“... Aşk deyince ötesini arama...”
YOL MƏZARDA
BİTMƏYİR
“Türk
Dünyasını tanıyaq və tanıdaq” silsiləsindən
Təbiblərdə
əlac yoxdur yarama,
Aşk
deyincə ötəsini arama,
Hər nəsnənin
bir bitimi var, amma
Eşqə
hüdud cızılmayır, Mehriban!
...Ustad Abdurrahim Karakoçun vəfatı xəbərini
aldığım gün Türkiyədəydim. Sağlığında
onunla görüşmək şansım olmuşdu. Onu
yaxından tanımış, söhbət etmişdim bu sadə, səmimi, saf, təmiz,
kövrək, dərin və böyük insanla, şairlə,
aydınla. Onun ölüm xəbəri mənə
çox pis təsir etmişdi. Böyük türk
şairi Mehmet Akif
Ersoyun da uyuduğu
Taceddin dərgahına
gedib dəfn mərasiminə hazırlıq görən ailə
üzvləri ilə görüşərək, “ bu itki təkcə ailənizin, yaxınlarınızın,
dostlarınızın deyil türk millətinin itkisidir və biz Azərbaycan insanı, Azərbaycan türkləri
olaraq çox üzgünük və acınızı
paylaşırıq” dedim. Sonra onun şeirlərini,
yaradıcılığını nə qədər
sevdiyimizdən, dillər əzbəri olan Mehribandan
danışdım.. Sonra gəlib sosial
şəbəkədəki səhifəmdə bunları
yazdım...
“Mehriban Sənsiz,
Yetim, Evsiz və Sevgisiz qalacaq... Əlvida böyük Ustad! Hər
zaman könlümüzdəsən! Nur içində yat!
Əziz
dostlar! Bu gün Ankarada Taceddin dərgahında türk
dünyasının böyük şairi Abdurrahim
Karakoçun oğlu ilə görüşdüm və həm
özümün həm də bütün Azərbaycanın və
Azərbaycan türklərinin
başsağlığını,
üzüntüsünü, kədərini oğluna və ailəsinə
söylədim və səbr diləklərini
çatdırdım. Böyük ustadla
görüşməyi Allah mənə nəsib etmişdi və
onu yaxından görən və söhbət edən biri insan
kimi deyə bilərəm ki, türk dünyası çox dəyərli
bir ustadı, bir şairi itirdi. Türk millətinin
başı sağ olsun. Abdurrahim
Karakoçun oğluna sizlərin, Azərbaycan türklərinin
böyük ustadı nə qədər sevdiyini, Mihriban’ı
çoxlarının əzbərdən birdiyini söylədiyimdə
duyğulu anlar yaşadı və hər kəsə bu
duyğuları paylaşdığı üçün təşəkkürlərini
bildirdi. Sabah böyük ustadla vidalaşma
mərasimi keçiriləcək. Kocatəpə
camisində cənazə namasından sonra ustad Tacəddin dərgahinda
dəfn ediləcək. Azərbaycan türklərindən
imkanı olan dostlarımız böyük ustadı son
yolçuluğa uğurlamağa qatılsalar çox
yaxşı olardı... Hər zaman könlümüzdəsən
böyük Ustad! Amma Mehriban Sənsiz, Yetim, Evsiz və Sevgisiz
qalacaq...”
Səni hər
zaman sevgi və sayğı ilə xatırlayacaq Qənirə
Paşayeva”
Sonra dəfndə
iştirak etdik, ailəsinə, doğmalarına
başsağlığı verdik... Və birdən
mənə elə gəldi ki, yalnız bəlli sayda qohum-əqrəbaya
deyil, bütün Abdurrahim Karakoç oxucularına,
sevdalılarına başsağlığı vermək
lazımdı. Mənə elə gəldi, elə mənim
özümə başsağlığı verilməlidir...
Hesab edirəm, bir qələm adamı üçün bundan
böyük xoşbəxtlik olmaz ki, sənin vəfatın ailəndən,
köyündən, şəhərindən, ölkəndən
qırağa çıxa, minləri, onminləri kədərə
boğa... Yazar insanları kədər boğmaq
üçün yazmırlar, amma kədərlə
tanışdırırlar, sevincə ümidləndirirlər...
Bəlkə son Abdurrahim Karakoç kədəri də o
dünyadakı sevinc üçündür... Böyük kədərin
özündən sonra doğuracağı sevinc də
böyük ola bilsə...
