O adam nə vaxt gələcək...
(hekayə)
Heç ağlıma
gətirməzdim ki, üfüqlərin hələ allanmadığı bu erkən yay səhərində məndən
də tez yatağından qalxıb küçəyə çıxan
olar... Mənim də elə
bir vacib işim-filan yox idi. Yuxumu qarışdırdığımdan
yerimdə qərar tutmayıb əynimi geyinib evdən çıxmışdım.
Yolun üst tərəfindəki bomboş
avtobus dayanacağında
oxlov udanlar kimi dim-dik dayanıb
duran orta yaşlı adamı da elə bu
vaxt gördüm. Yəqin ki,
kimisə gözləyirdi.
Deyəsən, çoxdan burada
durana oxşayırdı.
Pencəyinin uzun qolunu yuxarı çəkib sol
əlini balaca qabağa uzatdı. Uzaqdan görməsəm də, bildim ki, saatına
baxır. Əlbəttə,
adam gözləyirdi.
Çünki avtobusların marşrutlara
çıxmağına hələ
xeyli qalmışdı.
Çox
güman ki, gözlədiyi adam
da özü kimi adi birisi
idi. Yoxsa niyə avtobus
dayanacağında görüş
təyin edirdilər ki? Gecə-gündüz bilməyən bahalı
restoranlarda, əyləncə
mərkəzlərinin birində
görüşər, arın-arxayın
söhbətlərini edərdilər.
Bəlkə də elə buna görə birdən-birə qəlbimi
mərhəmət hissi
bürüdü. Yolu keçib ona yaxınlaşmaq, gözlədiyi
adam gələnəcən
onun başını qatmaq fikrinə düşdüm. Bir də,
axı, işimin adı nə idi ... Kişinin hövsələsiz-hövsələsiz yerindən tərpənib ətrafa var-gəl etməsi fikrimi qətiləşdirdi.
–Deyəsən, kimisə gözləyirsiniz?..
Tanımadığı yad adamın bu qəfil sualından diksinib balaca çaşsa da, əvvəlcə başını
silkələdi, sonra da:
–Hə, elədir, – dedi, – gözləyirəm...
Araya sükut çökdü. Əlbəttə, bu sükutu mən pozmalı idim. Bivec-bivec gülümsədim:
–Bəs o adam nə vaxt gələcək?..
O, bu dəfə köksünü ötürdü,
qəmli-qəmli:
–Heç özüm də bilmirəm... – dedi.
Ona doğrudan da rəhmim gəldi, təsəlli verirmiş kimi:
–Hövsələniz olsun. Elə mən də gözləyirəm. Qoy
səhər açılsın,
yəqin ki, hardadısa, gəlib çıxar...
Ona bu sözləri deyəndə
özümün də
kimisə gözlədiyimi
ağlıma belə gətirməmişdim. Onun gözləntisinə
sanki şərik olmaq üçün özümdən uydurmuşdum,
necə deyərlər,
gəlişi gözəl
sözlər kimi dilimdən çıxmışdı.
Bu dəfə elə bil onun mənə
canı yandı, ciddi bir ahəng
ilə:
–Siz nə vaxtdan
gözləyirsiniz? – deyə xəbər aldı.
Lənət şeytana! İlişmişdim. Sual məni karıxdırdı.
Bu dolaşıq suala cavab tapmaqda
çətinlik çəkdiyimdən
cavabını ləngidirdim.
Nə fikirləşdimsə
qolumdakı saata baxdım, guya ki, özlüyümdə
vaxtı hesablayırmış
kimi:
–Evdən burayacan on beş dəqiqə
ancaq olar, – dedim, – sizinlə də beşcə dəqiqə olar ki, söhbətləşirik.
Bu hesabla, deməli, 20
dəqiqə! Sonra da sözümün lap inandırıcı çıxması
üçün qətiyyətlə:
–Hə, elədir ki, var – 20 dəqiqədir
ki, gözləyirəm,
– dedim.
O, dərindən bir ah çəkdi:
–Xoşbəxt adamsınız,
– dedi, – vur-tut iyirmicə dəqiqədir
ki, gözləyirsiniz.
– Sonra da köksünü ötürdü.
