Din və cəmiyyət dövlətin
nəzərində
Cəmiyyətin
yaratdığı dövlət qanunun aliliyi, qanunun mahiyyəti
isə əxlaq və mənəviyyatdır. İdealda belə
olmalıdır.
“Din
və dövlət” münasibəti ideologiya (inam) və
hakimiyyətin müvazinəti üzərində qurulmuş
idarəetmə sisteminin möhkəmliyinin mühüm
elementidir. Bu çətin həll edilə bilən məsələ
bütün bəşəriyyəti narahat edir və dünya
vətəndaşlarının taleyinə təsir göstərə
bilir. Başqa sözlə, bu problem, əsas etibarilə, insan əqidələri
və onun konkret əməlləri arasındakı əlaqə
süzgəcindən keçir.
Bir çox insanlar demokratik cəmiyyətdə dinin və əqidənin rolu arasında fərq qoymamaqla səhvə yol verirlər. Çox vaxt insanlar bu iki məfhumun mahiyyətinə varmır və ola bilsin ki, belə yanaşma nəticəsində terrorizm, ekstremizm, din və əqidə kimi anlayışlar və eləcə də onlar arasındakı qarşılıqlı əlaqə nəinki sadə vətəndaşlar, həmçinin çoxdan bəri bu sahə ilə məşğul olan şəxslər üçün də qaranlıq qalır. İnsanlar bilməməzlikləri üzündən çox vaxt əqidə azadlığını din və etiqad azadlığı ilə səhv salırlar.
Əqidə azadlığı bir çox beynəlxalq müqavilə, konvensiya, qərar və qətnamələrdə əsas insan haqlarından biri kimi qəbul olunub və demək olar ki, o, bütün dünya dövlətlərinin, o cümlədən də Azərbaycanın Konstitusiyasında öz əksini tapıb.
Lakin biz bir faktı da nəzərə almalıyıq ki, insanın əqidəsi yalnız din ilə məhdudlaşmır. Əqidə azadlığının özü, əsas etibarilə, qanunlarla tənzimlənir və ölkə qanunvericiliyi çərçivəsində həyata keçirilir.
Tarixə bir qədər nəzər salsaq, biz əmin ola bilərik ki, insanların əqidələri, o cümlədən də dini, çox zaman onların əməlləri ilə ziddiyyət təşkil edib. Cəmiyyətdə olduğu kimi, ailədə də əqidə məsələləri çox vaxt bəzi çətinliklərin və münaqişə vəziyyətlərinin yaranması üçün ilkin amil olur.
Dəhşətli müharibələr, faciəli münaqişələr, dünya xəritəsinin dəfələrlə dəyişdirilməsi, imperiyaların qurulması və süqutu qədim zamanlardan başlayaraq ta bu günümüzədək heç də həmişə yalnız insanların hakimiyyətə can atması səbəbindən baş verməyib. Əqidələr və çox zaman dini əqidələr bu amansız və mənasız mübarizənin tərkib hissəsi olub. Tarixi faktlar göstərir ki, din naminə və ya din pərdəsi altında aparılan müharibələr zamanı I və II Dünya müharibəsində olduğundan heç də az qan tökülməyib.
Qüdsün bütpərəstlər tərəfindən dağıdılması, xristianlığın yayılması nəticəsində IV əsrin sonu – V əsrin başlanğıcında Roma imperiyasının süqutu, xaç yürüşləri, müsəlman istilaları, orta əsr inkvizisiyası, eləcə də bilavasitə dinlə bağlı digər məşhur hadisə və faktlar bir daha sübut edir ki, din kimi formalaşan əqidələr cəmiyyətdə uğur və üstünlüyü heç də həmişə sülh yolu ilə əldə etməyib və hakimiyyət naminə çox vaxt güc və silaha əl atıb.
Söhbət dinin ilahi mahiyyətindən deyil, bu mahiyyətin dərki və cəmiyyətdə din praktikasına müxtəlif yanaşmalardan gedir.
