Məmməd Səid Ordubadi irsinin nəşrində mühüm addım

 

Görkəmli ədib, müasir Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, “Molla Nəsrəddin” ədəbi məktəbinin əsas üzvlərindən biri, lirik və satirik şeirlər, felyetonlar müəllifi, cəsarətli publisist, fəal ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyi ərəfəsində Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli ustad qələm sahibinin irsinin nəşri sahəsində olduqca əhəmiyyətli addım ataraq onun indiyədək çap olunmamış “İki çocuğun Avropaya səyahəti” adlı romanını, “Qəflət” (1906) və “Vətən və hürriyyət” (1907) şeir kitablarını, qiymətli xatirələrini, “Qanlı sənələr” publisist əsərini toplayıb, tərtib edib, çapa hazırlamış, elmi cəhətdən əhəmiyyətli bir ön söz yazaraq birlikdə “Həyatım və mühitim” adı altında nəşr etdirmişdir. (Naxçıvan, “Əcəmi” nəşriyyatı, 2012. 336 səh.)

Naşirlik istedadı İsa Həbibbəylinin yaradıcılığında ilk addım deyildir. O, özündən əvvəl ayrı-ayrı müəlliflərin əlyazmalarını və folklor nümunələrini toplayıb nəşr etdirən sələfləri – Salman Mümtaz, Abbas Zamanov və başqalarının xeyirxah fəaliyyətini davam etdirən ziyalılardan biridir. İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin “Oyunbazlar”, “Lənət”, “Ər” komediyalarını, onlarla şeir və felyetonlarını tapıb çap olunmasında, M.Şahtaxtlı, M.T.Sidqi, Ə.Şərif, M.C.Cəfərov, A.Zamanov və başqalarının ədəbi irsinin nəşr edilməsində fəal iştirak etmişdir. Həm də İsa Həbibbəylinin bu sahədəki xidmətlərinin coğrafiyası çox genişdir. C.Məmmədquluzadənin əsərlərinin rus, ərəb, ingilis, macar, urdu dillərində Rusiya, Pakistan, Misir, Macarıstanda nəşr edilməsi qüdrətli Azərbaycan ədibinin əsərlərinin dünyanın bir çox ölkələrində yayılması, oxunması və qiymətləndirilməsinə imkan vermişdir.

İstedadlı alimin M.S.Ordubadiyə həsr olunmuş “Taleyi və sənəti” adlı məqalələr toplusu (2012) və ədibin “Həyatım və mühitim” (2012) kitabının nəşrinə nail olması yazıçının yaradıcılığının yeni təfəkkür əsasında gur işıq salmaqla yanaşı, həm də kitabda verilən əsərlərin şərh olunmasına kömək edir.

“Həyatım və mühitim” memuarında ilk öncə Məmməd Səid Ordubadinin eyni adlı xatirələri verilmişdir.

İsa Həbibbəyli təxminən 20 il əvvəl mənimlə birlikdə bu xatirələrdən bir neçə parçanı mətbuatda çap etdirmişdir. O zaman xatirələrin tam nəşrini başa çatdırmaq mümkün olmamışdır. Biz sonra “Qanlı sənələr” kitabının da tam nəşrinə nail olmasaq da, İsa Həbibbəyli ilə bərabər ondan da bəzi parçaları və kitab haqqında bir neçə məqaləni ilk dəfə çap etdirməyə müvəffəq olduq.

“Həyatım və mühitim” memuarı “Familyamız” fəsli ilə başlayır. Burada ədibin nəsil şəcərəsi, valideynləri haqqında ətraflı məlumat verilmişdir. Onu da qeyd etmək vacibdir ki, bu xatirə başqa belə memuarlardan xeyli fərqlənir. Burada Ordubadın o dövrdəki vəziyyəti, şəhərin ictimai-siyasi-iqtisadi durumu haqqında da kifayət qədər maraqlı faktlar vardır. Ordubad şəhərinin varlı adamları, ruhaniləri, təsərrüfatı, mal-qarası, məscidləri, küçələri, qadın və kişi ləqəbləri, ərzaq mallarının qiymətləri haqqında da oxuculara lazımi məlumat verilir.

