Qara müqavilədəki ağ yalanlar
Görünür bu taleyüklü müqaviləyə
– “Türkmənçay”a biz hələ dəfələrlə
qayıtmalı olacağıq. Çünki bu
müqavilənin Azərbaycana, onun xalqına vurduğu siyasi –
mənəvi zərbələrin yeri hələ də
sızıldayır. Bundan əlavə, üstündən
185 il keçməsinə baxmayaraq, orda təjrif
olunmuş və açılmamış məqamlar qalıb. Odur ki, məsələnin elmi araşdırmalara
ehtiyacı olmasına baxmayaraq, bu məqamlara aydınlıq gətimək
üçün biz kütləvi informasiya vasitələrindən
istifadə etməli oluruq.
Bu azmış kimi, “Türkmənçay” müqaviləsi
mətnində coğrafi yer adlarımız bilərəkdən
təhrif edildi, onların əsl adlarının dəyişdirilərək
tarix səhnəsindən silinib çıxarılmasına
ciddi səylər göstərildi. Elə bil ki, həmin andan, 1828-ci ildən,
bu tarixi sənəd ermənilərin İrandan, xüsusilə
Güney Azərbaycandan, Naxçıvan və İrəvan
xanlıqlarına və Qarabağa kütləvi
köçürülmələrini əsaslandırmaqla dədə-baba
Azərbaycan torpaqlarının erməniləşdirilməsi
və xristianlaşdırılmasını
planlaşdırdı (XV Maddə: “...Hansı dərəcəyə
məxsus olmasından asılı olmayaraq onlardan (ermənilər
nəzərdə tutulur – müəllif) heç kəs öz
hərəkətinə və ya müharibə ərzində
və ya Rus ordusunun adı çəkilən vilayəti
müvəqqəti tutduğu zaman davranışına görə
təqibə, dini əqidəsinə görə təhqirə
məruz qalmamalıdır. Bundan başqa, o, məmur və
sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə
birlikdə İran vilayətindən Rusiyaya sərbəst
keçmək, hökumət və yerli rəisliyin heç
bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına
və əşyalarına hər hansı gömrük və
vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və
satmaq üçün bir il vaxt verir. Tərpənməz
mülkə gəldikdə isə, onun satılması və
onun haqqında öz xoşuna sərəncam üçün
beş illik müddət müəyyən
edilir.”).
Həqiqət
göz qabağındadır! Nəticədə, tarixi Azərbaycan
torpağı olan İrəvan xanlığı 1828-ci ildə
“Ermənistan əyaləti”, 1949-cu ildə Rusiya
İmperiyası Qafqaz canişinliyinin İrəvan
quberniyası, 1918-ci ildə Ararat Respublikası, 1991-ci ildən
isə Ermənistan Respublikası oldu. Beləliklə,
Azərbaycanın Göyçə və Zəngəzur kimi
tarixi torpaqları da öncəliklə çar və sonra
sovet imperiyasının əlilə onun yerli sakinlərinin – azərbaycanlıların
iradəsinin əksinə olaraq, zorla Ermənistanın tərkibinə
daxil edildi və “erməniləşdirildi”. Bu gün də
Azərbaycan torpaqlarının 20 faizini təşkil edən
Qarabağ və ona bitişik yeddi rayonun ərazisi 20 ildən
çox bir müddətdir ki, erməni işğalı
altındadır.
Qeyd edilməlidir
ki, “Türkmənçay” müqaviləsinin imzalanmasından
bu günə kimi 185 il keçir. Amma, təəssüflər
olsun ki, indiyə kimi bu sənədin mətnində Azərbaycan
ərazisinə aid coğrafi yer adlarının təhrif edilməsinə,
hətta saxtalaşdırılmasına, nəinki beynəlxalq
miqyasda, hətta, Azərbaycan
tarixşünaslığında belə heç zaman və
heç kim tərəfindən diqqət çəkilməmişdir
və rus dilində getmiş mətndəki coğrafi yer adları
eynilə Azərbaycan dilinə tərcümədə
saxlanılmışdır!
Əslində, sözügedən məsələ tərcüməçilərin
yox, tarixçilərimizin məsuliyyətinə aid bir məsələdir.
