Ordu – müstəqilliyimizin zəmanətidir
Jurnalist
fəaliyyətimlə əlaqədar, 2005-ci ildən isə
parlamentin üzvü qismində mən dəfələrlə
hərbi hissələrdə, hərbi təyinatlı ali təhsil
və tibb müəssisələrində olmuşam, buna
görə də son illər Silahlı Qüvvələrimizdə
baş verən köklü dəyişiklərin canlı
şahidiyəm. Azərbaycan ordusunun döyüş
qabiliyyəti, şəxsi heyətin professional hazırlıq
səviyyəsi, hərbi qulluqçuların intellektual səviyyəsi
heç şübhəsiz nəzərə çarpacaq dərəcədə
artıb. Ölkəmizin siyasi və sosial-iqtisadi həyatının
müxtəlif sahələrində baş verən müsbət
dəyişikliklər müstəqil Azərbaycanın
Silahlı Qüvvələri kimi vacib dövlət strukturuna təsir
etməyə bilməzdi. Ordu
özünün döyüş və maddi-texniki
potensialını artırır, onun beynəlxalq əlaqələri
genişlənir və dərinləşir, cəmiyyətdə
nüfuz və hörməti artır.
Bu gün Azərbaycan Silahlı Qüvvələri səhra
komandirlərinə tabe olan dağınıq hərbi
qruplaşmalar deyil, qarşısına qoyulan vəzifəni
yerinə yetirən və düşmənə layiqli
müqavimət göstərə bilən, vahid mərkəzdən
idarə olunan nüfuzlu gücdür. Son illər erməni tərəfi
inadkarcasına mütəmadi olaraq sülh rejimini pozur və
öz fitnəkarlıqlarına adekvat cavab alır. Təəssüflər olsun ki, atışmalarda
bizim əsgər və zabitlər həyatlarını itirirlər,
amma düşmən də (bunu unutmaq olmaz) canlı qüvvələrində
əhəmiyyətli itkilərə məruz qalır. Elan olunmamış müharibə yenə də
müharibədir.
Silahlı Qüvvələrdə mövcud olan neqativ
halların aradan qaldırılması istiqamətində
Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən
görülən ciddi işlər sayəsində hərbçilər
arasında qeyri-nizamnamə münasibətləri, zabitlər
tərəfindən başısoyuqluq və səhlənkarlıq,
öz hərbi mövqeyindən sui-istifadə kimi faktlar
praktiki olaraq minimuma endirilib.
Qeyd etmək lazımdır ki, şəxsi heyət
arasındakı münaqişələr əksər hallarda hərbi
çağırışçılar – əsgərlər tərəfindən
təşviq edilir. Ordu – uşaq bağçası, zabit isə
dayə deyildir, buna görə də o, 24 saat hərbi
çağırışçının yanında olub
yoldaşları ilə arasında ortaya çıxa biləcək
mümkün münaqişələrdən onu qoruya bilməz.
Əfv Komissiyasının üzvü kimi mənə dəfələrlə
bu və ya digər hərbi hissədə xidmət etmiş məhkumlardan
ərizələr daxil olub. Bu şəxslər hərbi
xidmət yoldaşları ilə dava və ya digər
mübahisə nəticəsində məhkumluq həyatı
yaşayırlar. Mübahisələrin səbəbləri
– mentalitet, intellektual və əxlaqi səviyyə fərqliliyi,
bizim millətdə hələ də mövcud olan yerlipərəstlik
və sairdir.
Bundan əlavə
dünya ilə birlikdə qlobal İnternet və ən yeni
informasiya texnologiyaları tərəfindən insanı total nəzarətə
alan əsrə daxil olan cəmiyyətimizin
yaşadığı mənəvi-psixoloji, əxlaqi problemlər
güzgü kimi orduda öz əksini tapır. Kiminsə
ad gününü qeyd etməyə və əylənməyə
toplaşan gənclərə fikir verin. Bir
müddət sonra onlar hamısı öz planşet və
ayfonlarına dalmış şəkildə müxtəlif
künclərdə otururlar. Böyük əksəriyyət
sadəcə olaraq bir-biri ilə normal ünsiyyətdə ola bilmirlər, insani söhbətlər əvəzinə
cansız “sms-lərə” üstünlük verirlər. Gənclərin bir sıra nümayəndələrində
əxlaqi dəyərlər, digərlərində məsuliyyət
hissi, üçüncü qismində vicdanla işləmək,
layiqli sənətə yiyələnmək istəyi
itmişdir. Mənəvi və fiziki cəhətdən
qüsurlu olan gənc insanlar çox hallarda elə hərəkətlər
edirlər ki, normal insan bunu anlamaqda çətinlik çəkir.
Azərbaycandakı informasiya saytları və qəzetlər
ruhları donduran bu cinayətkar hərəkətlərin təfərrüatlarını
əks etdirən məlumatlarla doludur.