Abdurrahim Karakoç yaradıcılığını mən
bu gözəlim şeirin – “Mehriban”ın
qıpır-qıpır könlümə axışıyla
sevdim.
İlk tanışlığımız “Mehriban”dan
başladı.
Sadəcə, oxumadım ki! Ruhum, duyğum olaraq
bağrıma basdım, yaddaşıma
köçürdüm.
Ayrı-ayrı misrasını yox, bütöv ruhunu, hənirini,
sevgi qoxusunu ciyərlərimə çəkdim.
Bir daha əmin oldum ki, türk insanının poetik ruhu
bitmir, tükənmir, dağ silsiləsi kimi gəlimli ərdəmliyini
hifz edir, qoruyur. Bir bulaq susqunluğundan,
batışından daha coşqun bir nəhr axışı
başlayır.
lll
Abdurrahim
Karakoç üçün düşüncə uğrunda
can verilməli olan İslam dini türk topluluğunu bir araya gətirən
İlahi bir bağ, əlaqə, ünsiyyət vasitəsidir. Onun anlamında türklük ulu Tanrısına qol
açmış, əl götürmüş bir çinar
kimidir. “Kökü türklük olan bu çinarın
biganəlik, laqeydlik ucbatından üşüyə bilməsi
əndişəsi zəruri bir təlaş, həyəcan
hissiylə həmişə onu təqib etmişdi:
Əzanlar
buz tutmuş minarələrdə,
Yaylalar
dermiş ki, Törəmiz nerde!
Yolların
həsrətlə bitdiyi yerdə
Hər
dağ yamacında bir məzar üşür...
Öz sıxıntılı, cüssəsiz cismi, eyni
zamanda da sal qaya, yenilməz dağ, əzəmətli çinar
durumuyla Abdurrahim Karakoç bütün üşüyən,
üşüdülən könüllərin,
duyğuların yanındadır. O, şair ömründən daha
çox haqq mücadiləçisi, ümid, toxtaqlıq, təskinlik
obrazı kimi ömr etdi, “dörd mövsüm ötede bir
bahar üşür” ağrısıyla baş-başa
yazıb-yaratdı.
Məcnunanə eşq mövzulu şeirlərində
Abdurrahim Karakoç Yunis Əmrə, Qaracaoğlan qədər
həzin, kövrək, gül ləçəyi qədər
zərif, incədi. Bu xüsusda “Rüzgarda uçan tük
belə onun qədər xəfif deyil”. Hürriyyət,
mücadilə mövzulu şeirlərində isə Abdurrəhim
Karakoç artıq bir qasırğa, tufan səslənişlidir.
Eynilə Nihal Atsız, Cahid Sidqi Turançı, Arif Nihad Asya,
Mehmet Akif ruhuyla səsləşir bu səpkili şeirləri.
Ən azından Abdurrahim Karakoç Aruf Nihad Asyanın:
Tarixim,
şərəfim,
Şerim, hər şeyim.
Yer
üzündə yer bəyən
Nereyə
tikilmək istərsən
Söylə,
səni oraya tikəyim –
dirənişinə, yenilməzliyinə ruhu birlik edə
bilir mücadilə ruhlu şeirlərində. Təpədən-dırnağa
türkçü olan Abdurrahim Karakoç irqçi
olmadığı səbəbiylə bütün millətlərin,
xalqların könül sirdaşı ola
biləcək bir şairdi. Öz şair
taleyinin zamansızlığa qovuşduğunun fərqindəydi.
Heç unudulmayacaq bir xatirəsi sözümüzə
şahid dururmuş kimidi...
...Bu həmin
Abdurrahim Karakoçdu ki, bütün dəyərli həyatını
“bir doğrunun imanı min əyrini düzəldir”
anlamıyla yaşadı, “müqəddəs divarlarda
ölüm belə gözəldir” səslənişiylə
türk ruhunu sardı, ona sarıldı. “Beşinci
mövsüm”ün “Yasaq edilmiş röyalar”ına “Barmaq izi”ni basıb da keçdi.
Haqqında daha gözəlini, doğru olanı Abdullah
Gülcamal əfəndimiz bəyan edib. Olduğu kimi diqqətə
çatdırmaq boynumun borcudu: “Abdurrahim Karakoç hansı
mövsümdə olursa olsun həmişə, hər yerdə
yalnız və yalnız dosta doğru yürüdü...”
Şeirlərinin bir qismini də bu ad altında nəşr
etdirmişdi.
