Yaradıcı və qurucu
insan
Bizim qarışıq zəmanədə hər hansı bir tanınmış şəxsin demək olar ki, bütün həyat fəaliyyəti ictimai maraq doğurur; xarici görünüşündən, mənəvi aləmindən, xarakteri və şəxsiyyətindən asılı olmayaraq bu adamlar müxtəlif peşə sahibləri olur və çox vaxt görürsən ki, qəzet səhifələrindən düşmürlər; bəzən isə ədəbi və ya siyasi əsərlərin qəhrəmanlarına da dönürlər. Belə adamların reklamı və yaxud təbliğatı cəmiyyət tərəfindən birmənalı qəbul edilmir. Lakin bu gün cəmiyyətdə baş verən ictimai-siyasi proseslər fonunda yuxarıda qeyd etdiyimiz “tanınmış” adamlardan daha çox ictimai-siyasi xadimlərin şəxsiyyətinə önəm vermək tələb olunur, çünki onlar cəmiyyəti ardınca apara biləcək unikal gücə malik insanlardır. Məhz belə adamların şəxsiyyəti təhlil olunmalıdır və ictimaiyyətin marağını onlara yönləndirmək lazımdır. Bu işin öhdəsindən təkcə jurnalistlər, politoloqlar, yaxud televiziya aparıcıları, reklam və piar mütəxəssisləri deyil, sağlam və demokratik düşüncəsi olan hər bir vicdanlı vətəndaş da gələ bilər.
Mən belə şəxsiyyətlərdən biri – Sultan İsrafil oğlu Məmmədov barədə danışmaq istəyirəm. O, respublikamızda çox az sayda olan ictimai xadimlərdəndir ki, uzun müddət, təxminən otuz il dövlət məmuru, nazir müavini, deputat, komissiya sədri kimi fəaliyyət göstərib və onun ictimai-siyasi fəaliyyəti məhz bununla xarakterikdir ki, özündə iki mühüm mərhələni birləşdirib: birinci mərhələ sovet dövrü ilə, ikincisi isə Azərbaycanın müstəqillik dövrü ilə bağlıdır.
Bəri başdan deyim ki, Sultan müəllim birinci mərhələdəki fəaliyyəti dövründə olduğu kimi, ikincidə – Azərbaycanın müstəqillik dövründə də şərəf və ləyaqətini qoruyub, dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutub, el-obada, cəmiyyətdə, bölgədə nüfuz və söz sahibi olub. Bu xoşbəxtlik isə hər adama nəsib olmur. Onun həyat və fəaliyyətinə Zaman və Məkan baxımından qısaca nəzər salsaq, görərik ki, yuxarıda sadalanan keyfiyyətlərə yiyələnmək heç də asan başa gəlməyib: S. Məmmədov birinci mərhələdə sovet idarəetmə sistemindəki çətin, ağır və amansız rejim şəraitində işləyib və bunlar onun şəxsiyyətinə və nüfuz dairəsinə kölgə salmayıb, simasını dəyişməyib. Özünün də dediyi kimi, “kişinin gərək bir sifəti olsun!”
Sultan müəllim Astarada və Lerikdə partiya-sovet işində (PİK sədri, rayon partiya komitəsinin üçüncü katibi, birinci katibi, 1980-1987-ci illərdə Azərbaycan KP Lerik rayon komitəsinin birinci katibi, daha sonra isə Astara rayon komitəsinin birinci katibi) çalışanda da, müstəqillik dövründə isə Milli Məclisin deputatı, mənzil-kommunal təsərrüfatı daimi komissiyasının, sosial siyasət komissiyasının sədri, Azərbaycan-İran Parlament qrupunun sədri, Mənzil-kommunal təsərrüfatı nazirinin birinci müavini vəzifələrində işləyəndə də əqidəsinə, işinə, dövlətinə, xalqına sadiq olub. Sultan müəllim Milli Məclisdə bir sıra qanunların hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak edib, kənd təsərrüfatının müxtəlif sahələrinə dair bir çox səmərələşdirici təklifin müəllifi olub. Əlillərin sosial müdafiəsi haqqında Qanunun, 1995-ci ildə vətəndaşların Pensiya təminatı haqqında qanununa dəyişikliklərin, 1996-cı ildə Aqrar islahatların aparılması haqqında Qanunun qəbul edilməsində bilavasitə iştirak edib, ölkədə iqtisadi islahatların, özəlləşdirmənin mərhələ-mərhələ aparılması təkliflərini irəli sürüb. Dövlət mülkiyyətinin tamamilə özəlləşdirilməsi, kapitalizmin zor gücünə tətbiq olunması, milli sərvətlərimizin dağıdılması və satılması əleyhinə çıxış edənlərdən biri də məhz Sultan Məmmədov olub.
Əlbəttə, onun həqiqətən namuslu vətəndaş, ləyaqətli ictimai xadim kimi tanınmasında bütün bunların böyük rolu var. Sultan müəllimin xidmətləri təkcə yuxarıda qeyd etdiklərimizlə bitmir. O, yaşının müdrik çağında əsl ziyalı, vətəndaş və qələm adamı kimi özünə çoxminli oxucu auditoriyası da qazanıb. Qarşımda Sultan Məmmədovun müəllifi olduğu bir kitabı var:”Masonluq: Dünyanı idarə edən gizli qüvvə”. Kitabı “Qanun “ nəşriyyatı buraxıb. Qeyd edim ki, artıq kitabın beşinci nəşridir və hər dəfə də sürətlə alınır. Maraqlıdır, görəsən nə üçün?