Atasının ölümündən sonra gənc Səid Ordubaddakı İpək zavodunda əmək fəaliyyətinə başlamış, keçirdiyi çətin və məşəqqətli həyat da “Həyatım və mühitim”lə öz əksini tapmışdır. Həmçinin M.S.Ordubadinin şeir yaradıcılığına başlaması, ilk şeirlərini və şeir kitablarını çap etdirməsi də “Xatirələr”də mühüm yer tutmuşdur. Bu mənada “Həyatım və mühitim” memuarı ədibin həyatı və yaradıcılığını öyrənmək üçün də əhəmiyyətli mənbədir.

“Həyatım və mühitim” memuarından öyrənirik ki, 1912-ci ildə daşnak quldurlarının başçısı Andranik Culfaya gəlir. Haşım bəy Vəzirov Andraniklə görüşüb müsahibə almaq üçün M.S.Ordubadiyə vəsiqə göndərmişdir. M.S.Ordubadi Andraniklə görüşüb ətraflı söhbət etsə də, Andranik bu söhbətin nəşr olunmasına razılıq verməmişdir. Andranik inkar etsə də, ədib onunla söhbətində erməni – müsəlman davasının nəticələri haqqında öz fikirlərini əli qanlı cəllada deməkdən çəkinmir. “Mən bu yerdə çoxdan bəri yaşayıram. 5-6-cı illərdə başlanan erməni-müsəlman ixtilafından törənən faciələrin bir çoxunu öz gözlərimlə görmüşəm. Mən hər iki tərəfin dağılan kəndlərini, yanan evlərini, günahsız öldürülən sürülərlə cocuqları və qadınları görmüşəm. İndi də onları düşünərkən ürəyim ağrıyır”. Paşanın yalan dediyi aydın idi. Bir neçə il sonra onun öz çirkin əməllərini daha geniş ərazidə və daha kəskin şəkildə təkrar etməsi bunu təsdiq edir.

M.S.Ordubadinin “Həyatım və mühitim” əsəri təkcə ədibin həyatı və yaradıcılığı haqqında deyil, dövr haqqında geniş məlumat verən bir əsər kimi qiymətlidir və M.S.Ordubadinin geniş bilik sahibi olduğunu təsdiq edir.

Topluda ikinci əsər “Qanlı sənələr”dir. 1905-06-cı illərdə Qafqazda, xüsusən Azərbaycanda ermənilərin törətdiyi qanlı hadisələri M.S.Ordubadi özünün canlı müşahidələri və 245 müxbir məktubu əsasında tarixi faktlara əsaslanaraq qələmə almışdır.

“Qanlı sənələr”dən bəlli olur ki, müəllif ilk öncə Bakıda “İrşad”, “Təzə həyat” qəzetlərində bu hadisələrə dair yazdığı məqalələrdə qərəzsiz məlumat vermişdir. Müəllif “Mən çox fəxr edirəm ki, hər cür fitnəkar məqsədlərdən uzaq, hər növ şəxsi qərəzdən kənar olan məktublar alıb bu məcmuədə dərc etdim (Allah hamısından razı olsun). Ümidvaram, bitərəfanə yazılmış bu sadə və mükəmməl tarixinə müsəlman və ermənilərin hörmətli yazıçıları islah nəzəri ilə yanaşıb, saf ürək, pak qəlb, salim vicdanı ilə qəbul edib, onu başıuca edəcəklər. Əslində mən yazıçı deyiləm. Fəqət, zərrənin dünyanı işıqlandıran günəşə olan nisbəti qəbilindən möhtərəm yazıçıların arxasınca sürünürəm. Bunu da bütün Qafqaz millətləri bilməlidir: mənim bu əsəri yazmaqdan məqsədim millətimizi məsuliyyətdən qurtarmaq, insanpərvər kimi tanıtmaq, həmçinin erməni qonşuları məsul tutmaq, vəhşi və insaniyyətdən uzaq bir varlıq kimi nişan vermək də deyil. Bəs nədir? Mənim məqsədim müsəlman və ermənilərin iki il ərzində törətdikləri səhv və xətalarını söyləməkdir... Bəlkə, onların və bizim bu xətalardan ötrü təəssüfə layiq bir halda gələcək qarşısında xəcalət çəkəcəyimizi deyib durmaqdır”.