Oxuyanlar, yazdıqlarının dəyərini
anlayanlar “o bizim səsimizdi, biz onun!” – deyə
sözlərini meydanlarda dil-dil ötdülər:
Nə
sağdayız, nə solda,
Haqq
yoldayıq, haqq yolda!
O gözəlim
şairin dərvişlik duyumuyla alpərənlik durumu
bir-birini tamamlayırdı.
Dünyaya
qərib gəlmişəm,
İçim
qürbət, dışım qürbət –
misralarının dərvişanə ruhu
Bu
hüdudu kimlər cızmış könlümə;
Dar gəliyor,
dar gəliyor, qardaşım! –
üsyankarlığının ərdəmliyinə tuş idi. Birini o birini tamamlayırdı.
Abdurrahim
Karakoç heç bir halda öz iç dünyasının
azadlığını, hürriyyətini ruzigarın,
olacaqların qəzavü-qədərin ayağına vermədi,
vətəndaş susqunluğu üçün bəraət
səbəbi axtarmaq qayğısına qalmadı. O,
dünyaya hürr gəldi, hürr yaşadı, dünyadan da
gedəndə hürr getdi. Öz misraları özünə
başdaşı kimi dikəldi:
Məzlumlar
haqqını almayıb ələ,
Günü gün edərsən zalımlar ilə.
Evdeşim,
öz qızım, öz oğlum belə,
Susarsam
haqqımı halal etməsin!
...Ömrü
boyu gözə yox, könülə girməyin, qəlbə
köçməyin fəlsəfəsiylə
yazıb-yaratdı Abdurrahim Karakoç. Böyük
ustadları Mövlanə Cəlaləddin Ruminin, Məhəmməd
Füzulinin, Dadaloğlunun da ömür yolunun könüldən-qəlbdən
keçib-gəldiyinin fərqindəydi. Əzəldən
könül yolçusuna xətər olmadığnı
bilirdi. Səsini, səslənişini
böyük ustadlarının məramına, məqsədinə
kökləmişdi. İnamla bəyan
edirdi ki, “Sana geliyorum, sana, ya Hakk!”
Ötən əsrin 80-ci illərində artıq
Abdurrahim Karakoç tam bir milliyyətçi mühafizəkar
idi. Yaşar Okuyan MHP mitinqlərini Abdurrahim Karakoçun
şeirlərilə coşdurur, dalğalandırırdı.
Türk dünyasının böyük
aydınlarından, gözəl insan, siyasətçi Muhsin
Yazıçıoğlu Abdurrahim Karakoçun hər zaman
yüksək qiymətləndirir,
çıxışlarında onun
yaradıcılığından örnəklərə yer
verirdi.
Türkiyənin
Başbakanı Receb Tayyip Erdoğan bu böyük şairin
itkisindən “Üfüqümüzü zənginləşdirən
bir abimizi itirdik” deyə bəhs edir,
çıxışlarında onun şeirlərindən
nümunələr gətirir..
Həyat
qapısından tək-tək,
Hər giriş əcələ doğru.
Torpaqda
sürünür bəbək,
Hər qarış əcələ doğru.
Cümhurbaşqanı Abdullah Gül Abdurrahim
Karakoçu ölkəsinə, millətinə və
ideallarına sadiq bir şair-vətəndaş olaraq yad edir.
TBMM başqanı Cəmil Çiçək
Karakoçdan türk ədəbiyyatının
seçilmiş isimlərindən biri kimi söz
açır.
Professor-doktor İsgəndər Pala üçün
Abdurrahim Karakoç böyük şeir yolçuluğunun xəyalla-gerçəklik
arası dünyasına incə bir zövqlə min bir
naxış, süsləmə vura bilən türk-İslam
kimliyində idsam evaddı.
Bu da
Kılıçdaroğlunun “Zaman” qəzetinin “Cənaze
törəninin sürprizi” deyə başlığa
çıxartdığı daha ərdəmli münasibət
haqqı: “Karakoç Anadoludur!”
Çağdaş
türk poeziyasının bənzərsiz şəxsiyyətlərindən
biri olan Yavuz Bülent Bakiler bu münasibətlə əslində
bütün türk dünyasının Abdurrahim Karakoç sənətinə
bəslədiyi sayğını ifadə etmiş olur: “O sadəcə
günümüzün deyil, son yüzilliyimizin ən qüvvətli,
ən igid, ən milli xalq şairlərimizdən biri olaraq
içimizdədir...”
