Oralarda kimlər var: Qulam Məmmədli

 

SƏHİFƏNİN QONAĞI ŞAİR QORXMAZ ŞIXƏLİOĞLUNUN YAZISI

 

“SÖZÜNÜZ SƏRT OLSUN, TİKANLI OLSUN, ANCAQ HƏQİQƏT OLSUN!”

 

Bir bazar professor Adilxan Bayramov və  şair Qorxmaz Şıxəlioğlunun iştirak etdiyi səsküylü bir kafedə günorta yeməyi zamanı ( kinolarda gördüyünüz günorta yeməyi deyil bu – bir kilo kartofel,içində dörd- beş fındıq boyda ət bir  tavada qarışdırılıb bir-birinə və yanında da qadasın aldığım Göy-göl istehsalı 700 qramlıq araq) çox sevdiyim şair Qorxmaz Şıxəlioğlu söhbət əsnasında heç zaman unutmadığım gözəl ziyalı, teatr araşdırmaçısı və ustad qələm sahibi olan Qulam Məmmədlinin adını çəkir və onunla nə zamansa keçdiyi sorğudan misallar söyləyir.Həmən sözünü kəsib “ver o müsahibəni mənə, nə olar,qoy çap edim öz səhifəmdə”. Qorxmaz etiraz etmir.

beləliklə  tarixi sonda yazılı TARİXİ bir söyləşi.

1990-ci ilin payızı idi. “Molla Nəsrəddin” jurnalını dirçəltmək arzusu ilə yaşayırdıq. Bu istəyi doğuran da zaman idi. Qanlı Yanvarı yaşamışdıq, Qarabağ müharibəsi isə aydan-aya daha da alovlanırdı. Ondan 2 il əvvəl-1988-ci ilin sonlarında 200 minə yaxın soydaşımız Qərbi Azərbaycandakı dədə-baba torpağlarından-Ermənistandan deportasiya olunmuşdu. Bu amansız həqiqətlərlə üz-üzə qalmışdıq.

Demək olar ki, 20-ci əsrin əvvəlləri və sonundakı siyasi vəziyyət eyni idi. (M. Cəlilin Qalaşapov, erməni-müsəlman qırğınları, ümumiyyətlə, çar Rusiyasının bizə və ermənilərə olan fərqli münasibəti ilə bağlı felyetonlarını yada salın.) Mən bu tarixi gerçəklikləri qısaca xatırlatmaqla, “Molla Nəsrəddin” i yenidən çap etmək arzusunun birdən-birə, yəni havadan yaranmadığını söyləmək istəyirəm. Yoxsa  gərək qurd ürəyi yeyəsən ki, Mirzə Cəlildən sonra “Molla Nəsrəddin” sevdasına düşəsən.

Biz də Mirzə Cəlil kimi (ruhu bizi bağışlasın) “Molla Nəsrəddin” vasitəsilə söz demək, bu ağrılı məsələlərə toxunmaq arzusundaydıq. Yekə çıxmasın, bir sözlə, bu arzunu zaman diktə edirdi. Jurnalın ilk sayına müsahibə almaq üçün sağ qalan yeganə “Molla Nəsrəddin”çi, milli ədəbiyyatımız və jurnalistikamızla bağlı dəyərli əsərlərin müəllifi, ensiklopedik bilik sahibi Qulam Məmmədli ilə görüşməyi qərarlaşdırdım. Telefonunu tapdım. O telefon nömrəsi bu gün də köhnə dəftərçəmdə qalır. Yəqin ki, heç vaxt da pozulmayacaq.

...Həyat yoldaşı məni gülərüzlə qarşıladı. Qulam müəllim yataqda idi. Gəlişimə sevindi. Hal-əhval tutdu.(Mütləq deməliyəm ki, ikilikdə Qulam müəllim mənə həyat yoldaşından yerlə-göy qədər razı olduğunu bildirdi. Və onların evində olduğum iki saat müddətində bu qadının ərinə nə qədər nəvaziş göstərdiyinin şahidi oldum.)

Bu müsahibə də o soyuq qış gününün yadigarıdır.

 

lll

 

  Doxsan dörd yaşlı bu ixtiyar qoca böyük zəhmətlər bahasına yazdığı göy cildli “ Molla Nəsrəddin” kitabını əlləri əsə-əsə mizin üstündən götürür. Mənə elə gəlir ki, əllərinin  titrəyişi qocalıqdan deyil, Mirzə Cəlilə olan müqəddəs və sonsuz məhəbbətindəndir. Kitabı açır. Vərəqləyir. Söhbəti təzə “Molla Nəsrəddin” jurnalının üstünə gətirirəm.