Zahirən
milli mədəniyyətimizin və müxtəlif elm sahələrinin,
o sırada tarix elminin, intibah dövrünü yaşadığı
sovetlər dönəmində də “Türkmənçay”
müqaviləsinin rus dilindəki mətnini Azərbaycan dilinə
çevirən görkəmli tarixçi alimlərimiz həmin
mətnin 4-cü və 14-cü maddələrindəki Azərbaycana
aid mühüm tarixi yer adlarına laqeyd və tərəfsiz
münasibət bəsləmişlər, doğma diyarın
yer adları barədə əslən, cüzi də olsa,
fikirləşməmişlər, fərqinə
varmamışlar. Bunun bir neçə əsaslı səbəbi
ola bilər: onlar ya “qaysaq
bağlamış yaranın” yenidən qanamasından
“qorxmuşlar”, ya da müqavilənin fars dilində olan mətni
əldə olmadığından, onun rus mətnindəki (XVI
Maddə) “...Eyni məzmunda (kursiv müəllifə aiddir) iki
nüsxədə tərtib edilmiş...” ifadəsinə
söykənərək həmin müqavilənin yuxarıda
sözügedən müvafiq maddələrindəki
coğrafi yer adlarını olduğu kimi qəbul etmişlər.
Bununla belə, tədqiqtçılar və
tarixçilər Azərbaycana aid coğrafi yer
adlarının müqavilənin rus dili mətnində
doğru-düzgün səsləndirilməsinə fikir verməli
idilər.
Haşiyə
1: Sovetlər rejiminin dağılması ərəfəfsində,
Qarabağla bağlı hadisələrin Azərbaycanda
çox kəskin olaraq gündəmə gəldiyi, xüsusilə
Bakıda “meydan hərəkatı”nın
qızışdığı zamanlarda, görkəmli Azərbaycan
tarixçisi professor F.Əliyevin (Allah ona rəhmət eləsin!)
“Azerbaydjan v XVIII veke” adlı məqaləsinə
yazılmış tənqidi rəy elmi şuranın 05.02.1990
tarixli iclasında səsləndikdən sonra, öz təbirincə
desək, “Azərbaycan-Rusiya
münasibətləri” adlı ağacı əkmiş bu alim
bildirdi ki, əgər ömür vəfa etsə, o, bu məsələyə
yenidən baxacaq və yeni səpkidə və əsaslarda
mövzunu yenidən işləyib ortaya qoyacaqdır. Təəssüflər
olsun ki, amansız ölüm vəfa etmədi və bu
görkəmli alim də vədinə əməl edə bilmədi!
Ona görə də, sovetlər dönəmində əkilmiş
belə ağacların meyvələrinin ətrinə və
dadına “aludə” olub “xəstələnən” tarixçi nəsli
yetişmişdi. Bu cür “xəstəliyin müalicəsi
üçün” isə bəzən bir neçə
ömür belə kifayət etmir!
Bu yazıda məqsəd “Türkmənçay”
müqaviləsinin 4 və 14-cü maddələrində qəsdən
təhrif edilmiş coğrafi yer adlarının əsilliyini bərpa
etmək və doğru-düzgün olanını ortaya
qoymaqdır. Elə buna görə də yenidən bir daha “Türkmənçay”
müqaviləsinə müraciət etdik.
“Türkmənçay” müqaviləsi Rusiya və
İran arasında Azərbaycanın və azərbaycanlıların
bölüşdürülməsini qəti olaraq təsbit
etdi, onun 4-cü maddəsi isə iki dövlət
arasındakı sərhəd xəttini müəyyənləşdirdi. İlk olaraq
“Ağrı dağı” adı üzərində dayanaq.
Sözügedən müqavilənin fars dili mətnində “kiçik Ağrı dağı”
ifadəsi işləndiyi halda, rus dili mətnində
“kiçik Ararat dağı” ifadəsi getmişdir.
Göründüyü
kimi, müqavilənin fars dilindən rus
dilinə tərcümə edilməsi işində ermənilər
yaxından iştirak etmişlər. Rusiyada, o cümlədən
Qafqazda, dövlət qulluğunda xidmət edənlər
sırasında onların sayı az
olmamışdır. Elə ona görədir ki,
onlar “Türkmənçay” müqaviləsinin mətnində
öz “erməniliklərini” yeridə bilmişlər. Bununla bağlı qeyd edilməlidir ki, Qafqaz hərbi
dairəsi komandanı, İrəvan qrafı general
İ.F.Paskeviçin əmri ilə İran ermənilərinin
Quzey Azərbaycana köçürülməsi işində
rus ordusunun polkovniki erməni X.Lazarev xüsusi fəallıq
göstərmişdir. S.N.Qlinkanın
yazdığına görə, o, öz soydaşlarına
Qarabağ ərazisində yerləşməyi tövsiyə
edirmiş.
