyi
pıçıldayırdı. Bəlkə
pıçıldamırdı, məqbərələr qədər
böyük tortlar, poemalar qədər bəlağətli
tostlar və riyakar şüarlarla aldadılmış adamlara
heyrət və qüssə ilə baxırdı... Məqbərədə orta yaşlı bir
qadının böyük şairin qəbri yanında
danışığını da eşitdik. Dua edirdi. Pir deyə gəlmişdi ora
qadın...
lll
Sabahın dağılmaqda olan dumanını
görmüsüz. Uzaqbaşı 5-7 dəqiqə çəkir.
İndi təsəvvür edin ki, bu, sürətlə
baş verir. Bir dəqiqə ərzində.
Elə də oldu. Məndən
təxminən 15-20 metr aralıda dağılan dumanın
arasından taxta yellənən qoltuqda bir nəfər
oturmuşdu. Arxadan sağ tərəfində isə
başqa bir nəfər dayanmışdı ayaq üstə. Qədimi
libasları vardı: əba, dolama baş örtüyü,
ikisi də saqqallı (yuxuda görmə və hissetmə məsafədən
asılı olmaya da bilir). Qoltuqdakı xoşsima, ayaq üstə
duran adam isə acıqlı və əsəbi
idi. Nədənsə mənə elə gəldi oturan Nizami,
arxasındakı isə Xaqanidi (bir az məlum
“portret”lərə oxşayan xəyali obrazlar). Bir az irəlilədim. Yaxınlaşdıqca
qənaətim özünü doğruldurdu. Bu Şeyx Nizami idi. Nur haləsi vardı
üzünün çevrəsi boyu, işıq
çıxırdı üzündən, ağ
işıq. Xaqani əsəbi idi. Bəlkə də acıqlı və qəzəbli.
Ayılanda yuxunu xeyli fikirləşdim, ədəbiyyatşünas
qənaətləri və yozumlarından başqa bir şey gəlmədi
ağlıma.
Xaqaninin yuxudakı acıqlı obrazını sərt realizmi
ilə bağlaya- bağlaya işdəki pilləkənləri
qalxıb otağımı açanda, elə bil kimsə dedi
ki, dön, arxana bax. Baxdım və
çaşdım. İş otağımla üzbəüz
divarda ( divarın arxası
Yazıçılar Birliyinin Məmməd Arif adına
kitabxanasıdır, daha doğrusu kitabxananın
qalıqları) klassiklərin sonradan sayı artacaq və
sıra içində yerləri bir qədər dəyişəcək
portretləri asılmışdı, 18 portret. Dünən
onlar yox idi. Nizaminin və Xaqaninin portreti isə düz mənim
iş otağımın qapısı ilə üz-üzə
idi. Deyilənə görə sağ ikən
yalnız bir dəfə görüşən şairlər
yenə bir yerdəydilər. İlıq təbəssümlə
biruzə verdiyim bir sevinc hakim oldu içimə: qəlbləri
belə tapşırmaq mümkün olan bu iki böyük
şairə Yazıçılar Birliyinin ən üst
qatını, üstəgəl həmin qatdakı, əslində
çardaqdakı otağını etibar eləmək
çox gözəldi.
3 aprel,
2012-ci ildə yazıya alındı
(Ardı
var)
Səlim Babullaoğlu
525-ci qəzet.-
2013.- 2 fevral.- S.25.