2001-ci il 11 sentyabrdan dərhal sonra terroru və ümumiyyətlə, terrorizmi din ilə əlaqələndirməyə başlayan çoxlu insan peyda oldu. Təəssüflər olsun ki, islamı terror dini adlandıranlar da tapıldı. Bu faciəli hadisələrdən bir neçə il keçib, ancaq heç kim cürət göstərib din, dini əqidələr ilə belə miqyaslı terror arasında əlaqənin mövcudluğu məsələsinə aydınlıq gətirmək istəmir. Bəziləri bir qədər ehtiyatla dinin terror və ekstremizm ilə əlaqəsinə işarə edir, digərləri isə dini əqidələr, terror və ekstremizm arasında hansısa bir əlaqənin olmamasını sübut etmək və bununla da dinin özünü və heç də həmişə sırf dini məsələlərlə məşğul olmayan dini təşkilatları sığortalamağa cəhd göstərirlər. Bu təşkilatlar arasında, əlbəttə ki, öz bank hesablarından terror aktlarını təşkil edənlərə gizli maliyyə vəsaiti ayırmaqla terrorizmdə əli olanlar da vardır. Bu, təbii ki, başqa bir söhbətin mövzusudur. İndi biz tamamilə ayrı məsələ haqqında danışırıq.
Bildiyimiz kimi,
din və əqidə mücərrəd məfhumlar
deyildir. Terroristlər, ekstremistlər və din uğrunda həyatlarını
qurban verən insanlar da “virtual” subyektlər olmurlar. Əlbəttə, ki, onlar dini,
milliyyəti və vətəndaşlığı olan konkret şəxslərdir.
Əgər biz XX əsrdə və
ya son 50 ildə baş vermiş hadisələri, heç olmasa, ötəri şəkildə təhlil
etsək, əmin ola bilərik ki, bugünkü müharibə və münaqişələrin “ideoloji”
və “siyasi” çalarlar almasında
din amilinin rolu şübhəsizdir.
Son illərin hadisələri,
xüsusilə də İsrail-Fələstin qarşıdurması,
Olsterdə katolik və protestantların uzunmüddətli qarşıdurmaları,
birinci və ikinci çeçen müharibələri və
nəhayət, Azərbaycan
ərazisinin 20 faizinin
işğal edilməsi
bütün deyilənlərə
konkret məna verir.
Çoxsaylı insan qurbanları ilə müşayiət olunan bu müharibə
və münaqişələr
din amilinin təsirinə
məruz qalır, onların bəzilərində
isə din və dini təşkilatlar ideoloji dəstək rolunu oynayır. Məsələn, erməni apostol kilsəsi sözdə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.
Lakin o, indiyə kimi bu münaqişənin Ermənistanın işğalçı
siyasətinin nəticəsi
olduğunu qəbul etməyib. Azərbaycanın ərazi bütövlüyünü
həmişə Dağlıq
Qarabağsız qələmə
verməyə çalışıb.
1988-1989-cu illərdə erməni kilsəsi Qarabağ ermənilərinin
separatçı ideyalarını
dəstəkləyib.
Buna görə də demokratik cəmiyyətdə
dinin rolunu nəzərdən keçirdikdə
dünyəvi dinlərin
və müqəddəs
kitabların ilkin sülhsevər xarakterinə
diqqət yetirmək və bununla yanaşı, dinlə məşğul olan insanların fəaliyyətinə
demokratik və vətəndaş cəmiyyətinin
qanunları, dini liderlərin böyük nüfuzunun olması baxımından yanaşmaq
və cəmiyyətdə
onların rolunu və vəzifəsini müəyyən etmək
lazımdır.
Bu vəzifə, ən
azından, demokratik cəmiyyətdə məlum
səbəblərdən hakimiyyət
tərəfindən din xadimlərinə
verilən imtiyazlara uyğun reaksiya olmalıdır. Bu imtiyazlar,
hətta, beynəlxalq
və yerli qanunvericilik tərəfindən
təmin edilən vətəndaş hüquqlarında
da mövcuddur.
Bu gün cəmiyyətdə
baş verən prosesləri təhlil etdikdə aydın olur ki, insan
haqları və azadlıqlarının, o cümlədən
onun etiqad azadlığının müdafiəsi
və tam şəkildə
təmin edilməsi üçün demokratik cəmiyyətin güclü
hakimiyyət və effektiv idarə edilməyə ehtiyacı
var. Bu qəbul olunmuş
qaydaya Avropa və Amerikada demokratiyanın yaradıcıları
da riayət edirdilər.
Cəmiyyət üçün vacib olan bu iki
amil insanların əxlaq və əqidələri ilə
bilavasitə bağlıdır.
Oxucuları çox zaman müzakirə mövzusuna
çevrilən dövlət
(hakimiyyət) və
din (inam) problemlərinə
dair öz fikir və mülahizələrimlə
tanış etmək istərdim.