Və təəssüflər olsun ki, kifayət qədər
xam və hərbi xidmətin çətinliklərinə
hazır olmayan bu cür insanlar, vaxt gəlir, hərbi heyətin
sıralarında yer alırlar. Bir il, il yarım
müddətə hətta ən qabiliyyətli zabit belə bu
cür “material”dan Vətən üçün həqiqi
müdafiəçi yetişdirmək iqtidarında deyildir. Mən
yenə də dəfələrlə öz məqalələrimdə
qeyd etdiyim məsələyə qayıtmaq istəyirəm:
cavan insanı uşaq vaxtlarından, məktəb
oturacağından, ailədə, televiziya ekranından orduda
xidmətə hazırlamaq lazımdır. Hərbi-vətənpərvərlik
səviyyəsi bizdə hələ də aşağı səviyyədədir,
əsası isə odur ki, bu bütün vətəndaşlar
üçün hələ də ümummilli vəzifəyə
çevrilməyib.
Halbuki Vətənin gələcək müdafiəçisini
tərbiyə etmək uşaq bağçasındakı dayədən
tutmuş hərbi hissədəki komandirədək
hamının və hər kəsin vəzifəsidir. Bunun üçün
Silahlı Qüvvələrə qarşı iddia sürməzdən
əvvəl bizlər hər şeydən əvvəl
öz-özümüzdən soruşmalıyıq – mən
orduya kömək etmək üçün, ailədə (cəmiyyətdə,
ali təhsil ocağında və s.) gələcək
layiqli hərbçinin tərbiyəsi üçün hər
bir şeyi etmişəmmi? Təəssüflər
olsun ki, cavab qənaətbəxş olmayacaq, təəssüflər
olsun ki, insanlar yalnız yaxınlarını və əzizlərini
hərbi xidmətə yollayarkən ordunu yada salırlar.
Qərəzli fikirlərin əksinə olaraq qeyd etmək
lazımdır ki, ordudakı neqativ halların hər biri diqqətlə
tədqiq olunur, günahkarlar məsuliyyətə, hətta
cinayət məsuliyyətinə cəlb olunur. Bu mənada mən “Ehtiyatda
və istefada olan zabitlər” İctimai Birliyinin sədri
Yaşar Cəfərlinin fikri ilə heç razı deyiləm,
belə ki, o, “Turan” agentliyinə verdiyi müsahibədə
Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı
imzatoplama kampaniyasının məqsədini izah edərkən
bildirmişdir ki, orduda əsgər ölümləri demək
olar incələnmir və indiki vaxta qədər bircə fakt
da araşdırılmayıb. Əsgərlərin
şikəst olmasında və ya ölümündə
günahkar olan zabitlər isə guya müxtəlif iqtisadi
cinayətlərə – rüşvət və ya hərbi əmlakın
dağıdılmasına görə cəzalandırılır.
Bunlar Yaşar Cəfərli kimilərin öz
iddialarını havadan götürdüyünü sübut
edən büsbütün yalanlardır.
Mən ondan fərqli olaraq faktlar göstərə bilərəm. Biz Əfv
Komissiyasının hər iclasında müxtəlif hərbi
cinayətlərə görə, ən çox da şəxsiyyətə
qarşı törədilmiş cinayətlərə görə
uzun müddətli azadlıqdan məhrum olmuş əsgər
və zabitlərdən əfvlə bağlı onlarla
müraciətə baxırıq. Təkrar
edirəm, əksər hallarda əsgər yoldaşının
ölümünə görə zabit deyil, hərbi xidmətçi
günahkar olur (baxmayaraq ki, zabit də laqeydlik və diqqətsizliyə
görə günahkardır). Qeyd etməliyəm
ki, əgər müraciət edən məhkum “dedovşina” və
ya əsgərlərlə qəddar davranışa görə
mühakimə olunmuşdursa, Komissiya üzvləri belə ərizələrə
baxmırlar. Yaşar Cəfərlinin fikirlərinin
əksinə olaraq hərbi prokurorluq ən cüzi faktları
və hadisələri də araşdırır, günahkarlar
isə hətta çox sadə dava-dalaşa görə ciddi
cəzalandırılır (zənnimcə bəzən həddindən
artıq ciddi).
Maraqlısı odur ki, cəmiyyətin özündə
kriminal hadisələr, o cümlədən qəddar məişət
cinayətləri həddən artıq çoxdur, amma nədənsə
bütün bu ölüm, zorlama, bıçaqlama faktları
qeyri-hökumət təşkilatlarının bu qədər
ciddi reaksiyasına səbəb olmur. Amma çox təəssüf ... Son
iki-üç ildə məişət
zorakılığının qurbanı olan yüzlərlə
cavan qız və qadın bıçaq və ya döyülmə
ilə həyatlarını itirmişlər! Lakin
mən bununla əlaqəli bizim müxalif gənc fəalların
və ya “feysbuk” və “tvitterin sivil” istifadəçilərinin
etiraz piketini keçirdiyini görməmişəm. Bununla belə yenicə yetkinlik yaşına
çatmış qızlarımıza qarşı qəddar
davranış əsl ümumilli problemə çevrilib və
onun həlli üçün cəmiyyət birləşməlidir.
