“Dünya siyasətində dini rəğbətin
rolu olsa da,.." "... ciddi məsələlərin həllində
mühüm arqumentə çevrilə bilmir”
(davamı)
Müsahibimiz fəlsəfə elmləri doktoru, professor Niyazi Mehdidir.
– İslamda Şəriət məsələləri haqqında nə deyə bilərsiniz. Toplumda şəriət yolu ilə birliyin yaradılması mümkündürmü?
– Azərbaycanlıların dini kəsimində “Şəriət” sözünün oyatdığı duyğu və düşüncə, az qala, Quranın oyatdığı qədərdir. Bu kəsimin İslamla bağlı bilgisiz çoxluğuna elə gəlir ki, şəriət də Qurani-kərim kimi Allah tərəfindən nazil olan kitabdır və necə ki, İslamın qutsal kitabı kodifikasiya olunmuş, yəni surələrinin sayı, ayələrinin yeri bəlli olan, formatı dəyişməz kitabdır, şəriət də elədir. Halbuki Şiələrin və Sünnilərin şəriəti başqa-başqadır və ortada Quran tipində “şəriət” adında kitab, ya məcəllə yoxdur. Şəriət, sadəcə, qanunların İslam əqidəsi və başlanğıclarna bağladılmasını qaçılmaz etmək üçün formalaşmış hüquq “fəlsəfəsidir”. Hərçənd “İslam əqidəsi, İslam başlanğıcları necədir?” məsələsində dürlü yozumlar çoxvariantlılq yaradır, deməli, belə də bir variant alınmır. Yəni bu halda da şəriət bütün müsəlmanları bir kökə bağlayıb arzu olunan birliyi yaradammır. Bunu onun üçün vurğulayıram ki, İslam mənəviyyatında və görüşlərində BİR-lik paradiqması başlıca amildir. “İslam” sözünün hikməti bu birliklə açılır: Bir olan Allaha hamı itaət edəndə BİR-lik alınır. Bundan da təriqət çoxluğuna pis münasibət qaynaqlanır. Əş-Şəhristani təriqətlərin yaranmasının kökünə İblisin Allahın buyuruğuna şübhəsini, quşqusun qoyaraq sonrakı İslam haçalanmalarını İblis şübhəsindən çıxarmışdı. Beləcə, şübhə İslamı (Allaha itaəti) parçalayan zəhər sayılırdı.
İslamda heç cürə birlik əldə olunmur. Hətta əş-Şəhristani boynuna almalı olmuşdu ki, müsəlmanların 73 təriqəti var. Belə bir durumda şəriəti Anayasa ranqına qaldırıb bununla ölkədə BİR-lik yaratmaq iddiası yanılma və ya əlçatmaz istək kimi görünür.
Bəlkə şəriətə danılmaz hüquqi sərvət kimi baxılmasının özülündə o durur ki, məhz şəriət ədalətli topluma, ədalətli hüquqa qarant olur? Səudiyyə Ərəbistanı, taliban Əfqanıstanı, İran bu ümidlərin yanlışını göstərdi. Ona görə də Misirdə Anayasa üçün şəriətin əsas elan edilməsinin arxasında hansısa müsəlman ölkəsinin uğurları durmur ki, heç olmasa bu, arqument olsun.
Şəriətin İslam orijinallığını götürüb bununla öz köklərimizə bağlılığa ümid etmək düz olmaz. Birincisi, şəriət hüquq fəlsəfəsinin formalaşmasında Bizans, İran, yəhudi etkiləri çoxdur. Deməli, şəriətdə İslamdışı rişələr az deyil. İkincisi, Britaniya hüququ göstərir ki, milli-dini özəlliyi dünyəvi (sekulyar) sütunlarla da saxlamaq olar. Üçüncüsü isə “milli-dini özəlliyi saxlamalıyıq” deyimini nə qədər ürəyimizə yatsa da aksioma kimi qəbul etmək olmaz.