Abdurrahim Karakoç həmkarı Nurullah Gəncin təbirilə
desək, öz şair ömrünü qəhrəmancasına
bir mücadilə çevrəsində əbədiyyətə
qovuşdura bildi, heç vaxt adiləşmədi. Bu baxımdan
da gələcək yüzilliklərdən heç bir
unutqanlıq yarası ala biləcəyi qorxusu yaşamadı.
O, belə bir yaranın acısını yaşamayacaq
böyük söz ustalarından biridir.
Abdurrahim Karakoç müdhiş bir təvazökarlıq
və səmimiyyət abidəsi idi – bunu qələm
qardaşı Mustafa Özçelik də yazmaqdadı.
Abdurrahim Karakoç eşq və təbiət
haqqında yazdığı şeirlərilə
Qaracaoğlandan heç də geri qalmayan bir şair taleyi
yaşadı.
Həmkarı Arif Ay da fərqindədi ki, Qaracaoğlandan,
Dadaloğlundan, Ərzurumlu Əmrahdan, Bayburtlu Zihnidən sonra
heca vəznində şeir yazmağa nə ehtiyac qalır deyənlərin
ən yaxşı cavabını Abdurrahim Karakoç verdi. Nedidən, Seyranidən, Dərdlidən
geri qalmadı. Əhməd Taşgətirən
demiş, sevdasıyla, acısıyla, hüznüylə,
sistemə öfkəsiylə, yolsuzluqlara, əxlaqsızlıqlara
üsyanıyla bir Anadolu ürəyi qoydu ortaya. Onun sənət, həyat, ömür mücadiləsi
“bir iman hərəkətidir və təməlində
haram-halal ölçüsü dayanır” (Ali Akbaş).
lll
Abdurrahim
Karakoç eşqdə Məcnun ağlı yaşadı...
Sevdi, unutmadı...
Onun Məcnunanə
aşiqliyi siyasi çevrələrin köynəyinə dar gəldi,
tablamadı, heç vəchlə qalıb qalanlara tay ola bilmədi.
Məcnunanə aşiqliyi Dədə Qorqud ərdəmliyinə
yetdi, qovuşdu. Bütün dönəmlərin, öncəgörməsini
zikr edib vardı axirət evinə. Yolu məzarda
bitənlərdən olmadı. Dünyanı
bizə əmanətləyib getdi. Özü dediyi
kimi:
Heç biriniz
təlaş etməsin boşa,
Doyacaq
gözünüz torpağa, daşa...
Məni
inancımla qoyun baş-başa,
Topyekun
dünyanı sizə burakdım...
Abdurrahim Karakoç öylə təmizlənib
köçdü məzara, torpaq incimədi ondan, bilirəm.
lll
1932-ci
ilin nisan ayında Kahramanmaraşın
Ekinözü ilçəsində dünyaya başlayan
yolçuluğu 2012-ci ilin haziran ayının 7-də Ankarada
Qazi Universitetinin Tibb fakültəsi xəstəxanasında
yoğun baxımda ikən başa çatdı. Bir böyük sənətkar ömrünün
fiziki hissəsi bitdi. Yoğun dünyadan
yorğun getdi ustad. Amma bu yoğunluq fiziki anlam deyil, bəlkə
daha artıq dərəcədə mənəvi anlam
daşıyırdı – dünyanın, insan(lığ)ın,
sənətin (sənətin) halına biganə olmayan, biganə
ola bilməyən yanar ürək sahibi dünyanın bu
günündən necə razı gedə bilərdi, necə
razı olardı?! Sanki dünyanın düzələcəyinə
bəslədiyi böyük inam, ümid onu 80 yaşınadək
gətirib çıxarmışdı.
İnanırdı, inanırdı və
inandırırdı... Amma yenə olmadı, bu dəfə də
olmadı və daha bir yanar ürək, daha bir qələm
adamı həyata gözlərini yumdu... Arzuladığı
dünyanı görməməyə təhəmmülü
qalmamışdı, elə bil... arzuladığı
dünyada yaşamaq istəyirdi və bu əgər əbədi
yuxu ilə mümkün idisə, o, bunu etməliydi. Etdi
də!..
Allah sənə
rəhmət etsin böyük Ustad!
P.S. Rəhbərlik
etdiyim Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu
İctimai Birliyi fevralın 7-də Abdurrahim Karakoçun
Bakıda böyük gecəsini keçirəcək. Tədbir bütün Abdurrahim Karakoçu sevənlər
üçün açıq olacaq. Ustadın
yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyən hər kəs
iştirak edə bilər.
Qənirə PAŞAYEVA
525-ci qəzet.-
2013.- 7 fevral.- S.7.