 

Ağır-ağır danışır:

 

–Eşitmişəm, belə jurnal açılır. ( Bu haqda “ Ədəbiyyat və incəsənət” qəzetində yazı getmişdi. Yazıçı Hüseyn Abbaszadə jurnala xeyir- dua da vermişdi). Lap yaxşı. Bəs siz bu jurnalı siqlət, dil, məzmun... cəhətcə təmin edə biləcəksiniz? “ Molla Nəsrəddin” üçün  Mirzə Cəlil, Sabir, Ömər Faiq, Əbdürrəhim bəy, Əli Nəzmi lazımdır. Hələ Şmerlinqi, Rotteri demirəm. Bir möcüzəydi  ki, onlar rastlaşıb tapışmışdılar.

 

“ MOLLA NƏSRƏDDİN”İ DİRÇƏLTMƏK OLARMI VƏ BU NƏ DƏRƏCƏDƏ DÜZGÜNDÜR?

 

 –Mirzə Cəlilin sözüdür: “Molla Nəsrəddin”i zəmanə özü yaratdı. Görünür, bu jurnalın yenidən nəşri zamanın  tələblərindən doğur. Gərək sözünüz  sərt olsun, tikanlı olsun, ancaq həqiqət olsun.Yaxşı, bir söz də mən soruşum: jurnal hansı əlifbada çap olunacaq?

–Hələlik kirillə, yəqin ki, sonra latın əlifbası ilə.

–Bu, çox yaxşı.

Söhbətimiz başqa səmtə yönəldi:

–Qulam müəllim, yəqin ki əlifba islahatı ilə bağlı respublikamızda gedən işlərdən xəbəriniz var.

–Xəbərim var. Latının tərəfdarıyam. Ərəb əlifbasının bütün əlifbalardan üç- dörd üstünlüyü var:  tez yazılır, tez oxunur, az yer tutur. Sözlərdəki yazılış və oxunuş arasında böyük fərqin islahı isə mümkün deyil.

–Latın necə?

–Latının üstünlüyü ondadır ki, dünya xalqlarının çoxu bu əlifbada yazır. Bütün türk xalqları bu əlifbaya keçməlidir. Lakin hər bir müsəlman ərəb əlifbasını bilməlidir.

Sözü mətləbə çəkdim:

–Qulam müəllim,mənə belə gəlir ki, “Molla Nəsrəddin”i çap eləməyimizə şübhə ilə baxırsınız.

–Sizi  həvəsdən salmıram, amma çətinliklərə hazır olun.1907 –ci ilin iyununda , “Molla Nəsrəddin”də C.Məmmədquluzadənin imzasıyla  “Erməni və müsəlman övrətləri” adlı bir felyeton çıxdı . Ruhanilər bu yazının əleyhinə, ziyalılar lehinə mətbuat səhifələrində çıxış etdilər.Bu arada “Molla Nəsrəddin”i bağladılar. Ziyalılar bunun təqsirini  mollaların, axundların yazılarında, moizələrində, donoslarında görürdülər.Bir aydan sonra jurnal nəşrə başladı. Sonra tapdığımız sənədlərdən məlum oldu ki, jurnalın bağlanmasında mollaların heç bir iştirakı olmayıb. Türkiyədən Sultan Əbdülhəmid Rusiya imperatoru 2-ci Nikolaya   yazmışdı ki, sənin ölkəndə “Molla Nəsrəddin” adlı bir jurnal çıxır. O, öz yazıları və karikaturaları  ilə məni rüsvay edir. Xahiş edirəm, onu bağlatdırasan. İmperator 2-ci Nikolay bu xahişə görə tapşırıb jurnalı bağlatdırır.

Rusiya zakonlarını incəliklərinə qədər bilən  Mirzə Cəlil Tiflis xalq məhkəməsinə –indikiyə görə rayon məhkəməsinə ərizə verib sübut elədi ki, Rusiya zakonunun filan bəndinə görə bu işdə mənim jurnalımın təqsiri yoxdur. Rayon məhkəməsi ərizə əsasında jurnalın çapına icazə verən qərar çıxartdı.. Jurnal təzədən nəşrə başladı.