Müqavilənin
4-cü maddəsində diqqəti çəkən təhriflərdən
biri də fars mətnindəki “Balharud”
çayının adıdır (“rud” sözü fars dilindən
tərcümədə “çay” mənasını verir). Müqavilənin rus dili mətnindəki 4-cü maddədə
qeyd edilir ki, “...sonra sərhədd xətti Muğan
düzü vasitəsilə Bolqarçayadək ... gedir”.
“Balharud”
və “ Bolqarçay” ifadələri
arasındakı münasibəti də, zənnimizcə, burada
oxucu üçün incələməyə dəyər. Belə
ki, müqavilənin fars dili mətnində
adı “Balharud” kimi getmiş çay bugünkü
İranın Ərdəbil əyalətinin Azərbaycan
Respublikası ilə 382 km-lik sərhəd xəttinin 159 km-nə
aid hissəsi boyunca axır. Bu çay öz mənbəyini
Uca çaydan götürür, Ərdəbil əyalətinin
Germi şəhərindən axıb keçərək, bu
şəhərin Azərbaycan Respublikası ilə sərhəddini
təşkil edir, onu Yardımlı və Cəlilabaddan
ayırır. Çay Hadıbəyli kəndindən
keçərək Azərbaycan Respublikasının Biləsuvar
rayonu nahiyyəsində Mahmudçala gölünə
tökülür. Azərbaycanda bu
çaya “Balharı çayı” deyirlər.
Sözügedən müqavilənin 4-cü maddəsində
daha bir neçə coğrafi məkana aid adların da mənşəyinə
aydınlıq gətirilməsi tərəfimizdən zəruri
hesab edilir. Rus dili mətnində işlənmiş bu ifadələr
Azərbaycan dilinə tərcümədə də eynilə
işlənməkdə və səsləndirilməkdədir.
Həmin maddədə “...Sərhəd Cikoir zirvəsindən,
Talışı Ərş dairəsindən ayıran
dağlar üzrə Qəmərkuhun zirvəsinədək
keçir” cümləsindəki “Cikoir”, “Ərş” və” Qəmərkuh”
coğrafi yer adları əslində Azərbaycan dilinə tərcümədə
müvafiq olaraq “Cəgir”, “Ərəş” və “ Kəmərkuh”
kimi getməli idi.
Belə
ki, müqavilənin rus dili mətnidə “Cikoir yüksəkliyi”
kimi işlənmiş coğrafi ad 18 yanvar 1829-cu il tarixində
İran ilə Rusiya arasındakı sərhəd xəttinin təyin
edilməsi barədə imzalanmış Protokolda “Cəgir
yüksəkliyi” kimi getmişdir. Cəgir
yüksəkliyi İranın Ərdəbil ostanında Gərmi
şəhəri nahiyyəsində Qalğanlı ilə Xankəndi
şosse yollarının kəsişdiyi və İran-Azərbaycan
sərhəddində Lerik rayonu ərazisinə yaxın bir yerdədir.
Cəgir yüksəkliyi ərazisi hazırda
İranın ən gözəl turizm mərkəzlərindən
sayılır. Ərazidə turistlər
üçün otellər də tikilmişdir.
Fars
dilinin yazı qrafikasında “ə” səsini sözün
ortasında ifadə edən ayrıca hərf
olmadığından və yalnız oxunuşda səsləndiyindən,
fars dili mətnindəki “Ərəş” yer adı “Ərş”
kimi oxunmuş və sonrakı Azərbaycan və ingilis dilinə
olan bütün tərcümələrdə də bu cür
getmişdir.
Müqavilənin
bugünkü Azərbaycan dilinə tərcüməsi rus dili
mətni əsasında edildiyindən oradakı “Kamarkuy”
dağ adı “Qəmərkuh”
kimi işlənmişdir. Əslində isə həmin
dağın adı “Kəmərkuh”dur (“kuh” fars
dilində dağ mənasını verir – müəllif) və
İranın bugünkü mövcud coğrafiya xəritələrində
də “Kəmər” dağı kimi yazılmışdır.
Deməli, müqavilənin mətnindəki yuxarıdakı
cümlə Azərbaycan dilinə tərcümədə
“...Sərhəd Cəgir zirvəsindən, Talışı Ərəş
dairəsindən ayıran dağlar üzrə Kəmərkuhun
zirvəsinədək keçir” kimi oxunmalıdır.