Əvvəla, qeyd edim ki, Sultan Məmmədovun seçdiyi mövzunun özü çox maraqlı və aktualdır. Masonlar haqqında dünyada iki yanaşma mövcuddur: birincilər masonluqda sui-qəsd planlarının həyata keçirilməsini, hökmranlığa can atan gizli qüvvələri, ikincilər isə tamam əks tərəfi-qarşılıqlı anlaşma bacarığını, tolerantlıq və dözümlülük, humanist baxışların yayılmasını görürlər. S. Məmmədov belə bir kitab ortaya qoymaqla mason hərəkatı tarixinə nəzər salır, onun müasir dünyada təhlükəli yerini göstərir, ölkələrin siyasi həyatındakı rolunu təhlil edir və araşdırır. Kitaba kütləvi maraq doğuran cəhət də budur. Kitabın ön sözündə millət vəkili Sabir Rüstəmxanlı yazır:”...Tanınmış ictimai xadim, ziyalı, sabiq millət vəkili, Milli Məclisin komissiya sədri olmuş köhnə dostum Sultan Məmmədovun “Masonluq: Dünyanı idarə edən gizli qüvvə” kitabı da məhz bu marağın nəticəsi kimi meydana çıxmışdır. Artıq açıq fəaliyyətə keçmiş, müəllifin təbirincə desək, “bədəninin yarısı yerin altında, yarısı aşkarda olan Sfinksi xatırladan” bu beynəlxalq gizli təşkilat haqqında ABŞ, İngiltərə, Fransa, Türkiyə, Rusiyada... çoxsaylı araşdırmalar aparılmış, kitablar nəşr edilmişdir... Əlbəttə, kitabın ən diqqətçəkən bölümləri Rusiya, Türkiyə və Azərbaycanla bağlıdır. Çünki ikiillik Azərbaycan Demokratik Cümhuriyyəti dövrünü nəzərə almasaq, Azərbaycanın təxminən 200 illik tarixi Rusiya ilə bağlıdır və şübhəsiz ki, Rusiya imperiyasında, eləcə də Sovetlər Birliyində baş verən hadisələr məmləkətimizə təsir göstərməyə bilməzdi. Bu gün Rusiyada masonluq və mason təşkilatlarının fəaliyyəti haqqında açıq-aşkar söhbət açılır. Türkiyə tarixən Azərbaycanla sıx bağlı olduğundan, qardaş dövlət tərəfindən də eyni təsirə məruz qalmışıq. Hətta bu gün Türkiyədə masonluq haqqında bilgilər təkcə araşdırmalarda, qəzet və dərgilərdə çap olunmaqla qalmır, televiziya ekranlarına, filmlərə də ayaq açır. Ötən il nümayiş etdirilən “Qurdlar vadisi” teleserialındakı mason ritualı ilə bağlı epizod buna sübutdur...”
Hələ 1997-ci ilin 27 yanvarında respublikada çıxan müstəqil qəzetlərin birinə müsahibə verərkən S. Məmmədov demişdi: “Beynəlxalq siyasi təşkilatların, Qərb demokratiyası aparıcılarının Azərbaycan vətəndaşlarının hüquqlarına və onların müdafiəsinə ikili münasibəti ən azı təəccüb doğurur...” Budur, artıq Sultan Məmmədov Azərbaycanın taleyi üçün daha çox narahatlıq keçirir və kitabda əvvəlki fikirlərini daha geniş şəkildə ortaya qoyaraq dünyanın, bəşəriyyətin və məmləkətimizin gələcəyi barədə bir vətəndaş-ziyalı kimi düşünür. Kifayət qədər həyat təcrübəsinə malik olan, qlobal siyasət məsələləri ilə maraqlanan S. Məmmədov Azərbaycan vətəndaşının, bəşər övladının taleyi barədə düşünür. O, dünyanın “hörümçək toru” adlandırdığı geniş, gözəgörünməz, qüdrətli şəbəkəyə malik olan beynəlxalq masonluğun müstəqil Azərbaycanın bu günkü ictimai-siyasi və mədəni həyatına da təsir göstərməyə çalışdığına şübhə etmir. Müəllif kitabda bu təsir haqqında öz mülahizə və müşahidələrini təhlillər və faktlar əsasında qələmə alır və bizim həyatımızda da “hörümçək toru”nun izlərini aşkara çıxarmağa çalışır.
Qarşıdan Sultan müəllimin 75 illik yubileyi gəlir. Doğrudan da
yaşa dolduqca insanın gücünü
anlamağa başlayırsan;
bu, xüsusilə yaradıcı, qurucu, düşündürücü və xeyirxah işlərlə bağlı
olanda daha əzəmətli güc olur. Adam belə insanların keçdiyi ləyaqətli ömür
yoluna heyrət etməyə bilmir. Hər şey ötüb gedir- uşaqlıq, gənclik, qocalıq, vəzifə, hakimiyyət, ehtiras, sevgi... hər şey.., lakin insanın yaratdığı
və qurduğu işlərlə bağlı iki şey-yaxşı ad
və imza əbədi qalır.
Sultan Məmmədov bu
yetmiş beş
ildə hər ikisini sağ ikən təmin edib. Biz də Sultan müəllimi
75 illik yubileyi münasibətilə təbrik
edir, ona can sağlığı, uzun
ömür və əlbəttə ki, yeni-yeni yaradıcılıq
uğurları arzulayırıq.
GÜNDÜZ
525-ci qəzet.-2013.- 2 fevral.- S.24.