Təhsildə “Addım-addım”
texnologiyası ilə irəliyə doğru
ABŞ-ın
Açıq Cəmiyyət İnstitutu dünyanın əksər
ölkələrində proqram və layihələr həyata
keçirir. Bu qeyri-hökumət təşkilatı Amerika
maliyyəçisi və investoru Corc Soros tərəfindən
1979-cu ildə yaradılıb. Bu təşkilat hər ildə
qeyri-kommersiya layihələrinə 300 milyon ABŞ dolları məbləğində
vəsait sərf edir. Açıq Cəmiyyət İnstitutu
tərəfindən 1993-2003-cü illərdə Azərbaycanda
təhsil sahəsində bir sıra layihələr həyata
keçirilib.
Təhsil
naziri Misir Mərdanovun dediyinə görə, Açıq Cəmiyyət
İnstitutu tərəfindən təqdim edilmiş yeni pedaqoji
texnologiya olan “Addım-addım” Layihəsi 1998-ci ildən məktəbəqədər
təhsil sahəsində başlanıb. 1999-2000-ci tədris
ilindən başlayaraq birinci siniflərdə tətbiq edilib.
Layihənin ilk üç ili ərzində nəzərdə
tutulan uşaq bağçaları və məktəblərdə
seçilmiş otaqlarda təmir işləri aparılıb,
otaqlar xüsusi mebel dəstləri, yazı və tədris ləvazimatları
ilə təchiz olunub, valideynlər üçün xüsusi
otaqlar yaradılıb. Texnologiyanın məqsədi
uşağı daim yeni biliklərə yiyələnməyə,
müstəqil şəkildə öz biliyini artırmağa
yönəltmək, onlarda tənqidi təfəkkürün,
seçmə bacarığının, problemi qoymaq və həll
etmək qabiliyyətinin formalaşdırılması,
yaradıcılığa, fantaziya və
ixtiraçılığa təşəbbüsün,
insanlara, cəmiyyətə, təbiətə, ətraf
mühitə qayğı və hörmət hisslərinin
aşılanmasıdır. Texnologiyanın fəlsəfi əsasını
uşağın özünə, tərbiyəçiyə,
valideynlərinə, onu əhatə edən insanlara inam təşkil
edir, düşünülmüş şəkildə
yaradılan mühit özü onda tədqiqatçılığa,
təşəbbüskarlığa və
yaradıcılığa maraq oyadır. Pedaqogika və
psixologiyada, fəlsəfi elmdə son 20 ildə əldə
olunmuş mütərəqqi ideyaları nəzəri əsas
kimi götürən, hər bir uşağı
yaradıcı şəxsiyyət kimi qəbul edən, ilk
növbədə onun idrak qabiliyyətlərinin, məntiqi təfəkkürünün
inkişafını nəzərdə tutan, akademik, bədii,
etik, estetik və praktik biliklərin aşılanmasına
yönəldilən “Addım-addım” texnologiyası ənənəvi
tədris və tərbiyə metodikalarına nisbətən
bir sıra üstünlüklərə malikdir. Belə ki, ailə,
məktəbəqədər müəssisə və cəmiyyətin
birgə iştirakı nəzərə alınmaqla tərbiyəyə
kompleks yanaşma tətbiq olunur, valideynlər tərəfindən
uşaqların tərbiyəsinə maraq artır, onların
pedaqoji prosesdə fəal iştirakı təmin olunur. Uşaqların yaradılmış
təlim mərkəzlərindən meyl və marağa
uyğun səmərəli istifadə etməsi, onlara fikir və
mülahizələrini sərbəst söyləmək
imkanının verilməsi texnologiyanın üstün cəhətlərindəndir.
Təlim mərkəzlərində iş uşaqların
qarşılıqlı əlaqə və ünsiyyətinə,
müstəqil əqli nəticə çıxarma və qərar
qəbul etmə qabiliyyətlərinin inkişafına yönəldilmişdir.
Mərkəzlərdə təlim mühitinin təşkili və
tərtibat mühüm əhəmiyyət daşıyır.