İkinci dəfə jurnal 1917 –ci il oktyabr inqilabından bir ay sonra bağlandı. C. Məmmədquluzadə demişdi ki, “biz belə deməmişdik,”- yəni Türkiyədən və İrandan qayıdan rus soldatları yol uzunu İran, Türkiyə və Azərbaycanın  kənd və şəhərlərini talayırdılar. Bu barədə Mirzə Cəlilin sağ əli Əliqulu Nəcəfovun (Qəmküsar) “Molla Nəsrəddin”də çap olunmuş bir şeiri var. “Dinmə, danışma ona, saldatdı o” –təxminən belə başlayır şeir. Bu şeirə görə bağladılar  jurnalı. Jurnal üçüncü dəfə 1921- ci ildə Təbrizdə bağlandı. 1920 –ci ildə, aprel inqilabından sonra Həmidə xanım Mirzə Cəlili məcbur etdi ki, mal- dövlətlərini götürüb İrana köçsünlər. Mirzə Cəlil Təbrizdə “Molla Nəsrəddin”i   azərbaycanca nəşr etmək istədi. Lakin İran hökuməti buna razılıq vermədi –“ Gərək jurnal farsca çıxsın” – dedilər. Mirzə Cəlil bunun cavabında dedi: “Təbrizdə ermənilər ermənicə qəzet çıxarırlar. Siz isə Azərbaycan dilində jurnal nəşr etməyə icazə vermirsiniz. Elə isə icazə verin, “Molla Nəsrəddin”i erməni dilində nəşr edim”. Nəhayət, azərbaycancaya icazə verildi, lakin çapdan çıxan səkkiz nömrə bizim tanıdığımız “Molla Nəsrəddin” deyildi. Burda Haqverdiyev, Ömər Faiq, Şmerlinq, Əli Nəzmi yox idi. Bu arada Əliheydər  Qarayev  Təbrizə teleqram vurub Mirzə Cəlili Bakıya dəvət elədi. Ona mühüm vəzifə tapşıracağını  vəd etdi. Mirzə Cəlil Bakıya qayıtdı.

Mirzə Cəlil və Mərkəzi Komitə arasında mübahisə başladı. “Jurnal necə çıxacaq və nədən yazacaq?” M. Cəlil deyirdi: “Sizdə mətbuat partiya orqanıdır, şəxsi adamlara qəzet çapına icazə verilmir. Mənsə “Molla Nəsrəddin”i  özüm yaratmışam, özüm satmışam, özüm də nə istəmişəm, onu yazmışam. Buna icazə verəcəksinizmi?” Nəhayət, 1922-ci ilin dekabrında birinci nömrə (Təbrizdən sonra) çıxdı.Unutmuşam, ya həmin, ya da  ki, sonrakı nömrədə Azərbaycan sağmal inək şəklində təsvir edilmişdi. Əli vedrəli, bankəli, qab-qacaqlı kim varsa, inəyə hücum edib  onu sağmaq istəyirdi. Bunlar İngiltərə, Fransa, İtaliya, ABŞ, Rusiya idi. Karikatura böyük hay- küyə səbəb oldu. Mirzə Cəlil bunlara cavabında deyirdi.: “Azərbaycan neftini kəndlərimiz gedib qonşu  respublikalardan birə onqat baha alıb yandırırlar ki, qaranlıqda qalmasınlar”. Hər yerdə dillərdə oxuyurdular:

 

“Bizi də bu dərd yandırır,

Özgələri bizdən ucuz yandırır.”

 

Çox danışıq getdi. M.Cəlil təslim olmadı. M.S.Ordubadini jurnalın üstündə hərbi komissar təyin etdilər.Ondan icazəsiz heç bir yazı gedə bilməzdi.

Ordubadi hələ keçmişdən jurnalın əleyhinə  yazanlardan biri idi. M. Cəlil Ordubadiyə yazdığı məktubunda deyir: “Səid, bildiyini elədin, gələn nömrədən mənim adım redaktor kimi o jurnalda yazılsa, mən bilirəm hara şikayət edəcəyəm”.Beləliklə,1925-ci ildən –hansı aydır, dəqiq bilmirəm-jurnalın redaktorunun adı əvəzinə “heyəti- təhririyyə” gedirdi. Hə... 1921-ci ildən sonra “Molla Nəsrəddin” tamam simasını itirdi. Mirzə Cəlil ağır mənəvi və sözün əsl mənasında, maddi çətinliklər  içində qaldı. Nəhayət, 1930 –cu ildə xəstələndi. 31-in sonunda ağır vəziyyətə düşdü. 1932-ci ilin  yanvarın 4-də dünyanı tərk elədi.

