Böyük şəxsiyyətlər
bütün dünyaya məxsusdur
(davamı)
XIV Luinin
hərbi şöhrətə can atması kralı müharibələrə
başlamağa sövq edirdi. Fransa sülh
dövründə 100 minlik, müharibə dövründə
isə 400 minlik orduya malik olurdu. Lui
müharibəni öz hökmranlığının demək
olar ki, ardı-arası kəsilməyən fəaliyyətinə
çevirmişdi. Nüfuz və hərbi
şöhrət qazanmaq, Burbon sülaləsinin Avropa məsələlərində
ağalıq etməsinə nail olmaq bir sarsılmaz istək
kimi Günəş Kralı cəlb edirdi. O, 1667 və
1673-cü illər arasında dörd müharibə
başlamışdı.
Utrext
sülhündən iki il sonra Günəş
Kral öləndə Fransa borc içərisində idi və
düşmənlər tərəfindən əhatə
olunmuşdu. Ölüm yatağında 76 yaşlı monarx
öz varisinə bu sözləri deyəndə peşiman kimi
görünürdü:
“Tezliklə sən böyük səltənətin
kralı olacaqsan. Sənə tapşırıram ki, Allah
qarşısında borcunu unutmamalısan; yadda saxla ki, sən
hər şey üçün ona borclusan. Öz qonşularınla sülh şəraitində
qalmağa çalış. Mən
müharibəni olduqca çox sevmişdim. Bunda və ya pulu külə sovurmaqda məni təqlid
etmə. Hər şeydə məsləhət al,
çalış ki, ən yaxşı xətti tapasan və o
yolla gedəsən, nə qədər tez və mümkünsə
öz xalqının yükünü yüngülləşdir
və mənim uğursuz olduğum vaxtlarda mənim etmədiklərimi
et”.
XIV Luinin idarəetmə üslubu bütün Avropada onu
təqlid edənlərə malik idi. Əvvəlcə
Günəş Kralın xarici siyasəti uğur
qazanırdı, bunu işğal müharibələri ilə
möhkəmləndirirdi və onun səsi Avropada həlledici
rola malik idi. Lakin tezliklə onun
ekspansiyası Avropa dövlətlərinin müqaviməti ilə
qarşılaşdı. Daxili siyasətdə
isə mütləqiyyət rejimi monarxın
özbaşınalığına çevrildi.
Din sahəsində
də aparılan siyasət vəziyyəti
ağırlaşdırdı. XIV Lui Roma
Papası ilə münaqişəyə girdi. Huqenotların təqib edilməsi 1685-ci ildə Nant
ediktinin ləğvi ilə nəticələndi. Huqenotların ölkədən qaçması Fransa
üçün ağır iqtisadi nəticələrə səbəb
oldu.
XIV Luinin daimi müharibələri xarici siyasətdə
azacıq uğur gətirsə də, iqtisadi vəziyyəti
mürəkkəbləşdirdi. Aclıq, əhalinin
sayının azalması, mütləqiyyətə
müxalifliyin güclənməsi, kralın dayanmaq bilməyən
bədxərcliyi, hakimiyyətdə olanların
özbaşınalıqları, qeyri-məhdud səlahiyyətlərə
malik olan monarxın hökmranlığının nəticəsi
idi. Ona görə də Günəş
Kralın mirası viranə qalmış ölkə oldu.
XIV Lui Fransanın güclü, çiçəklənən
olmasını istəyirdi, öz ölkəsini şöhrətləndirməyə
can atırdı. O, Fransanın əzəməti barədə
özşüur hissi yaratmışdı. O, hamını heyrətləndirmək
istəyirdi,onun baxış bucağı
sadəcə olaraq təəccüb doğuran idi. Heç kəs onunla müqayisə oluna bilməzdi.
Onun çox sevdiyi müharibələr ölkəsinə
və xalqına olduqca baha başa gəlirdi. Onun
orduları dəhşətli əməllərə yol verirdi.
Lakin bu günün dəhşətləri
fonunda onlar çox sönük görünür, onun
hökmranlığı altında heç kəs millətin
quldarlığa, kütləvi deportasiyalara və genosidə məruz
qalmasını görməmişdi. İtalyan
kimyaçısı ona ilk bakterioloji silahı təklif edəndə
o, bir şərtlə bu adama pension kəsdi ki, öz
icadını, onun sirrini heç vaxt bəyan etməyəcək,
açmayacaqdır.