Buradakı bütün materiallar: didaktik vasitələr,
avadanlıqlar, plakatlar, portretlər, incəsənət əsərləri,
yazılar, uşaqların rəsmləri, əl işləri
bilavasitə uşağın inkişafına zəmin
yaradır. Mərkəzlərdə təlimin fərdiləşməsi
tərbiyəçidən hər bir uşağın fərdi
psixoloji, fizioloji, yaş xüsusiyyətlərini, meyl və
maraqlarını bilməsini, bunlara uyğun müvafiq
tapşırıqlar müəyyənləşdirilməsini
tələb edir. Fəaliyyət mərkəzləri hər
bir uşağın müvəffəqiyyət qazanmasına
imkan yaradır. “Öyrənməyi öyrətmək” metodu
üzrə işin təşkili məşğələlərin
maraqlı keçməsinə, təlimi hər bir
uşağın meyl, maraq, qabiliyyət və istedadına,
inkişaf səviyyəsinə uyğun qurmağa zəmin
yaradır, uşağa sərbəst seçmə imkanı
verir: “Texnologiyada uşağın normal inkişaf sxeminin verilməsi,
burada hər bir yaş dövrünə müvafiq olan hərəkət,
komunikativ, koqnitiv, özünəxidmət vərdişlərinin,
həmçinin fiziki, sosial, nitq, idrak, motorika sahəsində
inkişaf göstəricilərinin öz əksini tapması
müəllim və tərbiyəçilər
üçün çox faydalıdır və təlimin
inkişafetdirici aspektinin gücləndirilməsində
mühüm rol oynayır. Bilavasitə təlim prosesində
uşaqda güclü və müstəqil xarakter tərbiyəsinin
forma, metod və üsullarının göstərilməsi təlim-tərbiyə
prosesinin səmərəli təşkilinə şərait
yaradır. “Addım-addım” texnologiyasından istifadə
uşağın təlim və tərbiyəsində
faydalı olduğu kimi, tərbiyəçilərə və
müəllimlərə də bilik və
bacarıqlarını təkmilləşdirmək, fəaliyyətlərini
əməkdaşlıq pedaqogikası prinsipi üzrə qurmaq
imkanı verir, onlarda daim öz üzərində işləmək,
elmi-metodik hazırlığını yüksəltmək zərurəti
yaradır. Texnologiyanın tətbiqi uşaq
bağçası, məktəb – ailə əlaqəsinin
mütəşəkkil təşkilinə, valideynlərin
pedaqoji prosesdə iştirakına daha əlverişli şərait
yaradır, “tərbiyəçi-valideyn”, “müəllim-valideyn”,
“valideyn-valideyn”, “uşaq-şagird-valideyn” münasibətlərinin
səmərəli qurulmasına kömək edir, birgə fəaliyyət
formalarını müəyyənləşdirir. Mövcud məktəbəqədər
tərbiyə prosesində məşğələlər
ümumi şəkildə keçirildiyi, yəni bütün
uşaqlar eyni zamanda bir fəaliyyətlə məşğul
olduqları halda, “Addım-addım” texnologiyası hər bir
uşağın öz arzusuna, meyl, maraq və qabiliyyətinə,
sosial və emosional inkişaf səviyyəsinə uyğun
olaraq kiçik qruplarda müxtəlif təlim mərkəzlərində
məşğul olmasını təmin edir.
“Addım-addım” texnologiyası, həmçinin müasir
dövrdə mütərəqqi ideyalar kimi irəli
sürülmüş təhsilin demokratikləşdirilməsi,
humanistləşdirilməsi,
diferensiallaşdırılması, fərdiləşdirilməsi
prinsipləri, uşaq hüquqlarının qorunması
ideyaları ilə uzlaşır və təlim-tərbiyə
prosesində müasir, o cümlədən interaktiv təlim
metodlarının tətbiqini nəzərdə tutur. Layihə
ilkin mərhələdə Bakı şəhərinin 11, 105,
175, 257, Gəncə şəhər 15, Mingəçevir
şəhər 10, 16 və Ağdaş şəhər 9
nömrəli uşaq bağçalarının 18 qrupunda
eksperiment qaydasında tətbiq olunmuşdur. 1999-cu ildə
Bakı şəhəri 111, 162, Sumqayıt şəhəri
30, Qusar şəhər 3 nömrəli, Təhsil Nazirliyinin
lal-kar uşaqlar üçün ixtisaslaşmış
uşaq bağçası, Şəki şəhər 9, Lənkəran
rayonu Gərmətük kənd uşaq bağçası
Layihəyə qoşulmuşdur.2000-ci ildə daha 9 məktəbəqədər
təhsil müəssisəsi (Bakı şəhəri 130, “Qərənfil”,
Sumqayıt şəhər 11, Şamaxı şəhər 1,
2, Quba şəhər 13, Qax rayonu 19 nömrəli, İngiloy
qəsəbə, Balakən rayonu İtitala qəsəbə
uşaq bağçaları) yeni texnologiya ilə işləməyə
başlamışlar. 2001-si ildə Layihəyə Cəlilabad
şəhər 2, Masallı şəhər 2, Xaçmaz
şəhər 4, Sumqayıt şəhər 20, Balakən
şəhər 2, Naxçıvan şəhər 6, 7, 10,
Astara şəhər 1, Lənkəran şəhər 15,
Xızı şəhər mərkəzi uşaq
bağçası qoşulmuş, əvvəlki illərdə
seçilmiş Bakı şəhəri 175, 257, Mingəçevir
şəhər 10, 16, Qusar şəhər 3 nömrəli, Lənkəran
rayonu Gərmətük qəsəbə uşaq
bağçalarında isə daha 2 qrupda yeni texnologiyanın tətbiqinə
başlanmışdır. Beləliklə, “Addım-addım”
texnologiyası ümumilikdə ölkənin 17 bölgəsində
37 uşaq bağçasının 115 qrupunda tətbiq
edilib.1998-2001-ci illərdə uşaq
bağçalarının tərbiyəçiləri və
müdirləri üçün, eləcə də rayon təhsil
şöbələrinin məsləhətçiləri,
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun və Təhsil Nazirliyinin nümayəndələri
üçün beynəlxalq məsləhətçilər
cəlb edilməklə 16 treninq keçirilmiş, 500-dən
artıq tərbiyəçi və məktəbəqədər
təhsil üzrə digər mütəxəssislər bu
treninqlərdə iştirak edib”.