Bu düşüncəmi örnəklərin dilində göstərim. şəriətə görə donuz ətini yemək yasaqdır (Qurandan gələn qadağa, hərçənd orada istisnaya ayaq yeri qoyulub). Mədəniyyətdə elə durumlar yaranır ki, fərqlərin dərinləşməsi və çoxaldılması konstruktiv iş yapır. Məsələn, “bizlər/yadlar” qarşıdurumunda ayrılmalar (fərqlər) qarşıdurmanı şiddətləndirir. Ermənilərlə gerçək müharibə başlasa, savaş ideolojisinə düşmənçiliyi artıran arqumentlər gərəkəcək. Bu zaman donuzun bütün murdarlığı şişirdiləcək ki, donuz ətini yeyən ermənilərə ikrah artsın. Savaşdan sonra barışıq aşaması, mərhələsi gələndə isə, təbii, “bizlər/yadlar” qarşıdurmasını şiddətləndirən faktlar ya vurğulanmayacaq, ya da unutqanlığa buraxılacaq. Tutalım, donuz yeməyin “iyrəncliyi” söhbəti aradan yığışdırılacaq. Bir sözlə, savaş ideolojisinin, deməli, düşmənçilik fərqlərinin yerinə barış ideolojisi, deməli, eyniyyət axtarışları gələcək.
– Müsəlmanlar İslamın qoyduğu mənəvi vəzifənin öhdəsindən nə dərəcədə gələ bilirlər?
– Hər bir dində böyük önəm verilən məsələ budur: necə etməli ki, insana Tanrı ilə birgəlik dünya ilə birgəlikdən maraqlı olsun? İnsanların çoxunun ibadətdə hövsələsizliyi, Allahı zikr etmək, yadında saxlamaq, Onu düşünmək məsələsində psixoloji problemləri yaman çoxdur. Allah-tala sanki özü elə yapıb ki, insan psixolojisi onu Allahdan aralanmağa itələyir və bəlkə də ona görə əski türklər ibadətə “tapınmaq” deyirdilər. Yəni əsl ibadətdə insan itirilmişlikdən Tanrı üçün tapılmağa qayıdır.
İnsanın Allahdan uzaq düşməsinin bir səbəbi də dünyanın ona daha rəngarəng, maraqlı görünməsidir. Bax, bu duruma görə də ortaya MƏNƏVİ vəzifə çıxır: necə etməli ki, insana Tanrı dünyadan daha maraqlı olsun? Hinduizm, Xristianlıq və Buddizm bu problemi çözmək üçün Dünyanı dadsızlaşdıran, maraqsızlaşdıran dürlü zahidlik yolları, dürlü psixoloji treninqlər ixtira etmişdilər ki, insana bu qədər ləzzətli dünyadan qopmaq asan olsun. Məhəmməd peyğəmbər isə soruşulanda demişdi ki, İslamda zahidlik yoxdur. Peyğəmbərlə bağlı başqa bir hədis də məşhurdur: “Mənə bu dünyada üç şeydən ləzzət almaq izni verilib: qadından, gözəl ətirlərdən və... namazdan”.
