Məhəmməd Əmin Rəsulzadənin
IV cildi işıq üzü
gördü
Hər bir xalqın ədəbi-ictimai
mühitinin formalaşması
millətin öndə
gedən ziyalılarının
hesabına baş vermişdir. Azadlıqdan, müstəqillikdən məhrum xalqların həyatında ədəbi-ictimai
mühit tarixən daha güclü olmuşdur.
Ona görə ki, həmin millətin əsl ziyalı qüvvələri xalqın,
Vətənin müstəmləkə,
əsarət həyatına
heç vaxt dözməmiş və milləti öz azadlığı uğrunda
mübarizəyə səsləyən
əsərləri ilə
tarixin ayrı-ayrı
mərhələlərinə qızıl hərflərlə
yazılan irs
qoyub getmişlər. Azərbaycan klassik ədəbi mühitində belə ziyalılar xalqı qəflət yuxusundan oyatmaq üçün yaradıcılığın çoxçeşidli
növlərinə müraciət
etmişlər. M.F.Axundovun, C.Məmmədquluzadənin,
Ü.Hacıbəylinin və
digər onlarca klassik ziyalımızın
tarixin müxztəlif
dönəmlərində poeziyadan
tutmuş dramaturgiyayadək
müxtəlif ədəbi
növlərə müraciəti
bu zərurətdən
doğmuşdur. Bu tip yaradıcı ziyalıların
hamısı eyni zamanda xalqa bədii
yaradıcılıqdan fərqli
olaraq birbaşa, öz sözünü kəsədən deyən
əlahəzrət publisistikaya
daha çox bağlı olmuşlar. Bu sırada Məhəmməd
Əmin Rəsulzadə
yaradıcılığı həm məzmunca, həm keyfiyyətcə, həm kəmiyyətcə,
həm də cəsarəti, risqi ilə xüsusi əhəmiyyət kəsb
edir. Bu böyük
dövlət xadiminin,
ictimai şəxsiyyətin
çoxşaxəli yaradıcılığına
sovet ideoloji kanonlarının qoyduğu
qadağalar uzun müddət onun bütöv bir xalqa sözünü yalnız arxivlərdə saxlamağa məcbur etmişdir. Ancaq qədirbilən xalqımız,
bu xalqın müdrik ziyalıları,
qapısı bağlı
arxivlərin bələdçiləri
müstəqilliyimiz uğrunda
yeni dönəmin başlanğıc çağında
M.Ə.Rəsulzadə irsinə
yenidən və daha güclü bir təkanla qayıtdılar və bizi onun tükənməz
irsi ilə tanış etməyə başladılar. Bu başlanğıcın əsasını
qoyanlardan və bu başlanğıcı
sona qədər davam etdirənlərdən
biri Azərbaycan klassik ziyalılarının
modelini özündə
daşıyan professor Şirməmməd
Hüseynov oldu. Əlbəttə,
M.Ə.Rəsulzadə irsinin
yenidən ortaya çıxmasında xeyli
əməyi olan yeni nəslin nümayəndələrinin də
zəhməti az deyil. Lakin Azərbaycan publisistikasının
ən istedadlı tədqiqatçısı Şirməmməd
Hüseynov bu irsin sona qədər
tədqiqini qarşıya
qoyan və hələlik bu vəzifənin öhdəsindən
vətəndaşlıq qeyrəti
ilə gələn bir alim-ziyalıdır.
Əlbəttə, Şirməmməd Hüseynovu
bir tədqiqatçı
alim, bir müəllim, bir publisist kimi təqdim etməyə heç bir ehtiyac yoxdur. Azərbaycan elmi-ədəbi-ictimai
mühiti bu böyük və əqidəsindən dönməz
ziyalını yaxşı
tanıyır. Amma onu da qürurla vurğulamaq istərdim ki, Şirməmməd Hüseynov bəlkə də hər kəsdən əvvəl bir müəllimdir və onun elmi
axtarışlarının, arxivlərdə keçən
həyatının bütün
mənası tələbələrinə
– Azərbaycan gəncliyinə
bağlıdır. Onun
üçün Rəsulzadə yaradıcılığı,
Rəsulzadə həyatı
gəncliyimizə örnək
misalıdır. Ona görə
də alimin bu böyük publisistin irsinə
fundamental münasibəti məhz
ilk növbədə gəncliyə
ünvanlanan əqidəsinin
məhsuludur. O, Azərbaycan
klassik publisistikasının
yüzlərlə nümunəsini
özünün “Mənəvi
irsimiz və gerçəklik” (2004), “Milli
haqq və ədalət axtarışında”
(2004), “Publisistik irs və müasirlik” (rus dilində-2007), “Mətbu
irsimizdən səhifələr”
(rus dilində-2007), “Müstəqilliyin
çətin yolu... reallıqlar, düşüncələr”
(təkmilləşmiş yeni
nəşri-2009) kitablarında xüsusi interpretasiyalarla müasir oxucuya təqdim etmişdir. Bu əsərlər indi mətbuat tədqiqatçılarının, tələbələrin və
bütövlükdə elmi
ictimaiyyətin tez-tez müraciət etdikləri
kitablardır. Amma Şirməmməd
Hüseynov hələ
müstəqillik uğrunda
mübarizənin lap ilk illərindən
M.Ə.Rəsulzadə irsini
toplamağa və nəşr etdirməyə
başlamışdı. Bu böyük ictimai xadimin əsərlərini
ilkin olaraq bəzi dərgilərdə
və xüsusilə
“Günay” və
“525-ci qəzet”də müntəzəm
olaraq dərc etdirdi. Sonra tezliklə bu
yazılar mətbu orqanlara sığmadı və M.Ə.Rəsulzadənin
cildləri meydana gəlməyə başladı.