– Mən isə bu dünyaya anadan gəlməmiş gözləyirəm...
Onun bu sözləri məni çaşdırdı. Nə deyəcəyimi
bilməyib çaşqın-çaşqın
bu dəfə altdan yuxarı zəndlə ona baxdım. Elə bil yenicə
görürdüm.
O, bu dəfə gülümsəməyə çalışdı,
hətta dodaqları qaçdı:
–İş bundadır
ki, mən doğulanda dünyaya çətin gəlmişəm. Nənəm iki-üç
mamaça çağırtdırıb.
Bir şey çıxmayıb.
Bu dəfə acı-acı güldü:
–Daha doğrusu, mən inad edib
bu dünyaya təşrif gətirməkdə
tərslik edirəmmiş.
Birdən nənəmin yadına
kənddəki daha təcrübəli bir mamaça düşür.
Nənəm ağrıdan
qıvrılan anamı
sevincək toxdadır
ki, bir az da döz,
qızım, bir az da döz!
Qoy o adam gəlsin!.. Bəli,
mən də o adamı gözləməli
olmuşam...
Əlini cibinə salıb ucuz bir siqaret
çıxartdı. Mənə də
təbii ki, təklif etdi. Xətrinə dəyməmək
üçün yalan
deyəsi oldum: – Sağ olun, – dedim, –çəkən deyiləm...
O isə siqaretindən dərin bir qullab alıb yenə də köks ötürdü. Və mənə birdən-birə elə gəldi ki, belə adamlar sanki köks ötürmək üçün
dünyaya gəlirlər,
heç yuxuda da gülmürlər...
–Hə, elə o vaxtdan bəri mən də həmişə gözləməli
olmuşam. O adam
da ya heç
gəlməyib, ya da çox gecikib...
Gözlədiyim adamın
yerinə yadlar gəlib...
Dayanacaqdakı bu görüş bəlkə də gördüyüm qaramat yuxunun ağır davamı idi. Ürəyim sıxıldı. İndi məni
yalnız bu adamdan necə ayrılıb izal olacağım düşündürürdü.
Lal-dinməz, qəfil ayrılsaydım,
xətrinə dəyərdi.
Mən isə onu incitmək
istəmirdim. Birdən
ağlıma gəldi
ki, onun gözlədiyi o adam bəlkə elə mən özüməm!.. Açığı bu fikirdən
özüm də xoşlandım. Qəlbimdə gizli bir məmnunluq
duydum. O adam mən idimsə, hökmən ona nəsə bir kömək, yardım etməli idim. Əlimi cibimə apardım, kağız pulların üstündə gəzdirib
barmaq hesabı saymaq istədim...
Onunsa baxışları
birdən-birə uzaqlara,
artıq dan qızartısı çökən
üfüqlərə dikilmişdi. Elə bil gözlədiyi adam oradan
gəlməli idi...
Fikir verib birdən başa düşdüm ki, elə bil o, bayaqdan bəri kiminsə cızıq çəkib durduğu yerdən irəli-geri bircə də addım atmamış və o dar cızıqdan
kənara çıxmağa
cürət etməmişdi.
Dayanıb durduğu bu darısqal yer elə bil axır
ki, nə fikirləşdisə onu bezikdirib təngə gətirdi.
Xırda addımlarla ehmalca səkidən enib dayanacaqda asta-asta var-gəl etməyə başladı. Yolda maşınlar artıq
o baş-bu başa hərəkət edir, şütüyürdülər. Gözümü ondan bir anlığa yayındırmışdım
ki, qəfil əyləc səsindən
qanım dondu. Bahalı iri qara avtomobil
irəlidə, o isə
al-qan içində maşından xeyli geridə idi. Avtomobildən düşən
bazburutlu kişi
vurduğu adama yaxınlaşanda, o gözlərini
axırıncı dəfə
açıb ona baxdı, sonra da qapanan gözlərini
bərk-bərk yumdu.
Sanki gözlədiyi adam elə bu imiş.
Qəhər məni boğdu. Olmaya həmin adamın gözlədiyi elə Əzrayıl imiş...
Aydın Tağıyev
525-ci qəzet.- 2013.- 2 fevral.- S.30.