M.Mərdanov vurğulayıb ki, yeni texnologiyanın daha səmərəli
tətbiqi məqsədilə Layihə çərçivəsində
təcrübə mübadiləsinə geniş yer
ayrılıb. Belə ki, Bakı şəhər 257, 105,
Sumqayıt şəhər 40, Ağdaş şəhər 9,
Mingəçevir şəhər 16, 10 nömrəli uşaq
bağçalarının müdir və tərbiyəçiləri
Tbilisi şəhərində (1999-cu il), Gəncə şəhər
15 nömrəli uşaq bağçasının nümayəndələri
iştirak ediblər. Budapeştdə (1999-cu il) təlim
seminarlarında iştirak ediblər.Bakı şəhər
257, Mingəçevir şəhər 16 nömrəli uşaq
bağçasının tərbiyəçiləri, eləcə
də həmin müəssisələrin nəzdindəki
treninq mərkəzlərinin trenerləri Ukraynada təcrübə
mübadiləsində iştirak etmişlər (oktyabr 2001-ci
il). Təhsil Nazirliyinin nümayəndə heyəti Beynəlxalq
“Addım-addım” Assosiasiyasının Baş
Assambleyasının işində iştirak etmək və
Latviyada Layihə üzrə təcrübə ilə
tanışlıq məqsədilə Riqaya ezam olunmuşdur
(dekabr, 2001-ci il). Layihə çərçivəsində həyata
keçirilən əhəmiyyətli tədbirlərdən
biri də uşaq bağçalarının tərbiyəçiləri
üçün aşağıdakı metodik və köməkçi
ədəbiyyatın Azərbaycan dilinə tərcümə
edilməsi və nəşri olmuşdur: Uşaqlara istiqamətləndirilmiş
təlimin təşkili, uşaq fəallığına
istiqamətləndirilmiş riyazi və ümumelmi
yaradıcı materiallar, təhsil və demokratiya mədəniyyəti:
erkən yaş dövründə uşaqların
inkişafı təcrübəsi. Ailələr və erkən
yaş dövründə uşaqların təhsili, oyun təlim
üsulu kimi, körpələrə istiqamətləndirilmiş
təlimin təşkili. Varislik
gözlənilməklə 1999-2000-ci tədris ilində Təhsil
Nazirliyinin razılığına əsasən
“Addım-addım” texnologiyası ümumtəhsil məktəblərinin
I siniflərində tətbiq edilməyə
başlanmışdır. Bunun üçün Bakı şəhəri
10, 74, 153, 269 və Sumqayıt şəhəri 11 nömrəli
məktəb pilot məktəblər kimi müəyyənləşdirilmişdir:
“2000-2001-si tədris ilində Layihə Bakı şəhər
246, 272, 83, Gəncə şəhər 22, Mingəçevir
şəhər 15, 6, Şamaxı şəhər 2,
Ağdaş şəhər 2, Şəki şəhər 12,
Qusar şəhər 6 nömrəli, Lənkəran rayonu Gərmətük
qəsəbə məktəblərində tətbiq edilməklə
onun əhatə dairəsi daha da genişləndirilmişdir.