XIV Lui bəzi
hallarda tiran idi, lakin Volterin sözləri
ilə deyilsə: “onun adı heç vaxt ehtiramsız qaydada və
daim yad edilən era kimi qeyd edilmədən çəkilməyəcəkdir”.
Böyük
II Yekaterina
Spartadan
qaçmış sərkərdə Pavsanidən soruşduqda
ki, “Axı niyə Spartada qalmayıb, oradan qaçdın?”
sözlərinə Pavsani cavab verdi ki, “həkimlər
adətən sağlam adamın yox, xəstə adamın
yanında olurlar”.
Plutarx
Həyatda bir şey çox qiymətlidir – həqiqəti
qoruyub saxlamaq və ədalətli hərəkət etmək.
Mark Avreli
Rusiya imperatriçası kimi II Yekaterina öz sələfi
Böyük Pyotrun işini davam etdirdi. Pyotr Rusiya
üçün “Avropaya pəncərə”
açmışdı, Yekaterina isə qapıları taybatay
açdı. Pyotr Avropanı məcbur
etmişdi ki, güclü və müstəqil Rusiyanın
mövcudluğunu tanısın, Yekaterina isə Rusiyada
böyük bir Avropa dövlətinə bənzər səltənət
yaratdı. Pyotr Qərb mədəniyyətini
tətbiq etmək üçün qədim Rusiya mədəniyyətini
məhv etmişdi. Yekaterina isə
Avropanın təsirinə məruz qalmış milli mədəniyyət,
həm də həqiqi rus mədəniyyəti
üçün bünövrə yaratdı. Taxt-taca yiyələndikdən
bir qədər sonra II Yekaterina I Pyotra indi “Mis atlı” kimi tanınan
heykəlin qoyulmasını sifariş verdi.
Postament kimi istifadə edilən nəhəng
daş iki ilə abidənin qoyulduğu meydançaya gətirildi.
Heykəldə Böyük Pyotr şahə qalxmış
atın üstündə təsvir edilir, Avropaya ölkəsindən
ilk dəfə qapı açan bu adam rus
xalqını da belə yüksəkliyə qaldırmaq istəyirdi.
Yekaterina hesab edirdi ki, o, dahi sələfinin
işini davam etdirməlidir. Böyük Yekaterina
adını qazanmış bu qadın Böyük Pyotrun heykəli
qoyulduqda, Rusiya tarixində öz rolunu dəqiq şəkildə
qiymətləndirdi – heykəlin üzərində bu sözlər
nəqş olunmuşdu: “Petro Primo Catharina Secunda” (“Birinci Pyotra
İkinci Yekaterinadan”).
Pyotr və Yekaterinanın adları əksər
rusların şüurunda daim, hətta iki əsr sonra belə
birləşmiş qaydada qalmışdır. Pyotr
özünə dərin ehtiram qazanmışdı, mənşəcə
alman olan Yekaterinaya isə ruslar valeh olmaqda davam edirdilər.
Bu qadın əslində hakimiyyəti uzurpasiya
yolu ilə ələ keçirmişdi, əxlaqca pozğun
idi, lakin milli iftixarın mənbəyi kimi qiymətləndirilirdi.
Qeyri-ruslara məxsus olan yerlərdə isə Yekaterina
çox az hallarda nəcib şəxsiyyət
hesab edilirdi. Çünki onun
hökmranlığı altında Rusiya xeyli güclənmişdi
və bu, digər böyük dövlətlərə təhlükə
törətmək üçün kifayət idi və o,
faktiki olaraq kəskin vasitələrə məhəl qoymayan
bir hökmdar idi. Qərbin təxəyyülündə
nəhəng, geridə qalmış, həm də cəzbedici
olmayan ölkəni idarə edən bir şəxsiyyət idi.
Yekaterinanın bir prinsipial şərəfi ondan
ibarət idi ki, ingiltərəli I Elizabet və kraliça
Viktoriya kimi öz adını tarixin həmin dövrünə
vermişdi, öz ölkəsinin inkişafında həlledici
bir epoxanın sinoniminə çevrilmişdi.
Sofiya
Fridrixa Avqusta fon Anhalt-Tserbst 1729-cu ilə
Ştettində anadan olmuş, o qədər də
yaxşı tanınmayan alman hökmdarının qızı
idi, həm də anası tərəfdən Holştetin
hersoqlarına qohum idi. 14 yaşı olanda
Böyük Pyotrun nəvəsi və Rusiya taxt-tacında
Böyük Knyaz Pyotr kimi olacaq Karl Ulrixin arvadı olmaq
üçün seçilmişdi. Yekaterina 1744-cü
ildə Rusiyaya gəldi, Böyük Knyaginya Yekaterina Alekseyevna
titulunu qəbul edib sonrakı ili qohumu olan
oğlana ərə getdi. Nikah olduqca uğursuz
idi. Sonrakı 18 il bu qadın
üçün aldanma, alçalma və ümidlərinin
puç olması ilə dolu idi.