Buna müqabil ordu ətrafında kimlərsə tərəfindən
məharətlə yenidən və yenidən ehtiraslar
qızışdırılır. Həm də suyu o QHT
və qeyri-hökumət strukturları bulandırırlar ki, məhz
onların rəhbərləri zabit rütbəsi ilə bir
araya sığmayan qəbahət və ya qanun pozuntularına
görə ehtiyata göndəriliblər. Ordumuzda
baş verən faciəvi və sarsıdıcı hadisə
bu cür insanlar üçün onları Silahlı Qüvvələrdən
kənarlaşdıran insanlarla hesablaşma vasitəsi, səs
salmaq və özlərini bir daha ucadan bəyan etmək bəhanəsidir.
Bununla bərabər yoxlanılmamış və
ya açıq-aşkar saxtalaşdırılmış məlumatlar,
şayə və dedi-qodular da daxil olmaqla bütün
şübhəli vasitələr işə salınır.
Buna görə Silahlı Qüvvələrin
ünvanına olan əsassız ittihamlara hiddətlənən
Azərbaycan zabitlərini mən başa düşə bilirəm. Onlar öz
cavab bəyanatlarında bir qrup QHT və ehtiyata buraxılan
zabitlərdən tələb edirlər ki, ümumi ordunun ləkələnməsinə,
cəmiyyətin yanlış məlumatlandırılmasına,
nəticədə ölkənin ictimai-siyasi vəziyyətinin
stabilliyinin pozulmasına istiqamətlənmiş destruktiv fəaliyyəti
dayandırsınlar.
Xatırlamaq lazımdır ki, ordu bizim müstəqilliyimizin
yeganə zəmanətidir. Buna görə
Silahlı Qüvvələrə siyasi qalmaqal, münaqişə,
hər hansı regional maraqları qoşmaq nəinki vicdandan
uzaqdır, həmçinin cinayətdir, çünki bundan
düşmənlərimiz dərhal istifadə edə bilər.
Azərbaycan
Silahlı Qüvvələri Ali Baş Komandanın – cənab
Prezident İlham Əliyevin daimi nəzarət və diqqəti
altındadır. Hər iki-üç aydan bir o, növbəti
hərbi hissəsini ziyarət edir, hərbi obyektləri təftiş
edir, əsgər və zabitlərin həyatı və məişəti
ilə tanış olur. Başa
vurduğumuz 2012-ci ildəki qısa xronologiyanı qeyd etmək
kifayətdir: 21 yanvar – Goranboy rayonunda “N” saylı hərbi hissəni
ziyarət; 30 may – Naxçıvan Muxtar Respublikasında “N”
saylı hərbi hissəni, həmçinin Culfadakı
müasirləşdirilmiş sərhəd postunu ziyarət; 31
iyul – sərhəd xidmətinin Lənkəran qarnizonu ilə
görüş; 7 oktyabr – Yevlaxda sərhəd xidmətinin hərbi
hissəsinin yeni yaşayış binası kompleksinin
açılışı. Biz Silahlı Qüvvələrimizin
necə müasirləşdiyini və yeniləndiyini,
onların müdafiə potensialının necə gücləndiyini,
ordunun saxlanılmasına dövlət büdcəsindən
ayrılan vəsaitlərin hansı həndəsi silsilə
üzrə artdığını əyani şəkildə
görürük. Tam arxayın ola
bilərik ki, bu vəsaitlərin istifadəsi də müvafiq
orqanların ciddi nəzarəti altındadır. Buna görə də Silahlı Qüvvələrdə
guya ki, geniş korrupsiyanın olması barədə bəyanatlar
həqiqəti əks etdirməyən böhtan və
iftiradır.
Mənim fikrimcə ordu ətrafında gedən
bütün bu QHT oyunları bir sıra məqsədlər
güdməkdədir. Bunlar cəmiyyətdə orduya
qarşı inamsızlıq toxumları səpmək, vətəndaşların
dinclik və təhlükəsizliyini təmin etmək
bacarığı ilə bağlı şübhələr
oyatmaq, vahimə əhval-ruhiyyəsini təhrik etməkdir.
Bir sıra qeyri-hökumət təşkilatlarını,
cəmiyyətin həddən artıq siyasiləşmiş təbəqəsini
daha çox məsuliyyətli və təmkinli olmağa
çağırmaq istərdim. Odla oynamayın (sözün hərfi
və məcazi mənasında), hərbçilərimizin
şərəf və ləyaqətini təhqir etməyin!
Ordunun təhqiri – ölkənin, dövlətin, ali baş komandanın təhqiridir.
Bizim hərbçilərin,
cəsarətli əsgər və zabitlərin üzərinə
daha böyük işlər düşür, həmçinin
ən ağır və məsuliyyətli iş olan, təcavüzkarlardan
Azərbaycan torpaqlarını azad etmək, 100 minlərlə
vətəndaşı tarixi torpaqlarına qaytarmaq, Azərbaycanın
ərazi bütövlüyünü təmin etmək.
Bu vəzifə həqiqətən də ümummilli
işdir. Bunu
unutmayaq!
Elmira Axundova,
Milli Məclisin deputatı,
yazıçı, publisist
525-ci qəzet.-
2013.- 6 fevral.- S.4.