Əsərdə ermənilərin Bakıdan əlavə Gəncə, Naxçıvan, İrəvan, Qarabağ, Cavanşir qəzası, Zəngəzur, Tiflis və başqa yerlərdəki fitnəkarlıqları da qələmə alınmışdır. “Qanlı sənələr” Qafqazda erməni-müsəlman davasının publisistik salnaməsidir. M.S.Ordubadi bütün bu qanlı hadisələri rəsmi sənədlər, məktublar vasitəsilə qələmə almış və əsər boyu azərbaycanlıların sülh, barışıq tərəfdarı olduğunu göstərmişdir.

İsa Həbibbəyli “Həyatım və mühitim” kitabında ilk dəfə “İki cocuğun Avropaya səhayət” əsərini latın əlifbası ilə çap etdirməklə yanaşı əsər haqqında oxuculara ətraflı məlumat verir. Onun qənaətlərinə görə Qərb həyat tərzini əks etdirdiyinə, Avropaya rəğbətlə yazıldığına görə, bu əsər Sovet hakimiyyəti illərində nəşr edilməmişdir. İsa Həbibbəylinin fikrincə, iranlı iki gəncin Avropaya səfəri zamanı yazdıqları məktublar keçmiş tələbə yoldaşlarından Ordubadda olub “Təzə həyat” qəzeti vasitəsilə cəmiyyətə təqdim etmək üsulu üzərində qurulmuş bu səyahətnamədə M.S.Ordubadinin Şərq-Qərb müqayisəsi yolu ilə milli oyanış və dirçəlişə çağırış motivi öz əksini tapmışdır. “İki cocuğun Avropaya səyahəti” əsəri XX əsrin əvvəllərində Azərbaycan oxucularında Avropa mühiti, Qərb ölkələrinin inkişaf səviyyəsi barədə gerçək təsəvvürlərin formalaşmasına imkan yaratmaq qayəsini izləmişdir.

İsa Həbibbəyli əsərin janrını da dəqiq müəyyən etmişdir. Onun fikrincə, M.S.Ordubadinin müasirlərindən kimsə Avropa şəhərlərində olmuş, buranın təbiəti, coğrafi şəraiti sənayenin inkişafı, elm və mədəniyyətin səviyyəsi haqqında ədibə məktublar yazmış, yazıçı da bu məlumatlar əsasında öz sənətkar təxəyyülü ilə onu ədəbi səyahətnamə kimi formalaşdırmışdır. Müqəddimədə əsərin janr etibarilə o dövrdə yeni yaranan “kiçik roman”, daha çox isə səyahətnamə – povest janrında qələmə alındığı qeyd olunmuşdur.

Mən burada bir fikrimi də qeyd etmək istəyirəm. M.S.Ordubadinin yaradıcılığında ayrı-ayrı şəhərlərin bədii təsvirində bir ənənə yaranmışdır. Gənc yaşlarında Kərbala ziyarəti ilə bağlı bir neçə əsərində Bağdad şəhərinin ətraflı təsviri vardır. Müəllif Bakı (“Gizli Bakı” və “Döyüşən şəhər” də), Təbriz (“Dumanlı Təbriz”də) şəhərlərinin olduqca təbii, inandırıcı, yadda qalan təsvirlərini verməklə əslində bu şəhərlərin obrazını yaratmışdır. “İki cocuğun Avropaya səyahəti” əsərində isə Berlin, Paris, Vyana, Brüssel, nəhayət, İstanbul şəhərinin belə obrazı yaradılmışdır.

“Həyatım və mühitim”də son olaraq ədibin ilk şeir kitabları – “Qəflət” (1906) və “Vətən və hüriyyət” (1907) ilk dəfə yeni əlifba ilə çap olunmuşdur.

İsa Həbibbəyli bu kitabları yenidən nəşr etdirməklə bərabər, həm də onları şərh etməklə də gənc tədqiqatçılara istiqamət vermişdir. O, “Həyatım və mühitim”in müqəddiməsində yazır “Qəflət” kitabı 32 səhifədən ibarət olub “Bismillah Taala” müqəddiməsindən başqa “Xabi- qəflət” adlı 362 misralıq mənzum bir əsər əsasında hazırlanmışdır. “Bismillah Taala” müqəddiməsi orta əsr klassik Şərq və Azərbaycan poeması ənənəsindən gəlmə bir meylin ifadəsi kimi daha çox poemaların başlanğıcındakı “əsərin yazılma səbəbi” bölməsinin funksiyasını daşıyır. Bu, “Xabi- qəflət” əsərinin yığcam və mənalı bir müqəddiməsidir. “Xabi- qəflət” əsəri isə heç də indiyə qədər yazıldığı kimi şeir yox, XX əsrin əvvəllərində ön mövqeyə çıxan ictimai- fəlsəfi poemadır.”