1. Əminəm ki, dini ekstremizmlə mübarizə zamanı ön sıralarda tanklar, toplar və qırıcı təyyarələr deyil, vətəndaşları olduqları
demokratik cəmiyyətin
bütövlüyünü qoruyub saxlamaq naminə özündə
cəsarət tapıb
“mənəvi cihad” edə biləcək həqiqi din xadimləri və nüfuzlu dini liderlər durmalıdır. Bu mübarizədə “din dövlətdən
ayrıdır” kimi rəsmi anlayış arxa plana keçməli
və cəmiyyət ümumi səylər nəticəsində ekstremizm
və terror kimi dəhşətli xəstəlikdən
azad edilməlidir.
Bu birgə fəaliyyətin
ölçüləri olduqca
dəqiq və anlaşıqlı olmalıdır.
Din, dini lider və dini təşkilatlar
öz fəaliyyətləri
hesabına dövlət
hakimiyyətinin möhkəmlənməsinə
şərait yaratmalıdırlar,
çünki güclü
hakimiyyət əqidə
və etiqad azadlığını tam şəkildə
təmin etmək üçün geniş imkanlara malikdir.
Bu cür sıx
əməkdaşlıq hansısa
bir tərəfin hüquq, imtiyaz və səlahiyyətlərinin
artıb və ya azalmasına səbəb olmamalıdır. O, ümumi
sülh naminə birgə mübarizənin xüsusi forması kimi qəbul olunmalıdır.
2. Mənim fikrimcə, dini zəmində ekstremizm və terrorizmlə mübarizənin
əsas tərkib hissələrindən biri
də düzgün dini maarifləndirmədir.
Cəmiyyət dinə
dair məlumat çatışmazlığı hiss etməməlidir. Lakin din özü əhalinin məlumatlandırılmasının birinci və yeganə mənbəyinə
çevrilməməlidir. Eyni zamanda,
din haqqında məlumat
insanlara təkcə
din xadimlərindən deyil,
başqa mənbələrdən
də gəlməlidir.
Dövlət belə lazımi
məlumatı verməlidir.
Bu, ümumilikdə, dini fanatizmə meyli zəiflədər və təqdim olunan məlumatın qərəzsizliyini təmin
edər.
Dinə həddən artıq fanatikcəsinə bağlı
olan şəxslərin
inzibati qaydada təqib olunması və onlara ikinci dərəcəli vətəndaş kimi yanaşma insanlarda, xüsusilə də gənclərdə “romantik
inqilabçı” ruhunu
tərbiyə edən
gizli dini fəaliyyətə təhrik
edə bilər. Bu isə sağlam imicə malik olan istənilən cəmiyyətdə terror və
ekstremizmin inkişafında
başlıca rol oynaya bilər.
3. Dövlət və din cəmiyyətin iki mühüm tərkib hissəsidir. Birinci, qanunun aliliyini, ikinci isə qanunun mahiyyətini: əxlaq və mənəviyyatı nəzərdə
tutur. Hakimiyyət, əxlaq və
mənəviyyat – həqiqətdə
bu məfhumlar cəmiyyətin həyatında
bir-birini tamamlayır.
Başqa
sözlə, əxlaqi
və mənəvi meyarların nəticəsi
olan hakimiyyət və onun qəbul
etdiyi dünyəvi xarakterli qanunlar birlikdə cəmiyyətdə
əhəmiyyətli rol
oynayır.
Qanun əxlaq
və mənəviyyatı
müdafiə etməlidir. Tarix göstərir
ki, hakimiyyət dinlə müqayisədə
dəyişkən xarakterə
malikdir və o, daimi deyil, əxlaq
və mənəviyyatdan
məhrum olmuş istənilən hakimiyyət
ölkə vətəndaşlarının
tam əksəriyyəti üçün
öz mahiyyətini itirir. Əxlaq isə ənənəvi
olaraq dini dəyərlər hesabına
qidalanır. Beləliklə, dövlət və dinin bir-birinə ehtiyacı var, onlar bir-birinə lazımdırlar. Lakin bu,
yalnız muxtar birgə mövcudluq şəraitində baş
verməlidir. Tarix bunun
əksini sübut edən inandırıcı
amil və ya uğurlu təcrübəyə malik
deyil. Burada ən başlıca
məsələ həll
olunur. Siyasətin əxlaq və
mənəviyyatdan məhrum
olmaması, onun dünyəvi dinlərin həqiqi mahiyyətini saxlamağa imkan yaratması və dinin cəmiyyətdə sosial münasibətlərin
tənzimləyicisi rolunu
oynamaqda dövlətə
mane olmaması təmin
edilməlidir. Dinin
sosial statusunun müəyyən edilməsi
üçün bu muxtar birgə mövcudluq necə olmalıdır?
(Ardı var)
Rafiq ƏLİYEV,
fəlsəfə elmləri doktoru,
professor
525-ci qəzet.-
2013.- 6 fevral.- S.6.