İslam dünyasının bütün tarixi göstərir ki, dinimiz gözəl dadlı, gözəl qoxulu yeməkləri, ətirli məişətləri, qadın gözəlliklərindən həzzi hətta möminliyə də yasaqlamamış, bəsləyib gəlişdirmişdir (Ortaçağ Avropasının gözəl yaşamağı müsəlmanlardan öyrənməsi bəlli faktdır). Bütün yerdə qalan dinlər insana mənəvi öhdəlik qoyanda bu dünyadan üz döndərməyə və onun üçün də bu dünyanın olmasına yol verməməyə çağırmışdır. İslam isə mömini elə bir yaşayış rejimində sınağa çəkir ki, orada gözəl dünyaya yasaq yoxdur və insana buyurulur ki, bax, belə bir dünyada yaşaya-yaşaya sən elə olmalısan ki, Allahla birgəlik həmin dünya ilə birgəlikdən sənə maraqlı olsun. İslamın bir mənəvi özəlliyi, məncə budur. Ancaq maraqlıdır ki, çağdaş Qərb sanki İslam mədəniyyəti yolunu seçərək bolluq, rəngarənglik dünyasını yaratdı. Müsəlman ölkələrindən bəziləri isə əyləncəli, rəngarəng dünyaya yasaq qoymaqla özləri də bilmədən Ortaçağ xristianlığının yolunu tutdular. Əslində biz deyə bilmərik ki, İslamın qoyduğu mənəvi vəzifənin öhdəsindən müsəlmanların çoxu uğurla və tez-tez gəlir. Çünki Allahın naminə əyləncəli, bolluqla dolu yaşamda ola-ola belə dünyadan güclü olmaq çox çətin məsələdir. Ancaq möminliyin həmişə müxtəlif çətinlikləri olur.
– Qarabağ münaqişəsinin həlli yolunda baş sındıran beynəlxalq qurumların əsas tərkib hissəsi xristian dövlətlərindən ibarətdi. Məsələnin həllinin ləngiməsi, daha çox ermənilərin xeyirinə yönləndirilməsinə can atılmasının din amili ilə bir bağlantısı ola bilərmi?
– Məlum məsələdir ki, bu şübhələr var. Biz əlbəttə ki, onlara yadıq, ancaq ermənilər doğmadırlar. Onun üçün də aydın məsələdir ki, ermənilərin qədim mədəniyyəti, xristianlığı, Qərb dünyasındakı məhşur ermənilərin çoxluğu onları Avropa üçün doğma edib. Necə ki, türklər bizim üçün doğmadırlar. Ancaq bu o demək deyil ki, məsələni birmənalı həll etmək mümkündür. Əgər bu mümkün olsaydı, çoxdan ermənilərin xeyrinə məsələ həll olunardı. Dünya siyasətində dini rəğbətin rolu olsa da, tam olaraq hansısa ciddi məsələlərin həllində mühüm arqumentə çevrilə bilmir. Beynəlxalq siyasətdə ölkələrin, böyük ölkə qruplarının dini rəğbəti rol oynayır, ancaq beynəlxalq siyasətin sistemi elə qurulub ki, bu rəğbət ağ olmaq səviyyəsinə çatmır. Ağ olmaq səviyyəsinə çatmaq üçün də gərək onlar bu məsələni ermənilərin xeyrinə həll etsinlər. Ermənilərə rəğbət var, ancaq ağ olmaq səviyyəsinə çatmamaq üçün bu məsələni ermənilərin xeyrinə həll etməzlər.
– Missionerlərə münasibətiniz necədir. Sizcə, missionerlərin fəaliyyəti dövlətçiliyin əleyhinə yönələ bilərmi?
– Missionerlərə münasibətim normaldır. Mən çox istərdim ki, İslam dininin də missionerləri olsun. XIX əsrdə Həmədanda Xristian məktəbi vardı ki, onlar hamısı missionerlər tərəfindən yaradılmışdı. Xristian missionerləri getdikləri bütün ölkələrdə təhsil yayırdılar. İslamda isə Nurçular müəyyən mənada xristianların bu sahədə etdiklərini edirlər, tutalım, məktəblər açırlar. Onlar öz icmalarında, təriqətlərində olan müsəlmanlara təkcə mənəviyyatla deyil, həm də biznes yolu ilə şərait yaradırlar ki, güzəranlarını yaxşılaşdırsınlar. Bu, Xristian missionerlərinin tapdıqları yoldur və çox normaldır. Azərbaycandakı missionerlərlə yaxından tanışlığım olmasa da, bir missionerdən eşitmişəm: bizi günahlandırırlar ki, zorla müsəlmanları xristianlaşdırırıq. Halbuki biz dinsizi imana gətiririk.