Rusiya həmin
vaxt Böyük Pyotrun qızı, imperatriça Yelizaveta tərəfindən
idarə olunurdu, onun 20 illik hakimiyyəti monarxiyanı xeyli dərəcədə
sabitləşdirmişdi. Özünü
çox sayda əyləncələrə, dəbdəbəyə
və öz sarayına daha çox Avropa sarayının zənginliyini
vermək arzusuna həsr etməklə Yelizaveta Yekaterina
üçün əslində elə bil ki, hamar bir yol
hazırlayırdı.
Lakin
Yekaterina, əgər əri tam normal olsaydı, imperatriça
ola bilməzdi. Əri
müstəsna dərəcədə əsəbi, üsyankar,
küt, güman ki, impotent olmaqla, sərxoşluğa meylli
idi. O, prussiyalı II Fridrixə çox ciddi, hətta
fanatik qaydada sitayiş edirdi. II Fridrix isə
imperatriça Yelizavetanın düşməni idi.
İmperatriça Yelizaveta Petrovnanın ölümü
yeddi illik müharibədə Prussiyanın vəziyyətini
yüngülləşdirdi. Rusiya Avstriya və
Fransa ilə ittifaqda Prussiyaya qarşı vuruşurdu. Yeni imperator III Pyotr isə ağır vəziyyətdə
olan Prussiyaya qarşı hərbi hərəkətləri
dayandırdı və II Fridrixlə sülh müqaviləsi
bağladı. III Pyotrun ağılsız
hərəkəti müharibənin sonunu dəyişdirdi.
Fransa Kanadada və Hindistanda Prussiyanın
müttəfiqi olan Böyük Britaniyanın xeyrinə demək
olar ki, bütün müstəmləkə ərazilərini
itirdi. 3 fevral 1762-ci ildə Fransa Fontenbloda
Böyük Britaniya ilə sülh bağlamağa məcbur
oldu. Prussiya Avropa dövləti kimi öz
mövqeyini möhkəmləndirdi və buna görə səfeh
rus imperatoruna borclu idi.
Ərindən fərqli olaraq Yekaterina aydın
düşüncəli və ambitsiyalı idi. Onun fərasəti,
xarakterinin çevik olması və Rusiyaya məhəbbəti
xeyli dəstək qazanırdı.
Bu qadın alçaldılmışdı, boğaza
yığılırdı və sarayda ona şübhə ilə
yanaşılırdı. O, geniş mütaliə etməkdə
bir rahatlıq tapırdı və özünü bir
hökmdar kimi gələcəkdəki roluna
hazırlayırdı. Azacıq gözəlliyə
malik olmasına baxmayaraq, Yekaterina xeyli lətafətə,
yaxşı qabiliyyətlərə və qeyri-adi enerjiyə
malik idi. Ərinin sağlığında
onun ən azı üç məşuqu var idi. Əgər bu qadının etdiyi işarələrə
inanılsaydı, onun üç uşağından heç
birinin, hətta açıq varisi Pavelin də atası
heç də öz əri olmamışdı. Onun həqiqi ehtirası yalnız ambitsiyası idi.
III Pyotr hökmranlıq etməyi
bacarmadığı vaxtdan o, gördü ki, ərini məhv
etmək və Rusiyanı idarə etmək üçün hətta
özünün ilkin imkanları belə kifayətdir.
İmperatriça Yelizaveta 1762-ci ilin yanvarında
öldü. Yelizavetanın ölümündən sonra yeni
imperator olan III Pyotr prussiyalı II Fridrixə sitayiş
qaydasında yanaşırdı və onunla ittifaq
bağladı. II Fridrix isə Rusiyaya nifrətini
gizlətməyə heç bir cəhd göstərmirdi və
yalnız doğma Almaniyasını sevirdi. Özünü saysız-hesabsız
ağılsız hərəkətlərlə biabır edən
Pyotr həmçinin arvadından uzaqlaşmağa
hazırlaşırdı. Yekaterina
yalnız zərbə endirməli idi. O, ordunun, xüsusən
Sankt-Peterburqda olan polkların dəstəyinə malik idi,
burada onun məşuqu Qriqori Orlov öz postunu yerləşdirmişdi.