Müqavilənin
rus və Azərbaycan dillərindəki tərcümə mətnlərində
sözügedən maddədə işlədilmiş “Züvand”, “Velgic” və “Kloputa”
kimi coğrafi yer adlarının da dəqiqləşdirilməsinə
ciddi lüzum vardır. Belə ki, göstərilən bu
coğrafi məkanların adları fars
dilindəki əsl nüsxədə olan adlardan fərqlənir.
“Türkmənçay” müqaviləsinin rus dilindəki
əsl nüsxəsinin 4-cü maddəsində eyni coğrafi
məkanın adını ifadə etmək üçün
bir yerdə “Ziland” (Ziland) və sonra isə “Zuvant” (Zuvant)
işlənmişdir, Azərbaycan dilinə tərcümədəki
mövcud mətnlərdə isə bu ad “Züvand” kimi
getmişdir. Əslində isə bu coğrafi məkanın
adı “Zuvand” kimi işlədilməlidir. Belə ki,
1930-cu il avqustun 8-də təşkil
olunmuş Lerik rayonu 1938-ci ilədək Zuvand adını
daşımışdır.
Müqavilənin
rus dili nüsxəsində işlədilmiş “Velgic” yer
adı da fars dili nüsxəsindəki eyni
coğrafi məkanı ifadə edən yerin adından fərqlənir.
Belə ki, həmin müqavilənin fars
dili mətnində bu coğrafi məkanın adı “Vekonc”
kimi getmişdir. Müvafiq araşdırmalar göstərdi ki,
həmin coğrafi məkanın adı fars
dili mətnindəki “Velkonc” kimi işlənməlidir.
Müqavilənin
rus dili mətnində “Kloputa” dağı kimi qeyd edilmiş
coğrafi məkanın adı fars dilindəki
əsl nüsxədə “Kəlupuni” kimi getmişdir. Müqaviləni ilk olaraq Azərbaycan dilinə
çevirən müəlliflər də dağın
adını rus dili mətnində olduğu kimi
saxlamışlar. 18 yanvar 1829-cu il
tarixində İran ilə Rusiya arasındakı sərhəd
xəttinin təyin edilməsi barədə imzalanmış
Protokolu Azərbaycan dilinə çevirmiş mərhum alimimiz
Seyidağa Onullahi isə sözügedən coğrafi məkanın
adını “Kəlubuti” kimi qeyd etmişdir.
Görünür, fars dilində əsl nüsxə əldə
olmadığından, Qacarlar hakimiyyəti illərində
(1797-1834-ci illər) işlənən fars dili yazı xəttindəki
mətnin oxunuşu müəyyən çətinlik
yaratmış və müəllif fars dili qrafikasındakı
“p” səsini verən “?” (pe) hərfini “b” səsini
verən “?” (be) hərfi kimi və
sözün sonundakı “n” səsini verən “?” (nun) hərfini də “t” səsini verən “?” (te) hərfi kimi oxumuşdur. Fars dili
qrafikasındakı nöqtələrin sayı öz işini
görmüşdür! “Türkmənçay”
müqaviəsinin 4-cü maddəsində iki dövlət sərhəddində
mühüm ünsürlərdən birini təşkil edən
bu dağın adının “Kələpuni” kimi
yazılması məqsədəuyğundur. Fikrimizi əsaslandırmaq
üçün müqavilənin fars
dilində və rus dillərində əsl nüsxələrinin
surəti burada oxucunun diqqətinə təqdim edilir:
“Türkmənçay”
müqaviləsinin 14-cü maddəsində də Azərbaycana
aid bir neçə coğrafi məkanın adı çəkilib
(...“İran hökuməti ... öhdəsinə
götürür ki, indi və ya sonralar Rusiya hökumətinin
adbaad göstərdiyi adamların Arazla Çara
çayının, Urmiya gölünün, Cakatu
çayının və Qızıl üzən
çayının Xəzər dənizinə
töküldüyü yer arasında yaratdığı
hüduddakı öz torpaqlarında olmasını qadağan
edəcəkdir”...) və onlardan ikisinin – Çara və Cakatu
kimi qeyd edilmiş çayların adlarının dəqiqləşdirilməsini
lazım bildik.