Akademik İsa Həbibbəylinin fikrincə təqdim olunan kitabda “Vətən və hürriyyət” adlı xüsusi bir şeir yoxdur. Lakin “bütövlükdə Vətən və hürriyyət anlayışının yüksək poetik ifadəsi topludakı şeirlərin hamısını birləşdirir. M.S.Ordubadi “Vətən və hürriyyət” poemasında Vətən uğrunda mübarizənin baş planını, əsas proqramını yarada bilmişdir. Bütövlükdə “Vətən və hürriyyət” kitabı XX əsrin əvvəlləri Azərbaycan şeirində milli istiqlal ideyasının manifesti təəssüratı yaradır.”

İsa Həbibbəyli bu fikirdədir ki, “Vətən və hürriyyət” poeması ümumilikdə adından ifadə olunduğu kimi, Vətən və hürriyyət marşıdır. Poemanın “Qeyrəti- millət” ruhu üstündə köklənmiş misraları milli azadlıq mövzusunun XX əsrin əvvəllərindəki qeyrət dramının  parlaq poetik ifadəsidir” .

“Vətən və hüriyyət” kitabındakı poetik nümunələr XX əsrin əvvəllərində Azərbaycan poeziyasına yeni mövzu və mübariz ruh gətirmiş, M.S.Ordubadinin istedadlı şair mövqeyini təsdiq etmiş, ona böyük nüfuz qazandırmışdır.

 Əsərin sonunda Bəyim xanımın Cavad xanın dəfn mərasimində ərinin vətənin və xalqın azadlığı uğrunda qəhrəmanlıqla şəhid olmasını Azərbaycan qadınına xas olan səviyyədə yüksək qiymətləndirməsi çoxəsirlik ədəbiyyatımızın ən parlaq səhifələrindən biridir. Bəyim xanım deyir: “Ax zavallı cavan!

Bu qan dənizlərində əl-ayaq çalarkən ürəklər çırpınması ilə bu taxteyi-tabuta sıçradın. Şimdi sahili-səlamətə gedirsənmi? Get! Heç bir əsrdə məsləki-həqiqin olan hürriyyətin bu sədayi-dilmişini əfradi-millətin qulaqlarından çıxmayacaqdır.

Xatircəm get!

İftixarlı adın millətin xatirindən ta qiyamətədək silinməyəcəkdir. Tabutun bu qaranlıq bacalarından məzarın bu soyuq torpaqlarına çəkidə olan hürriyyətin hürnavər qanları əsla napədid olmayacaqdır. Zira bu qanlar bir qəhrəmanın Vətən uğrunda olan carinisarlıqlarını cənabi-həqqə isbat edəcəkdir.

Ey hürriyyət, sən necə aləmrübasan!

Dünənləri bu qəhrəmanın hücumlarına qarşı duramayan bu rus ordularını bu gün bu qəhrəmanın məzarı üzrə başları açıq qara baydaqlarla saxlayırsan. Əfsus, baxtın müsaidəsizliyi.”

“Həyatım və mühitim” kitabı M.S.Ordubadinin küliyyatını tamamlayır.

Bu günlərdə İsa Həbibbəylinin Bakıda “Elm və təhsil” nəşriyyatında çapdan çıxmış “Böyük ədəbiyyat nəhəngi” adlı kitabı yüksək elmi-nəzəri səviyyəsi ilə Azərbaycan Ordubadişünaslığının yeni və qiymətli səhifəsi hesab olunmaqla bərabər, böyük söz ustasının yaradıcılığını müstəqillik dövrünün işığında Azərbaycan oxucularına və elmi-ədəbi ictimai mühitə yenidən və yaxından tanımağına uğurla xidmət edə biləcəkdir.

 

 

Yavuz AXUNDLU,

Professor

 

525-ci qəzet.- 2013.- 6 fevral.- S.7.