O ki qaldı missionerlərin fəaliyyətinin dövlətçilik əleyhinə yönəlməsi qorxusuna, mənə elə gəlir ki, dövlət öz qabaqlayıcı ölçülərini götürməlidir. Söhbət ondan getmir ki, missionerlərin qarşısı alınmalıdır. Sadəcə, elə vəziyyət yaradılmalıdır ki, azərbaycanlı üçün xristianlığı çəkimli edən hər nəsnə İslamda və bizdə də olsun. Bir kobud misal deyim. Əgər Azərbaycanda müğənnilər “çevir tatı, vur tatı” mahnılar oxuyurlarsa, əgər bizim televiziyalarda şou proqramlarında vəziyyət biabırçılıqdırsa, Türkiyədə bunlar bizdən səviyyəlidirsə, biz əlbəttə ki, Türkiyəyə qulaq asıb, onarı izləyəcəyik. Əgər Xristian dünyasında kilsədə insanın mənəviyyatı üçün rahatlıq, insani keyfiyətlərin yüksək göstəriciləri varsa və İslam dünyasında indiki bəzi mollalar varsa, aydın məsələdir ki, biz uduzacağıq. Dövlət dindən ayrı olsa da, dövlətin dolayı imkanları var. Elə edə bilər ki, İslam Azərbaycanda yüksək səviyyədə olsun. İslam dünyasında olub Xristian dünyasına tamarzı qalmaq İslam dünyasını zəiflədir.
– Millətlərarasında sülhün, mehriban münasibətlərin bərqərar olunmasında dinin rolu nə dərəcədə əhəmiyyətlidir?
– Ümumiyyətlə, tarixə nəzər salanda da görürük ki, dinlər həm xalqlar arasında düşmənçilik yaratmaq üçün istifadə olunub, həm də düşmənçiliyin aradan qaldırılması üçün. Avropada liberalizmə görə dindəki vəziyyət nisbətən dəyişdi. Xalqların mehriban olması çox çətin məsələdir. Xalqların mehriban yaşaması barədə deyilənlər Sovet ritorikasıdır. Xüsusilə də iki qonşu ulusun bir-birini sevməsi nadir olaydır. Görünür ki, bu məsələdə dindən daha çox qayda-qanunlar və uyğun institutlar rol oynamalıdır. Məsələn, norveçlərlə isveçlər çox yaxın millət olmaqlarına baxmayaraq, adi məişət səviyysində bir-birini sevmirlər. İsveçlər norveçlərə kəndçi kimi baxırlar. Ancaq elə bir mühit yaranmalıdır ki, insanlar yadlığı, bir-birinə heyran olmamağı düşmənçilik səviyyəsinə daşımasınlar.
– Ümumiyyətlə, bizdə tez-tez vurğulanır ki, Qafqaz kimi məkanda dini və milli tolerantlığın təmin olunması çox çətindir. Sizin buna münasibətiniz necədir?
– Düzdür. Ancaq keçmişə baxanda xeyli dəyişmişik axı. Deməli, gələcəkdə daha çox dəyişəcəyik. Ötən yüzilin 50-ci illərində Sarıcalıda, nənəmgildə erməni ustalar işləyirdi. Mən həyətdəki stəkanı götürüb su içmək istəyəndə nənəm cumub “ədə, ədə, murdardır” dedi. O vaxtdan mən xeyli vaxt erməninin yediyi qabdan yemirdim. Ancaq sonralar bu axmaq vərdişi tərgitdim. İndi çoxmu Azərbaycan kəndi var ki, gürcünün, yəhudinin yediyi qabdan iyrənsin? Yoxdur. Dünya, bax, belə dəyişir.
Günel MUSA
525-ci qəzet.-
2013.- 5 fevral.- S.6.