“Çara”
kimi yazılmış çayın adı həm fars dilində olan əsl nüsxədə və
həm də İranın bugünkü coğrafi xəritəsində
“Çəhriq” kimi getmişdir. Güney Azərbaycanın
Salmas şəhəri yaxınlığında Çahrı
adlı yaşayış məntəqəsindən axıb
keçən Zola çayına yerli xalq “Çahrı”
çayı deyir və həmin çayın ortasında bir
zamanlar babizm hərəkatının öndəri, “Bəyan”
kitabının müəllifi Seyid Əli Məhəmmədin
2 il müddətinə həbsdə saxlanıldığı
“Daş Çahrı qalası” da vardır. Ona
görə də, bundan sonrakı tarixi ədəbiyyatda və
tərcümlərdə həmin coğrafi adın
“Çahrı” kimi işlənməsi məqsədəuyğundur.
Müqavilənin bu maddəsində “Cakatu” kimi qeyd
edilmiş çayın adı isə əslində
“Cığatı”dır və bu ad Azərbaycan tarixində
baş vermiş məlum hadisələrlə
bağlıdır. Monqol-tatarların Azərbaycana
yürüşü zamanı Çingiz xanın ikinci
oğlu Cığatayın şərəfinə bu çaya
onun adı verilmişdir. İranın
bugünkü coğrafi xəritələrində
çayın adı Zərrinərud kimi yazılır, amma
Güney Azərbaycanda yerli xalq onu Cığatı
çayı adlandırır. Cığatı
çayı öz mənbəyini Kürdüstan əyalətinin
Saqqız və Banə şəhərləri
arasındakı Qırx Çeşmə adlanan yüksəklikdən
götürür və 1100 kvadrat km. ərazidə su hövzəsi
yaratmaqla 300 km uzunluğa malikdir. Bu çay
Miyandoab şəhərinin şərqindən keçərək
cənub-qərb hissədən Urmiya gölünə
tökülür.
İranın coğrafi xəritəsində “Tatau” kimi
qeyd edilən, amma yerli xalq arasında “Tətəu”
adlandırılan çay da öz mənbəyini
Kürdüstanın Saqqız nahiyyəsindəki zirvələrdən
götürür və Miyandoab şəhərinin qərbindən
keçərək cənub-şərq hissədən Urmiya
gölünə tökülür. Ona görə də, şərqdən
Cığatı və qərbdən Tətəu
çayları əhatə olunmuş Miyandoab şəhərinin
fars dilində mənası “İki
çay arası” deməkdir.
Haşiyə 2: Azərbaycan adlı diyarı və onun xalqını ilk dəfə ikiyə bölən “Gülüstan” müqaviləsinin 2-ci maddəsinin mətnində də “Həmzəçəmən” və “Ənzəli” yer adları da təhrif edilmiş və rus dilindəki əsl nüsxədə və Azərbaycan dilinə tərcümədə müvafiq olaraq “Həmzəçimən” və “Zinziley” kimi getmişdir. 200 il bir müddət ərzində müqavilənin mətnindəki bu çox ciddi təhriflər kimsənin diqqətini çəkməmişdir.
Bu kiçik həcmli yazıda aparılan araşdırmanın nəticəsi olaraq, “Türkmənçay” müqaviləsində təhrif edimiş Azərbaycana aid coğrafi yer adlarının düzəlişini aşağıdakı cədvəldəki kimi təqdim etməklə, bundan sonrakı tarixi ədəbiyyatlarda və tərcümələrdə bu düzgün yazılış formalarının işlənməsini məqsədəuyğun hesab edirik. Bu adların istənilən formada, hətta kiçik bir tərzdə təhrifi belə, yeni səhvlərin ortaya çıxmasına səbəb ola bilər və nəticədə bundan İran və Rusiya imperiyaları arasında ikiyə bölünmüş Azərbaycan və onun xalqı əziyyət çəkəcəkdir.
Eyni məqsədlə və eyni məzmunda, amma müxtəlif dillərdə tərtib edilən və imzalanan bütün beynəlxalq müqavilələrin mətnində, adətən, “... hər iki nüsxə uyğundur və eyni hüquqi qüvvəyə malikdir...” məzmunlu müvafiq maddə öz yerini tutur və “Türkmənçay” müqaviləsi də o qəbildəndir. Amma təəssüflər, göründüyü kimi, bu belə olmayıb!
Səməd BAYRAMZADƏ,
Tarix elmləri namizədi, dosent
525-ci qəzet.-
2013.- 5 fevral.- S.4.