Saray, hər iki paytaxtdakı – Moskva və
Sankt-Peterburqdakı ictimai rəy də Yekaterinanın tərəfində
idi. O,
kübar cəmiyyətinin “maariflənmiş” elementləri tərəfindən
dəstəklənirdi. O vaxtdan qadın öz liberal
görüşlərinə görə tanınırdı və
Rusiyada ona ən mədəni şəxslərdən biri kimi
vurulmuşdular.
Qvardiya zabitlərinə arxalanan III Pyotrun arvadı II
Yekaterina 1762-ci ildə onu taxt-tacdan devirdi. Qəsdin
uğuru III Pyotrun siyasətindən, xüsusən Prussiya ilə
sülh bağlanmasından və onun yeddi illik müharibədəki
keçmiş müttəfiqlərə qarşı
çıxış etməsindən yaranan narazılıqdan
qidalanmışdı. O, həm də pravoslav kilsəsini
protestant qaydasında islahata uğratmaq istəyirdi.
Böyük II Yekaterinanın hökmranlığı 34 il davam etdi və bu Rusiya imperiyasının
tarixində “qızıl era” oldu. Mütləqiyyət
hakimiyyətini möhkəmləndirən Yekaterina həm də
“maariflənmiş absolyutizm” ruhunda iri islahatlar apardı.
Onun dövründə Rusiya dövlətinin ərazisi
xeyli genişləndi.
9 iyul 1762-ci ildə Yekaterina başçılıq
etdiyi polklarla hakimiyyəti götürmək naminə
Sankt-Peterburqa girdi, özünü imperatriça və Qazan
kilsəsinin avtokratı elan etdi. III Pyotr devrildi və səkkiz
gün sonra öldürüldü. Güman
ki, Yekaterina onu öldürmək barədə göstəriş
verməmişdi, bu işi onu dəstəkləyənlər
görmüşdülər. İctimai rəy
isə buna görə qadını cavabdeh hesab edirdi.
Böyük
Pyotrun altı varisi saray mühafizəçilərinin toruna
düşmüşdü, bu altıdan
axırıncısı III Pyotr idi, onun alman arvadı Yekaterina
Rusiyanı öyrənmişdi və mühafizəçilərin
rəğbətini qazanmışdı. Pyotr
kübar fraksiyası tərəfindən
öldürülmüşdü. Böyük
II Yekaterina bütün Rusiyanın avtokratı kimi meydana
çıxdı.
1762-ci
ilin sentyabrında Yekaterinaya tac qoyuldu,
Moskvada böyük mərasim keçirildi, bu şəhər
çarların qədim paytaxtı idi. O,
hökmranlığını 1796-cı ilədək II
Yekaterina titulu altında Rusiya imperatriçası kimi davam
etdirdi.
Yekaterina, fərdi zəifliyinə baxmayaraq, bütün
hökmdarlardan yuxarıda dayanırdı. Qəbul etdiyi
ölkəyə özünü bütünlüklə həsr
etməklə o, Rusiyanı çiçəklənən və
qüdrətli dövlət etmək məqsədini
güdürdü. Rusiyada olduğu ilk
günlərdən o, qayda-qanunlu və ədalətli idarəetməni
qurmağı arzu etmişdi. Maarifi
genişləndirmək, Versala rəqib olan saray yaratmaq, Fransa
modelinin təqlidindən yuxarıda dayanan bir milli mədəniyyəti
inkişaf etdirmək istəyirdi. Onun əvvəlcədən
olan layihələri icra edilmək üçün o qədər
çox idi ki, hətta əgər o, bütün diqqətini
onlara versəydi də, onları tam əhatə edə bilməzdi.
Onun praktiki cəhətdən ən təzyiq göstərən
problemi dövlət xəzinəsini yenidən doldurmaq idi,
axı Yelizaveta öləndə xəzinə boş idi. 1762-ci ildə
o, ruhanilərin mülkiyyətini dünyəviləşdirdi,
onlar Rusiyadakı torpaqların və təhkimçilərin
üçdə birinə sahib idilər. Rusiya ruhaniliyi
dövlətin maaş verdiyi funksionerlər
qrupuna endirildi, onlar Böyük Pyotrun islahatları ilə
aldıqları azacıq qüdrəti də itirdilər.
Ardı var
Telman Orucov
525-ci qəzet.-
2013.- 2 fevral.- S.18.