Eyni zamanda 1999-2000-ci dərs ilində layihənin tətbiq
edildiyi məktəblərin hər birində əlavə iki
sinif də yeni texnologiya ilə işləməyə
başlamışdır. 2001-2002-ci tədris ilində Layihəyə
Naxçıvan şəhər 7 və 8, Astara şəhər
5, Balakən şəhər 1, Lənkəran şəhər
4 nömrəli, Gərmətük qəsəbə məktəbi,
Masallı şəhər 3, Cəlilabad şəhər 8,
Zaqatala şəhər 3, Xaçmaz şəhər 7, Quba
şəhər 1 nömrəli, Qırmızı qəsəbə
məktəbi, Qax şəhər 5 nömrəli, Qaxingiloy qəsəbə
məktəbi, Şəki şəhər Fizika – riyaziyyat və
humanitar təmayüllü lisey, Şamaxı şəhər
2 və 5, Xızı mərkəzi şəhər məktəbi,
Bakı şəhər 245, 189, 199, 175, 190, 191, 214 nömrəli
məktəblər, 2 nömrəli internat məktəbi cəlb
olunmuş, eləcə də “Addım-addım”
texnologiyası əvvəlki illərdə layihəyə
qoşulmuş məktəblərin hər birində daha 2 sinfi
də əhatə etmişdir. Beləliklə layihə ölkənin
17 regionunda 47 ümumtəhsil məktəbinin 79 ibtidai sinifində
tətbiq olunmuşdur. Seçilmiş məktəblərin
direktor və müəllimləri üçün layihə
çərçivəsində 12 treninq keçirilmişdir.
ABŞ-dan olan ekspertlərin iştirakı ilə 1999-cu ilin
avqustunda Şəkidə, 2000-ci ilin avqustunda Şamaxıda,
Ukraynadan olan ekspertlərin iştirakı ilə 2000-ci ilin
fevralında Bakıda, 2001-ci ilin avqustunda Şamaxıda belə
treninqlər təşkil edilmişdir. 1998-2003-cü illərdə
600-dən artıq ibtidai sinif müəllimi, məktəb
direktoru, məsləhətçi və metodist yeni təlim
üsulları üzrə müxtəlif treninqlərdə
iştirak etmişlər. Təcrübə mübadiləsi məqsədilə
layihənin tətbiq edildiyi məktəblərin müəllimləri
bir sıra xarici ölkələrdə olmuşlar. Belə ki,
Bakı şəhər 153 nömrəli məktəbin müəllimləri
Tbilisi şəhərində (noyabr 1999-cu il), Bakı şəhər
269 nömrəli məktəbin müəllimləri
Budapeşt şəhərində (1999-cu il), Sumqayıt şəhər
11 nömrəli məktəbin və BPKİYH İnstitutunun
nümayəndələri Vaşinqtonda (aprel – may 2000-ci il),
Bakı şəhər 153, Lənkəran şəhər 4,
Sumqayıt şəhər 11 nömrəli məktəblərin
nümayəndələri Kiyevdə (oktyabr 2001-si il) təcrübə
ilə tanış olmuşlar.
Layihə çərçivəsində ibtidai sinif
müəllimləri üçün ‘’Uşaqlara istiqamətləndirilmiş
sinif otaqlarının yaradılması’’, “Riyaziyyat, savad və
yazı üzrə müxtəlif çətinlik səviyyəsi
olan testlər” adlı metodik vəsaitlər Azərbaycan dilinə
tərcümə olunmuş və nəşr
edilmişdir. “Addım-addım”
texnologiyasının tətbiqi layihəsinin ən
mühüm istiqamətlərindən biri də ölkə
üzrə treninq mərkəzləri şəbəkəsinin
yaradılması olmuşdur. Layihə çərçivəsində
tərbiyəçilərin və müəlimlərin
davamlı təkmilləşdirilməsi məqsədilə
ölkənin 9 regionunda (Mingəçevir şəhəri 16
nömrəli uşaq bağçası, Şamaxı şəhər
5 nömrəli orta məktəb, Şəki şəhər
12 nömrəli orta məktəb, Naxçıvan şəhər
10 nömrəli uşaq bağçası, Quba şəhər
13 nömrəli uşaq bağçası, Lənkəran
şəhər 4 nömrəli orta məktəb, Sumqayıt
şəhər 11 nömrəli orta məktəb, Gəncə
şəhər 22 nömrəli orta məktəb, Qax şəhər
5 nömrəli orta məktəb, Bakı şəhər 153 nömrəli
orta məktəb) məktəbəqədər və ümumi
təhsil müəssisələrində treninq mərkəzləri
yaradılmış və fəaliyyəti təşkil
edilmişdir. Treninq mərkəzlərinin
yaradılması zamanı bir sıra amillər nəzərə
alınmışdır: layihənin ölkədə daha
geniş yayılması üçün ən yaxşı
uşaq bağçaları və məktəblərdə
yerləşdirilməsi, pedaqoji profili ali və orta ixtisas təhsili
müəssisələrinə, müəllimləri təkmilləşdirmə
institutlarına yaxın olması, treninq mərkəzlərində
layihə üzrə çalışan ən təcrübəli
tərbiyəçi və müəllimlər cəlb edilməklə
trenerlərin/təlimatçıların/metodistlərin
hazırlanması və komandaların
formalaşdırılması, layihəni tətbiq etmək istəyən
tərbiyəçi və müəllimlər
üçün mərkəzlərdə treninqlərin
keçirilməsi imkanları, gələcəkdə yeni
texnologiyanı tətbiq etmək istəyən tərbiyəçi
və müəllimlər üçün layihəni
müşahidə etmək, metodologiyalar əldə etmək,
treninqlərdə iştirak etmək imkanı
yaradılması, treninq mərkəzlərinin təmiri, ofis və
treninq avadanlığı ilə, eləcə də iki il
müddətinə treninq mərkəzinin koordinatorunun əmək
haqqı ilə təmin edilməsi.