–Bəs Mirzə Cəlil həyatda necə idi?

–Çox az danışan, sakit. Yubileyi idi. Daha doğrusu, bilirdilər ki, bu gün-sabah öləcək, yubileyi də ona görə keçirirdilər. Abdulla Şaiq məruzə elədi. Mirzə Cəlilə söz verdilər. Gəldi tribunaya, iki-üç kəlmə ilə: bəs jurnal çıxıb oxumusuz. Vəssalam, daha  heç nə demədi, keçib oturdu. Mirzə Cəlil, Seyid Hüseyn, Cəfər Cabbarlı, Əhməd Cavad, Hüseyn Cavid  tənqidə cavab vermirdilər.

    Mənim son sualım bu oldu:

–Qulam müəllim, “Molla Nəsrəddin”ə nə vaxt gəlmisiz?

–1923 cü ildən 1928-ci ilə kimi “Molla Nəsrəddin”də işləmişəm.

Onunla sağollaşıram.

–Qulam müəllim, söhbətə görə sağ olun!

–Mən məəttəl qalmışam, necə yazacaqsınız?

Not : Qocaman jurnalist, ədəbiyyat və mətbuat tariximizin öyrənilməsində misilsiz xidmətlər göstərmiş  Qulam Məmmədli ilə  apardığım bu müsahibə 1991- ci il fevralın 27-də qələmə alınıb. Yazı həmin ilin mart ayında çapdan çıxacaq” Molla Nəsrəddin” üçün nəzərdə tutulmuşdu. Ancaq jurnalın çapı gecikdi. Müsahibə də o qalan oldu.Bir il sonra ona baş çəkdim.

–Gözüm əbədi görmür,qulağım da, demək olar ki, eşitmir, yataqdan dura bilmirəm,yalnız sağ böyrü üstə yatıram, – dedi Qulam müəllim.

O, aram-aram danışdıqca, mən dediklərindən bəzilərini dəftərçəmə qeyd edirdim.

– Məəttəl qalası işdir, Mirzə Cəlil o şəraitdə hər həftə jurnal buraxırdı. Özü də necə jurnal! İnqilabdan sonrakı “Molla Nəsrəddin” heç, əvvəlkinin isə hər  nömrəsi bir hadisə idi.

Qulam müəllim yenə yaddaşını çözələməyə başlayır.

“ Molla Nəsrəddin”lə bağlı olmasa da, bir hadisə yadıma düşdü, qoy deyim. “ Kirpi” jurnalına baş redaktor seçirdilər. Mircəfər Bağırov bütün nazirləri də çağırmışdı ora. M. Bağırov mənim namizədliyimin üstündə dayandı. Mən diplomatikcəsinə imtina etdim. Nəhayət, Əvəz Sadığı baş redaktor qoydular. M. Bağırov üzünü nazirlərə tutaraq dedi: “ Bircənizin adını “Kirpi”də görsəm özünüzdən küsün!”

 

Sonra Qulam müəllim danışdıqlarına şərh verdi:

– Görün, mətbuata münasibət hansı səviyyədə idi.

 

Qulam müəllim bütün bunları yataqda uzanmış halda danışırdı. Görürdüm ki, danışmağa sözü çox olsa da taqəti yoxdur. Əlimi onun cansız və saralmış sağ əlinin üstünə qoyuram, minnətdarlığımı bildirirəm.

–Xahiş edirəm səndən, – Qulam müəllim dillənir,- Həsən Həsənova (dövlət xadimi) rast gəlsən, cəsarətini yığ, yaxınlaş ona, əvvəl salamımı yetir. Sonra da de ki, Qulam Məmmədli sizdən dünyalar qədər razıdır. O mənə çox yaxşılıqlar eləyib. C. Məmmədquluzadə, H. Cavid, Ü. Hacıbəyov   N.Nərimanova aid kitablarımı çap etdirən H. Həsənov olub. O olmasaydı, bəlkə də bu kitablar hələ də işıq üzü görməzdi.

–Özünüzü araqdan gözləyin. Çox sənətkarlarımızı araq zəhrimar məhv etdi, hayıf  oldular(Qulam müəllim onların adlarını sadaladı,ancaq mən etika xatirinə onların adını yazmadım)

–Səlimov soyadlı bir jurnalist var. Mənim 900-ə yaxın məqaləmin  üzünü çıxarıb.Görsən, denən, qoy gəlsin yanıma...

 

 

Tofiq ABDİN

 

525-ci qəzet.- 2013.- 2 fevral.- S.23.