Şirməmməd müəllim onun
əsərlərinin birinci
cildini 1992-ci ildə “Azərnəşr”də çap
etdirdi. Hələ
o zaman I cildə ön sözündə alim göstərirdi ki, “ilkin araşdırmalara
görə M.Ə.Rəsulzadənin
1903-1954-cü illərdəki yazılı ədəbi-siyasi
irsi, əsərləri
təxminən 12-15 cilddən
ibarət ola
bilər”. Alimin bu elmi proqnozu özünü doğrultmaqdadır. Çünki Şirməmməd Hüseynov
hələ onun 1918-ci
ilədək olan yaradıcılığını dörd cilddə toplayıb nəşr etdirmişdir. Bu günlərdə – 2013-cü ilik
ilk ayında çap etdirdiyi IV cildə M.Ə.Rəsulzadənin 1917-1918-ci illərdəki əsərləri
daxil edilmişdir. Şirməmməd müəllim V cildin
də hazır olduğunu elan etmişdir.
İndi M.Ə.Rəsulzadənin əsərlərinin
IV cildi əlimizdədir. Əvvəlki cildlərdə olduğu kimi, “Əsərləri”n toplayanı və tərtibçisi Şirməmməd
Hüseynov bu kitaba da “Ön
söz” yazmışdır.
Bü ön sözdə deyildiyi kimi, IV cildə “onun 1917-ci ilin yanvar, 1918-ci ilin aprelinə qədərki dövrdə dərc edilmiş əsərləri,
çıxışları, məruzə və müsahibələri, nitqləri
və s. daxil edilmişdir”. Kitaba daxil edilən 140-a yaxın publisistik əsər, tərtibçinin
dediyi kimi, “təkcə Azərbaycan, Qafqaz və Rusiya tarixində deyil, ümumdünya tarixində çox təhlükəli, faciəli
hadisələr və
qarşıdurmalar, iqtisadi,
ictimai-siyasi böhranlar,
həm də sürətli milli oyanış, azadlıq və istiqlal hərəkatları ilə
müşayət olunan”
bir zamanın dolğun xarakterini, dəqiq portretini yaradır, müstəqil Azərbaycan mücadiləsinin
istiqamətlərini müəyyənləşdirir.
Bu əsərlərdən hiss olunur ki, M.Ə.Rəsulzadə
dövrün elə bir hadisəsi, elə bir siyasi
olayı, milli dəyərə malik elə bir faktı
yoxdur ki, ona özünün publisist münasibətini bildirməmiş olsun.
Əlbəttə, oxucu bütün bunları kitaba nəzər saldıqca görəcəkdir. Mənim məqsədimsə bu əsərlərin necə
toplanması, ərəb
qrafikalı keçmiş
Azərbaycan əlifbasından
latın qrafikalı müasir əlifbaya necə transliterasiya edilməsi məsələlərinə diqqəti
yönəltməkdən ibarətdir.
Bəlkə də bizim – Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin kollektivinin
tale qismətidir ki, bu gün Şirməmməd
müəllimin bir vətəndaşlıq borcu
kimi ərsəyə gətirdiyi bu kitabların necə yarandığının canlı
şahidiyik. Tədqiqatçı alim M.Ə.Rəsulzadənin
əsərlərini arxivlərdən
zərrə-zərrə necə
toplayır, necə oxuyur, necə şərhlər yazır
– bütün bunlar bizim gözümüzün
qarşısında baş
verir. Mətbuat tarixi kafedrasının
müdiri, fakültənin
dekanı, professor Ş.Vəliyevin
də kitabın ərsəyə gəlməsində
transliterasiya redaktoru kimi əməyi çoxdur. Eyni zamanda Şirməmməd
müəllimin bir tələbə kimi yetişdirdiyi Samir Mirzəyev də toplanan əsərlərin
dəqiq, təhrifsiz təqdim olunmasında xeyli zəhmət çəkib. Kitab “Qanun” nəşriyyatının maliyyə
dəstəyi ilə çap olunub.
Beləliklə, M.Ə.Rəsulzadə əsərlərinin
IV cildi əlimizdədir.
Və bu cildlə bağlı bu balaca yazımı
Şirməmməd müəllimin
kitaba yazdığı
“Ön söz”ündəki
son cümlə ilə
bitirmək istərdim:
“Ümid edirik ki, xalqımızın böyük mütəfəkkir
oğlu, görkəmli
siyasət və dövlət xadimi, müstəqil demokratik Azərbaycan Cümhuriyyətinin
yaradılmasına başçılıq
etmiş M.Ə.Rəsulzadənin
əsərlərinin IV cildi
də oxucu kütləsi tərəfindən
rəğbətlə qarşılanacaq”.
Könül Niftəliyeva
525-ci qəzet.- 2013.- 6 fevral.- S.4.