Treninq mərkəzlərinin fəaliyyətinin
daha səmərəli təşkil edilməsi məqsədilə
ən qabaqcıl və yaradıcı tərbiyəçi,
müəllim, metodist və direktorlar sırasından
seçilmiş trenerlər üçün beynəlxalq məsləhətçilər
cəlb edilməklə 2000-2002-ci illərdə 3 xüsusi
treninq keçirilmişdir.
“Addım-addım” texnologiyasının məktəbəqədər və ümumi təhsil müəssisələrində tətbiqi ilə yanaşı, bu texnologiyanın müəllim hazırlığı kurikulumlarına daxil edilməsi və ali məktəb müəllimlərinin bu sahədə bacarıqlarının artırılması sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və bir sıra orta ixtisas məktəblərinin müəllimləri üçün ABŞ mütəxəssislərinin iştirakı ilə 1999-2002-ci illərdə müvafiq treninqlər keçirilmişdir. Layihənin inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri də resurs mərkəzləri şəbəkəsinin yaradılması olmuşdur. Ölkənin 5 regionunda resurs mərkəzləri yaradılmış və 2002-ci ildən fəaliyyətə başlamışdır (Azərbaycan Müəllimlər İnstitutu, Lənkəran Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Şəki Pedaqoji Texnikumu, Azərbaycan Dövlət Pedaqoji Kolleci). Bu resurs mərkəzləri Layihəyə cəlb olunmuş uşaq bağçaları və ümumtəhsil məktəbələrinin təcrübəsini öyrənmək və təcrübə mübadiləsi aparmaq funksiyasını yerinə yetirmişdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Müəllimlər İnstitutu, BPKİYH İnstitutunun əməkdaşları, resurs mərkəzlərinin koordinatorları 2000-2001-ci illərdə təcrübə mübadiləsi məqsədilə Bişkek, Kiyev və Riqa şəhərlərində təlim seminarlarında iştirak etmişlər. Ali və orta ixtisas təhsili müəssisələri üçün ‘’Fərdiləşdirilmiş təhsil’’, ‘’Oyun vasitəsilə təlim’’, ‘’Ailə ilə məktəbin əməkdaşlığı’’, ‘’Müşahidələr vasitəsilə uşaqların öyrənilməsi’’, “Uşağa istiqamətləndirilmiş təlim’’, ‘’Kiçik yaşlı uşaqların təhsili sahəsində tətbiqi tədqiqatlar’’ adlı vəsaitlər Azərbaycan dilinə tərcümə olunmuş və nəşr edilmişdir”.
M.Mərdanov bildirib ki, “Addım-addım” texnologiyasının tətbiqi Layihəsinin 1998-2003-ci illərdə həyata keçirilməsinə Açıq Cəmiyyət İnstitutu tərəfindən ümumilikdə 2,3 milyon ABŞ dolları məbləğində vəsait sərf edilmişdir. Akademik təqaüdçülər Proqramı (ATP). Proqram 2004-cü ildə Açıq Cəmiyyət İnstitutunun “Ali təhsilə dəstək proqramı” çərçivəsində Şərqi Avropa, keçmiş sovetlər birliyi ölkələrində həyata keçirilməyə başlanmışdır. Proqramın məqsədi ölkələrdə ali təhsil sahəsində islahatlar prosesinə dəstək, akademik şəbəkənin yerli, regional və qlobal şəkildə qurulmasına yardım göstərməkdir. Proqram: seçilmiş universitetlərin kafedralarında islahatların həyata keçirilməsinə yardım göstərir, xaricdə təhsillərini başa vurub vətənlərinə geri dönmüş gənc və ümidverici müəllimləri ali təhsil müəssisələrinə cəlb edir və onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin edir, Qərb ölkələrinin aparıcı universitetlərindən professorları ali təhsildə gedən islahatlara yardımçı olmağa cəlb edir, hər il professorları bir neçə dəfə ali məktəblərə 5-7 günlük işgüzar səfərə dəvət edir. Proqram artıq 5-ci ildir ki, Bakı Dövlət Universitetində həyata keçirilir. Əməkdaşlığın nəticəsi kimi artıq üçüncü ildir ki, Bakı Dövlət Universitetində Sosial iş üzrə magistr və ikinci ildir ki, Sosial İş üzrə bakalavr proqramları üzrə kadr hazırlanır. Sosial İş üzrə hər iki proqramın işlənilməsində ABŞ və Avropa ölkələrinin aparıcı universitetlərində təhsil almış və Proqram tərəfindən BDU-da tədrisə cəlb olunmuş müəllimlər yaxından iştirak edirlər. Həmin müəllimlər Sosial iş üzrə standartların hazırlanmasına yardımçı olmuşlar. Həmçinin 2008-2009-cu tədris ilində BDU-da Beynəlxalq İnsan Hüquqları üzrə Magistr proqramı yaradılmışdır. Bu proqramın tədris dili ingilis dilindədir və tədris planının beynəlxalq standartlara uyğun tərtib olunmasına xarici professor və yerli kadrlar böyük əmək sərf etmişlər. ATP Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər; Beynəlxalq hüquq, Sosial elmlər və psixologiya fakültələri, İqtisadi kibernetika kafedrası ilə səmərəli əməkadaşlıq etmişdir. 2009-2010-cu tədris ilində Beynəlxalq hüquq kafedrası və Sosial elmlər və psixologiya fakültəsi ilə iş aparılır. Bu kafedra və fakültələrdə xarici ölkələrin aparıcı universitetlərində təhsil almış və beynəlxalq standartlara uyğun tədris apara bilən müəllimlər çalışırlar. Həmin müəllimlər hər il müsabiqə yolu ilə seçilirlər. Son 5 il ərzində xaricdə təhsil almış 26 nəfər azərbaycanlı gənc, xaricdən 6 professor ATP-nin maliyyə dəstəyilə BDU-nun müxtəlif kafedralarında beynəlxalq standartlara uyğun tədris aparmışlar. Növbəti illərdə ATP Azərbaycanda fəaliyyətini genişləndirməyi planlaşdırır. 2004-cü ilin aprelindən Açıq Cəmiyyət İnstitutu bazasında “Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi” ictimai birliyi təsis edilmişdir. Əvvəllər Açıq Cəmiyyət İnstitutunun, sonralar isə Mərkəzin fəaliyyətinin təşkilində və təhsil sahəsində proqram və layihələrin həyata keçirilməsində Elmina Kazımzadə, Ülviyyə Mikayılova, Elnarə Qənizadə, Bahar Kərimova, İradə Məmmədovanın xüsusi xidmətləri qeyd edilməlidir. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi tərəfindən Təhsil Nazirliyi ilə birgə bir sıra layihələr həyata keçirilməkdədir. Məktəb liderliyinin inkişafı layihəsi. Layihə 2008-ci ildən həyata keçirilir. Layihənin əsas məqsədi məktəb liderliyini inkişaf etdirməklə təhsildə hesabatverməni və şəffaflığı inkişaf etdirməkdir. Layihə çərçivəsində bir sıra fəaliyyətlər – məktəb liderliyinin inkişafı mövzusunda təlimlər, mübadilə proqramı, məktəb səfərləri və sair həyata keçirilmişdir. Prosesdə həm yerli, həm də beynəlxalq ekspertlərlə əməkdaşlıq edilir. Belə ki, təlim proqramları əsasən ABŞ-ın Cənubi Konnektikut Dövlət Universitetinin Məktəb Liderliyi Fakültəsinin professoru Ketrin Magno tərəfindən aparılır. Eyni zamanda təlimlər zamanı uğurlu fəaliyyətləri ilə seçilən məktəb direktorları təqdimatlarla çıxış edirlər. Amerika Birləşmiş Ştatları və Avropada təhsilin idarə edilməsi və liderlik, ictimai siyasət üzrə magistr dərəcəsi almış 4 gənc azərbaycanlı mütəxəssis də təlim proqramlarına cəlb edilmişdir. Məktəb idarəetməsi və maliyyələşməsi: təcrübə və siyasət layihəsi. Layihənin məqsədi məktəbin səmərəli maliyyələşməsi və demokratik idarə edilməsi prosesini gücləndirmək, bu məqsədlə Azərbaycanda məktəb idarəetməsi və maliyyələşməsinə dair modellərin tədqiqi, bu sahədə tövsiyələrin hazırlanması və ictimaiyyətin maarifləndirilməsi kampaniyasının təşkilidir.Layihə çərçivəsində “Azərbaycanda məktəb maliyyələşməsinin yeni modeli” mövzusunda tədqiqat aparılmışdır. Məqsəd Təhsil Sektorunun İnkişafı Layihəsi (TSİL) çərçivəsində şagirdbaşına maliyyələşmə pilot layihəsinə cəlb olunmuş rayonların məktəblərində maliyyələşdirmə və idarəetmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların icra vəziyyətinin araşdırılması, təsirlərinin (nəticələrinin) qiymətləndirilməsidir. Sorğuda Ucar, İsmayıllı rayonları və Şirvan şəhərinin 59 pilot məktəbinin direktoru, məktəb şurasının üzvü olan müəllimlər (150 nəfər), valideynlər (150 nəfər), şagirdlər (150 nəfər) iştirak etmişdir. Bundan əlavə məktəb şurasının sədri (40 nəfər), mühasib (40 nəfər), rayon təhsil şöbəsinin müdirləri (3 nəfər), rayon maliyyə şöbəsinin müdirləri (3 nəfər), yerli icra hakimiyyətinin nümayəndələri (3 nəfər), yerli bələdiyyə orqanının üzvləri (3 nəfər), digər maraqlı tərəflərdən (5 nəfər) dərinləşdirilmiş müsahibələr götürülmüşdür. Tədqiqata dair sorğu və dərinləşdirilmiş müsahibələr “SİQMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatları Mərkəzi tərəfindən aparılmışdır: “Həmçinin layihənin ekspert qrupu tərəfindən mövcud maliyyə modelinin təhlili aparılmışdır. Təhlil ümumi təhsil sisteminin mövcud maliyyələşmə sisteminin ümumi prinsiplərini, mexanizmlərini, eləcə də maliyyənin idarəedilməsində müxtəlif tərəflərin iştirak imkanlarını əhatə etmişdir. Layihə çərçivəsində pilot məktəblərdə yeni modelin tətbiqinə dair məlumatın birbaşa yerlərdən alınması məqsədilə bölgələrə səfər edilmiş, məktəb şurası sədrləri, üzvləri, məktəb direktorları, mühasiblər, eləcə də rayon təhsil şöbəsinin rəhbərliyi ilə yeni modelin tətbiqi və meydana çıxan maneələrlə bağlı müzakirələr aparılmışdır. Pilot layihəsinə cəlb edilmiş rayon məktbələrində çalışan mühasiblər (59 nəfər) üçün şagirdbaşına maliyyələşdirmə düstrunun tətbiqinə dair Milli Büdcə Qrupu ilə əməkdaşlıq çərçivəsində təlimlər keçirilmişdir. Mühasiblərin ehtiyacları nəzərə alınaraq “Məktəb büdcə bələdçisi” adlı təlimat kitabı hazırlanmışdır. Layihə çərçivəsində “Məktəb ehtiyaclarına əsaslanmış maliyyə formulası” kitabı nəşr olunmuş, layihənin tərəfdaşları arasında yayılmışdır. İctimai maarifləndirmə komponenti layihənin əsas istiqamətlərindən biri olmuş və layihə müddətində media vasitəsilə mütəmadi olaraq ictimaiyyətin məlumatlandırılması həyata keçirilmişdir. Bu məqsədlə İTV “Açıq dərs” proqramında, eləcə də radiolarda “Məktəb maliyyəsi və idarə olunması” mövzusunda xüsusi proqram təşkil olunmuşdur. Təhsil Siyasəti Forumu (TSF) layihəsi. Layihə 2004-cü ildən həyata keçirilməyə başlanmışdır. Layihənin məqsədi maraqlı tərəflərin, xüsusilə icma, media şəbəkəsi vasitəsilə təhsil məsələlərinə dair ictimaiyyəti məlumatlandırmaq, təhsilə dair qərarların qəbul edilməsinə vətəndaş cəmiyyətini cəlb etməkdir. TSF layihəsi, əsasən, üç strateji istiqaməti əhatə etmişdir: a)monitorinq/araşdırmalar; b)araşdırmaların nəticələrinin ictimaiyyət arasında yayılması; c)əməkdaşlıq və effektiv kommunikasiya vasitələrinin inkişaf etdiriliməsi. Ötən müddət ərzində “Fərdi müəllimlik” (2005 və 2009-cu illər), “Valideynlərin məktəbə qeyri-formal ödənişləri”, “Ali təhsildə korrupsiya: səbəb və nəticə”, “Müəllim peşəsinin tədqiqi” mövzularında genişmiqyaslı tədqiqatlar və monitorinqlər aparılmışdır. Layihə çərçivəsində beynəlxalq əməkdaşlıq istiqamətində ciddi təşəbbüslər həyata keçirilmiş, UNESCO-un Beynəlxalq Təhsil Planlaşdırılması İnstitutu ilə birgə tədqiqatın Azərbaycan dilində nəşrinə nail olmuşdur. Həmçinin layihə çərçivəsində təhsil sahəsində ixtisaslaşmış beynəlxalq, regional və yerli QHT şəbəkələri ilə fəal əməkdaşlıq edilmiş, o cümlədən QHT-lərin anti-korrupsiya fəaliyyətinə dair yerli şəbəkə, AzPAC (Avropa Şurası) layihəsi, təhsil siyasəti mərkəzləri şəbəkəsi (NEPC), UNESCO-nin Beynəlxalq Təhsil Planlaşdırılması İnstitutu ilə birgə tədbirlər həyata keçirilmişdir. TSF layihəsi üzrə mütəmadi şəkildə mətbuat konfransları, dəyirmi masalar, seminarlar keçirilmiş, mətbuatın üçün açıqlamalar hazırlanmışdır. Həmçinin “Təhsil və media” adlı jurnalist qrupu yaradılmış və onlarla əməkdaşlıq təmin edilmişdir. Bu qrupun əsas məqsədi təhsil problemlərinin mətbuatda daha geniş və yaradıcı işıqlandırılması olmuşdur. Həmçinin jurnalistlərın təhsil sahəsində ixtisaslaşması üçün təlim və seminarlar təşkil olunmuşdur. Təlimlərdə Bakı və regionlar da daxil olmaqla 20 media təmsilçisi iştirak etmişdir. Təlimlərdən sonra da jurnalistlərlə əlaqə davam etdirilmiş, həyata keçirilən tədqiqatlar, eləcə də jurnalist peşəkarlığının artırılması məqsədilə keçirilən digər tədbirlər barəsində məlumatlar verilmişdir. Layihənin icrası müddətində 24 mətbuat konfransı keçirilmiş və bununla da təhsil prosesində iştirak etməkdə maraqlı olan auditoriya (mətbuat nümayəndələri, qərarqəbuledicilər, QHT təmsilçiləri, icma üzvləri, təhsil ictimaiyyəti, beynəlxalq təşkilatların təmsilçiləri) formalaşmışdır. Bundan əlavə hər il İctimai Televiziyanın “Açıq dərs” verilişi 2 proqramını layihənin nəticələrinin əsasında qurmuşdur. Qeyd etmək yerinə düşər ki, TSF çərçivəsində “Təhsil haqqında” qanun layihəsinin ictimai müzakirələri keçirilmiş, təkliflər hazırlanmış, onların bir qismi qəbul edilən sənəddə öz əksini tapmışdır. Eyni zamanda layihə çərçivəsində 2008-ci ilin yayında “Məktəb maliyyələşməsi: şəffaflıq və cavabdehlik”, 2009-cu ildə isə “Təhsildə qiymətləndirmə strategiyasının inkişafı” mövzularında “yay məktəb”i təşkil edilmişdir. Bunlarla yanaşı, “Korrupsion məktəblər, korrupsion universitetlər nə etməli?”, “Gizli bazarda təhsil: fərdi müəllimlik”, “Antikorrupsiya tədrisi metodologiyası”, “Valideynlərin müvəkillik fəaliyyəti üçün təlimatlar”, “Təhsil terminlərinin izahlı lüğəti”, “Təhsildə şəffaflıq”, “Məktəb ehtiyaclarına əsaslanmış maliyyə formulası” vəsaitləri, o cümlədən multi-media vəsaitləri çap olunmuşdur. Müasir Tədrisə və Təhsilə Yardım Mərkəzi “Məcburi köçkün şagirdlərin təhsilinin keyfiyyətinin yaxşılaşdırılması”, “Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması” layihələrinin həyata keçirilməsində iştirak etmişdir”.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2013.- 2 fevral.- S.14-15.